abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Trotskizm. Lukaç. Qramşi”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

Klassik marksizm: Trotskizm

  Əsası Trotski tərəfindən qoyulmuş IV İnternasional hələ onun sağlığında dağılmağa başladı. IV İnternasionalın dağıntıları əsasında yaranmış qruplar, sadəcə olaraq müstəqil siyasi hərəkat kimi maraqlı deyillər. Düzünü desək, məhz bu baxımdan onlar daha az maraq kəsb edirlər, belə ki, trotskist təşkilatların çoxu tərəfindən əldə edilmiş siyasi nəticələr tamamilə acınacaqlıdır. Bir neçə istisna ilə, Trotskinin ölümündən sonra onlar bir–birlərinə qarşı sərt ideya mübarizəsi aparan sektalara çevrildilər.

Amma daha kütləvi sol təşkilatlarda fəaliyyət göstərən fəalların və ideoloqların bir hissəsi trotskizmin təsiri altında olmuşdur. Bir halda söhbət gəncliyində bu və ya digər inqilabi qrupda olan, amma sonra daha loyal reformist təşkilatlarda kütlələrlə işləmək üçün oranı tərk etmiş insanlardan gedir. Digər hallarda bir qarşımızda, zaman ərzində siyasi mübarizədən uzaqlaşmış, amma öz həmfikirləri ilə ideya əlaqəsini qoruyub saxlamış intellektuallar durur. Məhz Qərbdəki trotskist qruplar marksist nəzəri təhsilinə, tarixin və inqilabi hərəkat təcrübəsinin müzakirəsinə böyük önəm verirdilər.

Trotskist siyasi mədəniyyəti marksist politologiyası kimi lenin mirasının qeyri – ehkamçı interpretasiyasını verməyə çalışır. Onun mərkəzi mövzuları siyasi partiyanın, siyasi dövlətin roludur, inqilab, proletar sinfi təşkilatlanma mövzuları ön plana çəkilir.

Amma, trotskizmin spesifik mövzusu rəhbərlərin xəyanətidir. Bu, artıq Trotskinin özündə mövcud olan, amma onun davamçıları tərəfindən bir neçə dəfə gücləndirilmiş müəyyən daimi motivdir. Klassik marksizmdə də bu motiv mövcuddur, amma Marks onu kifayət qədər kinayə ilə traktovka edir. Eynilə Lenin II İnternasionalın iflası haqqında yazdıqda sosial–demokratiya liderlərinin xəyanətini belə vurğulayır. Amma bir çox trotskist müəlliflərdə bu demək olar ki, qarayaxa ideyaya çevrilir. Proletariat kifayət qədər inqilabidir, o hər an burjuaziyanın devrilməsinə və sosialist quruluşun bərqərar edilməsinə hazırdır. Amma hər dəfə inqilab baş tutmur. Hər dəfə kimsə mane olur. Zəhmətkeşlər həqiqi inqilabi təşkilat olmadan qalib gələ bilməzlər, onlara isə bunu yaratmağa opportunist–rəhbərlər mane olurlar. Bolşeviklərin öz vəzifələrinə uyğun rəhbərliyi var idi, bunun sayəsində 1917–ci ilin oktyabrı (və ya noyabrı) mümkün oldu. Amma hətta belə partiyanı yaratmaq mümkün olsa da, onu zəhmətkeşlərdən oğurlayırlar: inqilabçıların yerinə bürokratlar, satqınlar, reformistlər gəlirlər.

İşçi sinfinin siyasi tarixi, təbii ki, az xəyanət tanımır. Məhz buna görə də opportunizm, xəyanət, rəhbərliyin öz vəzifələri ilə uyğunsuzluğu mövzusu trotskist fikir tərəfindən mütləq incəliklərinə qədər öyrənilmişdir. Amma qeyri – iradi olaraq belə bir sual yaranır ki, nə üçün xəyanət bu qədər təkrarlanmaqla qalmayaraq, həm də bu qədər effektiv olur. İnqilabçılar həmişə məğlubiyyətə uğrayırlar, opportunistlər isə qələbə çalırlar. Bu arada 1917–ci ildə Petroqradda hər şey tam əksinə oldu. Burada məsələ, təbii ki, sadəcə olaraq Lenin və Trotskinin görkəmli keyfiyyətlərində deyildi. İşçi hərəkatında inqilabi və reformist, opportunist və radikal axınların qarşılıqlı əlaqəsi sinfin sosial inkişaf trayektoriyasından, dəyişən iqtisadi şəraitdən və siyasi institutlardan ayrılmazdır. Başqa sözlə, vacib olan kimin və nə vaxt işçi sinfinə xəyanət etdiyi deyil, işçi hərəkatının daxili dialektikasını başa düşməyə çalışmaqdır. Tez–tez inqilabi şüarlar altında zəhmətkeşlərin uğurları kütlələri daha az radikal edir. Və ya əksinə, nisbətən rifah dövrlərində radikallığı itirərək, işçi hərəkatı zəifləyərək, burjuaziyanın asan qurbanına çevrilir.  Hansı ki, öz növbəsində əvvəllər əldə edilmiş haqları işçilərdən alaraq, yenidən inqilabi əhval – ruhiyyəni gücləndirir.

