abunə ol: Yazılar | Şərhlər | Еmail

Xəbər tutmadığımız neft fəlakəti

Şərh

2 il əvvəl Azərbaycanda Bi-Pi böyük bir neft fəlakəti törədib. Və təbii ki, biz ondan xəbər tutmamışıq.

Əvvəlcə 8 ay önə qayıdaq. Britiş Petroleumun ucbatından aprelin 20-dən Meksika körfəzində 1,5 kilometr dərinlikdə deşilən kəmərdən neft dənizə axır. Onun qarşısını aylarla almaq mümkün olmur. Platformada fəhlələr həlak olur, suda canlılar məhv olur. Bu, Çernobılla müqayisə olunan (bəlkə də daha dəhşətli) ekoloji fəlakətdi. İyunun əvvəlində neft quruya, Luiziana sahillərinə çatır. Deşilmiş neft kəmərindən hər gün 800 min litr yanacaq suya axır.
Bənzərsiz ekoloji fəlakət dünyanı silkələyir. İşə Obama qoşulur. Bi-Pi fəlakətin nəticələrini azaltmaq üçün milyardlarla dollar xərcləyir.
Ancaq nədənsə liberallar sükutlarını saxlayıb kapitalizmdə istehsalın qeyri-effektliyindən danışmırlar. Halbuki Çernobıl faciəsindən keçən 25 il ərzində o texnogen faciəni məhz Sosializm quruluşunun daxili məntiqi ilə bağlamaqda davam edirlər.
Böyük fəlakət. Və səbəblər barədə – sükut. Çünki transmilli korporasiyalar üçün \”effektivlik\” – korporasiya sahiblərinin gəlirlərinin çoxalması ilə ölçülür. Qalanlar isə – insanlar, fauna, flora… – cəhənnəm olsunlar.
Və indi xəbər tuturuq ki, Meksika körfəzindəki ekoloji fəlakətə tay olan hadisə  Britaniya kompaniyasının (yəni, BP) Azərbaycandakı neft hasilatı platformasında da baş verib. Bu sirri isə yenə də  WikiLeaks  açıqlayıb. Portalın bilgilərinə əsaslanan  Londonun The Guardian qəzeti Xəzər insidenti barədə 16 dekabr sayında yazıb. Yenə də məlumatın mənbəyi ABŞ diplomatlarının yazışmasıdır.
Qəza 2008-ci ilin sentyabrında “Mərkəzi Azəri” platformasında baş verib. O vaxtın mətbuatını qaldırıb faktı dəqiqləşdirməyə cəhd etməyib. Hadisədən nə mətbuat, nə də sadə vətəndaşlar xəbər tutub. Hadisəni yalnız azəri hakimiyyəti bilib və gizlədib.
Həmin vaxt platformada qəfil qaz partlayışı baş verib, ancaq Meksika körfəzindəki Deepwater Horizon platformasındakə qəzadan fərqli olaraq, Xəzərdəki platformadan 212 əməkdaşı vaxtında evakuasiya etmək mümkün olub. Yəni, bəla insan itkisi olmadan ötüşüb.

Nəşrin bilgisinə görə, “Mərkəzi Azəri” platformasındakı qəza Bi-Pi tarixində ən iri qəzadır. Deməli, onun ekoloji ziyanı da Meksika körfəzindəki ziyandan çoxdur. Sadəcə, Meksika körfəzində 1-ci sort ölkə ziyan çəkib, Xəzər fəlakəti isə aborigenlərin başında çatlayacağından, səs-küysüz ötüşüb.
Qəza nəticəsində 2 neft quyusunu qapatmaq və gündəlik neft hasilatını 500 min barrelə qədər azaltmaq lazım gəlib.
Bundan əlavə, WikiLeaks materiallarında qeyd olunur ki, Bi-Pi öz tərəfdaşlarına (deməli, Azərbaycan hökumətinə də) baş vermiş hadisələrlə bağlı müfəssəl məlumat verməkdən imtina edib, qəzanın səbəbləri ilə bağlı normal təhqiqat isə aparılmayıb.
WikiLeaks sənədlərinə inansaq, bu hadisədən sonra İlham Əliyev Bi-Pini 10 milyard dollar dəyərində neft oğurlamaqda ittiham edib (Yadınıza salım ki, məhz həmin vaxtlar ABŞ-ın bəzi rəsmi nümayəndə və ekspertləri Azərbaycanın iqtisadi siyasətini pisləyən yazılarla çıxış etmişdilər. Yəni – cavab).
Beləliklə, başımıza oyun açıblar, xəbərimiz də olmur. Üstəlik isə bu ilin oktyabrında Bİ-Pi Xəzər dənizinin Azərbaycan sektorunda yeni layihə də alır: ARDNŞ ilə 30 illik müqavilə imzalayaraq “Şəfəq-Asiman” strukturunda neft kəşfiyyatına başlamaq icazəsinə nail olur.
“Altımızdakı ölkəni hiss etmədən yaşayırıq” (Mandelştam).

Məmməd Süleymanov.


Oxşar yazılar:

Baxış sayı:15583