abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitskiy – Korlanmış saat

Şərh

Çox  əvvəllər bəzi insanlar ifrat solların  siyasi mövqeyini  həmişə eyni vaxtı göstərən korlanmış saatla müqayisə edirdilər. Bu fikri  şərh edən Pavel Kudyukin isə qeyd etdi ki, korlanmış saat gündə iki dəfə yalnız  dəqiqi vaxtı deyil, hətta astronomik dəqiq vaxtı  göstərir. İşləyən saatlar isə heç vaxt zamanı belə dəqiq göstərmir – onlar dəqiq zamanı ya irəliləyirlər, ya da ondan  geri qalırlar.

Bədbəxtlik  ondadır ki, Rusiyada radikal sol  məhz öz ideoloji saatında əqrəbin göstərişinə etibar etmək zamanı gəldikdə saat əqrəblərini fırlatmağa başlayır. Sabitlik, tarazlıq və siyasi stabillik dövründə onlar inqilab haqqında qışqırırdılar, hakimiyyəti dəyişdirməyə, kütlələri mübarizəyə qaldırmağa və seçkiləri boykot etməyə çağırırdılar. Onlar  üzərində sovet professorlarının kitablarında yazılmış inqilabçı sinif kimi aparmağa çağıran mətnlər çap edilmiş əzik vərəqləri alayuxulu zavod işçilərinin əllərinə  verərək onları qorxudurdular. Bohema intellektuallarının yığıncaqlarında antikapitalist şüarlar qışqırırdılar və jurnallarda sistemin devrilməsinə çağırışlar dərc edirdilər. Və nəhayət,  ictimaiyyət ayağa  qalxdı, on minlərlə insan küçəyə çıxdı və siyasət sakinləri narahat etməyə başladı. Məhz bu anda da bizim qəhrəmanlarımız gözlənilmədən mülayimliyin və kompromisin tərəfdarlarına  çevrilirlər.

Belə ideoloji çevriliş yalnız ilk baxışda qəribə görünür, işdə isə o cəmiyyətdəki dəyişiklikləri əks etdirir. Dünən real siyasi vəziyyətə heç bir təsir göstərməyəcəyinə əmin olmadan istənilən bəyanatları  etmək mümkün idi. Bu gün bizim qəhrəmanlarımız dərk edirlər ki, uşaq oyunlarının vaxtı bitib və artıq böyüklər kimi hərəkət etmək lazımdır. Amma həqiqətən də böyük olmaq üçün oyuncaqlardan imtina etmək kifayət  deyil. Siyasətə ciddi münasibət sözlərinin və hərəkətlərinin məsuliyyətini dərk etmək, vəziyyətin düzgün analizi və öz sosial bazası ilə sistematik iş üçün hərəkət  proqramının düzənlənməsi deməkdir. Dərk etmək lazımdır ki,  birdəfəlik gözəl qərarlar ola bilməz, ələ düşən ilk imkandan istifadə etmək nəinki faydasız, hətta təhlükəli ola bilər, prinsipiallıq və ardıcıllıq isə yalnız radikal gənc mühitdə deyil, ciddi siyasətdə də qiymətlidir.

Belə  halda  məhz siyasətlə təyin edilmək lazımdır. İdeoloji bəyannamələrin arxasınca konkret siyasi qərarlar qəbul edilmirsə, onlar  heç bir dəyərə malik deyil. Əgər seçki, prioritet və məcmu siyasi kurs üçün bütün digər konkret vəziyyətlərdə müəyyənlik və birlik yoxdursa, ümumi ideyaları müzakirə etmək və qısa fikirlər üzrə razılığa gəlmək  mənasızdır.

