abunə ol: Yazılar | Şərhlər | Еmail

Azad mətbuatın sonu

Şərh

Andre Vlçek

  Müstəqil jurnalistlərin reportajları olmadan vətəndaşlar üfüqdən qalxan yanğın dumanını görməyib əyləncə zallarında qəhqəhə çəkməyə və elektron qurğuları ilə oynamağa davam edəcəklər.

 On beş il əvvəl haitili dostlarım mənim üçün Port-o-Prens əyalətində yerləşən qərb yarımkürəsinin ən böyük və ən dəhşətli xarabalıq rayonu- Cite Soleil-ə səfər təşkil etdilər. Hər şey çox sadə idi – məni f-4 kamerası ilə pikapa yerləşdirdilər. Sürücü və iki mühafizəçi şəkillər çəkməyim üçün bütün rayon boyunca iki saatlıq səfər söz verdilər. Sözləşmişdik ki, mən maşında qalacam, ancaq çatan kimi maşından atlamaqdan özümü saxlaya bilmədim – kameranın obyektivinə düşən hər şeyi çəkərək rayonda dolaşmağa başladım. Mühafizəçilər ardımca gəlməkdən imtina etdilər, yolayrıcına geri qayıtdığımda artıq maşın orda deyildi. Daha sonra mənə dedilər ki, sürücü sadəcə olaraq bu rayonda qalmaqdan qorxub.

     Bu rayon barədə “oraya düşmək asan, geri dönmək isə qeyri-mümkündür” deyirdilər. Mən onda hələ gənc, enerjili, bir az da sərsəm idim. Rayonda bir-iki saat veylləndim və heç kim mənə heç bir əngəl törətmirdi. Yerli sakinlər rayon içində əlimdə professional kamera ilə gəzinməyimə heyrətlə baxırdılar. Kimsə nəzakətlə gülümsəyir, kimsə kameraya əl edir, bəziləri hətta minnətdar idilər. Sonra üzərinə pulyemot quraşdırılan iki amerikan hərbi “cipi” gözümə dəydi. Maşınların önündə ac yerli əhali toplaşmışdı – onlar hündür divarla hasara alınmış əraziyə girmək üçün növbəyə durmuşdular. Amerikan əsgərləri kimi buraxıb, kimi buraxmamağı müəyyənləşdirmək üçün hər kəsi diqqətlə yoxlayırdılar. Məni yoxlamadılar və mən rahatca içəri girdim. Hətta əsgərlərdən biri üzümə dişlərini ağartdı. Lakin içəridə gördüklərim elə də gülməli deyildi: orta yaşlı haitili qadın üzü üstə əməliyyat masasında uzanmışdı. Belində kəsik vardı, amerikalı hərbi həkim və tibb bacıları əllərində neştər və sıxaclarla bədənində eşələnirdilər.

–          Onlar orda nə edir?- deyə üzünü əlləri ilə gizlədərək yanımda oturmuş, həmin qadının ərindən soruşdum

–          Şiş kəsib götürürlər – cavab gəldi.

   Ətrafda milçəklər və daha böyük böcəklər (belələrini əvvəl görməmişdim) uçuşurdu. Üfunət dözülməz idi – xəstəlik, açıq yara, qan, dezinfeksiya vasitələrinin qoxusu…

–          Biz burda məşq edirik – ssenarini hərbi vəziyyətə yaxın şərtlər üzərində qururuq –tibb bacısı deyir – axı Haiti başqa heç bir yerdə olmayan hərbi vəziyyətə oxşar bir şəraitdədir.

–          Amma yenə də onlar axı insandırlar, əzizim – deyə etiraz etmək istədim. Ancaq o sözümü kəsdi.

–          Əgər biz bura gəlməsəydik, onlar ölərdilər. Deməli, necə olursa olsun, biz onlara kömək edirik.

   Mənə qalan isə təkcə əməliyyatın özünü lentə almaq oldu. Burada xəstədə olan şişin növünü müəyyən edəcək diaqnostik avadanlıqlardan istifadə olunmurdu. Heç bir rentgendən söz gedə bilməzdi. Düşündüm ki, ABŞ veterinar klinikalarında heyvanları daha yaxşı müalicə edirlər, nəinki bu zavallı haitililəri.

   Əməliyyat masasındakı qadın ağrıdan inildəyirdi, ancaq şikayət edə bilmirdi. Onu ancaq yerli anesteziya altında əməliyyat edirdilər. Əməliyyatdan sonra yaranı bağlayıb sarıdılar.

–          Bəs indi nə olacaq? – qadının ərindən soruşdum.

–          Avtobusa minib evə gedəcəyik.

  Qadın onu şəfqətlə tutan ərinin çiyninə söykənərək özü masadan durub getməyə məcbur oldu. Gözlərimə inanmırdım: xəstə şişi kəsib çıxardıldıqdan dərhal sonra ayağa durub evə getməlidir.

