abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Şərqi Avropa təftişçiliyi. Kolakovski”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                                                                               Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

 

ŞƏRQİ AVROPA “TƏFTİŞÇİLİYİ”

  Qərb marksizmi 1945–ci ildən sonra intellektual planda azad şəkildə inkişaf etmək imkanı əldə etmişdi – həddən artıq cəsarətli fikirlərə görə həbsxanaya atmırdılar, kitabları qadağan etmirdilər. Amma digər tərəfdən, o, siyasətdən, kütləvi hərəkatlardan, ictimai praktikadan məhrum şəkildə akademik “getto”da inkişaf etməyə məhkum idi.

Bu arada Şərqi Avropada da dəyişikliklər baş verirdi. Rəsmi kommunist ideologiyanın ehkamlaşdırılması fonunda müntəzəm olaraq ya klassik marksizmin mənbələrinə qayıdışını, ya da, əksinə, yeni tənqidi konsepsiyaların yaradılması cəhdlərini müşahidə etmək olar.

Partiya işçilərinin icazəsi ilə hər iki tərəfə “təftişçi” adı verdilər. Amma şərq iavropa “təftişçiliyi”nin Eduard Bernşteynin yanaşması ilə az ortaq cəhəti var. Mahiyyətcə, onlar bir–birinə ziddirlər. Axı Bernşteyn mühasibat metodlarının köməyi ilə nəzəriyyə ilə işləməyə çalışırdı. 1950–ci illərin şərqi avropa intellektualları, əksinə, fəlsəfi ümumiləşdirməyə can atırdılar.

“Təftişçilik” termini 1954–cü ildə Polşada ortaya çıxmışdı. Siyasi planda “təftişçiliyi” Yuqoslaviya kommunist partiyasına meyl ilə əlaqələndirirdilər, hansı ki, ölkədə hakimiyyəti ələ alaraq, sovet rəhbərliyinə tabe olmaq istəmirdi. İlkin vaxtlarda yuqoslav kommunistlərinin lideri İosip Broz Tito sovet ideologiyasından fərqli bir ideologiya təklif etmirdi (yalnız sonralar onun partiyası “sosializmin xüsusi yuqoslav modeli”nin axtarışları ilə məşğul olurdu).

“Təftişçilik” termini sovet və şərqi avropa partiya fəalları üçün söyüş kimi olsa da, o, rejimin müəyyən qədər yumşalması sayəsində ortaya çıxdı. Stalin dövründə ona tabe olan ölkələrdə və partiyalarda “təftişçilər” ola bilməzdi. Sadəcə satqınlar ola bilərdi. Yoldaş Stalin satqınlarla heç bir nəzəri diskussiya aparmağa hazırlaşmırdı, onları güllələyirdilər. Buna görə də təftişçilik anlayışı yoxluqdan çıxarılmış, Polşada Stalinin ölümündən sonra və KPSS (Sovet İttifaqı Kommunist Partiyası) XX qurultayında kütləvi çıxışlar başladıqdan sonra siyasi və nəzəri həyata qaytarılmışdı. Həmin dövrdə bu mövzuda nəzəri diskussiyalar başladı. İdeologiyanın necə, nə dərəcədə dəyişdiriləcəyini polşalı liderlər hələ bilmirdilər, buna görə də hakimiyyət radikal, amma rəsmi ideologiya ilə potensial olaraq uyğunlaşdırıla biləcək baxışların nümayəndələri ilə diskussiya aparmağa hazır idi.

Hakimiyyət bu insanları məzəmmət edirdi, amma onları həbsxanaya göndərməkdənsə, onlarla polemika aparmağa başladı. Onları bir yolla damğalamaq lazım idi, amma elə edilməli idi ki, onları dərhal həbsxanaya atmaq və güllələmək lazım olmasın. Onları “təftişçilər” adlandırdılar və maraqlıdır ki, bu damğa damğalananları qane edirdi. Şərqi Avropada “təftişçi” sözü tezliklə özünə verilən ad oldu.

Polşa filosofu Leşek Kolakovski artıq 1970–ci illərdə marksist baxışlarından üz döndərdikdə, qərbin sol tarixçilərindən biri qəzəbli bir məktub yazaraq, Kolakovskini “təftişçilik ideallarına” xəyanətdə məzəmmət etdi.

