abunə ol: Yazılar | Şərhlər | Еmail

Emma Qoldman Heymarket hadisələri haqqında

Şərh

Görkəmli amerikan anarxist Emma Qoldmanın “Həyatımı yaşayarkən” (“Living my Life”) avtobioqrafik əsərindən  bir hissə

 O gecə yata bilməmişdim. 1887-ci il hadisələrini yenidən yaşayırdım. 11 noyabr Qara Cümə günündən, Çikaqo əhalisinin qurbanlar verdiyi gündən 21 ay keçmişdi, lakin hər bir təfərrüat gözlərimdə canlanırdı və mənə, dünən baş vermiş kimi təsir edirdi. Bacım Helena və mən o insanların məhkəməsi ərzində onların taleləri ilə maraqlanırdıq. Roçester qəzetlərindəki xəbərlər qıcıqlandırır, çaşdırır və aşkar mövhumatı ilə məyus edirdi. Mətbuatın zorakılığı, müttəhimlərə qarşı yönəldilmiş acı ittihamlar, bütün xaricilərə edilən hücumlar bizim simpatiyamızı Heymarket qurbanlarına yönəltdi.

Biz, Roçesterdə hər bazar günü Germania zalında görüşlər keçirən Alman sosialist qrupunun mövcudluğundan xəbər tutduq. Böyük bacım Helena bəzən, mən isə müntəzəm olaraq bu görüşlərdə iştirak etməyə başladıq. Görüşlər ümumilikdə maraqsız olurdu, amma onlar mənim üçün Roçesterdəki solğun, cansıxıcı mövcudluğumdan qaçış idi. Orada insan, ən azından, həmişə davam edən pul və biznes söhbətlərindən daha fərqli şeylər eşidirdi və ruh və ideya adamları ilə qarşılaşırdı.

Bir bazar günü elan olundu ki, Nyu-Yorkdan gəlmiş məşhur sosialist natiq Yohanna Greye Çikaqoda mühazirə deyəcək. Təyin olunmuş gün mən zala birinci gəlmişdim. Böyük məkan cəsur qadın və kişilərlə dolu idi, divarları isə polis əhatə etmişdi. Mən indiyə qədər belə böyük bir iclasda olmamışdım. Sankt-Peterburqda polislərin kiçik tələbə görüşlərini dağıtmalarını görmüşdüm. Amma azad söz hüququnu təmin etmiş bir ölkədə uzun dəyənəklərlə silahlanmış zabitlərin qanuni bir görüşə müdaxilə etmələri məni dəhşət və etiraz hissi ilə doldururdu.