  Amerikalı hərbi həkimlə tanış oldum – o, məni ərazidə gəzdirdi və Haitidə yerləşdirilmiş amerikalı əsgərlərin və şəxsi heyətə qulluq edənlərin çadırlarını göstərdi. Orada kondisionerlər işləyirdi, elə bil yalanıb təmizlənmişdi – bircə ləkə də yox idi. Amerika heyəti üçün burada əməliyyat otağı və lazımlı avadanlığı olan xəstəxana vardı- ancaq elə bomboş dururdu. Rahat çarpayılarda heç kim yox idi.

–          Bəs onda niyə icazə vermirsiniz ki, əməliyyatdan sonra haitili xəstələr burda qalsın?

–          Qaydalar belədir.

–          Belə çıxır ki, siz onları sınaq dovşanları kimi istifadə edirsiz, elə deyil?

  Cavab vermədi. Ola bilsin ki, bunu ritorik sual kimi qəbul etdi. Tezliklə maşın tapa bildim və buradan getdim.

  Bu hadisə barədə material dərc edə bilmədim. Ancaq Paris qazetlərinin birində mümkün oldu. “New York Times” və “Independent” qəzetlərinə fotolar göndərdim –  heç bir cavab gəlmədi.

  Bir ildən sonra, cəhənnəmin bir küncündə olan indoneziya ordusu tərəfindən işğal olunmuş Şərqi Timordakı hərbi bazasına düşüb əli-qolu bağlı tavandan asılı qalanda mən o qədər də təəccüblənməmişdim. Lakin tezliklə, bu sözlərlə buraxdılar: “Biz heç bilmirdik ki, sən belə “şişka”san (üzərimi axtarandan sonra “ABC News”  Avstraliya teleradiokompaniyasının kağızlarını tapıb mənim oranın tapşırığı ilə “müstəqil produser” kimi araşdırmalar apardığımı öyrəndilər). Ancaq bundan sonra çox çətinliklə hər hansı bir qərb KİV-nin, indoneziyalı hərbçilərin köməksiz Şərqi Timor sakinlərinə qarşı etdiyi vəhşilik və zorakılıq barədə reportajla maraqlandığını gördüm.

  Axırda Naom Xomski və Con Pilcer mənə qərb KİV-nin – “azad qərb mətbuatının” işləmə prinsipini başa saldılar. Onları aşağıdakı kimi xülasə etmək olar: “Yalnız  şəxsi geosiyasi və iqtisadi maraqlar üçün istifadə edilməsi mümkün olan vəhşilik və zorakılıqları cinayət hesab edib reportajlar aparmaq və KİV-də analizlər etmək olar”. Lakin verilən halda mən buna başqa bucaq altından baxmaq istərdim.

 1945-ci ildə “Express”in səhifələrində aşağıdakı reportaj çap edildi.

 Atom fəlakəti 

“Bu, dünyaya xəbərdarlıqdır. Həkimlər yorğunluqlarından ölürlər. Hamı qaz hücumundan qorxduğu üçün əleyhqaz taxır.”

  Express müxbiri Berçet ittifaq ölkələri müxbirlərindən ilki idi ki, atom bombardmanına məruz qalan şəhərə girə bilmişdi. O, Tokyodan silahsız 400 mil yol gedir (bu əslində belə olmayıb, amma Express bu barədə bilməyə bilərdi), sadəcə yeddi hərbi pay  (belə ki Yaponiyada ərzaq tapmaq qeyri-mümkün idi), qara çətir və çap maşını ilə. Bu da onun Hirosimadan olan müsahibəsi.

Hirosima.Çərşənbə axşamı.

  Dünyanı sarsıtmış Hirosima atom bombardmanından 30 gün keçib. Qəribədir, ancaq insanlar əzablar içində ölməyə davam edir, hətta bilavasitə partlayış vaxtı xəsarət almayanlar belə. Onlar naməlum şeylərdən ölürlər – mən bunu yalnız atom taunu kimi təyin edə bilərəm. Hirosima bombardmana uğramış başqa adi şəhər kimi görsənmir – elə bil onun üzərindən nəhəng buxarlı yolbasan maşını ilə keçmişdilər. Əlimdən gəldiyi qədər insafla yazmağa çalışıram, ümid edirəm ki, sadəcə faktlar bütün dünyanı xəbərdar edəcək. Yer üstündə atom bombasının ilk sınağı ardınca elə bir xarabalıq qoymuşdu ki, beləsini mən 4 illik müharibə ərzində görməmişdim. Hirosima bombalanması ilə müqayisədə tamamilə dağıdılan Sakit okean adaları bunun yanında cənnətdir. Heç bir foto bu viranın miqyasını ifadə etmək iqtidarında deyil.

  Berçetin müsahibəsində heç bir istinad və sitat gətirmə yox idi. O Hirosimaya sadəcə bir cüt göz, qulaq, fotokamera və insanlıq tarixinin ən qorxunc səhifəsini olduğu kimi göstərmək təşəbbüsü  ilə silahlanıb gəlmişdi.

  Jurnalistika o zaman bir ehtiras idi, belə müxbirlər üçün həqiqi şövq idi. Hərbi müxbirdən cəsarət, dəqiqlik və itilik tələb olunurdu. Onun müstəqil olması da arzu olunan idi.