Artıq böyümüş radikal yeniyetmələr əvvəllər uşaqcasına və məsuliyyətsizcəsinə inqilab oyunu oynadıqları kimi indi də siyasi praqmatizm oynamağa başlayırlar. Keçmiş duma seçkisi və qarşıdakı prezident seçkiləri müxtəlif radikallara öz praqmatizmini və böyüdüklərini sübut etmək üçün çoxsaylı imkanlarverdi. Rəsmi siyasi partiyalar və onların namizədləri cəmiyyətdə nüfuzunu sürətlə itirərkən və küçə mitinqlərinin liderləri ictimaiyyət tərəfindən sevilməyə və maraq oyatmağa başlayarkən onlardan bəziləri birdən təkcə parlamentarizmə qarşı deyil, həm də Rusiya parlamentinin həqiqi olmadığı və müxalifət liderlərinin administrasiya tərəfindən təyin edildiyi barədə səsləndirdikləri fikirləri unudaraq duma siyasətçilərinin qucağına atılırlar. Bizim qəhrəmanlarımız fikirləşmirlər ki, ölkədə başlanan siyasi islahat köhnə Dumanın partiyaları və siyasətçiləri, saxtalaşdırılmış seçkilərdən sonra öz mandatlığını rədd edən kreml “müxalifətçiləri” üçün ölüm hökmü deməkdir.

Rəsmi siyasətçilərin reputasiya itirmək təhlükəsi gözlənilmədən onları dünən görmək belə istəmədikləri “qeyri-rəsmilərlə” dialoqa  maraq oyadır. Tərəflər bir-birinin qucağına atılır. Problem yalnız ondadır ki, “ağıllanmış” radikallar arasında siyasi elitanın nümayəndələrindən kimi özünə himayəçi seçmək barəsində ümumi fikir yoxdur. Məşhur anarxist publisist Dmitri Jvaniya internet səhifələrini “Ədalətli Rusiya” rəhbəri Serqey Mironovla əməkdaşlığa çağırışlarla doldurduğu zaman, Sol Cəbhənin lideri Serqey Udaltsov Genadi Zyuqanov və Rusiya Federasiyasının Kommunist Partiyasıyla əməkdaşlıq haqqında razılaşma imzalayır, həm də elə tələsir ki, hətta təşkilatda üzvlər arasında yeni mövqelərini razılaşdırmağa imkan tapmır. Hər belə çıxış qalmaqalla müşayiət olunur.

Xırda radikallar kim daha yaxşı şərtlər təklif edəcək deyə iki müxalifət namizədinin arasında qaçırlar,  uğursuzluğa düçar olanlar isə ümumi razılaşmanı və əxlaq normalarının yox olmasını lənətləyərək  bulanıq gözlərini yenidən hərəkətsiz saat əqrəblərinə zilləyib gözləyirlər. Hər kəs öz çəkisini artırmaq üçün  hamıyla birləşməyə hazırdır, yalnız bu çəkiylə biz nə edəcəyik?

Nüfuzlu himayəçi axtarışı – bəzi qızlar ( bu “seksist” fikrə görə məni bağışlayın) üçün xarakterikdir,  siyasi lider və ya vaiz rolunda çıxış etməyə çalışan insanlara yaraşacaq hərəkət deyil. Həyat çətindir və tez-tez bizi məcbur edir ki, öz mahnılarımızı boğazımıza basıb, başqa bərabər şəraitdə uzaq durmağı üstün tutduğumuz insanlarla qarşılıqlı anlaşmalar axtaraq. Amma bir var şəxsi problemlər, bir də var  ictimai siyasi mövqelər. Burada biz yalnız özümüzə cavabdeh deyilik, həm də bizə qulaq asan, etibar edən, arxamızca gələn insanlara görə də cavabdehik.

Strateji düşüncə perspektivlər, gələcək uğur, uzunmüddətli hədəflərin reallaşdırılması üçün taktikiimkanları qurban verməyi nəzərdə tutur. Əgər Lenin 1914 və ya 1917-ci illərdə himayədar axtarışlarında elitanın müxtəlif qrupları arasına atılsaydı, öz mövqelərini dəyişdirsəydi, ictimai əhval-ruhiyyənin növbəti dalğasına yazılmağa çalışsaydı, hal-hazırda tamaşaçının nə xoşuna gəlməsindən asılı olaraq  kimlə gəldi birləşərdi, təki təşkilat üzvlərinin sayı beş nəfər də artıq olsun, gah “müdafiəçi”, gah da “məğlubiyyət” tərəfdarına çevrilərdi və onda yəqin ki, başqa adam rus inqilabına rəhbərlik edərdi. Yeri gəlmişkən, o vaxtlar da atılanlar, razılaşanlar və ictimai rəyi nəzərə alanlar çox idi. Amma Lenindən fərqli olaraq biz onların adlarını xatırlamırıq.

