abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Bazar sosializmi”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                                                                                   Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

Bazar sosializmi

Polşalılar fəlsəfi və qismən siyasi məsələlərlə məşğul olduqda, Macarıstan və Çexoslovakiyada iqtisadi reform haqqında məsələlər qoyulmağa başlanır. Sonralar analoji diskussiya Polşa və Sovet İttifaqını əhatə edir.

Klassik liberalizm nöqteyi nəzərindən, Sovet İttifaqında olan iqtisadi quruluş mövcud olmamalı idi. Məsələ onda deyil ki, onun səmərəliliyi aşağı idi və ya son nəticədə dağılmaya məhkum idi, ondadır ki, bu nəzəriyyəyə inansaq, o fəaliyyət göstərə bilməzdi, necə ki, ütü – üzə bilmir. Amma bizim ütümüz üzürdü, çox yaxşı olmasa da.

Bazarı iqtisadiyyatın təşkilinin sadəcə optimal deyil, həm də rasional və belə desək, yeganə forması olaraq qəbul edən liberallar üçün aydın deyil ki, əgər bazar yoxdursa, o ümumiyyətlə necə istehsal edilə bilər. Erkən sovetologiyada uğursuz şəkildə hansısa gizli bazar axtarışları gedirdi, hansı ki, hardasa SSRİ–də gizlədilib və beləliklə, istehsalın mövcud olmasına imkan verir. Təbii ki, heç nə və ya demək olar ki, heç nə tapmadılar.

Əgər indi, əvvəlki dövrə münasibətdə liberallar deyə bilirlərsə ki: “SSRİ ona görə dağıldı ki, iqtisadiyyat heç vaxt normal fəaliyyət göstərə bilmirdi”, 1956–cı ildə bunu demək mümkün deyildi. Tamamilə aydın idi ki, sistem işləyir. İqtisadiyyat böyüyür, istehsal inkişaf edir, özü də Qərbdə olduğundan daha yüksək templərlə. Problem sadəcə ondadır ki, o, müəyyən qədər özünəməxsus şəkildə inkişaf edir.

Stalindən soruşanda ki, SSRİ – də pul nə üçün ləğv olunmayıb, o, sosializmdə əmtəə – pul münasibətlərinin öz interpretasiyasını təqdim edirdi. Axı pulun olduğu yerdə alıcı üçün seçim azadlığı var, deməli, heç olmasa fərdi alıcı üçün hansısa bazar var. Əmtəə – pul münasibətləri var. Bu sosializmə zidd deyilmi?

Sovet İttifaqında bizdə bəzi sahələrdə elementar ifrat istehsal böhranı, bəzi sahələrdə isə defisit var idi. Deməli, bazar işləyirdi. Amma o, daha çox sistemdə destruktiv element idi, ən yaxşı halda onun zəifliklərini üzə çıxarırdı, amma onları aradan qaldırmağa kömək etmirdi.

Stalini bu cür məsələlər narahat edirdi. O belə cavab verirdi: kolxozçular və işçilər – müxtəlif siniflərdir, kolxozçular mülkiyyətə fərqli münasibət bəsləyirdilər, onların qrup mülkiyyəti var, ona görə də öz əmtəələrini puldan başqa heç nəyə dəyişmirlər.

Bu cür interpretasiya stalin dövrü sovet kolxozları reallıqlarına az uyğun idi. Axı məhz kolxozlarda pul praktiki olaraq yox idi, məşhur “əmək-gün” formasında natural ödəniş üstünlük təşkil edirdi. Ümumiyyətlə, 1930–1940 – cı illərdə kolxozçular həddən artıq təhkimli halda idilər və demək olar ki, ödənişsiz işləyirdilər. Həm də Stalinin onlara aid etdiyi müstəqil siyasi iradələri yox idi.

