abunə ol: Yazılar | Şərhlər | Еmail

Aleksandr Tarasov – 68-ci il: İnqilab yoxsa karnaval?

Şərh

40 illik – bu əlbəttə ki, 50 illik (həqiqətən də simvolik tarix) deyil və ona görə də “üsyankar” 1968-ci il hadisələri ilə bağlı Qərbdəki kütləvi təbliğat kampaniyası (bizdə müşahidə olunanlar isə onun solğun kölgəsidir) təsadüfi ola bilməz (nəzərinizə çatdıraq ki, 10 il əvvəl belə bir şey yox idi). Eyni şəkildə təsadüfidir ki, bu kampaniyanın əsas istiqamətini sol hərəkatın satqınları, bir zamanlar nifrət etdikləri burjua isteblişmentində nüfuzlu mövqeləri üçün öz ideallarını çoxdan satmış insanlar – Kon-Bendit, Qluksman və ya Hitçens kimiləri müəyyən edirlər.

68-ci ilin birbaşa fəal və əhəmiyyətli üzvləri indi də çoxdur: on, hətta yüz minlərlərdir. Bir çoxları öz gənclik ideallarına sadiq qalıblar. Amma onların səsi KİV-in meynstriminə yol tapmır. Bundan əlavə, bu meynstrim səylə elə davranır ki, sanki sol mətbuatda – anarxistlərdən sol sosialistlərə qədər – bu insanlar, nə də onların səsləri, hətta bu sol mətbuat ümumiyyətlə mövcud deyil. Bizim qarşımızda – “birinci dünya” ölkələrinin hakim dairələrinin kəskin şəkildə 1968-ci il haqqında yeni əfsanə yaratmaq ehtiyacı dayanır. Elə bir əfsanə ki, o, 68-ci il radikal sol əfsanəsini əvəz etməlidir, belə ki, məlum olduğu kimi, o, artıq “faydalı” (antisovet) rol oynamağı dayandırıb və indi yalnız “dağıdıcı” (antikapitalist) keyfiyyətlərlə çıxış edir.

Yeni əfsanənin əsas mövzusu artıq bəllidir: 68-ci il – guya “kapitalizmin simasını dəyişdirmiş”, onu həddən artıq azad, həddən artıq demokratik, həddən artıq tolerant, bütün əhalinin, o cümlədən gənclər, qadınlar, azlıqlar daxil olmaqla, ehtiyaclarına yönəlmiş, “qalib gəlmiş inqilabdır”. Görünür, “Qırmızı May”ın 50 illiyinə, bu əfsanənin yayılması – 68-ci ildən sonra kapitalizmin “insani sima” qazanması və təkmilləşməsi əfsanəsi  başa çatmalıdır. 2018-ci ildə isə bu təbliğat kampaniyasının sifarişçiləri və rejissorları təntənəli surətdə “68-ci il qalibiyyətini” qeyd etməyə hazırlaşırlar.

Beləliklə, 1968-ci ildə əslində nə baş vermişdi?

Ondan başlayaq ki, indi dəbdə olan, 68-ci ilin “Qırmızı May”ının əvvəlki və sonrakı hadisələrdən ayrılmasının məqsədi yalnış və hətta saxtakarcasınadır. Hətta Fransada aydındır ki, “May” hadisələri adlandırılan hadisələr əvvəlki ilin, 1967-ci ilin payızında başlamış, 1969-cu ildə – De Qollun istefaya getməsi ilə başa çatmışdı [1]. ABŞ-da “68-ci il” 1965-1966-cı illərdə başlamış, 70-lərin əvvəlində başa çatmışdı (1973-cü ildən tez olmayaraq). Bir çox Latın Amerikası ölkələrində “68-ci il” həmçinin 1965-1966-cı illərdə başlayaraq, 1970-ci ildə sona çatdı. Çilidə isə, əksinə, 1970-ci ildə o hələ başlayırdı – və süni şəkildə Pinoçetin hərbi çevrilişi ilə dayandırıldı. İtaliyada 1968-ci il 1969-cu ildə baş verdi. Belçikada “68-ci il” 1966-cı ildən 1970-ci ilə qədər uzandı. [2] Kanada “68-ci il” (etiraf etmək lazımdır ki, nisbətən daha dinc) 1966-da başladı və 1969-cu ildə başa çatdı. Şərqi Pakistanda “68-ci il”, olduğu kimi 1968-ci ildə başladı və yalnız 1971-ci ildə – Banqladeşin yaranması ilə başa çatdı. [3] Hindistanda bir az gecikdi və 1969-cu ildən 1970-ci ilə qədər davam etdi (bəlkə də 1973-cü ilə qədər). [4] Livanda “68-ci il” 1969-cu ildə baş verdı. İordaniyada – 1969-1971- illərdə. Seylonda 1970-1971-ci illərdə. Tailandda – hətta 1972-1976-cı illərdə. Və s. və s. Hətta “Praqa baharı” 68-ci ilin yazında başlamamışdı, 1966-cı ildən 1970-ci ilə qədər davam etmişdi, yeri gəlmişkən, rəhbər prosovet rejim də bunu inkar etmirdi. [5] “68-ci ilin” məhz 1968-ci ildə baş verdiyi ölkələrin sayı azdır: Polşa, Yuqoslaviya, İspaniya, Meksika, İraq, Avstraliya (burada “68-ci il” Kanadadakı kimi dinc idi).

