abunə ol: Yazılar | Şərhlər | Еmail

Cek London – Mənim üçün həyat nə deməkdir

Şərh

“İnqilab” külliyatından, ilk dəfə 1906-cı il mart ayında “Kosmopoliten meqezin” jurnalında dərc olunub

Mən işçi mühitdə doğulmuşam. Erkən yaşlarımda coşğunluğa, arzunun təsirinə bələd olmuşam, ideallara can atmağa başlamışam; və arzu olunan məqsədə çatmaq – mənim uşaqlıq ümidim idi. Məni kobudluq, qaranlıq, cahillik əhatə edirdi. Və mən ətrafa yox, daha çox yuxarıya baxırdım. Cəmiyyətdəki yerim ən dibdə idi. Burada həyat bədən və ruhun miskinliyi və eybəcərliyindən başda heç nə vermirdi və burada ruh eyni dərəcədə aclıq və əzablara məhkum idi.

Üzərimdə nəhəng cəmiyyət binası ucalırdı və mənə elə gəlirdi ki, mənim üçün çıxış yolu – yuxarıya qalxmaqdır. Mən bu yolu hələ uşaqlıqda getməyə qərar verdim. Orada, yuxarıda kişilər qara sürtuklar və nişastalanmış köynəklər, qadınlar isə gözəl libaslar geyirdilər. Orada dadlı yeməklər var idi və yemək kifayət qədər idi. Bunlar bədən üçündür. Amma orada həm də mənəvi sərvətlər var idi. Mən inanırdım ki, orada, yuxarıda tamahsızlığa, aydın və nəcib fikirlərə, qorxusuz və hər şeyi bilmək istəyən ağıla rast gələ bilərəm. Mən bunu ona görə bilirdim ki, bütün qəhrəmanların, zalım və fitnəçilər istisna olmaqla, gözəl düşündükləri və hiss etdikləri, ali dəyərləri söylədikləri və nəciblik və şücaətdə bir-birləri ilə yarışdıqları əyləncəli romanlar oxuyurdum. Qısaca desək, mən daha çox ondan şübhələnərdim ki, sabah günəş günəş yenidən səmada görünəcək, nəinki işıqlı dünyada mənim üzərimdə bütün pak, gözəl, nəcib şeylərin toplandığından – həyata haqq qazandıran və onu bəzəyən və əmək və məhrumiyyətlərə görə insanı mükafatlandıran hər şey.

Amma aşağıdan yuxarıya çıxmaq o qədər də asan deyil, xüsusilə də əgər sən xülyalarla yüklənmisənsə və ideallardan məhrum deyilsənsə. Mən Kaliforniyada rançoda yaşayırdım və şərait məni, yuxarıya dırmaşa biləcəyim pilləkəni axtarmağa təhrik edirdi. Mən, pul sərmayəsinin nə qədər gəlir gətirdiyini çox tez öyrənməyə çalışdım və bu gözəl insan ixtirasının – mürəkkəb faizlərin müsbət cəhətlərini və üstünlüklərini öyrənməyə çalışaraq öz uşaq beynimə əziyyət verirdim. Sonra mən, bütün yaşlarda işçilərin əmək haqlarının cari dərəcəsinin və onların yaşayış minimumunun nə qədər olduğunu öyrəndim. Toplanmış məlumatlar əsasında mən belə bir nəticəyə gəldim ki, əgər mən dərhal hərəkət etməyə başlasam və işləyib pul yığsam, əlli yaşımda işi ata və ictimai pilləkənin daha yüksək pilləsində mənim üçün əlçatan olacaq sərvət və sevinclərin dadını çıxara biləcəyəm. Özlüyündə aydındır ki, mən sərt şəkildə evlənməməyə qərar verdim və xəstəlikləri – zəhmətkeş insanın bu dəhşətli bəlasını tamamilə diqqətdən qaçırdım.