Əmtəə – pul münasibətləri məhz şəhərdə, istehlakçı bazarında inkişaf edirdi ki, kəndə praktiki olaraq toxunmurdu. Amma sistemdə kifayət qədər aydın şəkildə əmtəə – pul münasibətlərinə tələbat var idi, çünki bu, əmtəə mübadiləsi vasitəsilə maraqların uyğunlaşdırılması forması idi. Əgər əmtəə mübadiləsi var idisə, sovet iqtisadiyyatında bazar amili də var idi (“hərbi kommunizm” dövrü istisna olmaqla). Hətta “hərbi kommunizmdə” də natural dünya bazarı mövcud idi və bu planda zidd maraqların obyektiv mövcudluğu məhz onun səbəbi kimi göstərilirdi ki, əmtəə – pul münasibətlərinə tələbat var idi və onların rolu artırdı.

Amma bazar amili sovet təsərrüfatında heç də dominant deyildi – ən azından, Stalin və Xruşovun dövründə belə deyildi. Axı məhz bu dövrdə sovet iqtisadiyyatı daha çox nailiyyətlər əldə etmişdi.

Klassik marksizmin özündə, nəzəriyyəçilərin proletar inqilabından sonra bazarın taleyini necə gördüklərinə dair aydınlıq yoxdur. Bir tərəfdən, Marks və Engels üçün kifayət qədər vacibdir ki, sosializm “qeyri – əmtəə” xarakterlidir. Bu, tamamilə məntiqidir. Axı, bazar münasibətləri kapitalizmə qədər də mövcud idi, məhz kapitalizm onu maksimal inkişafına çatdırır, onu universal, ümumi edir. Müvafiq olaraq, sosialist dəyişikliklər bazarın diktaturasına, insanların əmtəəyə çevrilməsinə qarşı yönəldiliblər. Əks halda kapitalizmlə mübarizə aparmaq üçün əsas olmazdı. Bazar iqtisadiyyatı çərçivəsində bütün sol siyasət kapitalizmin reformuna gətirilir. Sosialist istehsalının əsasında duran prinsiplər, Marksa görə, əmtəə münasibətləri sferasından kənarda durur.

Marks üçün burada istehsal və mübadilə arasında prinsipial fərq var. Onun nəzər nöqtəsindən, bazar – istehsalı mübadiləyə tabe edən sistemdir. İstehlaka deyil, məhz mübadiləyə. Bazar – istehsal sferası deyil, mübadilə sferasıdır. Bu, istehlakçı diktaturası deyil (liberalların iddia etdiklər kimi), alıcının hökmranlığıdır. Puldan məhrum olmuş və kifayət qədər vəsaitə malik olmayan istehlakçı bazara öz iradəsini diktə edə bilməz. Bazar onu sadəcə olaraq görmür. Onun tələbatları nəzərə alınmır. Bazarda insan ala bildiyi şeyi əldə etmir. Bazar – bölgü formalarından biridir. Marksa görə, bu, istehsalın ödəmə qabiliyyətli tələbə, nəticədə isə – mübadilə mexanizminə tabe edilməsidir. Bu, onun kapitalizmi tənqid etmək əsaslarından biridir. Sosializm tərəfindən bazar iqtisadiyyatı məhdudiyyətlərinin dəf edilməsi ondan ibarətdir ki, istehsal tələbə deyil, məhz insanın – həm fərdi, həm də kollektiv, ictimai tələbatlarına yönəlir.

Bəs bu tələbatların aşkar edilməsi mexanizmi necədir? Məhz burada diskussiya üçün meydan yaranır.

Marksın nöqteyi nəzərindən, sosializmdə tələbat artıq sənaye istehsalının təşkil edilməsindən yaranır. Buradan da Leninin məşhur ideyası yaranır ki, sosializm vahid, böyük fabrik kimi təşkil olunmuş cəmiyyətdir. Axı müəssisə daxilində bazar münasibətləri yoxdur. Orada mübadilə deyil, istehlak münasibətləri hakimdir. Bir sex digərinin məhsulunu istehlak edir və əvəzində heç nə verməyə bilər. Hamı sadəcə olaraq vahid ümumi nəticə üçün işləyir. Texnoloji zəncir sadə və aydındır, o, öz fəaliyyəti üçün bazar münasibətlərinə ehtiyac duymur.