Yəni, ümumiyyətlə təkcə “68-ci il” haqqında danışmaq doğru deyil. Daha çox sixty rollers, yəni “çılğın altmışıncı illər” haqqında – o da yalnız “birinci dünyaya” münasibətdə danışmaq daha düzgündür.

Digər (amma başa düşülən) yanılma “68-ci il” haqqında olan “yeni solların” nailiyyətləri və təsirinin zirvəsi haqqında ənənəvi təsəvvürdür. Əslində isə bu, “yeni sollar” adı altında çıxış edən “köhnə solların” nailiyyətləri və təsirinin zirvəsi idi. Sadəcə olaraq “yeni sollar” kifayət qədər yeni deyildilər və həddən artıq köhnə idilər.

Bu əsasda “yeni solların” nəzəri yükü heç də yeni deyildi: onlar, “köhnə solların” – XIX əsrdə yaranmış anarxist, sosialist və kommunist nəzəriyyələri idi. “Yeni solların” fəaliyyət strategiyası və taktikası – istənilən halda, “birinci dünya ölkələrində” – həmçinin ənənəvi, “köhnə sollardan” götürülmüş idi: mitinqlər, nümayişlər, petisiyalar, tətillər (həmçinin zəbt xarakterli), seçkilərdə iştirak. Hətta “Qırmızı May” zamanı Fransada hadisələrin ümummilli böhrana çevrilməsində əsas rolu heç də “yeni solların” təşkilatlarında birləşmiş kiçik qruplar və partiyasız tələbə kütlələri deyil, məhz “köhnə sollar”: həmkarlar ittifaqı və “köhnə” partiyalar – kommunistlər və sosialistlər oynadılar.

Burada, “yeni solların” “köhnələrdən” ümumiyyətlər nə ilə fərqləndiyini aydınlaşdırmaq lazımdır. Əlbəttə, “yeni sollar” üzrə satqın sovet “mütəxəssislərinin” (Yuri Davıdov kimi) yazdıqları kimi, “ekstremist” olmaları və “düzgün” sovet ideologiyasını (“marksizm-leninizm”) inkar etmələri ilə, onu – əlbəttə ki, xüsusi xidmət orqanlarının sifarişi ilə! – anarxizm, trotskizm və maoizm kimi “düzgü olmayan” ideologiyalar ilə əvəz etmələri ilə fərqlənmirlər. Anarxizmdə yeni heç bir şey yoxdur, o, “köhnə sol” ideologiyadır. Trotskizm marksizmin istiqaməti kimi həmçinin “köhnədir” – XX əsrin 30-cu illərindən bəri mövcuddur. Maoizm marksist terminologiyasından istifadə edən xırda burjua bərabərləşdirici kəndli sosializminin xüsusi variantı kimi sadəcə olaraq stalinizmin – həmçinin 30-cu illərdən bəri mövcud olan, marksist terminologiyasından istifadə edən, lakin (təbii ki maoizm kimi) marksizm olmayan xırda burjua bərabərləşdirici sosialist ideologiyanın yerli növüdür.

1968-ci il Fransa hərəkatının təbliğat posterlərindən biri

Əgər anarxistləri – çox səs-küylü, amma nəzəri cəhətdən qeyri-məhsular və praktiki cəhətdən çıxılmaz vəziyyətdə olan dəstəni – nəzərə almasaq, “yeni sollar” “köhnələrdən”, birincisi, onunla fərqlənirdilər ki, əsas məsələ kimi istismar problemini deyil, yadlaşma problemini qoyurdular (yeri gəlmişkən, tələbələrin “yeni sollar” arasında aparıcı rolu buradan doğur: tələbələr hələ birbaşa istismara məruz qalmırdılar (60-cı illərdən tələbələr haqqında “istismar olunan sinif” kimi yazan “nəzəriyyəçilərin” dediklərinə baxmayaraq), yadlaşmanı isə tam şəkildə hiss edirdilər). Yəni “yeni sollar” qərb marksizminin bir neçə istiqamətlərinin birbaşa varisləri idilər – Frankfurt məktəbi, fransız ateist ekzistensializmi, freydo-marksistlər və Çe Gevaranın. [6] İkincisi, onunla fərqlənirdilər ki, inqilabi subyekt və inqilabi sinif, inqilabi təşkilatlanmanın xarakter və formaları, inqilabi ideologiyanın və inqilabi nəzəriyyənin rolu, mübarizə formaları və metodları haqqındakı ənənəvi təsəvvürləri şübhə altına alırdılar.  İşçi sinfi, kəndlilər və xırda burjuaziya əvəzinə (və ya onlara əlavə olaraq), inqilabi subyekt və inqilabi sinif kimi: ziyalılar, tələbələr, gənclər, marginal təbəqələr və “üçüncü dünyanın” istismar olunan ölkələri təklif edilirdi. İnqilabi partiyanın əvəzində (həmkarlar ittifaqı, assosiasiyalar, ittifaqlar) – avtonom qruplar, kommunalar, kütləvi hərəkatlar, ictimaiyyət kimi kontrmədəniyyət, partizan mübarizəsi təqdim edilirdi. İşlənib-hazırlanmış inqilabi nəzəriyyə və ideologiyanın zəruriliyi məsələləri üzərində müzakirə aparılırdı. Mübarizənin yeni forma və metodları qismində kütləvi qeyri-zorakı (Sistemdən tam şəkildə ayrılmağa qədər – məsələn, kommunalarda və ya kontrmədəniyyətə və/və ya “paralel” (narkotik) reallığa keçid kimi) hərəkatlar, mütəşəkkil sabotaj və partizan mübarizəsi (o cümlədən şəhər gerillası) təklif edilirdi.

