abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Sınmış şüşə nəzəriyyəsi…

Şərh

Əslində bu nəzəriyyə empirik formada yüzillərdi məlumdu. Onu elmi qəlibə 1992-ci ildə 2 ingilis – Ceyms Uilson və Corc Kellinq saldı.

Mahiyyət bu cürdür: Əgər bir evdə bir pəncərənin şüşəsi sındırılarsa və yerinə yenisi salınmazsa, tezliklə həmin evdə bir dənə də sağlam pəncərə qalmayacaq, sonra isə soyğunçuluq başlayacaq. Yəni, mövcud normalara riayət olunmaması kənar adamları da o normalarla hesablaşmamağa sövq edir. Oyunun qaydaları pozulur. Tezliklə isə ayrıca bir ev də yox, bütöv bir şəhər kloakaya çevrilir, adamlara küçəyə çıxmaq qorxulu olur.

«Sınmış şüşə» nəzəriyyəsi praktikada dəfələrlə sınanılıb. İri şəhərlərdə hakimiyyət küçələri təmiz saxlamaqla, divarlardakı qraffitiləri silməklə həm də cinayətkarlığın səviyyəsinin azaldılmasına nail olmuş olur.

Ancaq bu nəzəriyyə özünü kütləvi dirənişlərdə, qiyamlarda, Sistemin dəyişdirilməsi proseslərində də doğruldur. Türkiyə kommunist yazıçısı Səbahəddin Əlinin (1901-1949) “Şüşə saray” hekayəsindəki hadisələr bu nəzəriyyəyə bədii illüstrasiyadır: “Və hamı gördü ki, möhkəmliyi və alınmazlığı haqda sonsuz nağıllar danışılan nəhəng saray əslində nə qədər kövrəkmiş…” Orada da əsas hadisələr xalqı itaətdə saxlayanların toplaşdığı sarayın bir şüşəsinin sındırılması ilə başlayır.

Bir Sistemin yenisi ilə əvəzlənməsi (daha yaxşı, ya daha pisi ilə – fərq etməz), mövcud qaydaların yeni oyun qaydaları ilə əvəzlənməsi bu “bircə sındırılan şüşə”dən başlayır. Sovet qaydalarının indiki kannibal oyun qaydaları ilə yenilənməsi də bu nəzəriyyə çərçivəsində izahını tapır. Ümumxalq sərvətinə əlini uzadıb onu özününküləşdirən ilk personajların əli kəsilsəydi, indiki bazar qalib gəlməzdi. Məktəbdə 6 yaşlı uşaqlardan rüşvət alan ilk direktor cəzalandırılsaydı, total korrupsiya ölkəni xərçəng metastazları kimi yeməzdi. Rəqəmlər də sıfırdan başlayır.

Ancaq başqa aksioma da var – hazırkı biabırçılıqlar, korrupsiya, adiləşmiş hakimiyyət cinayətləri, ifrat əsarət, yoxsulluq, hüquqsuzluq… – yeni oyun qaydalarının məhək daşlarıdır. Onları səpənlər və daimiliyini qoruyub saxlayanlar elə “Şüşə saray”da oturanlardır.

***

Sosial şəbəkələrdə son günlər dəbdə olan bir videoçarx: ABŞ-da, Nyu-Yorkda eksperiment. Bu məqsədlə səkidə köhnə bir velosiped qoyulur və 1 il ərzində hər gün bu sahibsiz velosipedin vəziyyəti videoya çəkilir. Eksperiment “Həyat tsikli” adlanır.

Velosiped köhnədir, heç tamah oyadası halda deyil. İlk 160 gündə onun heç bir detalı oğurlanmır. 160-cı gün velosipeddəki su şüşəsi yoxa çıxır. 210-cu gün səbət və qıfıl. 230-cu gün – yəhər… Və 270-ci gündə velosipeddən heç nə qalmır: onu hissə-hissə söküb daşıyırlar. Hər şey isə 160-cı gün gərəksiz su şüşəsini oğurlayan şəxsin hərəkətindən başlayır. “Sınmış şüşə” nəzəriyyəsinə daha bir sübut.

***

Bu nəzəriyyə digər siyasi-sosial fenomeni də izah etməyə qadirdir: Tiraniyaların çöküşü onların az da olsa sərbəstliklərə start verdiyi vaxtdan başlayır. Sındırılan ilk şüşəyə görə repressiya aparatının işə salınmaması qar uçqunu effekti ilə nəticələnir. Elə buna görə də diktaturalar heç bir (ən xırda) islahata belə getmək istəmirlər.

Getdilərmi? – Sonlarıdır.

Hazırda Rusiyada yaranmış situasiya da bunu təsdiqləyir. Hakimiyyət informasiya və psixoloji savaşlarda sürətlə geri qalmaqdadır. Dekabr mitinqi “Sınmış şüşə” effekti verdi.

Baxmayaraq ki, təbliğat və manipulyasiya cəbhəsində Putin hakimiyyəti rəqiblərindən ölçüyəgəlməz dərəcədə geniş arsenala malikdir, ancaq uduzur. Bunun səbəbini siyasi texnoloqların zəifliyində də axtarmayın – bu personajlar kim çox pul versə ona işləyən şəxslərdir və müxalifətin siyasi texnoloqları heç də hakimiyyətinkindən güclü deyil.

Əgər hakimiyyət informasiya müharibəsini uduzmağa başlayıbsa, səbəbi birdir – bu müharibəni aparmağı bacarmır. Çünki, cəmiyyət dəyişib, həyat dəyişib. Hakimiyyətin özü də dəyişib: prosesləri anlamaq və onlara nəzarət etmək qabiliyyətini itirib.

Sındırılan ilk şüşənin yerinə yenisi salınmayıb. Binanın tədricən pəncərəsiz qalacağını gözləyin.

Azərbaycanda da bu cür olacaq. Sındırılan ilk şüşə Səbahəddin Əlinin təsvir etdiyi «Şüşə saray»ı yenisi ilə əvəzləyəcək. Xüsusən də nəzərə alsaq ki, saray yalnız şüşədən ibarətdir…

 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7689