   Amma digər tərəfdən, bir böyük fabrik kimi işləyən cəmiyyət haqqında Leninin sözlərini elə interpretasiya etmək olar ki, bütün cəmiyyət vahid böyük kapitalist fabriki kimi təşkil olunur. Axı kapitalist fabrikində istehsalın təşkili forması da məhz kapitalizm üçün spesifikdir. Şərqiavropa “təftişçiliyi” elə bir açıq faktla üzləşdi ki, sovet müəssisəsi eyniliklə amerikan şirkəti kimi fəaliyyət göstərir.

Təbii ki, sual yaranır: bəs müəssisə sosialist müəssisədirmi? Amma Şərqi Avropada “təftişçilərin” çox hissəsi daha praktiki şeylər haqqında danışmağa meylli idilər. Sovet tipli cəmiyyətlərin istehsal sisteminin təhlilindən doğan əsas nəticə bazarın bərpa edilməsi idi.

Onların təhlilində istehlak və mübadilə əhəmiyyətli dərəcədə eyniləşdirilir. Bazara liberal baxışa bu cür qayıdış kommunist təsərrüfatının praktiki nəticələrində məyusluqla bağlı idi. Aşkar edildi ki, birbaşa istehlaka meyllilik bu sistemdə sadəcə bəyan edilib, amma reallaşdırılmayıb. Biz deyirik ki, məhsulu bazar üçün deyil, istehlak üçün, ödəmə qabiliyyətli tələb üçün deyil, zəhmətkeşlərin real tələbatları üçün istehsal edirik. Amma zəhmətkeşlərin real tələbatlarını öyrənməyə imkan verən mexanizm yoxdur. Əbəttə, orta statistik insan üçün neçə cür çəkmə lazım olduğunu hesablaya bilərik, bəs biz dəbin necə olacağını hansı yolla müəyyən edəcəyik? Nəticədə hər kəs eyni çəkmələri geyinəcək. Hər kəs düzgün geyinəcək, lazım olan qədər ayaqqabı olacaq. Orta statistik insan onu proqnoza uyğun olaraq aşındıracaq. Amma xoşbəxt olmayacaq.

Belə yanaşmanın ən son misalını Çində Mao dövründə müşahidə etmək olardı. Hər kəs eyni geyinirdi, hər kəsin  qida rasionu təxminən eyniidi. Bunlar, Marksın söz verdiyi azad insanlar cəmiyyətindən daha çox böyük əmək düşərgəsinə bənzəyirdi. Sovet İttifaqına gəldikdə isə, burada, nə qədər paradoksal olsa da, 1930 – cu illərdə fərdi istehlaka və daha da artığı, fərdi xoşbəxtliyə orientasiya elan edilmişdi. Stalinin məşhur formulu – “daha yaxşı yaşayırıq, daha şən yaşayırıq”. Amma, bunu açıq şəkildə öz məqsədi elan edərək, sistem öz vəzifələrinin öhdəsindən gəlmək bacarıqsızlığını gizlədə bilmirdi. Kosmik gəmi buraxmaq, dəbli qızların tələbatlarını ödəməkdən daha asan görünürdü…

Metodoloji nöqteyi nəzərdən, mübadilə və istehlakı ayıraraq, Stalin iqtisadi fikir məktəbi özünə problem yaratdı, belə ki, cəmiyyət üçün nəyin lazım olub–olmadığı meyarlarını təklif etmədi. Haradasa, necəsə insanlar öz tələbatlarını ifadə etməlidirlər.

Bazar kapitalizmində insanlar tələbatlarını bazara daşıyırlar. Bu sistem, deyildiyi kimi, ictimai və şəxsi maraqların real mənzərəsinin təhrifinə gətirib çıxarır, çünki hər şey ödəmə qabiliyyətli tələbin dar boğazından keçməlidir. Korporasiyalar isə – reklam, kütləvi incəsənət və s. vasitəsilə insan tələbatlarının manipulyasiya sistemini yaradırlar.