Trotskist ənənə nöqteyi–nəzərindən, qələbə üçün inqilabi mübarizənin tələblərinə uyğun olan rəhbərlik zəruridir. Onu formalaşdırmaq lazımdır. Kadrların hazırlanması, marksist təhsil, yığılmış təcrübənin dərk edilməsi məsələləri buradan doğur.

Trotskist təşkilatların sıralarından bir çox marksist və sol mütəfəkkirlər çıxmışlar. Amma çox az hissə IV İnternasionalın varisləri kimi çıxış edən siyasi təşkilatlarla əlaqələri qoyurub saxlamışlar. İnqilabi mübarizəyə və xüsusilə rus inqilabına maraq bu müəlliflərin çoxu üçün xarakterik idi. Və ilk növbədə bizə Trotskinin üç cildlik bioqrafiyasını və Sovet İttifaqının taleyinə həsr edilmiş – “Başa çatmamış inqilab” əsərini qoymuş Ayzek (İsaak) Doyçeri xatırlamaq lazımdır. Bu əsərlər 1960–cı illərdə Qərbdə sözsüz klassikaya çevrilmişdilər, onlara həm tarixçi–marksistlər, həm də liberal sovetoloqlar müraciət edirdilər. Onları təqlid edirdilər, bəzən isə uğursuz şəkildə.

Trotskizm haqqında danışanda, “permanent inqilab” haqqında tezisi qeyd etməmək olmaz. Əslində, məhz Stalin və onun ətrafı “permanent inqilabı” trotskizmin əsas ideyası bəyan etdilər. Bir çox trotskist kitab tapmaq olar ki, orada bu ideya xüsusi rol oynamır, həm də Trotskinin özündə də o, həmişə mərkəzi mövqe tutmur. Amma 1920–ci illərin əvvəllərində partiyadaxili mübarizə kontekstində “permanent inqilab” məsələsinin nə üçün həlledici əhəmiyyət qazandığını asanlıqla başa düşmək olar. Stalinist siyasi savad ədəbiyyatında “permanent inqilabın” tamamilə gülünc təsviri yer alır ki, sonralar sakitcə liberal publisistlərin əsərlərinə keçilir, sübut etməyə çalışılır ki, guya Trotski Rusiya və onun xalqında dünya inqilabını alovlandırmaq materialından başqa heç nə görmür. Əgər belə bir baxış bolşevist partiyasında var idisə, o Trotskidə deyil, N.İ. Buxarinin rəhbəri olduğu 1918–ci il “sol kommunistlərində” var idi. Həm də Buxarinin müvafiq mülahizələri daha çox polemikada hirsləndikdə, Lenin və Trotskinin qızğın mübahisələri əsnasında deyilmişdi.

Bu arada Trotski ona aid edilənə tamamilə əks olanı nəzərdə tuturdu. Onu dünya inqilabının alovlandırılması deyil, tək qalmış rus inqilabının sağ qala bilməsi və qələbə çala bilməsi maraqlandırırdı. Onun gəldiyi nəticə təsəlli edici deyildi. Sosializm dünya sistemi kimi mümkündür, ona görə də əgər iqtisadi quruluş dəyişməsə, təcrid olunmuş inqilab tez və ya gec məhv olacaq və nəsli kəsiləcək.

Tamamilə aydındır ki, sağ qalması üçün Rusiyada kommunist rejim bütün dünyada işçi hərəkatını, inqilabi qüvvələri dəstəkləməlidir. Əgər bu mübarizə məğlubiyyətlə nəticələnərsə, o zaman SSRİ–də sosializmin tam və son zəfərindən söhbət gedə bilməz.