Artıq sadalanan nəzəri yeniliklərin paylanmasından bəlli olur ki, “yeni solların” nə vahid ideologiyası, nə vahid nəzəriyyəsi və hətta vahid nəzəriyyə öncəsi baxışları yox idi. Bundan əlavə, ümumiyyətlə heç bir hazırlanmış inqilabi nəzəriyyəsi (nəzəriyyələri), o cümlədən nəzəriyyə və ideologiyadan sistemləşdirilmiş (“köhnə sollardan” fərqli olaraq) şüurlu imtinaları mövcud deyildi.

Əslində, hətta “yeni sollara” münasibətdə “ideologiya” sözünün istifadə edilməsi düzgün deyil (tədqiqi nöqteyi-nəzərdən yol verilsə də). Əvvəllər mən “yeni sollar” anlayışının 29 məqbul ideya və anlayışlar kompleksini qeyd etmişdim ki, buraya həmçinin on-on beş daha xırda və mütləq olmayan və az və ya çox dərəcədə müəyyən amorf vahidlik yarada biləcək ideyaları da aid etmək olar (bəzən nəinki vahidlik yaratmırdı, həmçinin bir-birilə ziddiyyət təşkil edirdi). [7] “Yeni solların” ideologiyası (və ya müxtəlif dəstələr üçün – bir neçə ideologiya) sadəcə olaraq işlənib-hazırlanmamışdı. Vahid işlənmiş ideologiyanın olmadığı halda istənilən inqilabın – o cümlədən “68-ci il inqilabının” qələbəsi haqqında danışmaq gülüncdür. Buna görə də ideoloji cəhətdən “yeni sollar” total şəkildə “köhnə sollardan” asılı vəziyyətə düşdülər və tezliklə bir çox hallarda “köhnələr” tərəfindən “dağıdıldılar” və həll edildilər.

Bu tamamilə təbii idi, çünki sixty rollers-in fəal siyasi döyüşlərinin əvvəlində “yeni solların” nəzəriyyə yaratmaq üçün çox az zamanı var idi: onun əsasları yalnız 50-ci illərin sonunda (ən erkən əsərlər) qoyulmağa başladı, bir çox əhəmiyyətli mətnlər (o cümlədən, “frankfurtluların”) məhz 60-cı illərin ortalarında yarandı və hələ lazımi dərəcədə dərk olunmamışdılar (və ya hətta oxunmamışdılar – demək kifayətdir ki, Markuzenin “Birölçülü insan” əsəri fransız dilinə “Qırmızı Maydan” sonra tərcümə edilmişdi!) və ya ümumiyyətlə proses gedişində, tələsik, “döyüş qızdırması ilə” (Kon-Bendit qardaşlarının az qala lətifəyəbənzər “Solluq” kitabı kimi) yaradılırdı. “Yeni solların” nəzəri mətnlərinin əhəmiyyətli hissəsi məhz 1968-ci ilin ikinci yarısında və növbəti illərdə, yəni postfactum – artıq onlara olan praktiki ehtiyacın yox olduğu dövrə təsadüf edir.

İnqilabi təcrübə sahəsində “yeni sollar” (əgər kommunalar və “psixodelik mədəniyyət” kimi öldürücü eskapist təcrübələri nəzərə almasaq) yalnız iki yenilik təklif etmişlər: kontrmədəniyyət və gerilla (ənənəvi siyasi qüvvələrin – məcburi və əlverişli şəraitdə – istifadə etdiyi taktiki fəndlər deyil, müstəqil mübarizə forması kimi). Amma kontrmədəniyyət “böyük” burjua mədəniyyətindən təcrid olunmama şəraitində sağ qalmaq bacarıqsızlığını göstərdi. 60-cı illərdə gerilla “birinci dünya” ölkələrində praktiki olaraq istifadə edilməyərək (“köhnə solların” ənənəvi metodları – nümayişlər, tətillər, təbliğat kampaniyaları, partiya və ittifaq təşkilatları, həmçinin “köhnə solların” hələ Komintern zamanında yaratdıqları kütləvi hərəkatlar istifadə edilirdi), tamamilə “üçüncü dünyaya” xas bir şeyə çevrildi. “Birinci dünyanın” “yeni solları” ona müraciət etdikdə isə aydın oldu ki, “inqilab” artıq başa çatıb, hərəkat zəifləməyə doğru gedir və fəalların böyük hissəsi artıq “köhnə solların” təşkilatlarında yer tapıblar.

Başqa cür desək, 68-ci il “köhnə solların” son planetar zəfəri, onların təntənəsi idi. Amma o zaman bunu heç kim anlamadı. Və uzun zaman dərk etmirdi. Amma eyni zamanda – dialektik olaraq – bu zəfər “köhnə solların” böhranının manifestasiyası, onların enişinin və sonunun əvvəli idi. “Köhnə sollar” (marksistlər – o cümlədən trotskistlər; anarxistlər; sosialistlər – sosial-demokratlar daxil olmaqla; stanilistlər – o cümlədən maoistlər) tükənmişdilər. XIX əsrdə başlamış nəhəng tarixi mərhələ başa çatırdı.