Amma sovet sistemində problem hətta belə qeyri – mükəmməl vasitə ilə də həll edilmirdi. Məhz ona görə, yeri gəlmişkən, sovet insanı daima qərb istehlak modelinə istiqamətlənirdi. Ona görə yox ki, o model yaxşı idi, onun tələbatlarına optimal şəkildə uyğun idi, ona görə ki, öz xüsusi modelini işləyib – hazırlamaq iqtidarında deyildi. Daha pisi, plan orqanları da qismən qərb istehlak modelinə – eyni səbəbə görə –istiqamətlənməyə başladılar.

Bölgü sistemi bazarın fəaliyyətinin nəticələrini simulyasiya etməyə cəhd edirdi. Nəticələr isə, bizim indicə gördüyümüz kimi, kifayət qədər nöqsanlı idi. Amma əgər bazar tələbatlar sistemini təhrif edirsə, sovet bölgü sistemi bazar, özü də xarici bazarın nəticələrini təhrif edirdi (və heç bir halda düzəltmirdi)! Platonun fəlsəfəsindəki “yansıma” kimi bir şey alınır. Səhvlər yığını.

Bu zaman sistem yorulmadan bəyan edirdi ki, insanların tələbatlarına istiqamətlənib. İqtisadiyyat əmtəə iqtisadiyyatı olduğuna görə, insanların pulu var idi və fərdi istehlakçı “rublla səs verə bilərdi” (zlotla, levlə, çex kronu ilə), bu səsvermə qaçılmaz olaraq mənfi idi. Fərdi istehlakçı öz davranışı ilə sistemə əlavə intizamsızlıq gətirirdi.

Ona kifayət qədər pul verirdilər ki, müəyyən qədər əmtəə alsın. Amma o, bu əmtəələri almırdı. Onun “artıq” pulları yığılırdı. Bu vəsaitlər sayəsində “qara bazar” fəaliyyət göstərməyə başlayırdı, anbarlarda isə bir yığın satılmamış məhsul yığılırdı. Bəzi məmulatlar isə birdən defisit olurdular. İstehlakçı isteriyası yaranırdı ki, bu zaman insanlar mənasız şəkildə, yüksək tələbatın olduğu bir məhsulu almağa başlayırdılar.

Özü də bu cəmiyyətdə yaşamaq üçün zəruri olan pul miqdarı düzgün hesablanmışdı, başqa sözlə, hamının pulu var idi. Eyni formada fiziki sağ qalma üçün zəruri olan sadə, bazar əmtəələri – çörək, süd və s. düzgün hesablanmışdı. Bəzən belə məhsullarda qeyri–müntəzəmlik olurdusa da, bu daha çox anomaliya idi.

Aşkar olundu ki, əgər bizim tələbatları bürokratiya müəyyən edirsə, yadlaşmanın miqyası arta bilər. Sovet dövrünün sonunda rifah artımı problemi aradan qaldırmırdı, daha çox kəskinləşdirirdi.

1960–cı illərin əvvəlində bazar sosializmi adı almış yeni istiqamət meydana gəlir. Əslində bu cür konsepsiyalar çox daha əvvəl işlənib–hazırlanmağa başlanmışdı. Artıq XX əsrin əvvəlində qeyri–marksist iqtisadçılar tərəfindən bazarın və sosializmin birlikdə tətbiqi ideyaları irəli sürülürdü. Marksistlər arasında bu ideyanı inkişaf etdirən ilk insanlardan biri polşalı iqtisadçı Oskar Lanqe (1904–1965) idi. Polşa sosialist partiyasının üzvü olan (1928–1947) Lanqe onun ölkəsi kommunist bloka qoşulduqdan sonra 1948–ci ildə Stalin tərəfindən likvidasiya edilmiş polşa kommunist partiyasını əvəz edəcək Polşa birləşmiş işçi partiyasına üzv oldu. O, PBİP MK – nin üzvü olsa da, vacib siyasi məsələləri qaldırmırdı, Planlaşdırma və statistik Baş Məktəbi Sədri, sonra isə Varşava universitetinin professoru vəzifələrini üstün tuturdu. O, iqtisadi məsələlər üzrə məsləhətçi kimi, Hindistan, Seylon, Misir və İraqın iqtisadi inkişaf planlarının hazırlanmasına iştirak edirdi.