Demək lazımdır ki, 1950–ci illərin sonunda müzakirə edilən bütün əsas ideyalar Sovet bloku ölkələrində 1989–1991–ci illərə, onun dağılmasına qədər müzakirə olunmaqda davam edirdi. Həmin ideologiyanı biz sonrakı sovet müəlliflərində görə bilərik. SSRİdə 1988–ci ilin reformator publisistikası 1956-cı ilin polşa mətnlərindən az fərqlənirdi. Başqa məsələ var ki, artıq 1990–cı ildə Sovet İttifaqında bu cür ideyalar dəbdən düşmüşdü: sosialist reformlar və ya Lenin prinsiplərinə qayıtmaq yerinə, artıq kapitalizmin bərpası təklif olunur.

Beləliklə, şərqiavropa “təftişçiliyi” stalinsayağı, sovet marksizm – leninizm paradiqmalarından qurtulmaq və “qərb marksizmi” mövzularına analoji olan məsələləri qaldırmaq cəhdi idi. Bu zaman iki problem xüsusi olaraq qeyd edilirdi. Bir tərəfdən, bu müəllifləri şəxsi azadlıq və demokratiya məsələsi qayğılandırırdı. Onlar marksist nəzəriyyəsi çərçivəsində yenidən demokratiya tələbatını, marksist ənənə nöqteyi–nəzərindən azadlığın əhəmiyyətini göstərməyə çalışırdılar. Onları narahat edən ikinci mövzu – 1917–ci il inqilabından və İkinci dünya müharibəsindən çıxmış sovet tipli cəmiyyəti necə reform etmək idi. Həm də elə reform etmək ki, onun nailiyyətlərini qoruyub saxlamaq olsun.

Bu planda şərqi avropa “təftişçiliyi”nin ideoloqları müəyyən dərəcədə utopist idilər. Onlar elə bir ideal modellər qurmaq istəyirdilər ki, həmin modellərə  çatmaq lazımdır. Başqa sözlə, onlar çox konstruktiv idilər. Utopizm həmişə müstəsna dərəcədə konstruktivdir. Onun iki tərəfi var, birincisi – mövcud cəmiyyətin tənqidi və ikincisi – həmin konsruktiv mövqe, cəmiyyətin yeni quruluşu layihəsidir. Bu planda Marks tamamilə qeyri–konstruktivdir, çünki o, hər şeydən əvvəl tənqid mövqeyini tutur. “Kapital” müəllifi çox yaxşı başa düşür kii, gələcəyi əvvəldəcən təsvir etmək olmaz.

          Kolakovski

  1956–ci ildə Polşadakı diskussiyalar hər şeydən əvvəl, Leşek Kolakovski və Adam Şaff kimi adlarla bağlıdır. Onların intellektual taleləri isə tamamilə əks oldu.

Adam Şaffın şəxsi bioqrafiyası Kolakovskinin bioqrafiyasından daha çox şəxsi məsuliyyətin əxlaqi meyarlarına uyğundur, amma onun işləri digərinə məxsus olan dərinlik və kəskinliklə fərqlənmir.

Şaffın marksizm haqqında baxışları demokratiya üzərində toplanıb. Onun üçün partiyada, işçi hərəkatında, yeni iqtisadiyyatda demokratiya məsələsi maraqlıdır. Şaff üçün aydındır ki, demokratik təşkilat olmadan işçi hərəkatı və sosialist dəyişikliklər prosesi uğurlu olmayacaq. Yeni demokratiyanı bərqərar etməyə qadir olmayan inqilab özünü iflic edir. Bu, bütün şərq iavropa “təftişçiliyinin” əsas ideyasıdır.

1950–ci illərdə bu istiqamətin ən parlaq nümayəndələrindən biri olan Kolakovski sonralar bu istiqamətdən uzaqlaşdı. Etiraf edirəm ki, şərqi avropa ideoloqlarının intellektual bioqrafiyalarında heyrətləndirən o idi ki, onlar sadəcə olaraq danışdıqları şeydən rahatca imtina etmirdilər, həm də öz sözlərini tamamilə unudurdular. Sovet ideoloqları və intellektualları eyni kollektiv amneziyaya yoluxdular, amma müəyyən müddət sonra. Burada hər şey Freydə uyğundur: arzu olunmayanlar yaddaşdan sıxışdırılıb çıxarılır.

