abunə ol: Yazılar | Şərhlər | Еmail

Kapitalizm: Dəhşətli mexanizm

Şərh

Eyron Leonard

Müasir solçuların arasında belə bir  tendensiya müşahidə olunur –  öz siyasətini hər hansı bir şeyin müdafiəsinə yönəltmək. Bu isə artıq konservatizmin bir növüdür –  Kapitalizmi məhv edən hər bir şeyin müdafiə taktikasını  nəzərdə tuturam.

“”Kapitalı” Təqdim edərək: Birinci cildi oxumaqla” adlı kitabın nəşriylə əlaqədar olaraq müəllif Frederik Djeymisonla müsahibə

 Müəllifin önsözü: Müasir  zamanda demək olar ki, 150 il əvvəl yazılmış  bir kitabın  təhlil edilməsi bir tərəfdən  qəribə görünə bilər. Hazırda yaşadığımız dünya ilə hansı əlaqəsi və pratiki əhəmiyyəti ola bilər?  Amma bu işi unutmaq –Marksın “Kapital”əsərində yer almış kapitalizmin  sərt tənqidini və  əsas problemlərinin kökünü diqqətdən qaçırmaq olardı. Təsadüfi deyil ki,  məhz “Kapital” müasir dövrün əsas suallarına  cavab verir: necə oldu ki, varlılar  getdikcə daha da varlanır, kasıblar isə daha da yoxsullaşır?! “Kapital” həmçinin bizə qeyd edir ki, hal-hazırda təklif edilən problemlərin həllərindən bir çoxu illüziyalara əsaslanmışdır – sadəlöv ümidə ki, kapitalizm olduğu kimi də qalaraq hər hansı bir yolla insanların əksəriyyətinin maraqlarına uyğun olmağa başlayacaq. Qısası, “Kapital”ı və Marksı öyrənmək, araşdırmaq lazımdır. Mən və Frederik Ceymison telefonda elə bu barədə danışdıq.

–Yeni əsərinizdə yazırsınız: “Kapital” – bu siyasət haqqında və hətta  əmək haqqında kitab deyil– bu işsizlik haqqında kitabdır”. İzah edə bilərsiniz, niyə siz belə hesab edirsiniz?

– Başa düşürəm  ki, mənim ifadəm bir qədər  qeyri-adi səslənir – xüsusilə Marks haqqında siyasi fikirlərlə düşünənlər üçün, – amma “Kapitalda” hər hansı siyasi hərəkətlər  haqqında az qeyd olunub. Əlbəttə ki, orada kapitalist sistemin iflasına gətirib çıxaracaq kapitalizm ziddiyətlərindən  yaranan cəmiyyət güman edilir. Mən heç də iddia etmirəm ki, Marks siyasətlə maraqlanmırdı və ya siyasi strategiyalar haqqında düşünmürdü, – amma “Kapital” məhz  bu haqda deyil. Bu kitab göstərir ki,  kapitalizm necə dəhşətli bir mexanizmdir. Bu işsizlik haqqında kitabdır – və, xüsusilə, Marksın da dediyi kimi o haqda ki, kapitalizmin mütləq, əsas qanunu – məhsuldarlığın artırılmasıdır. Nəticədə: “Sənaye ehtiyatının həcmi  sərvətin miqdarının artmasına mütənasib olaraq artır”. (“Kapital” I cild.baş. 23).

Hesab edirəm ki, bu sözlər indiki vəziyyəti çox yaxşı təsvir edir. Bu yaxınlarda “yeni iş yerləri yaradan”  və biznesə dəstək barəsində respublikaçılar və demokratlar arasında əzəli mübahisələrdən qıcıqlanan kapitalistlərdən birinin fikirini eşitdim. O həmin vaxt dedi: “Axı heç kəs səhər tezdən oyanıb demir: “Nəsə birdən-birə ödəmə siyahısında işçilərin sayını artırmaq istədim, çünki bu  amerika iqtisadiyyatının xeyrinə olacaq”. Onun sözləri bu faktı çox gözəl təsvir edir ki, biznes yeni iş yerləri yaratmaq üçün mövcud deyil-pul artırmaq üçün  mövcuddur. Marksın “Kapital”da qeyd etdiyi də məhz budur. Məhsuldarlığın artırılması ilə iş yerlərinin yaradılması arasında bilavasitə əlaqə yoxdur.