 Və Berçet də belələrindən biri idi. Yəqin ki, o öz dövrünün ən yaxşı hərbi müxbiri olmuşdu, baxmayaraq ki, bunu azadlığı bahasına etməli oldu – tezliklə onu “avstraliyanın xalq düşməni” elan etdilər. Avstraliya vətəndaşlığını əlindən aldılar.

  O, amerikan ordusunun Koreya müharibəsi zamanı koreyalılara törətdiyi vəhşilikdən yazırdı. Amerika komandanlığının öz əsgərlərinə qarşı qəddarlığından yazırdı (amerikan hərbi əsirlərinin mübadiləsindən sonra çinli və koreyalılardan gördükləri insani davranış barədə danışmağa cürət edənlərin beyinlərini səylə yuyurdular ya da işgəncə verirdilər). Öz azadlığı və idealları uğrunda dünyanın ən güclü ordusu ilə vuruşmuş vyetnam xalqının şücaətindən yazırdı.

  Maraqlıdır, baxmayaraq ki, sürgündə yaşamağa məcbur idi və “ifritə ovu” qurbanına çevrilmişdi, nəşriyyatların bir çoxu onun reportajlarını dərc edib haqqını ödəməyə razılaşırdı. Görünür, həmin günlərdə senzura təkmil deyildi, KİV isə o qədər də qüvvətlənməmişdi. O da diqqətəlayiqdir ki, onun gözləri ilə gördüklərini necəsə əsaslandırmağa ehtiyacı qalmırdı. Reportajlarda etdiyi şahidlik ona nəticə üçün əsas təşkil edirdi. Ondan sonsuz sayda mənbələrdən sitatlar gətirmək tələb olunmurdu. Onun, digərlərinin fikrindən istinad gətirməsinə ehtiyacı yox idi. Sadəcə olaraq hadisə yerinə gəlir, insanlarla ünsiyyətə girir, onların dediklərini ötürür, hadisələrin kontekstinə izah gətirir və reportajı dərc edir.

   Hansısa professor Qrindən yağış yağdığını sitat gətirmək lüzumsuz idi, bir halda ki, Berçet özü yağış yağdığını bilir və görürdü. Dəniz suyunun duzlu olduğunu deyən professor Braunun sitatını təkrarlamağa ehtiyac yox idi, onsuzda bu aydın məsələdir. İndi isə bu praktiki olaraq mümkün deyil. Bütün fərdilik və ehtiras, intellektual qoçaqlıq KİV reportajlarından və dokumentalistikadan “sürgün” edilib. Müsahibələrin tərkibində artıq heç bir manifest, heç bir “mən mühakimə edirəm” yoxdur. Onlar sığallanıb və  gizlədilib. Onları “təhlükəsiz” və “heç kimi təhqir etməyən” edirlər. Onlar insanları provokasiya etmirlər, barrikadalara göndərmirlər.

  KİV-də ən təhlükəli mövzuların: müharibə, işğallar, neomüstəmləkəçiliyin və bazar fundamentalizminin dəhşətlərinin gün üzünə çıxarılması monopoliya altındadır.

  Azad reportyorları indi praktiki olaraq işə almırlar. Özlərinin ştat müxbirlərini isə əvvəldən uzun-uzun “yoxlayırlar” və hətta  onların (azad reportyorların) sayı indi bir neçə on il əvvəl olduğundan daha azdır. Bunun, əlbəttə ki, müəyyən məntiqi vardır.

  Münaqişələrin işıqlandırılması “ideoloji müharibədə” əsas məqamlardan biridir – və qərb ölkələrinin zorla qəbul etdirdiyi rejimin təbliğat mexanizmi yerlərdə münaqişələrin işıqlandırılması prosesinə bütünlüklə nəzarət edir. Əlbəttə, əsas iformasiya vasitələrinin sistemin bir hissəsi olmadığını düşünmək sadəlövhlük olardı.

   Dünyada baş verənlərin mahiyyətini anlamaq üçün müstəmləkəçilik və neomüstəmləkəçilik öz iti dişlərini qıcıdığı yerlərdəki insanların aqibətindən, bütün dəhşətlərdən,  müharibə zonalarında baş verən münaqişələrdən xəbərin olmalıdır.. “Münaqişə zonaları” barədə danışarkən mən yalnız havadan bombalanan və artilleriya ilə atəşə tutulan şəhərləri nəzərdə tutmuram. Elə ”münaqişə zonaları” var ki, orada minlərlə (bəzən də milyonlarla) insan sanksiyalardan və ya yoxsulluqdan ölürlər. Bu xaricdən qızışdırılan daxili münaqişələr də ola bilər (məsələn, Suriyada olduğu kimi).

  Əvvəllər münaqişə zonasından ən yaxşı müsahibələri azad reportyorlar edirdi –  əksəriyyəti proqressiv yazıçılar və müstəqil mütəfəkkirlər sırasından idi. Hərbi fəaliyyətin gedişatını nümayiş etdirən foto və reportajlar, çevriliş şahidlikləri, qaçqınların taleyi barədə hekayələr münaqişə-günahkarı-ölkələrin sakinlərinin günlük menyusunda  vardı – onlar hər səhər yeməyinə qaynadılmış yumurta və yulaf sıyığı ilə birgə verilirdi.