Tezliklə sədr natiqi təqdim etdi. O, otuz yaşlarında olan, solğun və asket-görünüşlü, geniş işıqlı gözləri olan qadın idi. O, titrək səsi ilə səmimiyyətlə danışırdı. Onun tərzi mənim diqqətimi çəkdi. Polis, auditoriya və mənə aid hər şey yadımdan çıxdı. Mən yalnız, səkkiz insan ömrünü məhv etməkdə olan qüvvələrə qarşı alovlu ittihamlar qışqıran bu kövrək qadını eşidirdim. Nitq bütünlüklə Çikaqodakı hadisələrə aid idi. O, nitqini hadisənin tarixi kökləri ilə əlaqələndirərək başladı. 1886-ci illərdə bütün ölkəni bürümüş, səkkiz saatlıq iş günü üçün keçirilən əmək tətilləri haqqında danışdı. Hərəkatın mərkəzi Çikaqo idi və zəhmətkeşlər və onları bossları arasındakı mübarizə burada daha güclü və əzablı idi. Makkormik Harvester şirkətinin tətil edən işçilərinin bu şəhərdəki mitinqi polis tərəfindən hücuma məruz qalmışdı; kişi və qadınlar döyülmüş və bir neçə insan xəsarət almışdı. Bu qanunsuzluğa qarşı kütləvi mitinq 4 may Heymarket meydanında təyin edilmişdi. Mitinq Albert Parsons, Auqust Spays, Adolf Fişer və digərləri tərəfindən təşkil edilmişdi və çox sakit və nizamlı idi. Bu vəziyyət, nə baş verdiyini öyrənmək üçün mitinqə qatılan Çikaqo icra hakimi Karter Harrison tərəfindən qeyd edilmişdi. İcra hakimi, hər şeyin qaydasında olduğunu görüb oranı tərk etdi və rayon kapitanını da bununla əlaqədar məlumatlandırdı. Səmanı bulud alırdı, narın yağış yağmağa başladı və insanlar dağılmağa başladılar, son natiqlardən biri auditoriyaya nitq söyləyərkən meydanda çox az adam qalmışdı. Böyük polis qüvvəsi ilə müşayiət olunan kapitan Vard qəflətən meydanda peyda oldu. O, mitinqi dağıtmaq əmrini verdi. “Bu, dinc görüşdür”, sədr dedi, bu zaman polis insanlara hücum edərək amansızcasına onları kötəkləməyə başladı. Sonra isə göydə nəsə parladı və partlayaraq, bir neçə polis zabitini qətlə yetirdi və digərlərini yaraladı. Bu hadisəni törədənin kim olduğu heç vaxt aşkara çıxarılmadı və hakimiyyət də onu tapmaq üçün çox az səy göstərdi. Bunun əvəzində, Heymarket mitinqinin natiqlərinin və digər nüfuzlu anarxistlərin həbs edilməsi barədə göstəriş verildi. Bütün Çikaqo və ölkə mətbuatı və burjuaziyası həbs olunanların qanı üçün bağırmağa başladı. Polis həqiqi terror kampaniyasına başladı ki, onların, anarxistləri aradan götürmək üçün hazırladıqları qatil planları Vətəndaşlar Assosiasiyası tərəfindən mənəvi və maliyyə cəhətdən dəstəklənirdi. İctimai fikir mətbuatın tətil liderlərinə qarşı yaydıqları mənfur hekayələrlə o qədər şövqləndirilmişdi ki, onlar üçün ədalətli məhkəmə qeyri-mümkün görünürdü. Faktiki olaraq, məhkəmə Birləşmiş Ştatlar tarixində ən böyük saxtakarlıq idi. Münsiflər heyəti əminlik üçün seçilmişdi; Attorney rayonu açıq məhkəmə elan etdi ki, burada yalnız həbs olunanlar deyil, həm də “anarxizm məhkəmədəydi” və onun kökü kəsilməli idi. Hakim müntəzəm olaraq həbs olunanları yerlərində ittiham edərək, münsifləri onlara qarşı yönəldirdi. Şahidlər ya zorakılığa məruz qalmış və rüşvət almışdılar, nəticədə cinayətlə heç bir əlaqəsi olmayan günahsız səkkiz insan ittiham edilirdilər. Qızışdırılmış ictimai fikir və anarxistlərə qarşı ümumi mənfi fikir səkkiz-saatlıq hərəkata qarşı işçilərin müxalifliyi ilə birləşərək, Çikaqo anarxistlərinin qanunən öldürülməsi qərarı üçün atmosfer yaratdı. Onlardan beşi – Albert Parsons, Auqust Spays, Luis Linq, Adolf Fişer və Corc Engel – asılaraq edama məhkum edildilər; Maykl Şvab və Samuel Filden ömürlük həbs cəzası, Nibe beş illik həbs cəzası aldı. Heymarket şəhidlərinin günahsız qanı qisas almağa çağırırdı.

Greyenin nitqinin sonunda uzun zaman düşündüyüm şeylərdən əmin oldum: Çikaqolular günahsız idilər. Onlar öz ideyaları uğrunda ölümə göndərilmişdilər. Bəs onları ideyası nə idi? Yohanna Greye Parsons, Spays, Linq və digərləri haqqında sosialistlər deyə danışırdı, amma mən sosializmin nə demək olduğunu bilmirdim. Yerli natiqlərdən eşitdiklərim mənə az təsir etdi. Həmçinin mətbulat onları anarxistlər, bomba-atanlar kimi qələmə verirdi. Anarxizm nə idi? Bu, çox çaşdırıcı idi. Amma mənim daha şübhələnməyə vaxtım yox idi. İnsanlar çölə çıxırdılar və mən də çıxmaq üçün ayağa qalxdım. Greye, sədr və bir neçə yoldaş hələ də platformada idilər. Mən onlara tərəf dönəndə Greyenin mənə əl etdiyini gördüm. Mən heyrətlənmişdim, ürəyim sürətlə döyünürdü, ayaqlarım qurğuşun kimi ağır idi. Ona yaxınlaşdıqda mənim əlimdən tutdu və dedi: “Mən heç vaxt sizin üzünüz qədər emosiya ifadə edən üz görməmişdim. Yəqin siz qarşıdakı faciəni çox dərindən yaşayırsınız. Siz onları tanıyırsınız?”. Titrək səslə mən cavab verdim: “Təəssüf ki yox, amma bu hadisəni bütün varlığımla yaşayıram və sizin nitqinizi eşitdikdə mənə elə gəldi ki, sanki onları tanıyıram”. O, əlini çiynimə qoydu: “Mən hiss edirəm ki, siz onların ideyalarını öyrəndikcə onları daha yaxşı tanıyacaqsınız və bu ideyaları mənimsəyəcəksiniz”.