Demək lazımdır ki, əvvəlki tarixdə – 1960–cı illərdə dünya inqilabı prosesində və ya dünya sosialist sistemi haqqında söhbətlər başladıqda sovet ictimai elmi açıq şəkildə Trotskidən qaynaqlanan bir sıra ideyalar qəbul etdi. Başqa məsələdir ki, bu ideyalar sovet ictimai fikrinə kontrabanda (ilkin mənbəyə istinad olmadan) yolu ilə və əlbəttə ki, təhrif olunmuş şəkildə keçirdi. Beləliklə, sovet hərbi – siyasi bloku üzərində qurulmuş “dünya sosialist sistemi” tamamilə sosialist əsaslarda dünyanın real olaraq dəyişdirilməsini əvəz edə bilmədi.

Əvvəllər Trotskinin sosializmin bir ölkədə mümkünsüzlüyü tezisini təsdiq olunmuş fakt hesab etmək olar. Sovet respublikası, əvvəlcə onun dediyi bürokratik degenerasiyanı yaşadı, sonra isə kapitalizmin bərpası baş verdi.

         Lukaç

  Macar filosof Dyerd (Georq) Lukaçın adı (1885 – 1971) Trotski və Qramşiyə nisbətən daha az məşhurdur, amma onun qərb marksizminə təsiri kifayət qədər böyükdür. XX əsrin birinci yarısının digər müəlliflərindən fərqli olaraq, o davamlı məktəb yarada bilmədi. Gənclik illərində Karl Korş ona yaxın idi, həyatının son illərində onun bir pleyada tələbələri yarandı ki, onun ölümündən sonra yalnız onun ideyalarından deyil, həm də marksizmdən imtina etdilər.

1956–cı ildə Macarıstanda kommunist–reformatorlar qısa müddətə hakimiyyətə gələndə Lukaçı xatırladılar. O, İmre Nadya hökumətində mədəniyyət naziri idi. Sovet orduları Budapeştə daxil olduqdan və Nadya hökumətini dağıtdıqdan sonra repressiyalar başladı. Amma Lukaça dəymirdilər. O, Budapeştdə işləməyə davam edirdi, halbuki Qərbi Avropada onun əsərlərinə heyran olan bir çox insanlar üçün Lukaçın adı ayrılmaz şəkildə 1920 – ci illərlə bağlıdır.

Yenə də macar filosofun ideya təsirini sol ictimai fikrinin, xüsusilə də – incəsənət sferasının bir çox nümayəndələrində görmək olar. Bu, qismən onunla izah olunur ki, uzun ömür yaşamış və Macarıstanda stalinist senzura şəraitində çox illər çalışmış Lukaç diqqətini siyasi deyil, daha çox mədəni və estetik məsələlərə yönəltməyə məcbur idi. SSRİ–də emiqrasiyada olarkən, macar mütəfəkkir tanınmış sovet estetiki və filosofu Mixail Lifşitslə yaxın oldu və şübhəsiz ki, onun yaradıcılığına təsir göstərdi. Lukaçdan fərqli olaraq, Lifşitsin tələbələrlə daha çox bəxti gətirdi ki, bunu yenidənqurmadan sonrakı Rusiyada Lukaçın erkən əsərlərinə artan maraq izah edir.

Qərb marksizminin inkişafı üçün Lukaçın iki erkən əsəri – açıq şəkildə siyasi əsərləri vacibdir. Onlardan biri “Lenin: onun ideyalarının qarşılıqlı əlaqəsinə dair oçerk”, digəri isə – “Tarix və sinfi təfəkkür” əsəridir. Lukaç üçün mərkəzi məsələ məhz şəxsiyyətin deyil, sinfin, partiyanın, kollektivin təfəkkürüdür. Lukaç Lenin haqqında yazdıqda belə, onu həmçinin 1917–ci ildə Xalq Komissarları Sovetinin rəhbəri olmuş insan deyil, məhz daxili və macar mütəfəkkirin fikrincə, möhkəm məntiqə malik ideyaları maraqlandırırdı.