“Yeni solların” nə nəzəri, nə də praktiki cəhətdən inqilabi 60-lara hazır olmamaları, hadisələrin onları (onlar bunu dərk etməsələr də) hazırlıqsız tutması fatal nəticələrə gətirdi. “Köhnə sollar” ilk zəfərli inqilab anında (yəni 1917-ci ildə) arxalarında nəzəriyyənin və təcrübənin 70 illik inkişaf və təkmilləşmə tarixi dayanırdı ki, bu müddətdə daha uğurlu və həyata davamlı olanların seçimi gedirdi. 1968-ci ildə “yeni solların” təcrübə (nəzəriyyəni bir kənara qoysaq) sahəsində yeni inqilabi mübarizə formalarının dərk edilməsi, onların hər ölkənin müəyyən spesifik şəraitində yoxlanılması və adaptasiyası üçün yalnız 10 ili var idi (gerilla – “Tuparamos”un yaranması – haqqında isə, ümumiyyətlə 2-3 ili). Hətta Latın Amerikasında Kuba təcrübəsini tələsiklikdən dəfələrlə Kubayla müqayisə olunmayacaq şəraitə malik ölkələrdə heç bir tənqidi yanaşma olmadan təkrarlamaq istəyirdilər, o zaman “birinci dünya ölkələri haqqında” nə deməli?!

Əgər marksistlər – XX əsrin ən uğurlu inqilabçıları – “inqilab döyüşçüləri üçün” marksist klassikasının dərk edilməsi, təkmilləşdirilməsi və adaptasiyasına 60-70 il sərf etmişlərsə, o zaman belə düşünmək sadəlövhlük olardı ki, Sartra, Xorkxmayerə, Adornoya, Markuze və ya Altusserə məxsus olan, dərk edilmək üçün heç də asan olmayan (bəlkə də daha çətin olan) mətnlər “yeni sollar” kütləsi tərəfindən bir neçə il və ya hətta bir neçə həftə ərzində, həm də inqilabi və ya inqilabdan əvvəlki vəziyyətdə dərk edilə və adaptasiya edilə bilərdilər.

Nəticədə belə alındı ki, de-fakto şəkildə nəzəriyyənin mövcud olmaması, yəni qaranlıqda əllə gəzərək, həmçinin hərəkatdakı azlıq inqilabi mübarizənin yeni yollarını axtarmağa məcbur idi ki, bu da avtomatik şəkildə həmin azlığı Sistemə qarşı təhlükəli vəziyyətdə qoyurdu: həddən artıq tez və həddən artıq az qüvvələrlə, ilkin hazırlıq olmadan (bazanın milli səbəblərə görə hazır olan şəhər gerillası öz məhvolunmazlığını nümayiş etdirdi – Olsterdə və Basklar ölkərinsə) başlanan şəhər gerillası məhv olmağa məhkum idi (və ya minimum olaraq qələbəyə aparmayacaqdı); kontrmədəniyyət davam gətirmək və qalib gəlmək üçün həddən artıq pasifist idi və ona düşmən olan aqressiv “kütləvi mədəniyyətə” və Sistem tərəfindən tətbiq edilən diversiya metodlarına (artizasiya, psixodelizasiya, dinləşdirmə) açıq idi.

Məhz 1968-ci il hərəkatının kortəbiiliyi gənc mühitdə böhran hissinin nə dərəcədə geniş yayılmasını və bu vəziyyətdən çıxış tapmaq cəhdlərinin nə qədər əzablı olduğunu göstərdi. Amma çıxış tapılmadı.

Sənaye üsulu ilə istehsala qarşı dünyəvi çıxışlar – özü də hər iki istiqamətdə: kapitalist (əsas hücum cəbhəsi) və superetatik (yerli olaraq: Polşa, Çexoslovakiya və Yuqoslaviyada) səviyyədə  – “68-ci ildə” məğlubiyyətə uğradı. 20 ildən sonra bu, Şərq blokunun məhvinə (sənayeləşmənin daha zəif variantı kimi) gətirib çıxardı: ümumi narazılıq yaratmış yığılmış ictimai-iqtisadi ziddiyyətlər neokonservativ (neoliberal) əks-hücumu dövründə məhz bu istiqamətdə – “real sosializmlə” (superetatizmlə) mübarizə istiqamətində aparılırdı. Bu, həm də onunla əlaqədar idi ki, Qərbin rəhbər dairələri (hər halda, “birinci dünyada”, “üçüncü dünyada” repressiyalar tətbiq olunurdu) “68-ci ilə” güzəşt və psevdogüzəştlərin mürəkkəb sistemi, yəni dəyişikliklərlə (hətta psevdoaktlar da – dəyişikliklərdir) cavab verdilər. Şərqin rəhbər nomenkraturası isə (superetatist ölkələrdə) “68-ci ilə” küt və primitiv şəkildə repressiyalarla cavab verirdi. Bundan əlavə, 20 ildən sonra Şərq blokunu məhvə məhkum etmiş bu yanaşma həm də ideologiya sferasında müşahidə edilirdi: Qərbdə “68-ci ilin” “yeni sollarını” (müxtəlif səbəblərə görə: başa düşməyə, tabe etməyə, dəyişməyə, əzməyə çalışaraq) öyrənirdilər, bizdə isə öyrənmə rüsvay etmə və böhtan atma ilə əvəz edilmişdi. (8)