Elə bir təsəvvür yaranır ki, onların müəllifi sadəcə olaraq başqa cür düşünməyə başlamadı, həm də tamamilə öz işlərini unutdu. O, həmişə, absurdluğunu ətraflı və əsaslı şəkildə sübut etdiyi tezisləri təkrar edir. Əlbəttə, insanlar baxışlarınıı dəyişirlər, burada qeyri – adi heç nə yoxdur. Amma intellektual inkişaf keşmişə qarşı müəyyən münasibətin formalaşmasını nəzərdə tutur. Əgər mən müəyyən mövqeni tuturamsa, o zaman mən bu mövqeni tənqid etməliyəm, özümü tənqid etməli, nə üçün öz yanaşmamı dəyişdiyimi və o zaman nədə haqsız olduğumu izah etməliyəm. Belə özünütənqidin əsasında biz yeni ideyalar, konsepsiyalar işləyib hazırlaya bilərik. Liberallara çevrilmiş şərqi avropa marksistləri mühitində məhz özünütənqidin, refleksiyanın olmaması heyrətləndirir. Bu insanlardan heç biri heç vaxt öz işlərini tənqidi təhlilə məruz qoymayıblar. Onları sadəcə unudublar, Freydə görə, yaddaşdan “sıxışdırıb çıxarıblar”.

Elə gəlir ki, insanlar ağ vərəqdən başlayıblar. Amma axı onların intellektual reputasiyası məhz əvvəlki, marksist işləri ilə təmin edilmişdi! Əgər onlar lap əvvəldən sadəcə olaraq liberal nəzəriyyənin ümumi yerlərini təkrar etsəydilər (nəticədə etdikləri kimi), onlar, ola bilər ki, dissident kimi reputasiya qazanardılar. Amma intellektuallar kimi – heç vaxt.

Kolakovskinin əksi Adam Şaff idi. Bu fiqur özlüyündə faciəvidir. Bir insan təsəvvür edin ki, 1954 – cü ildə çox vacib bir şey deyib və o zamandan bəri hər il təkrar etməyə davam edir. Öz sabiq yoldaşlarından fərqli olaraq, o heç nəyi unutmayıb, amma heç nə əlavə etməyib.

Bununla belə, 1956–cı ildə bütün bunlar insanlara böyük təsir göstərirdi. “Təftişçilər”, qərb marksistləri ilə paralel olaraq, erkən Marksın əsərlərini kəşf etməyə başladılar, yadlaşma mövzusunu gündəmə gətirdilər. Kolakovski tarixdə etika mövzusunu çox kəskin şəkildə qoydu. Siyasətdə, tarixdə etika mövzusunu.

Marksizm bizim diqqətimizi hadisələrin məntiqinə, qanunauyğunluqlara yönəldir. Biz, bir şeyin yaxşı və ya pis olduğu haqqında deyil, bu hadisənin nə üçün baş verdiyi haqda düşünürük. Şəxsiyyətin rolunu etik nöqteyi – nəzərdən necə qiymətləndirməli?

Sovet İttifaqında Stalin dövrü üçün sadə bir cavab xarakterik idi: ictimai tərəqqiyə kömək edən hər şey əxlaqidir. Sovet dövlətinin uğuru və inkişafı tərəqqinin əsas ölçüsünə çevrilirdi. Hazırcavablar bu fəlsəfəni şeir kimi ifadə etmişdilər:

 Görünüşcə çox çirkin idin.

Özün alçaq. Amma məsələ bu deyil.

Tarixən mütərəqqi oldu

Sənin həyat yolun

 Tərəqqi hər şeyi silər. Cinayətləri, yalanı, səhvləri.

Amerikan demokratiyasının yaranması, məsələn, bəşəriyyətin tərəqqisi üçün çox vacibdir. Onun nəticəsində, hüquqlar bəyannaməsi, hakimiyyətin bölüşdürülməsi sistemi, bir çox digər möhtəşəm təşəbbüslər yaranmışdır. Amma bəla bundadır: qırx milyona qədər hindu hansısa yolla öldü və ya bu mütərəqqi cəmiyyətin yaradılması prosesində məhv edildi. Baş vermiş hadisənin etik qiymətləndirilməsi necə olacaq?

Sovet stalinizmi nöqteyi-nəzərindən, etik qiymətləndirmə tarixi qiymətləndirmə ilə üst – üstə düşməlidir. Bu planda stalinist dövrü dərsliklərində müstəmləkəçilik və ya çarların və kralların istilaçı yürüşlərinin tənqidi çox zəif səslənir. Daha çox məsələ sadə formula gətirilir: bizimki – qeyri–bizimki, İvan Qroznı Kazanı fəth etdi, Yermak Sibiri fəth etdi. Bu yaxşıdır, çünki rus derjavasını genişləndirdilər. Kapitan Kuk Avstraliyanı Britaniya torpaqlarına birləşdirdi – bu pisdir, çünki ingilis derjavasını genişləndirdi. Amma həm Sibirdəki, həm Avstraliyadakı aborigenlərin başına eyni şey gəldi.