Plan və bazarın birləşdirilməsi zəruriliyi haqqında Lanqenin ideyaları formal olaraq inkişaf etməkdə olan ölkələrə aid edilmirdi. Amma onların Şərqi Avropa üçün tətbiq edilməsi əvvəlcədən aydın idi.

Bazar sosializmi ideyasının müxtəlif interpretasiyaları var. Hər şeydən əvvəl – Yanoş Kornainin erkən əsərləri yada düşür. 1957–ci ildə o, öz dissertasiyasını “İqtisadi sistemlərdə fövqəlmərkəzləşmə” adlandırdı ki, bu, bazar sosializminin nəzəri manifestinə çevrildi. O zaman referat ingilis dilində dərc edildi ki, o, sovet mütəxəssisləri üçün də əlçatan idi. Bu, sovet planlaşdırma sisteminin real olaraq necə fəaliyyət göstərdiyini keyfiyyətcə təsvir edən çox maraqlı referat idi. Planlaşdırma modelinin təsviri göstərir ki, sistemin yuxarı dairələri tərəfindən qoyulmuş məqsədlər, orta və aşağı həlqələrin öz vəzifələrini necə başa düşdükləri ilə üst–üstə düşmürdü. Nəticədə qoyulmuş məqsədlər prinsipcə əlçatmaz idi. Məqsəd tamamilə real ola bilər, amma bu sistemdə onlara çatmaq mümkün deyil. Nə üçün? Axı icraçılara çatması üçün məqsəd bir sıra konkret vəzifələr şəklində formalaşdırılmalıdır ki, onlar da öz növbəsində göstərişlər sistemi şəklində icraçılara çatdırılır. Stalin sistemi, yeri gəlmişkən, fövqəlmərkəzləşdirilmiş deyildi. O, avtoritar şəkildə mərkəzləşdirilmişdi və sonralar yaranmış planlaşdırma sistemi kimi bürokratlaşmış deyildi. Yoldaş Stalin və Serqo Orconokidze sadəcə olaraq zavod direktorlarından kimisə yanlarına çağıra bilərdilər və deyərdilər: “Mənə elə təyyarələr lazımdır ki, belə uçsunlar və belə atəş açsınlar”. O, artıq özü baş sındırırdı ki, bunu necə etsin. Məqsəd icraçı üçün aydın idi, onun və rəhbərliyin arasında intuitiv səviyyədə qarşılıqlı anlaşılma var idi. Həmçinin aydın idi: əgər məhsulda nəsə çatışmazlıq olsa, öz başınla cavabdeh olacaqsan. Bu, başa düşməyə çox kömək edirdi. Amma 1950–ci illərin fövqəlmərkəzləşmiş bürokratik sistemində hər şey başqa cür idi. Böyük çoxsektorlu iqtisadiyyatı sənayeləşmənin əvvəli dövlərindəki kimi idarə etmək olmaz. İndi mərkəz müəyyən vəzifəni formalaşdırır, bu vəzifə əvvəlcə dezinteqrasiya edilir – konkret icraçılar tərəfindən yerinə yetirilməli olan bir sıra göstəricilərə parçalanır. Onlar vasitəsilə tapşırıqlar aşağılara ötürülür. Beləliklə, siz üç, dörd həlqə keçirsiniz. Bundan sonra müəyyən olunur ki, proses iştirakçıları ilkin bütöv vəzifənin yerinə yetirilməsi üçün deyil, onlara göndərilən konkret göstəricilərin gerçəkləşdirilməsi üçün işləyirlər. Sonra əks proses başlayır, informasiya geriyə göndərilir və aqreqatlaşdırılır. Biz qoyulmuş vəzifələrin yerinə yetirilməsi haqqında öyrəndikdə, qəribə şeylər aşkar edilir. Düşünülmüş deyil, tamam başqa şey alınır. Bütün göstəricilərə rəsmi olaraq nail olunub, amma nəticə qoyulmuş məqsədə uyğun deyil.