Bu, Keyns iqtisadiyyatının prinsiplərinin hələ də tətbiq olunduğu ölkələrdə  o qədər də aydın nəzərə çarpmırdı, qəbul edilmirdi. Keyns özü də anlayırdı – istehsal olunmuş əmtəəni almaq üçün kifayət qədər pulu olan işçilər də vardır. Bununla belə, Reyqanın və Tetçerin dövründən başlayaraq, kapitalın fundamental məntiqi getdikcə daha da Marks tərəfindən təsvir edilmiş sistemə oxşamağa başladı. Problem  indi yalnız iş yerlərinin başqa ölkələrə yerdəyişməsindən ibarət deyil – biz hər yerdə baş alıb gedən bir proseslə qarşılaşmışıq. Siz fabrikləri geri, ABŞ-a qaytarmaq istəyirsiniz – amma digər tərəfdən, siz  həmçinin onların məhsuldar olmasını da istəyirsiniz? Məhsuldarlıq  istehsalın bütövlükdə avtomatlaşdırmasını və işçilərin sayının azaldılmasını nəzərdə tutur. Bu ki, aydındır. Hesab edirəm ki, biz məşğulluq və belə bir sistem arasında dərin ziddiyyətlə qarşı-qarşıyayıq. Məşğulluq haqqında tez-tez səsləndirilən siyasi tələb –elə sistemin təmin edə bilmədiyi tələbdir.

–  “”Kapitalı” Təqdim edərək” əsərində, – “Dialektikanın valentliyi” əsərində olduğu kimi, – siz iddia edirdiniz ki: “Marks “1844-cü ilin İqtisadi-fəlsəfi əlyazmaları”-da kapitalizmin son üfüqü kimi dünya bazarının əhəmiyyətini inadla təkid edirdi”. O bu fikri daha dəqiq necə ifadə edirdi və bu gün həmin fikir nə dərəcədə aktualdır?

– “Əlyazmalarda”  bu suala bir az yer ayrılmışdır, amma indiki halda əsas məsələ  kommodifikasiyanın  universallaşdırılmasından ibarətdir – muzdlu əmək hər yerdə əməyin  başqa formalarını sıxışdırıb çıxardır: qul və ya feodal olmasından asılı olmayaraq. Məsələn, siz qərbi Avropada muzdlu əməyin hökmranlığını gördükdə kapitalizmin necə bir mexanizm olduğunu anlamağa başlayırsız. Siz anlayırsınız ki, indi baş verən proses nə qədər universaldır.

 “Əlyazmalara” haşiyələrdən birində Marks deyir: Dünya bazarının hüdudlarını aşmayınca dünya sosialist inqilabı gəlməyəcək. Marks burada bunu nəzərdə tuturdu: əməyin bütün başqa formaları addımbaaddım bütün dünyada muzdlu əmək tərəfindən sıxışdırılacaq – bununla da onlar tərəfindən əldə edilən gəlir kapitalla (əlavə dəyərdən gələn) sıxışdırılacaq.

Kapital böhran vəziyyətinə və ya ziddiyyətlərə çatdıqda nə baş verir? Onda iflas anı başlayır. Bu əsərdə mən qeyd edirəm ki, kapitalizm “belə bir xüsusi mexanizmdir – onun təkamülü öz süqutundan, ekspansiyası iş problemlərindən, inkişafı isə onun kollapsından ayrılmazdır”. Sistemin iflasının əsası elə onun özünü inkişafıyla və artımı ilə qoyulub. Məsələn, kəndlilər fermerlərə, sonra isə  işsizlərə çevrildilər – sistem bu yolla əməyi  daha da  ucuzlaşdırmağa çalışır və sonda vəziyyət elə bir nöqtəyə gəlib çatacaq ki, artıq  ucuz əmək daha olmayacaq,  eyni zamanda da istehsal edilmiş məhsulları almağa  adam olmayacaq.