  Müəyyən dövrdə xüsusilə bu cür azad reportyorların hesabına qərb ictimaiyyəti dünyada baş verənlər barədə xəbər tuturdu.

  İmperiya vətəndaşlarının (Şimali Amerika və Avropa) reallıqdan gizlənməyə yerləri yox idi. Ən məşhur yazıçılar və qərb intellektualları bu barədə televiziyalarda, bu ölkələrin ordularının bütün dünya üzrə törətdiyi terror barədə şouların təşkil edildiyi praym-taymlarda danışırdılar. Qəzet və jurnallar mütəmadi olaraq auditoriyanı isteblişmentlərə qarşı yönəldilmiş reportaj bombardmanına tuturdu. Sıravi vətəndaş və tələbələr üçüncü dünya ölkələrindəki müharibə qurbanları ilə həmrəylik göstərirdilər (bunlar hamısı hələ onlar yaşadıqları şəhərin biznes mərkəzlərini dağıdıb-sökmək əvəzinə onları sivilləşdirən və ancaq smartfonlardan qışqırmağa icazə verən və Facebook, Twitter və digər sosial şəbəkə xəstəliyinə tutulmamışdan əvvəl olurdu). Belə reportajlarla ürəklənən tələbə və sıravi vətəndaşlar etiraz yürüşlərinə çıxır, barrikadalar qurur və küçələrdə əllərində heç nə olmadan təhlükəsizlik gücləri ilə vuruşurdular.

  Onların çoxu müsahibələri oxuyub, çəkilən videolara baxıb Üçüncü dünya ölkələrinə yola çıxırdılar – çimərlikdə qaralmaq üçün yox, müstəmləkə müharibəsinin qurbanlarının yaşayış şəraitini öz gözləri ilə görmək üçün. Azad reportyorların (hamısı yox) çoxları marksist idi. Əksəriyyəti isə sadəcə çox yaxşı yazıçılar idi – enerjili, ehtiraslı, ancaq müəyyən bir siyasi ideyanın tərəfdarı deyildilər. Çoxu həqiqətən də “obyektiv” olmaq iddiasında belə deyildilər (o mənada ki şübhəli daimiliyi ilə yeknəsəq nəticəyə gətirib çıxaran müasir anqlo-amerikan KİV-i bizi müxtəlif mənbələrdən sitatlar gətirməyə məcbur edirdi). O zamanın müxbirləri əsasən imperialist rejimə qarşı öz intuitiv xoşagəlməzliklərini gizlətmirdilər.

  Baxmayaraq ki, o dövrdə hələ əvəzi yaxşı ödənilmiş (bilavasitə təlimatlanmış) müxbirlər və alimlər tərəfindən yayılan adi təbliğat da çiçəklənirdi, “alternativ təhkiyə” yaradaraq qəhrəmancasına dünyaya xidmət edən azad reportyor, fotoqraf, rejissor kütləsi də mövcud idi.

  Onlar arasında çap maşınını silaha dəyişdirənlər də vardı – Sent-Ekzüperi və ya Madrid müsahibələrində ispan faşistlərini lənətləmiş, sonralar isə Kuba inqilabını dəstəkləmiş Heminquey kimi (həm də maliyyə cəhətdən). Hind-çin hadisələrini işıqlandırdığına görə fransız müstəmləkə hökumətinin həbs etdirdiyi Andre Malro da onlardan idi ( sonda müstəmləkəçilik siyasətinə qarşı yönəlmiş jurnal dərc etdirməyə nail oldu).Müstəmləkəçiliyə intuitiv olaraq nifrət bəsləyən Orueli də yada salmaq olar. Daha sonra Rişard Kapustinski, Uilfred Berçet və nəhayət Con Pilcer kimi hərbi jurnalistikanın ustaları meydana çıxdı.

Onlar haqda danışarkən işlərinin (eləcə də yüzlərlə digər müxbirlərin işləri) daha bir vacib xüsusiyyətlərini qeyd etmək lazımdır: onlarda qarşılıqlı kömək formalaşmışdı və bunun sayəsində səyahət və yaşamaq üçün vəsaitləri vardı. Onlar müsahibələrinə görə aldıqları qonorar hesabına da işləməyə davam edə bilərdilər – bu müsahibələrin bilavasitə isteblişmentə qarşı istiqamətlənmiş olmasının isə heç bir rolu yox idi. Məqalə və kitab yazmaq yetərincə ciddi və hörmət edilən, həm də əyləncəli peşə hesab edilirdi. Reportyor işi bütün insanlığa yönəlmiş qiymətsiz iş kimi qəbul edilirdi və onlara birtəhər keçinmək üçün eyni zamanda müəllimlik və ya başqa bir fəaliyyətlə məşğul olmağa ehtiyac qalmırdı.

 Son bir neçə onillikdə hər şey çox kəskin dəyişib. İndi biz sanki Rişard Kapustinskinin “Futbol müharibəsi”ndə təsvir etdiyi dünyada yaşayırıq.