SSRİ–də tikiş maşınları zavodu işçisi haqqında lətifə çox məşhur idi. O, detallardan öz məhsulunu ev şəraitində yığmağa çalışanda, nə üçünsə həmişə pulemyot alınırdı. İqtisadiyyatın sovet tipində də məhz belə alınırdı. Və ölkə rəhbərləri öz planlarının yerinə yetirilməsi ilə, lətifədəki işçidən az sarsılmamışdılar.  İnformasiyanın təhrif edilməsinin klassik prosesi baş verir. Bizim nə qədər çox həlqəmiz varsa, təhrif o qədər çox olacaq. Formalaşdırma prosesində artıq ilkin vahid vəzifə deyil, heç kimin planlaşdırmadığı şey əldə edilir. Bu, müəyyən mənada mərkəzləşdirmə dialektikasıdır.

Məsələn, əgər məhsulun istehsal göstəriciləri tonla müəyyən edilirsə, bütün məmulatlar çox ağır olacaqlar. Çünki mən dəzgah istehsal etməyəcəm, mən tonlar istehsal edəcəm. Və mənim dəzgahım nə qədər ağır alınsa, o qədər yaxşıdır.  Yaponlar sovet dəzgahlarını metal tullantıları üçün alırdılar: onlarda nəhəng miqdarda bir məqsəd üçün – məhsulu ağırlaşdırmaq üçün quraşdırılmış polad var idi.

Sonra, artıq bu təcrübənin haraya apardığı aydın olduqdan sonra, tapşırıqları rublla müəyyən etməyə başladılar. Nəticədə siz həmin dəzgahları əldə edirsiniz, amma nədənsə onlar daha bahalıdırlar. Siz qiymət və çəki göstəricilərini birləşdirirsiniz – daha pis olur: həm, ağır, həm baha. Bütün sovet tarixi ərzində planlaşdırıcılar “optimal göstəricilər” üzərində baş sındırırdılar, amma heç nə alınmırdı, çünki nöqsan metodun özündə idi.

Vahid sistemin, plan göstəriciləri şəklində formalaşdırılmış müxtəlif vəzifələri olan bir sıra yarımsistemlərə parçalanması ilə spesifik maraqlar yaranmağa başlayır. İqtisadiyyat öz həyatını yaşamağa başlayır, daha az idarə edilən olur. Amma o, özünə görə funksionaldır. Onun elementləri qarşılıqlı əlaqədədirlər. İqtisadiyyatın bütövlüyü deyil, məqsədyönlüyüyü pozulur. Yəni həmin ilkin sosialist ideal inkar olunur ki, ona əsasən, iqtisadiyyat müəyyən dərk edilmiş və rasional şəkildə formalaşdırılmış, cəmiyyətin kollektiv maraqlarına uyğun olan məqsədlərə tabe edilməlidir. Məhz bu prinsip pozulur. Marks sistemin səmərəliliyi haqqında yazmırdı. O, çox gözəl başa düşürdü ki, səmərəlilik – nisbi anlayışdır, hər sistemin öz səmərəlilik meyarları var.

Amma Marks da, Veber kimi, ondan çıxış edir ki, sistemdə rasional məqsədyönlülük olmalıdır. Məhz o, cəmiyyətin kollektiv demokratik funksiyasıdır.

Kornainin təsvir etdiyi iqtisadiyyatda isə, uğrunda bütün inqilabların edilməli olduğu əsas funksiya tamamilə ləğv edilib. Sistem tamam başqa qanunlar üzrə öz həyatını yaşayır. Nə üçün metal təhvil verilməlidir? Çünki sistemə kiloqramlar lazmdır! İnsanlar iş alırlar və idarəetmə mexanizmi özünü təmin edir, müvafiq olaraq, artıq real maraqlar fəaliyyət göstərir.