Belə alınır ki, yaxşı və pis imperializm var? Yox, sovet dərslikləri bunu demirdilər. Onlar sadəcə olaraq bu suallara cavablardan qaçırdılar.

Eyni şey müstəmləkəçiliklə olurdu. Müstəmləkəçiliyin interpretasiyasının stalin ənənəsi onun üzərində qurulub ki, müstəmləkəçiliyin tərəqqi planında yaxşı heç nə gətirmədiyini, yalnız dağıtdığını, istehlak etdiyini, sorduğunu, işgəncə verdiyini və s. və müsbət heç nəyin baş vermədiyini sübut etsin. Yeri gəlmişkən, eyni düşüncə xəttini müəyyən trotskist qruplarda da görmək ola. Monti Paytonun “Müqəddəs Brayanın yaşayışı” filmində bu yanaşmaya çox gözəl satira var.

“Romalılar bizə nə vermişlər?” – İudeyanın azad edilməsi üçün savaşan döyüşçülər qrupuna müraciət edərək qəhrəmanlardan biri ritorik şəkildə soruşur. Dinləyicilər bir ağızla – heç nə cavab verməlidirlər. bunun əvəzinə onlar saymağa başlayırlar: yollar, su kəmərləri, kanalizasiya…

Bu o deməkdir ki, müstəmləkəçiliyi dəstəkləmək lazımdır? Axı sovet professorları kommunist idarəetmənin sonunda belə düşünməyə başladılar. Onlar qəflətən texniki tərəqqi, dəmir yollarının tikilməsini xatırladılar.

Amma buradan belə çıxmır ki, müstəmləkəçilik əxlaqi cəhətdən dəstəklənməlidir. Dəmir yollarının tikilməsi faktı hinduların güllələnməsinə haqq qazandırmır. Kolakovskiyə ehtiramla etiraf etmək lazımdır ki, o, etik və tarixi qiymətləndirmə arasındakı ziddiyyət məsələsini ortaya qoymuşdur.

Beləliklə, marksizm hadisənin tarixi əhəmiyyətindən bəhs edir, amma əxlaqi problemə etinasız qalmır. Təbii ki, hələ Kolakovskiyə qədər bu məsələ Marks tərəfindən, Hindistanda Britaniya ağalığına həsr olunmuş dahiyanə məqalələrində formalaşdırılmışdı. Amma bu işlər SSRİ – də mütləq mütaliə dairəsinə daxil deyildi.

“Kapital” müəllifi müstəmləkəçilərin müsbət rolu haqda məsələ qoydu. Primitiv, birxətli şüurun nöqteyi nəzərindən, müstəmləkəçiliyin  tərifi yaranır. Amma Marks dialektik şəkildə düşünür. O, hadisənin ziddiyyətliliyini, onun inkişafını görür. Buna görə də o, istilaçıların əxlaqsızlığını mühakimə edir, amma baş vermişlərin müsbət nəticələrini etiraf edir.

Əgər bu və ya digər akt obyektiv şəkildə cəmiyyətin tərəqqisi üçün zəruridirsə, bu, aktı həyata keçirəni əxlaqi məsuliyyətdən azad etmir. Kolakovski hasarlama aparan ingilis mülkədarı misalını gətirir. Lendlord kəndliləri torpaqlardan qovur, oraya qoyunları buraxır. Nəticədə kənd təsərrüfatı müasirləşir, sənaye inkişaf edir, yeni texnologiyalar yaranır, əmək bölgüsü, manufaktura istehsalı və s. formalaşır. Qısası, tərəqqi göz qabağındadır. Amma lendlordun mütərəqqi idealları yoxdur, onun ümumiyyətlə idealları yoxdur, o, sırf özünün tamahkar maraqlarını izləyir. Əgər baş verənlərə kəndlilərin nöqteyi nəzərindən baxılsa, hər şey tamamilə əksinə görünür. Onları aclığa, yoxsulluğa, səfilliyə və s. məhkum edirlər. Və hətta uşaqlarının sənaye cəmiyyətində yaşayacağı faktı, onların indi keçirdikləri əziyyətlərə haqq qazandırmır. Tərəqqi baş verənlərin yan məhsulu olur.