Amma içimdə qaynayan həyat xırda xəsisin mövcudluğundan daha artıq şey tələb edirdi. Həm də on yaşımda mən qəzet satıcısı oldum və mənim gələcəyə dair planlarım sürətlə dəyişməyə başladı. Ətrafımda həmin miskinlik və eybəcərlik mövcud idi, üzərimdə isə – həmin uzaq və cəlbedici cənnət; amma ona doğru başqa pilləkənlə – biznes pilləkəni ilə qalxmağa qərar verdim. Əgər mənim iki qəzeti beş sentə alıb, yerimdən tərpənmədən onları on sentə sataraq öz kapitalımı iki dəfə artırmaq imkanım varsa, nə üçün pul yığmalı və onları dövlət qiymətli kağızlarına yatırmalıyam? Mən qəti şəkildə biznes pilləkənini seçdim və artıq özümü tacirlərin keçəl və uğurlu kralı kimi təsəvvür edirdim.

Aldadıcı arzular! On altı yaşımda mən həqiqətən də “kral” titulu qazandım. Amma bu titul mənə, məni “istridyə dəniz quldurları” adlandıran başkəsənlər və oğrular tərəfindən verilmişdi. Bu zaman qədər mən artıq biznes pilləkəninin birinci pilləsinə qalxmışdım. Mən kapitalist idim. Gəmi və istridyə dəniz qulduru üçün zəruri olan tam təchizat sahibi idim. Mən öz yaxınlarımı istismar etməyə başladım. Bir insanın heyətində komandam var idi. Kapitan və gəmi sahibi kimi mən özümə gəlirin üçdə iki hissəsini götürürdüm, halbuki komanda da mənim kimi səylə işləyirdi, mən də həmçinin həyatımı və azadlığımı riskə atırdım.

Bu ilk pillə, mənim biznes pilləkənində çatdığım hədd oldu. Bir dəfə gecə çinli balıqçı qayıqlarına hücum etdim. Kəndir və torlar pula dəyərdilər, onlar dollar və sentlər idilər. Mən soyğun həyata keçirdim – razıyam; amma mənim hərəkətim kapitalizmin ruhuna tam şəkildə cavab verirdi. Kapitalist, süni şəkildə qiyməti aşağı salaraq, etibardan sui-istifadə edərək və ya senator və ali məhkəmə üzvlərini satın alaraq, öz yaxınlarının mülkiyyətini mənimsəyir. Mən isə daha qaba üsullardan istifadə etdim – bütün fərq bundan ibarət idi –revolveri işə salırdım.

Həmin gecə mənim komandam, kapitalistin bəzən şikayətləndiyi həmin maymaqların arasında idi, çünki onlar tamamilə hissi olaraq qeyri-istehsal xərclərini artırır və mənfəəti azaldırlar. Mənim komandam hər ikisində günahkar idi. Onun diqqətsizliyi səbəbindən qrot-maçtanın yelkəni alışdı və tamamilə yararsız hala düşdü. Mənfəət haqqında düşünməyə belə dəyməzdi, çinli balıqçılar isə bizim oğurlaya bilmədiyimiz torlar və kəndirlər şəkildən xalis gəlir əldə etdilər. Mən yeni yelkən üçün altmış beş dollar ödəmək iqtidarında olmayan müflisə çevrildim. Mən öz gəmimin lövbərini saldım və buxtada pirat qayığı ələ keçirərək, Sakramento çayı ilə yuxarıya basqına getdim. Səfər edərkən, buxtada olan başqa dəniz qulduru dəstəsi mənim gəmimi taladılar. Dəniz quldurları, lövbərlərdən tutma hər şeyi apardılar. Bir müddət sonra mən onun özülünü tapdım və onu iyirmi dollara satdım. Beləliklə, mən çıxdığım birinci pillədən aşağı yumalandım və artıq heç vaxt biznes pilləkəninə ayaq basmadım.

O dövrdən sonra digər kapitalistlər amansız şəkildə məni istismar edirdilər. Mənim güclü əzələlərim var idi və kapitalistlər onlardan pul çıxarırdılar, mən isə – çox cüzi dolanacaq alırdım. Mən matros, yükvuran fəhlə, səfil olmuşdum; konserv zavodunda, fabriklərdə, camaşırxanalarda işləyirdim; ot biçir, xalçaları çırpıb təmizləyir, pəncərələri yuyurdum. Və heç vaxt öz əməyimin nəticəsindən faydalanmırdım! Mən, konserv zavodu yiyəsinin qızının öz arabasında gəzdiyini görürdüm və düşünürdüm ki, mənim əzələlərim – müəyyən dərəcədə – ona şərab içmək və dostları ilə əylənmək imkanı verir.