Asanlıqla bilmək olar ki, Kornai yaranmış ziddiyyətləri bazar vasitəsilə aradan qaldırmağı təklif edir. Amma bu, sırf idarəetmə əsaslandırılmasıdır ki, cəmiyyətin tələblərindən deyil, kifayət qədər qəribə bir sistemdə səmərəlilik və rasionallığı necə yüksəltmək mövqeyindən çıxış edir. Təəccüblü deyil ki, Kornai liberalizm istiqamətində təkamül keçib. Başqa sözlərlə, mübadilənin səmərəli sistemi kimi bazar təbliğatından, o,  əks əlaqənin optimal sistemi kimi bazarın və nəhayət, universal nəzarət sistemi kimi bazarın mədhinə keçir. Bu isə, iqtisadiyyatın liberal idarəetməsidir. Amma bu, lap sonralar oldu. 1950–ci və 1960–cı illərdə Çexoslovakiyada Ota Şik, Polşada Vlodzimej Brus və Tadeuş Kavalik kimi bazar sosialistlərinin məktəbi formalaşmağa başladı. Onların bir hissəsi tədricən liberalizm istiqamətində təkamül etdi, digər hissəsi sadəcə büroktarik mərkəzləşməni deyil, həm də azad bazarı tənqid edirdi ki, onda, bürokratik mərkəzləşmə kimi irrasional digər qütbü görürdü. Bu qrup C.M. Keynsin idarə edilən bazar ideyaları istiqamətində təkmilləşdilər, amma Keynsi Marksla birləşdirməyə çalışırdılar. C.Robinson, M.Kaletski və d. keynsçilər də eyni ruhda düşünürdülər.

Ota Şik sosialist bazarı özünüidarənin inkişafı və zəhmətkeşlərin demokratiyası ilə birləşdirmək uğrunda çıxış edirdi. O, sübut etməyə çalışırdı ki, bazar maraqların razılaşdırılması yeridir, amma maraqlar plüralizmi  bazardan kənar amillərlə ortaya çıxır. Fərqli cəmiyyət fərqli bazar yaradır. Bu, marksist nəzəriyyənin nöqteyi nəzərindən, çox vacib andır.

Liberalizm öyrədir ki, bazarda çoxlu alıcıların və rəqiblərin olması plüralizm mənbəyidir, maraqların ziddiyyətidir. Buna görə də bazar olmadan plüralizm və demokratiya ola bilməz. Bazar maraqlarının ziddiyyətləri siyasətdə, cəmiyyətdə, ictimai sistemdə davamını tapır. Mübadilə vasitəsilə biz maraqların müxtəlifliyini (bəziləri daha baha satmaq istəyir, digərləri daha ucuz almaq istəyir) aşkar edirik və mübadilə aktı vasitəsilə biz müəyyən kollektiv, qrup maraqları formalaşdırırıq. Cəmiyyətdə bu cür maraqlar plüralizmi siyasi demokratiyanı zəruri edir. Bu, süjetin liberal traktovkasıdır. Ota Şuk iddia edir ki, hər şey əksinədir. Maraqlar plüralizmi təbii şəkildə ictimai əmək bölgüsü nəticəsində, hakimiyyət və mülkiyyət iyerarxiyasından, idarəetmə sistemindən, həmçinin məhdud resursların iqtisadi mexanizmin bir sıra iştirakçıları arasında bölüşdürülməsi zərurətindən yaranır. Bu resursların bölüşdürülməsi həm bazar, həm də bazardan kənar üsulla aparıla bilər (məsələn, bürokratik bölgü, kartoçka mövzusu, korrupsiya formasında). Son nəticədə, əgər arzuolunanı əldə etmək üçün müdirin katibəsinə bir qutu konfet gətirmək olarsa, bazar mexanizmi nəyə gərəkdir?

Şikin nöqteyi – nəzərindən, bazar özü heç bir maraqlar plüralizmi yaratmır, o sadəcə olaraq elə bir yerdir ki, orada real olaraq meydana gəlmiş maraqların plüralizmi nəticəsində yaranmış ziddiyyətlərin müəyyən dərəcədə həllini tapmaq olar.

Bu halda Şik kəskin şəkildə həm liberal, həm də stalin ənənəsindən ayrılır. Həm birinci, həm də ikinci halda bazar tarixdən kənarda traktovka edilir.