(“Futbol müharibəsi” 1969-cu ildə Honduras və Salvador arasında baş verib, əsas səbəb əmək miqrasiyasının törətdiyi problemlər idi, iki ölkə azarkeşləri arasında oyun zamanı çıxan münaqişədən başladı və 2 mindən 6 minə qədər insan həyatı apardı– tərcüməçi qeydi)

O cümlədən, Konqonu da nəzərdə tuturam, burada belçikalı müstəmləkəçilər uzun müddət qarətlə məşğul idilər. Belçika kralı 2-ci Leopoldun dövründə Konqoda 1 milyona yaxın insan öldürülüb. 1960-cı ildə Konqo müstəqilliyini elan edir – və o dəqiqə buraya belçika paraşutçuları göydən düşürlər. Ölkədə “anarxiya, isteriya, qırğın” başlayır. Kaspustinski bu zaman Varşavada olur. Konqoya getmək istəyir  (Polşa səfər üçün ona lazımlı pul vəsaitini ayırır), ancaq onda Polşa pasportudur – o vaxt isə Qərbin azad düşüncə prinsiplərinə “sadiqliyin” sübutu kimi “bütün sosialist ölkə vətəndaşlarını Konqodan qovurdular”. Ona görə də Kapustinski əvvəl Qahirəyə uçur, burada ona çex jurnalisti Yarda Buçek qouşulur və birlikdə Konqoya Xartum və Cubudan keçib getməyə qərar verirlər.

  “Cubuda maşın almalı olacağıq, sonra isə… böyük sual işarəsi. Ekspedisiyanın hədəfi Stenvildir (indiki Kisanqani şəhəri – tər.qeydi), Konqo Şərq əyalətinin paytaxtı, buraya Lumumba hökumətindən qalan şəxslər qaçmışdı (Lumumbanın özü həbs edilmişdi və hökumətə onun dostu Antuan Qizenqa başçılıq edirdi).

 Yarda xəritədə şəhadət barmağı ilə Nil boyu işarə edir. Hansısa nöqtədə onun barmağı bir anlıq donub qalır (orada timsahlardan başqa qorxulu heç nə yoxdur, ancaq buradan cəngəlliklər başlayır), sonra barmağını cənub-şərqə doğru aparır və üzərində dairə içində “Stenvil” yazılan Konqo çayında saxlayır. Yardaya deyirəm ki,ekspedisiyada iştirak etmək istəyirəm və oraya getmək üçün rəsmi göstərişim var (əsrlində isə bu yalandır). Yarda razılıq əlaməti olaraq başını sallayır, amma xəbərdarlıq edir ki, bu səyahət həyatım bahasına başa gələ bilər (o, nəticədə, həqiqətdən o qədər uzaq idi). Mənə öz vəsiyyətnaməsini göstərir (əslini səfirlikdə qoyub). Mən də eyni şeyi edirəm”.

Bu hissə nədən bəhs edir? Ondan bəhs edir ki, iki tədbirli və cəsarətli reportyor Afrikanın azadlıq mübarizəsi tarixinin ən böyük şəxslərindən biri – sonralar amerikanlar və belçikalıların səyləri ilə öldürülmüş Patris Lumumba haqqında dünyanı xəbərdar etmək istəyirdilər (Lumumbanın öldürülməsi faktiki olaraq Konqonu bu günə qədər davam edən xaosa düçar etdi). Onlar sağ qayıdacaqlarından əmin deyildilər, amma açıq şəkildə dərk edirdilər ki, onların işi vətənlərində layiqincə qiymətləndiriləcək. Onlar öz həyatlarını riskə atırdılar, öz məqsədlərinə çatmaq üçün zirəklik möcüzələri ortaya qoyurdular. Bundan başqa, onlar möhtəşəm yazırdılar. “Digər şeylərin qeydinə isə başqaları qalırdılar”.

Bunlar Uilfred Berçet və Vyetnam müharibəsinin qərəzsiz şəkildə çatdırılmasından qorxmayan bir çox digər cəsarətli reportyorlara da aid edilə bilər. Məhz onlar Avropa və Şimali Amerikanın ictimai təfəkkürünə zərbələr endirərək, orta statistik passiv vətəndaş təbəqəsinin “heç nə bilmirdik” sözlərini bəyan etmələrinə imkan buraxmırdılar.

Amma bu cür azad jurnalistlər erası uzun çəkmədi. KİV və ictimai fikri formalaşdıranlar tezliklə bu cür reportyorların, alternativ informasiya mənbələri axtaran, nəticədə – rejimin dayaqlarını yıxan dissidentlər yaradaraq nə qədər təhlükə törəkdiklərini dərk etdilər.

Mən Kapustinskinin yazılarını oxuyarkən, onları qeyri-iradi olaraq Konqo, Ruanda və Uqandadakı işlərimlə əlaqələndirirəm. İndi Konqoda dünyanın ən dramatik hadisələrindən biri baş verir. Altı milyondan on milyona qədər insan Qərb ölkələrin tamahkarlığının və bütün dünyaya nəzarət etmə arzusunun qurbanı olublar. Tarixin gedişi burada sanki əksinə çevrilir – yerli diktatorlar ABŞ və Böyük Britaniya tərəfindən dəstəkləndikləri vaxtda yerli xalqı məhv edir və qərb şirkətlərinin xeyrinə Konqo sərvətlərini talan edirlər.