Amma bu məni hiddətləndirmirdi. Mən hesab edirdim ki, oyunun qaydaları belədir. Onlar – gücdürlər. Çox gözəl, mən də zəiflərdən deyiləm. Mən onların sırasında yer alacağam və özgə əzələlərindən pul çıxaracağam. Mən işdən qorxmurdum. Ağır zəhməti sevirəm. Mən bütün qüvvəmi toplayacam, daha səylə işləyəcəyəm və son nəticədə cəmiyyətin dayaqlarından biri olacağam.

Məhz bu vaxt – axtaran tapar –eyni baxışların tərəfdarı olan sahibkarla tanış oldum. Mən işləmək istəyirdim, o isə, həm də daha çox, istəyirdi ki, mən işləyim. Mən düşünürdüm ki, yeni peşəyə yiyələnirəm – əslində isə sadəcə olaraq iki nəfərin yerinə çalışırdım. Mən düşünürdüm ki, mənim sahibim məndən elektrotexnik hazırlayır. Məsələ isə o idi ki, o, mənim hesabıma ayda əlli dollar qazanırdı. Əvəz etdiyim iki işçi hər ay adambaşına qırx dollar qazanırdılar. Mən onların işini ayda otuz dollara yerinə yetirirdim.

Mənim sahibim məni ölənə kimi işlədirdi. İstridyələri sevmək olar, amma həddən artıq yedikdə, onlara qarşı ikrah hissi yaranır. Məndə də elə alındı. Həddən artıq işləyərək, mən işimə nifrət etməyə başladım, onu görə bilmirdim. Və işdən qaçırdım. Mən səfil oldum, həyətləri gəzir və sədəqə dilənirdim, sonralar daxmalarda və həbsxanalarda qan-tər içində Birləşmiş Ştatları gəzib dolanırdım.

Mən işçi mühitdə doğulmuşdum və indi, on səkkiz yaşımda başladığım səviyyədən daha aşağıda dayanırdım. Mən cəmiyyətin zirzəmi qatında, yoxsulluğun cəhənnəm dərinliklərində özümü tapdım ki, bu barədə danışmaq xoşagəlməzdir, həm də danışmağa dəyməz. Mən ən dibdə, uçurumda, bəşəriyyətin qazılmış quyusunda, boğanaq sərdabədə, sivilizasiyamızın zibilliyində idim. Bu, bizim cəmiyyət binamızın elə dalanıdır ki, onu diqqətə almamağı üstün tuturlar. Yer çatışmazlığı məni bu barədə susmağa vadar edir və sadəcə deyə bilərəm ki, orada gördüklərim məni dəhşətə saldı.

Dəhşətə gələrək, mən düşünməyə başladım. Və bizim mürəkkəb sivilizasiyamız qarşımda öz çılpaq sadəliyi ilə peyda oldu. Bütün həyat qida və daldanacaq məsələsindən ibarət idi. Ev və qida tapmaq üçün hər kəs nəyisə satırdı. Tacir ayaqqabı, siyasətçi – öz vicdanını, xalq nümayəndəsi də – istisnasız, əlbəttə ki – xalqın etimadını satır; və demək olar ki hər kəs öz ləyaqətini satır. Qadınlar – həm əxlaqsız, həm də müqəddəs nigah bağları ilə bağlanmışlar – öz bədənlərini satmağa hazırdırlar. Hər şey əmtəə idi və hamı – alıcı və satıcı idilər. İşçi satış üçün yalnız bir əmtəə – öz əzələlərini təklif edə bilərdi. Bazarda onun şərəfinə tələbat yox idi. O, yalnız öz əzələlərinin gücünü sata bilərdi və satırdı.