1968-ci il yaxşı işlənib hazırlanmış (artıq reallığa adekvat  olmasa da) ideologiyaları və təşkilati-təcrübi işlərin yoxlanmış metodlarına malik “köhnə solların” güclənməsinə gətirib çıxardı. Bütün “köhnə sol” təşkilatlar – anarxistlərdən sosial-demokratlara kimi – öz sıralarına çox sayda “yeni sollardan olan” mübarizləri qəbul etdilər. “Yeni sollar” buna qarşı gəlmək iqtidarında deyildilər. Köhnə cəmiyyətin dağıdılması və onun yenisi ilə əvəz edilməsi strategiyası – yeganə inqilabi strategiya – köhnə cəmiyyətə uyğunlaşma kimi opportunist və reformist strategiya ilə əvəz edildi. Bu, tezliklə bütün sol hərəkatın faciəsinə gətirib çıxardı (haradasa – dəhşətli faciəyə, məsələn Çilidə, buna münasibətdə bu gün əminliklə deyə bilərik ki, vəziyyətin təhlili və proqnozlarında güclü və təcrübəli “köhnə sollar”– sosialistlər, kommunistlər və xristian sosialistlər – deyil, zəif və təcrübəsiz “yeni sollar” haqlı çıxdılar: 40 il əvvəl yazılmış “solmeylli” “Punto Final” oxumaq kifayətdir ki, “solların” alarmist proqnozlarının gerçəkləşməsini görmək olsun).

Çili – “köhnə sol” yola, nümayəndəli demokratiya, partiya koalisiyaları, burjua qanunvericiliyi ilə və o cümlədən, burjua seçki sistemi ilə razılaşma yoluna qayıtmağın nə ilə sona çatdığını nümayiş etdirən ən birinci (artıq 1973-cü ildə) və ən faciəvi və qanlı nümunələrdən biridir. Çili üçün bu, qanlı çevrilişlə, uzun müddətli diktatura, 11 illik dərin iqtisadi böhran ilə neoliberal sisteminin tətbiq edilməsi, “orta sinfin” məhv edilməsi, kütləvi yoxsulluq və eyni zamanda korporasiya və oliqarxiyaların ifrat varlanması, ölkənin intellektual kəsiminin emiqrasiyası, avropa örnəkli inkişaf etmiş özünəməxsus çili mədəniyyətinin məhv edilməsi və onun şimali amerika tipli “kütləvi mədəniyyətlə” əvəz edilməsi ilə nəticələndi.

Bu nümunə “köhnə sollara” dərs olmadı. Həmin Fransada onlar eyni şəkildə bu yolla gedərək, nəhayət, 1981-ci ildə hakimiyyətə gəldilər.  Bundan sonra aydın oldu ki, koalisiya sol hakimiyyəti hər hansı real sosialist reformlar apara bilməz, belə ki, burjuaziya və korporasiyalar buna iqtisadi sabotajla, kapitalın kütləvi şəkildə ölkədən çıxarılması və s. ilə cavab verirlər – və bunun öhdəsindən gəlmək olmaz, çünki bütün bu fəaliyyətlər qanunidir. Kapitalizmin sosializmə reform edilə bilməyən sistem olduğu aydın oldu. Bunun təbii nəticəsi əvvəlcə sol koalisiyanın dağılması, sonra isə hakimiyyətə sağların gəlməsi, sonra – “köhnə solların” sosialist ritorikadan istifadə edən sıradan burjua partiyalarına çevrilməsi idi.

Əxlaqi planda “birinci dünyada” ən böyük olan italyan kommunist partiyasının taleyi daha qaranlıq oldu. Sixty rollers nəticəsində, “yeni sollardan” qəbul etdikləri gənclərlə güclənmiş, 70-ci illərdə (avtonomizm, operalizm və şəhər gerillasına keçmiş) “sollara” qarşı burjua partiyaları ilə vahid blok yaratmış İKP avrokommunizmə, XDP (Xristian Demokrat Partiyası) ilə “tarixi kompromissə” qədər təkamül keçdi – və beləliklə, total şəkildə korrupsiyalaşmış və şəxsi münasibətlərə əsaslanmış italyan siyasi sisteminə daxil oldular. Yəni kommunistlər siyasi partiyaların mafiya və iri kapitalla (İtaliya üçün mahiyyətcə bunlar eynidirlər, çünki iri kapital – kriminal pullarla qanuni biznesə keçmiş mafiyadır) ittifaqına əsaslanan strukturun bir hissəsi oldular.

Buna görə də 90-cı illərdə XDP-nın yaratdığı (Xristian demokrat partiyası) çürümüş partiya-mafioz sistemi dağıldıqda “köhnə sollar” hətta hakimiyyətə də gələ bildilər (“demokratik sollar” kimi), amma onlar artıq NATO-ya sadiq qalmış, neoliberal siyasəti yürüdən və korrupsiyaya batmış burjua solları idilər. “Köhnə solların” mənəvi pozulması sonralar böyük pullara görə Berluskoniyə xidmət etməyə keçmiş partiya intellektuallarının kütləvi şəkildə satqınlığına çevrildi.

1968-ci ildə başlamış, “köhnə solların” uzun sürən ölümü 25 il uzandı ki, bu müddətdə 70-ci illərin avrokommunizmi 80-ci illərin deqradasiyası ilə nəticələndi və hər şey 90-cı illərin əvvəlində dağılma ilə başa çatdı.