Mən həyatımı riskə atmalı olduqda, ucqar yerlərə düşdükdə (elə bir yerə ki, oradan qayıtmamaq ehtimalı böyükdir) məni həmişə belə bir hiss narahat edir ki, qayıdışımı gözləyən və mənə dəstək olan “bazam” yoxdur. Mən həmişə, məni həbs edənlərdə (mənim özümə isə yox) böyük təəssürat yaradan BMT vəsiqəm sayəsində qurtula bilirəm. Amma mənim işim, jurnalist tədqiqatlarım, film çəkilişlərim heç bir reaksiyaya zəmanət yaratmır. Məni oraya heç kim göndərməyib. Mənim işimə heç kim pul vermir. Mən təkbaşınayam. Kapustinski evə qayıdanda onu qəhrəman kimi qarşılayırdılar. İndi, əlli ildən sonra eyni işi görənlər – rədd edilmişlərdir.

Müəyyən dövrdə bir çox iri nəşriyyat və telekanallar azca sərsəm, cəsarətli və müstəqil “azad əməkdaşlara” etibar etməməyə başladılar və ştat reportyorların xidmətlərindən istifadə etməyə başlayaraq, onları korporativ əməkdaşlara çevirdilər. Fərqli məşğulluq növünə bu cür “keçid” baş verdikdən sonra, nəyi yazmaq, nədən yan keçmək və hadisələri məhz hansı formada təqdim etməyi göstərərək, hələ də “jurnalist” adlandırılan bu “əməkdaşları” nəzarət altında saxlamaq çətin deyildi. Bu barədə açıq danışılmasa da, media-şirkətləri heyəti hər şeyi intuitiv səviyyədə dərk edir. Azad əməkdaşların – müstəqil jurnalistlərin, fotoqrafların və film produsserlərinin – honorar fondları əhəmiyyətli dərəcədə ixtisar edilmiş və ya ümumiyyətlə yox olmuşdu. Bir çox azad əməkdaşlar daimi iş axtarmağa məcbur oldular. Digərləri məlumatı oxucuya hər hansı bir yolla çatdırmaq ümidi ilə kitab yazmağa başladılar. Amma tezliklə onlara bildirdilər ki, “bizim zəmanəmizdə bu kitabların dərc edilməsi üçün pul yoxdur”.

“Müəllimlik fəaliyyəti” ilə məşğul olmaq qalırdı. Bəzi universitetlər bu insanları hələ qəbul edir və müəyyən mənada fərqli düşüncəyə göz yumurdular, amma bunun bədəli itaət idi: sabiq inqilabçılar və dissidentlər dərs deyə bilərdilər, amma onlara emosiyalarını biruzə verməyə icazə yox idi – heç bir manifest və silaha çağırış mümkün deyildi. Onlar “faktlara əsaslanmalı idilər” (belə ki, faktlar artıq lazımi qaydada təqdim edilirdi). Onlar sonsuz sayda öz “nüfuzlu” kolleqalarının sözlərini təkrarlamalı, öz kitablarını sitatlar, indekslər və çətinliklə tələffüz olunan intellektual söz oyunları ilə doldurmalı idilər.

İndi isə biz İnternet əsrindəyik. Minlərlə sayt yaranıb – lakin bu zaman bir neçə alternativ və sol nəşriyyatlar bağlanıb. Əvvəllər bu dəyişikliklər böyük ümidlər doğurdu, həvəs dalğası yaratdı – amma tezliklə aydın oldu ki, rejim və onun KİV-i sadəcə olaraq beyinlər üzərində nəzarəti birləşdirdilər. Əsas axtarış sistemləri ilk səhifələrdə əsasən sağ meylli xəbər agentliklərini təqdim edirlər. Əgər insan dəqiq nə axtardığını bilmirsə, əgər onun yaxşı təhsili yoxdursa, əgər o, öz fikrini hələ formalaşdırmayıbsa, o zaman onun dünya hadisələrini alternativ nəzər nöqtəsindən işıqlandıran saytlara düşmə şansı çox azdır.

Bizim dövrümüzdə ciddi analitik məqalələrin çoxu ödənişsiz yazılır – müəlliflər üçün bu bir növ hobbiyə çevrilib. Hərbi müxbirlərin nüfuzu geridə qalıb. Həqiqət axtarışındakı macəra sevincinin yerini – “vecsizlik”, sosial şəbəkələrdə ünsiyyət, əyləncə, hipsterizm alıb. Yüngüllük və vecsizlikdən alınan həzz əvvəlcə İmperiya vətəndaşlarına xas idi – müstəmləkəçi ölkələrin vətəndaşları və uzaq müstəmləkələrdə korrupsiya içində batmış (Qərbin köməyi ilə) elita nümayəndələri vecsizlikdən zövq alırdılar. Düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur ki, dünya əhalisinin böyük hissəsi xarabalıqlarda yaşayaraq və müstəmləkəçi ölkələrin iqtisadi maraqlarına xidmət edərək heç də asan olmayan reallıqda mövcudluqlarını davam etdirirlər. Onlar, əvvəlcə Vaşinqton, London və Paris tərəfindən yaradılan, sonra isə utanmaz şəkildə dəstəklənən diktaturaların zülmü altında yaşamağa məcburdurlar. Amma indi hətta xarabalıqlarda yaşayanlar belə – xəyala dalmağa və öz vəziyyətlərinin ciddi təhlili cəhdlərinə diqqət etməməyə çalışaraq, əyləncə və vecsizlik narkotikinə “aludə olublar”.