Mən fikirli halda evə getdim. Bacım Helena artıq yatmışdı, amma mən öz təəssüratlarımı onunla paylaşmalı idim. Onu oyatdım və nitqi tam şəkildə ona danışdım. Yəqin mən çox həyəcanlı idim, çünki Helena dedi: “Kiçik bacım haqqında eşidəcəyim növbəti şey o olacaq ki, o, təhlükəli anarxistdir”.

Bir neçə həftə  sonra mən tanıdığım bir alman ailəsinə baş çəkdim. Onlar çox həyəcanlı idilər. Nyu-Yorkdan kimsə onlara Yohan Mostun redaktoru olduğu “Die Freiheit” (“Azadlıq”) alman qəzeti göndərmişdi. Qəzet Çikaqodakı hadisələr haqqında idi. İfadə dili məni çox həyəcanlandırdı, o, sosialist görüşlərdə olduğundan və hətta Johanna Greyenin danışığından çox daha fərqli idi. O, lağlağı, həqarət və açıq itaətsizlik dalğası idi; Çikaqoda qətl törətməyə hazırlaşan qüvvələrə qarşı dərin nifrət saçırdı. Mən “Die Freheit” qəzetini müntəzəm olaraq oxumağa başladım. Qəzetdə reklam edilən hər bir ədəbiyyatı tapmağa çalışır və anarxizm, o insanlar, onların işləri, həyatları barədə tapa bildiyim bütün sətirləri oxumağa çalşırdım. Onların məhkəmədəki mərd duruşu və heyrətləndirici müdafiəsi barədə oxudum. Qarşımda yeni bir dünya açılırdı.

Hər kəsin qorxduğu, amma baş verməyəcəyinə ümid etdiyi hadisə baş verdi, daha doğrusu, üzə çıxdı. Roçester qəzetlərinin əlavə sayında xəbər var idi: çikaqolu anarxistlər asıldı!

Helena və mən məhv olmuşduq. Şok bacımı tamamilə soyuqqanlı etdi, o sadəcə əllərini sıxır və sakitcə ağlayırdı. Mən karıxmışdım; göz yaşlarından daha dəhşətli olan donmuş halda idim. Həmin axşam biz atamızın evinə getdik. Hər kəs Çikaqo hadisələri haqqında danışırdı. Mən tamamilə, öz itkim kimi hiss etdiyim hadisəyə qapılmışdım. Sonra kobud qadın gülüşü eşitdim. Kəskin bir səslə istehza edirdi: “Bu gileylərin səbəbi nədir? Onlar qatil idilər, asıldıqları lap yaxşı oldu”. Tullanıb qadının boğazından yapışdım. Sonra özümü tamamilə əzik hiss etdim. Kimsə dedi: “Uşaq dəli olub.” Üzümü qaldırdım, stoldan su qrafinini götürdüm və bütün gücümlə suyu qadının üstünə atdım. “Rədd ol, rədd ol,” qışqırdım, “yoxsa səni öldürəcəm”. Dəhşətə gəlmiş qadın otaqdan çıxdı və göz yaşları içində özümü yerə atdım. Məni yatağa apardılar və sonra dərin yuxuya getdim. Səhər sanki uzunmüddətli xəstəlikdən oyanmış, lakin durğunluqdan və şokla nəticələnmiş əzablı gözləmə həftələrinin depressiyasından azad olmuş kimi oyandım. İçimdə, ruhumda yeni və möhtəşəm bir şeyin yarandığı hissi var idi. Böyük ideal, alovlu inam, özümü şəhid olmuş yoldaşların xatirəsinə həsr etmək, onların qayəsini öz qayəmə çevirmək, onların möhtəşəm həyatını və qəhrəmancasına həlak olmalarını bütün dünyaya çatdırmaq istəyi.

  (c) SOLFRONT

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır] 


Oxşar yazılar:

Baxış sayı:9891