Eyni zamanda – 70-cil illərin ortalarından başlayaraq – qərb mədəniyyətinin, “birinci dünya” mədəniyyətinin getdikcə sürətlənən deqradasiyası başlandı (təbii ki, söhbət yüksək mədəniyyətdən gedir). 70-ci illərin ikinci yarısı və 80-ci illər ərzində bu mədəniyyət demək olar ki yoxa çıxdı, halbuki onun ayrı-ayrı nümayəndələri hələ fiziki olaraq sağ idilər və kütləvi mədəniyyətin yandırıb-tökdüyü səhranın ortasında yüksələn nəhəng ağaclar kimi nəsə edirdilər. Psevdomədəniyyət, psevdoincəsənət dövrü – kütləvi mədəniyyət, bədii zövqün yox olması, incəsənətin ictimai şüur və inkişaf qurumu kimi məhv olması dövrü gəldi. Neoliberalizm dövründən bəri mədəniyyət və incəsənət ölüdür, zombilər, gəzən ölülərlə əvəz ediliblər ki, onların mövcudluğunun səbəbi – primitiv məzhəkə və əyləncələrə olan ehtiyacı qarşılamaq və bayağılaşdırılmış (lakin diversifikasiyalaşmış) auditoriyanın sərbəst vaxtını doldurmaq idi. Məlum oldu ki, “birinci dünyada” yüksək mədəniyyət sol layihə ilə (müxtəlif istiqamətlərdə: marksist layihədən sol katoliklərə qədər) birbaşa əlaqədar idi.

Bizim ölkəmizdə isə 68-ci il indiyə qədər baş verməyib. Bu artıq belə bir gülməli fakt əsasında məlum olur ki, bizdə əsas “sol qüvvə” rolunda, ümumiyyətlə sol olmayan, nomenklatura-bürokratik KPSS-in (Sovet İttifaqı Kommunist Partiyası), yəni 68-ci il gəncliyinin mübarizə apardığı Sistemin bir hissəsi olan qurumun birbaşa və açıq varisi olan RFKP (Rusiya Federasiyası Kommunist Partiyası)  çıxış edir. “Sol gəncliyin əsas təşkilatı” rolunda isə SKM – RFKP-nın alt təşkilatı fəaliyyət göstərir. Digər xırda “sollar” – “köhnə sollardır”: anarxistlər, trotskistlər, komsomol-stalinistlər. Onlar “köhnə solların” ideologiyalarını rəhbər tuturlar və “köhnə solların” taktikalarına (“proletar partiyası”, həmkarlar ittifaqı mübarizəsi, mitinq və nümayişlər, seçkilər) riayət edirlər, öz nümayəndələrini burjua qanunverici hakimiyyət orqanlarına keçirməyi arzulayırlar (idealda – burjua parlamentinə, yəni Dumaya) və burjua partiyaları və təşkilatları ilə blok yaradırlar (ilk  nümunəni hələ 90-cı illərdə Anarxo-sindikalistlər Konfederasiyası ilə blok yaratdıqda göstərmişdi).

90-cı illərdə Rusiyada bir neçə “yeni sollar” təşkilatının yaranmasını belə anlaşılmazlıq və “gecikmiş inkişafın” təzahürü hesab etmək olar, xüsusilə də yeganə nəzərəçarpan təşkilat – “Tələbə müdafiəsi” – rəsmi olaraq həmkarlar ittifaqı adlanırdı və onları “yeni sollara” ideologiya və taktika baxımından deyil, daha çox “yeni solların” müxtəlif ideoloji dəstələrdən formalaşması, həmçinin ideologiyaya qarşı etinasızlıq göstərmə prinsipinə əsasən aid etmək olar. [9] Təəccüblü deyil ki, bu təşkilatlar davamlı olmadılar və tezliklə dağıldılar.

Beləliklə, 1968-ci il nəyi göstərdi?

İlk növbədə o göstərdi ki, bütün “gənclər inqilabı”, “tələbə inqilabları”, “antiavtoritar inqilablar”, “seksual inqilablar”, “psixodelik inqilablar”, “rok-inqilablar”, “təxəyyül inqilabları”, “rəngli inqilablar, “İsa inqilabları” və s. Sistem üçün tamamilə təhlükəsizdirlər. Hakim sinifləri istehsal vasitələri mülkiyyətindən və hakimiyyətdən məhrum edən hər şey müasir kapitalizm üçün qorxuludur. Bu psevdoinqilablar qarşısında qorxular kapitalizməqədərki xarakter daşıyır və hakim elita tərəfindən müstəsna olaraq cəmiyyətin manipulyasiyası üçün istifadə edilir. Lazım gələr – kapitalizm “seksual inqilaba” xeyir-dua verər (özü də necə), lazım gələr – mühakimə və rüsvay edər. Və belə bir neçə dəfə davam edə bilər.