Düşünürəm ki, bu bizim mövqeyimizdən görünür, hətta XX əsrdə göründüyündən də aydın. Bir dəfə kapitalizm dünya bazarının sərhədlərinə çatdıqdan sonra daha genişlənə bilməyəcək. Biz  indi  belə bir nöqtədəyik. İndi həmin inkişaf sərhədlərinin yaxınlaşması hətta Marksın dövründə olduğundan  daha yaxşıdır. Müəyyən nöqtəyə çatdıqdan sonra, sistem daha  mövcud ola bilməyəcək – o ya dağılmalı, ya da başqa bir sistemlə əvəz olunmalıdır. Əlbəttə, bir çoxları əvvəllər düşünürdülər ki, Marks sosializmin zəruriliyi haqqında danışırdı – amma hələ  “Kommunist partiyasının Manifestində” o bu haqda yazırdı ki,  ya “inqilabi yenidənqurma” baş verəcək, ya da  “mübarizə aparan siniflərin ümümi məhvi”. Buna görə sosializm heç də qaçılmaz deyil – bu artıq  insanın atdığı addımdan  və  siyasi praktikadan asılı olacaq.

–  Öz kitabınızda yazırsınız: “Marks inqilabi siyasəti “gələcəyin poeziyasıyla” birləşdirməyə çalışırdı – o şəxsi nümunədə göstərməyə çalışırdı ki, sosializm kapitalizmdən daha  müasir və məhsuldardır. Belə bir futurizmi  və daxili inamı  özü üçün yenidən kəşf etmək –  solun “diskursiv mübarizə”sinin fundamental məsələsidir”. Bu haqda daha ətraflı  danışın: “futurist sosializmi” necə qəbul etmək lazımdır?

–  Yeni nailiyyətlər həmişə Marksı çox maraqlandırırdı: kimyəvi gübrələr ( indi artıq bu gübrələr yaxşı bir şey kimi  qəbul edilməsə də, o vaxtlar “yaşıl inqilaba” imkan yaradırdı), sualtı kabellərinin üzlənməsi –  o vaxtın bir çox digər yeniliklər onda marağa səbəb olurdu. O, sosializmi daha qabaqcıl formasiya kimi təsəvvür edirdi – həm texnoloji, həm də bütün başqa münasibətlərdə. Amma Reymond Uilyams isə bu haqda yazırdı ki, insanlar sosializmi primitiv cəmiyyətə qayıtmaq üçün daha çox nostalji bir şey kimi qəbul edirlər. Uilyams sosializm haqqında belə təsəvvürə etiraz edərək  iddia edirdi ki, sosializm heç də daha primitiv deyil, mövcud nizamdan daha mürəkkəb bir nizam olacaq.

Müasir sol mühitdə müəyyən tendensiya  müşahidə olunur –  öz siyasətini hər hansı bir şeyin müdafiəsinə yönəltmək. Amma bu artıq konservatizmin növüdür – mən kapitalizmin məhvini sürətləndirən hər şeyin xilas taktikasını nəzərdə tuturam: təbiəti, insan cəmiyyətlərini, şəhərləri, mədəniyyəti və sair. Sol, tarixin gedişatını ləngitməyə çalışaraq ən nostalji mövqeni tutdu. Valter Benyaminin bu tendensiyanı yaxşı simvolizə edən belə bir ifadəsi var ( hərçənd ki, onun özünün bu ifadə haqqında fikirlərini bilmirəm). O deyirdi ki, inqilablar hərəkət edən qatarın “stop-kranını qopararaq” qatarı dayandırır. Düşünmürəm ki, Marks  bu qayda ilə düşünürdü. Mənə elə gəlir ki, Marks hesab edirdi ki, məhsuldarlıq yalnız  kapitalizmin qandallarından qurtularkən artacaq. Təşkilata, texnologiya və istehsala gəldikdə isə – Marks heç də əl  əməyinə qayıtmanı arzu etmirdi. O əksinə, irəliləyişi və avtomatlaşdırmanın və kompyuterləşdirmənin hər cür kompleks formalarının tətbiqini istəyərdi.

 (c) SOLFRONT.org

[Yazı  original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9673