Başqa sözlərlə, cəmiyyətin inkişafı – hər şeydən əvvəl siniflərin mübarizəsi tarixidir, bu halda Lukaç “Kommunist Manifest”inə əsaslanır, amma siniflərin mübarizəsi onun üçün, ilk növbədə, proletariatın özünüdərkə gedən yoludur. Yəni, digər siniflərlə mübarizə vasitəsilə proletariat özünü tanıyır.

Demək lazımdır ki, gəncliyində Lukaç xristianlıqla maraqlanırdı ki, bu, onda təbii şəkildə kommunizmlə çuğlaşırdı. Məhz belə, hələ də dindar, amma inqilabın zəruriliyində əmin şəkildə o, Tomas Mannın “Sehrli dağ” əsərindəki Nafta adı altında qarşımızda dayanır. Bu qəhrəman haqqında Tomas Mann yazır ki, guya o, Günəşin Yer ətrafında fırlandığını bizə sübut edə bilər. Həqiqətən də, Lukaçın nə deməsindən asılı olmayaraq, o qüsursuz olaraq məntiqidir.

Beləliklə, proletariat özünü dərk edir. Özünü dərk etdiyi anda inqilab baş verir. Bu zaman proletariat dünyaya sahib olmağa hazırdır. Burada Hegelin mütləq ideyasının təsirini görmək çətin deyil. Lukaçı proletariatın taleyi sosioloji nöqteyi–nəzərdən maraqlandırmır. Onun üçün, özünü tarixin subyekti kimi dərk edən və dəyişdirən proletariat maraqlıdır. Yeri gəlmişkən, məhz özünü dərk vasitəsilə macar filosofu proletariat diktaturası anlayışını interpretasiya edir, hansı ki, onun fikrincə, yalnız inqilabın düşmənlərinə deyil, həm də müəyyən mənada özünə qarşı yönəlib.

Köhnə cəmiyyətdə zəhmətkeşləri intizam və qaydaya istismarçı siniflər məcbur edirdilər. İndi, burjua və mülkədarların məğlub edildiyi halda, intizam hələ də zəruridir. Amma proletariat özünü məcbur etməlidir. Sinfin– partiya vasitəsilə ifadə olunmuş – kollektiv iradəsi öz davranışını yönəltməlidir.

Şekspirdə deyildiyi kimi, hər birimiz – bağçayıq və iradə orada bağbandır…

Lukaçın sinfi təfəkkürü təəccüblü şəkildə doktor Freydin “Super – Eqo”su ilə oxşardır. Yalnız fərdi psixika səviyyəsində deyil, bütöv sinif miqyasında. Bu marksist “Super – Eqo” repressiv, amma zəruridir, çünki onun qadağaları və məcburetmələri vasitəsilə yeni sivilizasiyanın qaydaları formalaşır, yaradıcı enerji yaranır və – köhnə dünyanın dağıdılmasına deyil, yenisinin yaradılmasına yönəldilir.

Özünüdərk vasitəsilə təşkilatlanma. Bir çox marksistlər artıq 1920–ci illərdə bəyan etdilər ki, bütün bunlar şübhəli şəkildə hegelsayağı idealizmi xatırladır. Amma onun qaldırdığı məsələlərdən, kollektiv refleksiya, sosial özünü təhlil mövzusunu başdan etmək olmazdı.

           Qramşi

  Əgər Lukaçın ideyaları əsasən sol intellektuallar arasında müzakirə edilirdisə, Antonio Qramşinin baxışları İtaliyanın Kommunist Partiyasının rəsmi doktrinasına çevrildi. Amma onun təsiri yalnız bir partiya və ya ölkə ilə məhdudlaşmır. 1970–ci illərdə – Qramşinin ölümündən onilliklər keçdikdən sonra – onun adı Qərbdə sol siyasi fikir üçün əhəmiyyət kəsb etməyə başladı.

Gəncliyində Qramşi birbaşa demokratiya və istehsal özünü idarəetməsi ideyaları ilə maraqlanırdı, amma gələcək nəsildə onun ölümündən sonra dərc edilmiş “Həbsxana dəftərləri” daha çox maraq doğurdu.  Qramşinin mətni bəzən tamamlanmamış, müxtəlif mövzulara həsr olunmuş qeydlər sırasıdır. Amma sonrakı oxucular üçün, demokratiyaya, vətəndaş cəmiyyətinə, siyasi partiya və cəmiyyət arasındakı nisbətə, siyasət və mədəniyyətə dair hissələr daha vacibdirlər. Klassik marksizmin “üstquruma” aid etdiyi hər şey Qramşinin həddən artıq maraqlandırırdı.