1968-ci il həmçinin Sistemin öz düşmənlərinə qarşı tətbiq etdiyi metodlar arsenalının nə qədər müxtəlif olduğunu göstərdi. Əvvəllər bunlar: repressiyalar, məhdudiyyətlər, satın almalar, güzəştlər, aldatma, böhtan idilər. “68-ci il May” hərəkatına münasibətdə uğurlu şəkildə: artizasiya, yəni etirazın şou-biznes, pop-mədəniyyət müstəvisinə daşınması (bu metod ən geniş şəkildə Böyük Britaniyada tətbiq edildi ki, bu yolla “68-ci ili” aradan qaldırdılar); narkotikləşmə, yəni etirazın real dünyadan virtual dünyaya köçürülməsi (ilk növbədə ABŞ-da tətbiq olunurdu); dinləşdirmə, yəni etirazçılar arasında müxtəlif dini və mistik kultun yeridilməsi, bu da, mahiyyətcə, maraqları ictimai reallığın dəyişdirilməsindən “ölümdən sonrakı həyat” məsələlərinə yönəltməkdir (“birinci dünyada” hər yerdə tətbiq olunurdu); karnavallaşdırma, yəni inqilabi təcrübi fəaliyyət haqqında təsəvvürlərin oyun, əyləncə, bayram kimi qəbul edilməsi, bu da, təbii olaraq, bu fəaliyyəti siyasi cəhətdən təhlükəsiz fəaliyyətə çevirir (daha çox Fransada, Niderlandda, ABŞ-da tətbiq edilirdi).

Lakin səciyyəvidir ki, bütün bu metodlar yalnız “yeni solların” zəiflikləri, çatışmazlıqları və səhvləri səbəbindən təsirli oldular. Sosial inqilaba “kobud materialist” yanaşmada, inqilabçılar qarşılarına hakimiyyəti və mülkiyyəti hakim siniflərin əlindən almaq məqsədini qoyduqda nə karnavallaşdırma və artizasiya (silahlı mübarizəni və istehsal vasitələrinin ekspropriasiyasını nə karnavala, nə də şou-biznesə çevirmək mümkün deyil), nə narkotikləşdirmə (narkotik alverçilərini inqilabçılar sadəcə olaraq güllələyərlər, həmçinin narkoman-yoldaşlarını da, onlar inqilabi tapşırıqları – bu isə qaçılmazdır – yerinə yetirə bilmədikləri zaman), nə dinləşdirmə (materialistlər dini inkar edirlər, hər hansı inadkar quru və vaizləri isə qısa zamanda – və ya əksinə, təfərrüatlı istintaqdan və onların xüsusi xidmət orqanları ilə əlaqəsini müəyyən etdikdən sonra – güllələyə bilərlər).

1968-ci il həm də Sisteminin yalnız çeviklik və həyasızlıq dərəcəsini deyil, həm də onun  narahatlıq dərəcəsi və nəticələr çıxarmaq bacarığını göstərdi. Məhz “68-ci il” səbəbindən  və ondan sonra “gənclik gettosunun” yaradılması üzrə – “nə edir etsin, təki kapitalın hökmranlğına son qoymasın” prinsipinə əsaslanaraq, “gənclik mədəniyyətinin” inkişaf etdirilməsi, reklamı və istismarı, gənc submədəniyyətlərinin həvəsləndirilməsi, yaradılması və yayılması üzrə ciddi fəaliyyətə başlandı. Məhz “68-ci il” səbəbindən və ondan sonra “birinci dünya” ölkələrində – daxili dünyanı təmin etmək üçün, qaradərili gettolardakı kimi azlıqların kütləvi inqilabi üsyanlarının qarşısını almaq üçün tolerantlıq və çoxmədəniyyətliliyi yaymağa başladılar. Məhz “68-ci il” səbəbindən və ondan sonra istehsalın şüurlu şəkildə “birinci dünya” ölkələrindən kütləvi şəkildə çıxarılması başlandı: əgər işçilər – hətta onilliklər ərzindəki iqtisadi artımın və rifahın yüksəlməsindən sonra – aşkar şəkildə kapitalizmə qarşı qeyri-loyallıq göstərirlərsə, deməli, işçilərin sayını minimuma endirmək, “nankor” işçi sinfini varlı kvartallardan, sərhədlərdən xaricə köçürmək lazımdır. Nəhayət, məhz “68-ci il” səbəbindən və ondan sonra Qərbdə təhsil “reformu” başlandı, bu zaman “demokratikləşdirmə” görüntüsü altında təhsilin bayağılaşdırılması və korlanması tətbiq edildi. İdeya sadə idi: əgər üsyankar tələbələr kapitalizm üçün həddən artıq ağıllısavadlı idilərsə (onların “əsassız” tələbatları və “ifrat yüksək” iradları bundan qaynaqlanırdı), deməli, gələcək nəsillər daha bayağı, məhdud, nəzakətsiz, minimal dərəcədə təhsilli olmalıdırlar ki, sahiblərə – istehsal vasitələrinin sahiblərinə lazım olan da budur. O zaman onlar tam şəkildə sahiblərindən asılı olacaqlar, tənqidi (yəni ümumiyyətlə nəzəri) təfəkkürə malik olmayacaqlar və nəticə etibarilə, üsyan edə bilməyəcəklər. Bizdə, “yenidənqurma” dərslərindən nəticə çıxararaq, bu taktikanı yeni rəhbər sinfə (bürokrat-burjua) çevrilmiş və – VŞE lekalları üzrə – təhsil sisteminin (“reform”) analoji primitivləşdirilməsini yürüdən sovet nomenklaturası tətbiq etməyə başladı.