Bəli, güzəştə getmək qabiliyyəti – siyasət sənətinin bir hissəsidir. Güzəştləri etmək bacarığı – öz hərəkərinə cavab verən insan üçün ləyaqətli xüsusiyyətdir. Bəli, vaxtilə Qriqoriy Vodolazovun qeyd etdiyi kimi, taktiki yol taktiki ziqzaqlardan formalaşır. Amma bütün bunlar yalnız o vaxt keçərlidir ki, qarşıdakı perspektivlər aydın görünür və biz hər  addımda qarşımızda sual qoyuruq ki, bu yol bizi hara aparmalıdır və hara gətirib çıxara bilər. Biz  səhv edirik, özümüzü düzəldirik… amma irəli gedirik.

Və ya yerimizdə sayırıq? Elə əsas sual da bundan  ibarətdir.

Gənc radikallar son məqsədlərə çağırışlarına baxmayaraq, əslində, hamısı Eduard Bernşteynin  prinsiplərini təbliğ edir: “Hədəf əsas deyil, hərəkət – ən vacibidir!”. Onlar hədəfə yaxınlaşmları və ya ondan uzaqlaşmaları bu qədər mi əhəmiyyətlidir? Bu gün bağlanmış sazişdən qazanılan uğur sabah siyasi kapital olacaqmı, yoxsa əksinə  onları lazımsız, həmçinin də mənəvi problemlərlə yükləyəcək?! Bu heç kimi narahat etmir, çünki heç kim belə kateqoriyalarda düşünmür. Onlar böyük hədəflərdən imtina etmirlər, onlar sadəcə başqa məntiqə görə yaşayırlar…

İdeallar və prinsiplər – öz-özlüyündə, günahkar reallıq isə öz-özlüyündə. Ona görə də əgər inqilab yoxdursa, onda prinsipiallığa və ardıcıllığa da ehtiyac yoxdur. Realizm prinsipsizliklə həqiqi olur, həm də mənasızın prinsipsizliyi ilə, çünki, heç bir taktiki güzəşt hər hansı strateji perspektivlə bağlı deyil. Onun mövcud olmaması azmış kimi, hətta onun niyə lazım olması belə dərk olunmur. Real həyatda belə idealistlər ilk növbədə öz ümumi prinsipsizliyi ilə, ideoloji doqmatizmi üstələyən  sərhədsiz təşkilati opportunizmi ilə təhlükəlidir.

İnqilabi proqram heç də utopiya deyil, o reallaşa  bilər ( və dəfələrlə də reallaşıb). Amma heç bir inqilabi  proqram heç yerdə və heç vaxt tamamilə, eyni zamanda və dərhal reallaşa bilməz. Onun reallaşması görülən tədbirlər və atılan addımlar seriyası vasitəsilə mümkün olur, hansılardan ki, hər biri labüdən kifayət etməyən və “ardıcıl olmayan” olur ki, öz növbəsində yeni, daha çox ardıcıl və radikal tədbirlərə  səbəb olur. İnqilabın inkişafı məhz bundan ibarətdir.

            “Hər şey ya da heç nə” prinsipi ona çevrilir ki, bizim qəhrəmanlarımız hər anda “heç nə” seçirlər, başqa sözlə, öz  inqilabçı ritorikalarına ürəkdən inanaraq, əks-inqilabi mövqe seçərək hərəkata mane olurlar.

İnsanlar inqilabı bütün həyatı boyu gözləyirlər, amma həmin an çatanda onu “tanımırlar” və həmin anın yetişdiyini bilə bilmirlər, çünki inqilab haqqında onların təsəvvürləri absurddur və kasıbdır. Buna görə də  real inqilab onlar üçün təkcə sürpriz (bu və ya digər halda inqilablar həmişə gözlənilməz olub) olmur, həm də onlarda çaşqınlığa, qıcıqlanmaya, ittihama səbəb olur. Onlar özlərinə və başqalarına problemin onlarda olmadığını, baş verən proseslərdə olduğunu, əslində inqilabın olmadığını sübut edərək hadisələrə qeyri-adekvat qərarlarla  və hərəkətlərlə reaksiya verirlər. Haradasa onlar da haqlıdır. Axı inqilab heç vaxt onların özlüyündə fikirləşdikləri kimi  olmayacaq.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:8979