Beləliklə, hələ mübarizə aparmağa davam edən müstəqil jurnalistlər – Berçet və Kapustinskinin işləri əsasında təlim görmüş hərbi müxbirlər – həm öz auditoriyalarını, həm də işlərini davam etdirmək üçün zəruri olan vasitələri itiriblər. Axı həqiqətdə real hərbi münaqişələri işıqlandırmaq – ucuz iş deyil, xüsusilə də əgər onları diqqətlə və təfərrüatla işıqlandırmaq lazım gəlirsə. Münaqişə zonalarına olan nadir çarter reyslərinin kəskin bahalaşması ilə qarşılaşmalı oluruq. Bütün təchizatı üzərində daşımaq lazım gəlir. Hərbi əməliyyatlar cəbhəsinə keçə bilmək üçün daima rüşvət vermək lazım gəlir. Hər yerdə ləngimə ilə əlaqədar planları müntəzəm olaraq dəyişməli oluruq. Viza və icazələrlə əlaqəli müxtəlif məsələləri qaydasına qoymaq zərurəti yaranır. Bir çox insanlarla ünsiyyətə girmək lazım olur. Nəhayət, yaralanmaq ehtimalı var.

Hərbi əməliyyatlar zonasına giriş indi, Vyetnam müharibəsində olduğundan daha ciddi nəzarət altındadır. Əgər on il əvvəl mən Şri-Lankada cəhbə xəttinə keçə bilmişdimsə, sonralar oraya təkrar giriş barədə unutmalı oldum. Əgər 1996-cı ildə kontrabanda yükü ilə Şərqi Timora keçə bilmişdimsə, indi Şərqi Papuaya (burada Qərbin razılığı ilə İndoneziya daha bir soyqırım həyata keçirdi) gedib çıxan azad reportyorlardan bir çoxunu həbs edir, həbsxanaya salır sonra isə deportasiya edirlər.

1992-ci ildə mən Peruda müharibəni işıqlandırırdım – Peru DİN-indən icazəmin olmasına baxmayaraq, yolda “Sendero Luminoso” döyüşçülərinin məni vuracaqlarını çox gözəl dərk etdiyim halda (yeri gəlmişkən, az qala başıma gələcəkdi), Limada qalmaq yoxsa Ayakuçoya getmək qərarı yalnız məndən asılı idi. İndi isə İraq, Əfqanıstan və ya amerikan və qərbi avropa qoşunlarının zəbt etdiyi digər ölkələrin cəbhə zonalarına keçmək mümkün deyil – xüsusilə əgər sənin məqsədin qərb rejimlərinin bəşəriyyətə qarşı törətdikləri cinayətləri tədqiq etməkdirsə.

Düzünü desək, bizim zəmanəmizdə sən “ezam edilməmisənsə”, harada düşmək çox çətindir (o deməkdir ki, sən onlara işlərini görməyə imkan verirsən, onlar isə – əgər dediklərini yazırsansa – sənə yazmağa imkan verirlər). Hərbi əməliyyatların gedişini işıqlandırmaq imkanı əldə etmək üçün reportyorun arxasında hər hansı iri nəşriyyatlar və ya təşkilatlar dayanmalıdır. Bunlar olmadan icazə, buraxılış və ya onun reportajlarının sonradan dərc edilməsi zəmanətini almaq mümkün deyil. Azad reportyorları adətən gözlənilməz adlandırırlar – ona görə də onlara hörmət etmirlər.

Əlbəttə, hərbi əməliyyatlar zonasına keçmək imkanı hələ də var. Aramızda çox illik təcrübəsi olanlar bunu necə etməyi bilirlər. Amma bircə təsəvvür edin: siz cəbhə xəttində özbaşınasınız, siz könüllüsünüz və tez-tez ödəniş olmadan yazırsınız. Əgər siz vasitələrini öz yaradıcılığına sərf etmək istəyən imkanlı insan deyilsinizsə, baş verənləri “uzaqdan” təhlil etməyiniz daha yaxşıdır. Rejim məhz bunu istəyir – solların “birinci əldən” olan reportajları olmasın: solları uzaqda saxlamaq və baş verənlərin dəqiq mənzərəsini görməmələri üçün.

