abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Etirazlar: Kim hazırdı,kim yox?..

Şərh

Taksi sürücülərinin və evsiz qalanların etirazları – sinfi mübarizənin növbəti epizodudur. Nə birincidir, nə sonuncudur.

Bu, vaxtilə Frans Fanonun və Markuzenin inqilabların avanqardı saydıqları lümpen-proletariatın Cek Londonun yazdığı “Dəmir Daban”la toqquşmasıdır. Bu, vətəndaşlıqdan çıxarılmış məzlumların işğalçı psixologiyası ilə ölkəni yönəldən iqtidarla savaşıdır. Özlərinə özləri iş yerləri açmış, indi onları itirən hüquqsuzların oliqarxiya ilə dirənişidir. Qulların və plebeylərin özlərini elita sayan anti-elitaya etirazıdır. Və az qalsın Qodarın ardınca səslənmək istəyirsən: “Fransızlar, bir az da səy və siz… inqilabçısız”.

Cəmisi bir neçə ay ərzində bu xaotik xalq çıxışlarını biz Sabirabadda, Sulutəpədə, Lənkəranın Nərimankəndində gördük. Hakimiyyətə lazımsızlaşmış, kapital və izafi dəyər yaratmayan, bir ballast sayılan yüz minlərin qəzəbini mülkiyyət hüququ tapdanmış, şəxsiyyətləri alçaldılmış bəndələr prezident sarayının, məhkəmələrin, meriya binasının… qarşısında davam etdirirlər. Problemlər qar topası kimi artmaqda davam etdiyindən, miqdar da, miqyas da, müntəzəmlik də yalnız artıma doğru gedəcək.

İllər əvvəl verdiyim proqnozun tam şəkildə doğrulmağı qətiyyən məmnunluq yaratmır: İnsanlar o vaxt qalxacaq ki, itirilməsi mümkün olan, ancaq itirilməməli son sərvətlərini də itirəcək. Məmnunluq ona görə yoxdur ki, yenə də “Bir cüt çəkmə Şekspirdən dəyərli sayıldı”, məsələ bu qədər uzandı, əvvəldən bu günün gələcəyini topluma təbliğ edən qüvvə yetişmədi və hazırkı proseslərə xaotik, taktikasız, ideologiyasız, təşkilatsız qədəm qoyuldu. Halbuki bunlar çoxdan bəlli idi: mənzillər, həyətyanı sahələr və öz əlinlə qurduğun (dövlətin açdığı yox) iş yerlərinin itirilməsi son Qiyama səsləyəcək. Onlar isə itiriləcəkdi. Bu, periferiya kapitalizminin mahiyyət və doktrinasına tam uyğun ssenaridi idi ki, sonunda reallaşdırıldı.

Ancaq yox – qonşu sallaqxanaya aparılanda digərləri pəncərədən baxıb yaylıq yelləyirdi. Növbə gəlib çatdı. Bənəniyar hadisələrindən sonra isə eyni cəza ekspedisiyalarının totallaşacağına heç bir şübhə yeri qalmamalıydı.

Ancaq məsələnin başqa ağrılı tərəfi də var. Müxalif partiyaların başında duranlar dəfələrlə “Biz hazırıq, xalq hazır deyil” mesajını səsləndiriblər. Son aylarda baş verən xalq çıxışları bu mesajın nə qədər saxta olduğunu təsdiqləmirmi? Göstərmədimi – kim hazırdır, ancaq kim hazır deyil?! Xalq çıxışlarının başında olmağa iddialılar nəinki onların yanında deyil, heç quyruqda da sürünmürlər. Onların “Azad seçki” şüarına isə evini və son tikəsini itirənlər haqlı olaraq inanmır – diktaturada Azad seçki? Əlbəttə, yox. İkincisi, seçim yoxdur axı. Kimlə kimin arasında seçsinlər? Evi yıxılanlar, işi əlindən alınanlar seçimin yoxluğuna inamlarından səmimi və qətidirlər. Seçim yoxdur.

Var yaşamaq uğrunda mübarizələrində, spontan qiyamlarında yanlarında heç bir siyasi xadimi görməyən narazılar. Onlar üçün ənənə müxalifəti də hakimiyyət qədər eyni uzaqlıqdadır. Bunu Bənəniyar hadisələri də, Nərimankənd etirazları da, sürücülərin piketləri də təsdiqləmədimi? Söhbət verilən bəyanatlardan gedirsə, bu söz yığınını hər kəs yaza və yaya bilər – kağız hər şeyə dözür.

Nə olacaq? Uduza-uduza dirənən narazılar öz liderlərini yetişdirəcək. Onların arasında tamamilə naməlum soyadlar görəcəyik. Bu hərəkatların yeni maratları və yeni qavroşları olacaq. Bu, qaçılmazdır. Sadəcə, əsassız inamlarda itirilmiş illərə heyf…

 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7886