abunə ol: Yazılar | Şərhlər | Еmail

Tunisdə işsizliyə , Əlcazairdə aclığa qiyam

Şərh

Bir həftədir ki, dünya mətbuatı (bizim mətbuatdan fərqli olaraq) oxşar səbəblərdən 2 Şimali Afrika ölkəsindən paralel yazır.  Əlcazirdə yeni ilin ilk günü başlayan nümayişlər indi bütün ölkəni bürüyüb.Tunisdə komendant saatı tətbiq edildi, ölənlərin sayı bu arada 66-ya çatıb.


Əlcəzairli gənclər qiymətlərin sürətli artımına etiraz olaraq qiyam qaldırıb. Kütləvi etiraz aksiyalarına səbəb ərzaq mallarının gözlənilmədən bahalaşması, yaşayış yeri çatışmazlığı və işsizlikdir. 30 faizə qədər şəkər, un, günəbaxan yağı kimi gündəlik qida məhsullarının qiymətinin qalxmasından sonra Əlcəzair hökuməti fövqəladə toplantı keçirərək ilk mərhələdə vergilərin azaldılmasını, şəkərə tətbiq olunan idxal vergisinin müvəqqəti olaraq təxirə salınmasını qərara alıb. Buna baxmayaraq axşama doğru xüsusilə yeniyetmələr simvolik mənası olan Bab əl –Ued kvartalında(1988 ci ildə hökümət əleyhinə başlayan, tezliklə bütün Əlcazairə yayılan, 1991 – ci ildə islamistləri hakimiyyətə gətirmək istəyən hərəkatın mərkəzi) küçələrə çıxır, barrikadalar quraraq polislə toqquşmalara girir. Qarışıqlıq gecə saatlarında daha da artır, etirazçılar mağazalara od vurur, rezin təkərlər yandırır. Bəzi şəhərlərdə dövlət müəssisələrinə, banklara və poçt şöbələrinə basqınlar olub.
Polis Molotov kokteyli və daş atan nümayişçilərə qarşı təzyiqli su və gözyaşardıcı qaz istifadə edib. Paytaxt Əlcəzairin yoxsul məhəllələrində, Annaba və Oranda son toqquşmalarda polisin atəş açdığı, ölənlərin olduğu bildirilir.
Növbəti həftəyə siyasi azadlığın məhdudlaşdırıldığı ölkədə futbol oyunları təxirə salınıb. Stadionlar 35 milyonluq Əlcazairdə praktiki olaraq insanların müxalif mövqelərini nümayişkaranə ifadə edə biləcəyi yeganə yer hesab olunur.

Artıq gərginlik bütün ölkəni bürüyüb. Tunisdə etirazlar ilk Sidi-Bouzid şəhərində bir ay öncə başlamışdı. Hadisələrə səbəb Muhammed Bouazizinin keçən ilin dekabrının 17 – də ölümü olmuşdu. İşsizlikdən ticarətlə məşğul olan 26 yaşlı gənc səyyar satıcı Muhammed Bouazizi meyvə tərəvəz satdığı arabasının polis tərəfindən müsadirəsinə etiraz olaraq üzərinə benzin tökərək bələdiyyə binasının önündəki meydanda özünü yandırdı. Bundan sonra ölkəni etirazlar dalğası bürüdü. Son gün ölkənin qərbindəki Tala şəhərinin hökumət binalarına hücum edilib. Polisin açdığı atəş nəticəsində iki nəfər ölüb. Requeb və Kasserin şəhərlərindəki toqquşmalarda 9 nəfərin öldüyü bildirilir. Ümumilikdə yoxsulluğa və işsizliyə etiraz olaraq keçirilən kütləvi nümayişlərdə ölənlərin sayı 66-ya çatıb. Toqquşmaların baş verdiyi qəsəbələrə əlavə hərbi qüvvələr göndərilib, ancaq gərginlik hələ də davam edir.
Hakimiyyət və hələki ABŞ narahatdır. Məktəb və universitetlər bağlanılıb. ABŞ dövlət departamentinin nümayəndəsi Mark Tonerin Frans Press agentliyinə verdiyi müsahibədən sitat: “Birləşmiş Ştatlar Tunis hökuməti tərəfindən həddən artıq güc tətbiqindən olduqca narahatdır.”
Maraqlısı budur ki, Azərbaycan kimi bu ölkədə də çox nadir hallarda mitinqlər və nümayişlər baş verirdi. İstənilən kiçik aksiya amansızlıqla yatırılıb. Hazırda Tunisi Ḥabib Bürqibanın “30 illik prezidentliyinə” 1987ci ildə son qoyan Zeynel Abidin Bin Ali idarə edir. “Dəmir əl” 1956cı ildə müstəqillik qazanmış dövlətin sayca 2-ci prezidentidir.

…Koqnitiv dissonans. Əslində təbii resurslar baxımından yoxsul Tunis regionun ən sürətli inkişaf edən , həyat şəraiti yüksək olan zəngin ölkəsinə diversifikal iqtisadiyyatı hesabına çevrilib. İllik adambaşına gəlir 9 min ABŞ dollarına çatır. Bəs nə baş verir ?
Yoxsa “inqilab o zaman baş vermir ki, kasıblar yoxsullaşır, o zaman baş verir ki, azadlığı dadmış kütlə birdən – birə onun meyvəsindən məhrum olur” belədir ?
Elədirsə, müasir Tunis – bu teoriyanıın illüstrasiyasına klassik nümunədir.


Oxşar yazılar:

Baxış sayı:7517