Asanlıqla bilmək olar ki, təftişçilər problemi bazar metodlarının maksimal şəkildə tətbiq edilməsi ilə həll etməyə çalışırdılar. İstənilən halda, bu, sistemə müəyyən rasionallıq verməlidir. Həmçinin aydındır ki, bazar dövlət mülkiyyətinə zidd deyil. İctimai mülkiyyət olsun, amma eyni zamanda da bazar da olsun. Təftişçilərin iqtisadi fikirlərinin rəsmi partiya dairələri səviyyəsində təsdiq aldığı Yuqoslaviyada daha irəliyə getmək qərara alınmışdı. Dövlət mülkiyyəti və bazarla birlikdə işçi özünüidarəsi inkişaf etməyə başladı.

İşçi kollektivləri demokratiyası, birincisi, zəhmətkeşlər üçün bazar münasibətlərinin mənfi fəsadlarını yumşaltmalı, ikincisi isə, bədnam kapitalist fabrikindən fərqli yeni model yaratmalı idi. Amma sonrakı tarixi təcrübə göstərdi ki, azad bazarla qarşılaşdıqda özünüidarə sistemi son nəticədə dağıldı.

Bazar sosializmi ideologiyasına gəldikdə isə, o, Çexoslovakiyada, Macarıstanda, Polşada və hətta SSRİ – də müxtəlif formalarda inkişaf edirdi. Sonralar həmin ideyalar Çində iqtisadi reformların əsasını təşkil etdi. Rəsmi sovet rəhbərliyi bazar sosializmi ideyalarına ikimənalı münasibətdə idi. Rəsmi olaraq, o, inkar edilirdi. Təcrübədə onunla maraqlanırdılar.

1964–65–ci illərdə iqtisadi reformlar başladı, lakin onlar tezliklə dayandırıldı. Siyasi iqtisad üzrə mütəxəssislər arasında sosializmin təbiəti haqqında uzun, abstrakt və ehkamçı diskussiyalar aparırdılar. Bəziləri deyirdi ki, onlar “əmtəə xarakterlidir”, digərləri, əksinə, deyirdilər ki, o “qeyri-əmtəə” xarakterlidir. Müvafiq olaraq, iki məktəb – “əmtəəçilər” və “antiəmtəəçilər” məktəbləri yarandı. Bu günkü mövqedən bütün bunlar orta məktəblərdə məktəblilərin diskussiyalarını xatırladır. Eyni zamanda iqtisadi reform ideyalarını təbliğ edən jurnalist publikasiyaları dalğası yarandı. Məqalələr parlaq yazılmışdı, asanlıqla oxunurdu və ziyalı mühitində bazarın üstünlükləri haqqında möhkəm inam yaradırdı. Bu publikasiya, əlbəttə ki, müstəqil nəzəri dəyərə malik deyildi.

Yalnız sovet tarixinin pərdəsi altında Aleksandr Buzqalin və Andrey Kolqanovun işləri meydana gəldi ki, onlar bazar prespektivlərini skeptik qiymətləndirirdilər, amma həm də SSRİ–də yaranmış mərkəzləşdirilmiş bürokratik sistemin ziddiyyətlərini etiraf edirdilər.

Çexoslovakiyada sürətli şəkildə iqtisadi təcrübələrdən siyasi təcrübələrə keçdilər, “təftişçi” nəzəriyyələr “kommunist–reformatorların” hərəkatına təkan verdi ki, onlar rəhbər partiyada əsas mövqelərə sahib oldular. Sovet İttifaqı müdaxilə etdi, hərəkat boğuldu. Ota Şik və digər “bazar” məktəbi nəzəriyyəçiləri emiqrasiya etmək və ya susmaq məcburiyyətində qaldılar. 1968–ci ildə sovet qoşunlarının soxulması bütün diskussiyalara son qoyur. Amma Macarıstanda iqtisadi reformlar həvəsləndirilirdi – siyasi həyat üzərində partiya nəzarətinin saxlanması şərti ilə uyğun olduğu dərəcədə.

        (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10188