Başladığımız yerə qayıdaq. Beləliklə, kimlərin “68-ci il adından”, 1968-ci ilin nəslinin adından danışmağa haqqı var? Birincisi, əlbəttə, yalnız 68-ci ildə 20 yaşı olanların yox. “68-ci il ruhu” – 68-ci ildə deyil, 50-ci illərin sonunda Kubada yaranmış və 70-ci illərin sonunda Nikaraquada qalib gəlmiş inqilabın ruhu idi. “68-ci ilin adından”, yaşından asılı olmadan fəal iştirakçılar və nəzəriyyəçilərin, hərəkatların mənəvi və siyasi rəhbərlərinin danışmağa haqqı var. Mərhum Sartr, Dubçek və Vonnequt, 68-ci ildə 20 yaşı olan və indi də yaşamaqda olan bir çox insanlardan daha çox “68-ci ilin carçıları” hesab edilə bilərlər.

“68-ci ilin adından” danışmağa hüququ olan insanlar – öz həyatlarını 68-ci il idealları uğrunda fəda etmiş insanlardır. Onlar ABŞ və Uruqvayda həlak olmuş “qara panteralar” və “tuporamos”; Boliviyada həlak olmuş Çe və İnti; AFR-də həlak olmuş Ulrike Maynhof və Holger Mayns; Braziliyada həlak olmuş Karlus Lamarka və Marigella; İtaliyada həlak olmuş Cancakomo Feltrinelli və Mara Kaqol; Nikaraquada həlak olmuş Karlos Fonseka və Riqoberto Krus; Kolumbiyada həlak olmuş Kamilo Torres və Xakobo Arenas; Omanda həlak olmuş Abu Salah və Abu Yazzid, Salvadorda həlak olmuş Kaetano Karpio və Roke Dalton; Banqladeşdə həlak olmuş Boqrı Minpay və Fazlul Hak Moni, Venesuelada həlak olmuş Ameriko Silva və Fabrisio Oheda, Birmada həlak olmuş Takin Ba Tin və Takin Tan Myainq, Çilidə həlak olmuş Viktor Xara və Migel Enrikes; Türkiyədə həlak olmuş Mazlum Doğan və Xaki Karer; Meksikada həlak olmuş Sesar Yanyes və Yon Sosa və s. dir.

“68-ci il adından” bu gün də yaşayan Ancela Devis və Bernardin Dorn, İmmanuil Vallerstayn və Elmar Altfater, Fidel Kastro və Qabriel Qarsia Markes, Sesar Montes və Nensi Unger və başqalarıdır. Amma heç bir halda siyasi fahişələr Kon-Bendit və Qluksman deyil.

25 may – 9 iyun 2008


 Qeydlər:

  1. Daha ətraflı bax: Tarasov A.N. İks ölkəsi. M – 2007, səh. 478-480.
  2. Bu mübahisəli məsələdir – hər iki nəzər nöqtəsinin müdafiəsi üçün ciddi arqumentlər var. Bax: Spiatel-Evrard A. Les édutiants on le parole. Bruxelles, 1970; Beynəlxalq gənclik hərəkatlarının tarixi məsələləri. 7-ci buraxılış, 1983. Səh. 102-112.
  3. T. Maniruzzamanın “Pakistanda universitet gəncliyinin siyasi fəallığı” (Journal of Commonwealth Political Studies (Leicester), 1971, vol. IX, N 3).
  4. Calman. L.J. Protest in Democratic İndia. Authority`s response to challenge (Demokratik Hindistanda etirazlar. Hakimiyyətin cavabı). Boulder-L., 1985. Həmçinin bax: Şərq ölkələrində şəhər ictimaiyyətinin orta təbəqələri. M-1975. Səh. 188-198.
  5. Məsələn, bax: Çexoslovakiya kommunist partiyasının XIII qurultayından sonra ÇKP və cəmiyyətdə böhranlı inkişaf dərsləri. ÇKP MK pelumunda 1970-ci ildə qəbul edilmiş sənəd. M-1971.
  6. Sonuncu, görünür ki, hətta az və ya çox dərəcədə hazırlıqlı oxucuya da aydın deyil. Amma şübhəsizdir. Bax: Çe Gevara. Məqalələr. Çıxışlar. Məktublar. M-2006. Səh. 56-68, 128-132, 266-280, 432-448, 475-492; Che Guevara. Obras. II cild. La Habana, 1970. Səh. 39-48, 81-91, 161-175, 230-250, 308–318, 367–384. Həmçinin bax: Tablada Pérez C. El pencamiento económico de Ernesto Che Guevara. La Habana, 1987. Səh. 123–127.
  7. Tarasov A.N., Çerkasov Q.U. Şavluşkova T.V. Rusiyada sollar: mötədillərdən ekstremistlərə qədər. M-1997. Səh 72-81.
  8. Bu sahədə alçaqlığına görə məşhur, kifayət qədər tanınmış, yüksək mövqeli sovet “ictimayyətçilərinə” (bunu dırnaqsız yazmaq mümkün deyil) məxsus olan nümunələr var, Y.N. Davıdovun “Nihilizmin estetikası” (M-1975), Y.N. Davıdovun və İ.B.Rodnyanskinin “Kontrmədəniyyətinin sosiologiyası” (M-1980) və ya K.Q.Myalonun “Üsyan nişanəsi altında” (M-1985) əsərləri kimi.
  9. Rus “yeni solları” haqqında daha ətraflı bax: Tarasov A.N. Qeyri-ciddi inqilab. Kvaziinqilabi hərəkatların nəzəriyyəsi və tarixi haqqında dərslər. Yekaterinburq, 2005. Səh. 66-69, 101-120.

(c) SOLFRONT.org 

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:15775