Rejimin müstəqil reportyorların münaqişə zonalarındakı işini çətinləşdirdiyi bürokratik maneələrə əlavə olaraq, maliyyə maneələri mövcuddur. Demək olar ki, əsas KİV reportyorlarından başqa heç kim yerli hökumətlə yaranan problemləri yoluna qoymağa kömək edən sürücü, daışyıcı, vasitəçilərin xidmətini ödəməyə qadir deyil. Bundan əlavə, korporativ media bu cür xidmətlər növünün qiymətini ciddi şəkildə artırıb.

Nəticədə neomüstəmləkəçi rejimə qarşı olanlar media-müharibədə məğlub olurlar – onlar birbaşa hadisə yerlərindən – İmperiyanın bəşəriyyətə qarşı cinayətlər törədərək soyqırımlara davam etdiyi yerlərdən informasiyanın əldə edə və yaya bilmirlər. Artıq qeyd etdiyim kimi, indi bu zonalardan, bu cinayətlərin günahkarı olan ölkələrin sakinlərinin şüurunu bombardman edəcək foto hesabat və reportajların kəsilməz axını mümkün deyil. Bu cür reportajlar axını tükənməkdədir və artıq bir zamanlar Vyetnam müharibəsini dayandırmağa kömək etmiş ictimaiyyətin şok və qəzəbini yaratmağa qadir deyil.

Bunun nəticələri göz qabağındadır: avropa və şimali amerika ictimaiyyəti ümumilikdə praktiki olaraq dünyanın müxtəlif yerlərində baş verən dəhşətlər baradə heç bir məlumata malik deyillər. O cümlədən də Konqo xalqının amansız soyqırımı barədə. Daha belə bir məntəqə Somalidir və bu ölkənin qaçqınları – milyona yaxın Somalı qaçqını insan sözün əsl mənasında Keniyanın dolub-daşan düşərgələrində çürüyürlər. 70 dəqiqəlik “Dadaabom üzərində uçuş” sənədli filmini mən onlar haqqında çəkmişəm.

İsrailin Fələstin işğalının riyakarlığını təsvir edəcək sözləri tapmaq mümkün deyil – lakin ABŞ ictimaiyyətini “obyektiv” reportajlarla yaxşıca yemləyirlər, buna görə də o, özlüyündə “sakitdir”.

İndi təbliğat maşını, bir tərəfdən, qərb müstəmləkəçiliyi qarşısında dayanan ölkələrə qarşı güclü kampaniya aparmaqdadır. Digər tərəfdən, qərb ölkələri və onların müttəfiqlərinin bəşəriyyətə qarşı törətdikləri cinayətlər (Uqandada, Ruandada, İndoneziyada, Hindistanda, Kolumbiyada, Filippində və digər yerlərdə) – praktiki olaraq işıqlandırılmır.

Milyonlarla insan qaçqınlara çevriliblər, yüz minlərlə insan Yaxın Şərqdə, Afrikada və digər yerlərdəki geosiyasi manevrlər nəticəsində həlak olublar. Çox az sayda obyektiv reportajlar 2011-ci ildə Liviyanın mənfur şəkildə məhv edilməsi (və onun indiki fəsadları) haqqında danışdılar. İndi eyni şəkildə Suriya hökumətinin devrilməsi üzrə “iş görülür”. Türkiyənin Suriya sərhəddindəki “qaçqın düşərgələrinin” suriya müxalifətinin maliyyələşdirilməsi, silahlanması və hazırlığı üçün istifadə edilməsi barədə reportajlar demək olar ki yoxdur – halbuki bir neçə aparıcı türk jurnalist və rejissorlar təfərrüatlı şəkildə bu mövzunu işıqlandırmışlar. Deməyə ehtiyac yoxdur ki, azad qərb reportyorları üçün bu düşərgələrə düşmək demək olar ki qeyri-mümkündür – mənim türk kolleqalarım bu yaxınlarda vəziyyəti belə təsəvvür etdilər.

“CounterPunch”, “Z”, “New Left Review” kimi möhtəşəm resursların mövcudluğuna baxmayaraq, “evsiz” azad hərbi müxbirlər kütləsinə daha çox belə resurslar gərəkdir ki, onları öz “evləri”, öz media-bazaları hesab edə bilsinlər. İmperializm və neomüstəmləkəçiliyə qarşı mübarizədə tətbiq edilə biləcək bir çox silah növü mövcuddur – reportyor işini də buraya aid etmək olar. Buna görə də rejim azad reportyorları sıxışdırmaq, onların iş imkanlarını məhdudlaşdırmaq istəyir – belə ki, baş verən reallığı dərk etmədən dünyadakı vəziyyəti obyektiv şəkildə təhlil etmək mümkün deyil. Reportajlar və foto hesabatlar olmadan dünyanın yuvarlanmaqda olduğu çılğınlığı dərk etmək mümkün deyil.

Azad jurnalistlərin reportajları olmadan vətəndaşlar üfüqdən yüksələn yanğın dumanını görməyib, uzun müddət əyləncə zallarında qəhqəhə çəkəcək və ya elektron cizahlarla oynamağa davam edəcəklər. Gələcəkdə onlardan birbaşa soruşduqda isə, yenidən deyə biləcəklər (bəşər tarixində tez-tez olduğu kimi):

“Biz heç nə bilmirdik”

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:15252