Lendlord haqqındakı hekayəni danışarkən, Kolakovski, əlbəttə ki, sovet kollektivləşdirilməsi təcrübəsini nəzərdə tuturdu. Sadəcə olaraq, senzuraya görə, ona istinad edə bilməzdi. Bu arada, məhz sovet təcrübəsi xüsusi sərtliklə tərəqqinin bədəli məsələsini qoydu. Marks Hindistanda Britaniya ağalığı haqqında yazanda o, inanırdı ki, yeni sistemdə tərəqqi, nəhayət, insan qurbanları tələb edən mənfur bütpərəst ilahənin oxşarı olmayacaq. Sosialist inqilabının mənası həm də ondadır ki, son nəticədə etik və tarixi meyarları birləşdirsin. Tərəqqi idarə edilən və dərk edilmiş olmalıdır, sadəcə olaraq şəxsi maraqların və eqoist şəxsi ambisiyaların mübarizəsində yan məhsul olmamalıdır. Məqsəd dərk edilibsə, cəmiyyət hansı bədəlin ödənilməsini başa düşməyə qadirdir.

Təbii ki, XX əsrdə Rusiyada və SSRİ – dəki hadisələr bu sxem üzrə inkişaf etmirdilər. Amma buradan elə çıxmır ki, məsələ səhv qoyulub. Sadəcə olaraq, yeni ictimai quruluş yolu qısa deyildi. Və XIX əsr inqilabçıların ümid etdiyindən daha dolambaclı idi.

Erkən Kolakovskinin antistalinist pafosu XX əsrin sonu şərqiavropa publisistikası üçün tipik olan primitiv antikommunist ifşalardan fərqlənirdi. Məsələ onda deyil ki, cinayətlər haqqında danışaraq, istənilən ictimai dəyişikliklər cəhdi mühakimə edilsin və ya ümumiyyətlə tərəqqi ideyasında imtina edilsin. Məsələ ondadır ki, bu cinayətləri doğuran şərait dərk edilsin. Və ondadır ki, tərəqqi (yeri gəlmişkən, burjua fikri tərəfindən formalaşmış) ideyasına tənqidi yanaşılsın.

Etik nöqteyi nəzərdən, həm tərəqqi tələbatı ilə cinayətlərə haqq qazandırmaq cəhdi, həm də tərəqqi ideyasından ümumiyyətlə imtina edilməsinə hazırlıq qəbul edilməzdir, o əsasda ki, onun uğrunda mümkün bütün zülmlər edilirdi. Tarixin faciəviliyini və onun dialektik ziddiyyətini başa düşmək zəruridir. Tarixi qanunların dərk edilməsi, həm də, hər kəsi şəxsi məsuliyyət haqqında məsələ ilə baş–başa qoyur.

Stalinizm iddia etmir ki, guya məqsəd vasitəni doğruldur, stalinizm inanır ki, nəticə vasitəyə haqq qazandırır. Bu stalinizmin digər avtoritar ideologiyalardan kifayət qədər prinsipial fərqidir ki, bunu Soljenitsin də qeyd edir. “Arxipelaq QULAQ” əsərində o yazır ki, sovet sisteminin nəzər nöqtəsinə görə nəticə vacibdir. Sovet sistemi nəticələrə zəmanət verə bilərdi (ən azından, 1970–ci illərin sonuna qədər). Belə çıxır ki, əgər biz kosmosa raket buraxırıqsa, kollektivləşdirmə dəhşətlərinə haqq qazandırılmalıdır? Əgər buxarmasaydıq, insanları nahaq yerə öldürmüş olardıq. Amma raket uçdu axı!

Stalinizim lap əvvəldən tarixə meylli idi. Bu mənada stalin aparatçısı Kolakovskinin təsvir etdiyi lendlorddan fərqlənir. Onun tarixi hesabdarlığı var. Stalin repressiyaları illərində zavodlar tikildi, savadsızlıq aradan qaldırıldı, ümumi pulsuz səhiyyə tətbiq edildi. Amma bu deməkdir ki, “əxlaq” bölməsi üzrə olan xərclər avtomatik olaraq silinir?

Tərəqqi qəddardır. Tarix sırf etik meyarlarla idarə edilə bilməz, amma əxlaqi meyarlarla şəxsi davranış idarə edilə bilər və şəxsi davranışın qiymətləndirilməsi, bizim tərəqqini necə qurmağımızdan asılı olaraq dəyişmir.

Bu arada, şəxsi məsuliyyət məsələsi sadəcə siyasətçilərə və dövlət xadimlərinə deyil, həm də mütəfəkkirlərə aiddir. Hətta intellektual xəyanət də xəyanətdir. Və bu mənada Leşek Kolakovskinin şəxsi bioqrafiyası müsbət örnək deyil.

Amma, digər tərəfdən, o kifayət qədər tipikdir.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:11277