Həbsxanada onun siyasi prosesin orijinal nəzəriyyəsi yaranır.

Faşist həbsxanasında ikən, Qramşi qərb demokratiyasının marksist konsepsiyasını işləyib hazırlamağa, onun institutlarının mahiyyətini dərk etməyə səy göstərirdi. Sinfi təhlildən imtina etməyərək, o, sadəcə olaraq bunun – burjua demokratiyası olduğunu müəyyən etməklə qane olmurdu. Onun üçün, bu demokratiyanın necə fəaliyyət göstərdiyini, bu institutların nə üçün zəhmətkeşlər kütləsi tərəfindən qəbul edildiyini, demokratik sistemdə – burjua intizamına prinsipial müxalifliyi qoruyaraq, amma eyni zamanda onun qaydalarına riayət edərək inqilabçıların necə mübarizə aparmasını başa düşmək vacib idi.

Bu əsasda siyasi strategiyanı işləyib–hazırlamaq zəruridir.

Beləliklə, italyan kommunistlərinin lideri Qramşi faşist həbsxanasında oturub, öz yoldaşlarından ayrı düşüb, amma eyni zamanda Stalin təmizləmələrini, 1937– ci il hadisələrini, Trotskinin mühacirətini və “köhnə bolşeviklərə” divan tutulmasını təqdir və vəya tənqid etməkdən azad edilib. Vaxtaşırı o, azadlığa məktublar göndərir ki, bu məktubları onun dostu və partiya rəhbəri Palmiro Tolyatti müəyyən vaxta qədər gizlədir. Axı əgər məktublar işıq üzü görsə idi, müəllifi Kommunist İnternasionalın əsas xəttindən yayınmaqda ittiham edə bilərdilər.

Görünür ki, həbsxana demokratiya haqqında düşünmək üçün ən uyğun yerdir. Güman ki, Qramşinin bu mənada bəxti gətirib: onun boş vaxtı çox idi, kifayət qədər normal kitabxanası var idi. Doğrudur, o öz yazılarını tam qaydasında saxlaya bilmirdi, çünki onun, nə yazdığını izləyən senzorları var idi. Əgər Qramşi mussolini deyil, stalin həbsxanasında düşsəydi, 1937–ci ilin repressiv dəyirmanına düşmüş bir çox alman emiqrantları–antifaşistləri kimi, biz, yəqin ki, “Həbsxana dəftərləri”ni əldə etməzdik.

Beləliklə, 1990–cı illərdə müəyyən oldu ki, Buxarinin həbsxana yazıları məhv edilməmişdi və müasir oxucuya gəlib çatmışdır.

Amma 1950–ci illərdə, Stalinin ölümündən sonra, Qramşinin mətnləri nəşr edildi, onun ideyaları isə İtaliyada kommunistlərin partiya doktrinası elan edildi. Onları öyrənirdilər, hər dəfə partiya siyasətindən bu və ya digər dəyişikliyi başa çatdırmaq üçün onlara istinad edirdilər. Vətəndaş cəmiyyəti mövzusu həddən artıq dəbdə idi. Həm də maraqlıdır ki, o, marksist mühitdə məhz Qramşinin nəzəriyyələri ilə əlaqədə müzakirə edilirdi, halbuki liberal ədəbiyyatda vətəndaş cəmiyyəti problematikası tamamilə unudulmuşdu. Amma 1990–cı illərin sonunda vəziyyət kəskin şəkildə dəyişdi və “vətəndaş cəmiyyəti” söz birləşməsi intellektual və siyasətçilər, liberal alicənab dəsti üçün mütləq hissəyə çevrildi. Bu zaman, təbii ki, Qramşinin ideyalarından XVIII əsrin ənənəvi maarifçi təsəvvürlərə, vətəndaş cəmiyyətinin ideallaşdırılmasına, istənilən tənqiddən imtinaya doğru qayıdış baş verdi.

Maraqlıdır ki, yeni liberal dəyər kimi “vətəndaş cəmiyyətinin” təbliğatında həlledici rolu məhz sabir marksistlər oynadılar, hansıları ki, Qramşinin ideyalarını yaxşı tanıyırdılar, amma onların antiburjua məzmununu unutmağa çalışırdılar.

Tərcümə: Ləman Orucova              (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10743