Amma bu əmtəə əhəmiyyətli bir xüsusiyyəti ilə fərqlənirdi. Ayaqqabını, etimad və ləyaqəti yeniləmək olar. Onların ehtiyatı tükənməzdir. Əzələləri isə yeniləmək mümkün deyil. Ayaqqabı taciri öz əmtəəsini satdığı vaxt, onun ehtiyatını təmin edirdi. Amma işçi öz əzələ gücü ehtiyatını bərpa etmək imkanına malik deyildi. O nə qədər çox satırdısa, o qədər az qalırdı. O yalnız bu əmtəəyə sahib idi və gündən-günə onun ehtiyatı tükənirdi. Və elə bir gün gəlirdi ki – əgər işçi o günə qədər sağ qalırdısa – öz əmtəəsinin qalıqlarını satırdı və öz dükanını bağlayırdı. O müflisləşirdi və cəmiyyətin zirzəmi qatına enməkdən və acından ölməkdən başqa heç nə qalmırdı.

Sonra mən öyrəndim ki, insan beyni də həmçinin əmtəədir. Və bu əmtəənin həmçinin öz xüsusiyyətləri var. Beyin taciri əlli-altmış yaşında öz gücünün zirvəsini yaşayır və bu dövrdə onun ağlının məhsulları, əvvəl olduğundan daha qiymətli olur. İşçi isə qırx beş-əlli yaşlarında öz güc ehtiyatını tükətmiş olur.

Mən cəmiyyətin zirzəmi qatında idim və bu yeri yaşayış üçün yararsız hesab edirdim. Su kəmərləri və kanalizasiya anti-sanitar vəziyyətdə idi, nəfəs almaq olmurdu. Əgər mən beletajda yaşaya bilmirəmsə, heç olmasa çardağa çıxmağa səy göstərməyə dəyərdi. Doğrudur, orada da rasion kasaddır, amma hava təmizdir. Mən artıq əzələ gücümü satmamağa, öz ağlımın məhsulları ilə ticarətə qərar verdim.

O zaman biliklər ardınca dəlisov qaçış başladı. Mən Kaliforniyaya qayıtdım və kitab oxumağa başladım. Beyin taciri olmağa hazırlaşarkən, mən bilmədən sosiologiya sahəsi ilə daha çox maraqlanmağa başladım. Və burada, müəyyən istiqamətli kitablarda mən müstəqil şəkildə düşünüb tapdığım sadə sosioloji ideyaların elmi əsaslarını tapdım. Başqa və daha güclü beyinlər hələ mən olmamışdan əvvəl mənim düşündüyüm hər şeyi və mənim yuxuda belə görmədiyim bir çox şeyləri müəyyən etmişdilər. Mən başa düşdüm ki, mən sosialistəm.

Sosialistlər – müasir cəmiyyəti dağıtmağa səy göstərən inqilabçılardır ki, onun dağıntıları üzərində gələcəyin cəmiyyətini qursunlar. Mən də sosialist və inqilabçı idim. Mən inqilabçı işçilər və ziyalılar qrupuna daxil oldum və ilk dəfə olaraq əqli həyata qoşuldum. Onlar arasında bir çox parlaq, istedadlı, görkəmli insanlar var idi. Burada mən güclü və gümrah ruhlu, qabarlı əlləri olan işçi sinfi nümayəndələri ilə, xristianlıq təsəvvürləri mammona sitayiş edənlərin təsəvvürlərindən daha fərqli olan, yüksək mənsəbdən məhrum olmuş ruhanilərlə; hakim sinif qarşısında yaltaqlıq və alçalmanı təbliğ edə universitet administrasiyası ilə uyğunlaşa bilməmiş professorlarla – bilik sahibi olduğu və onu bəşəriyyətin faydası üçün istifadə etməyə çalışdığı üçün qovulmuş professorlarla tanış oldum.

İnqilabçılarda mən insana ali inam, ideallara alovlu sədaqət, təmənnasızlığın gətirdiyi fərəh, özünü qurbanvermə və fədakarlıq gördüm – bütün bunlar ruhu qanadlandırır və onu yeni qəhrəmanlıqlara yönəldir. Burada həyat pak, xeyirxah, canlı idi. Həyat ədalət üzərində qurulmuşdu və valehedici və möhtəşəm bir şeyə çevrilmişdi, yaşadığım üçün xoşbəxt idim. Ruh və cisimlərini dollar və sentlərdən yüksəkəyə qoyan atəşli ürəklərə sahib insanlarla ünsiyyətdə idim, o insanlar ki, onlar üçün ac uşağın fəryadı ticarət ekspansiyası və dünya hökmranlığının gətirdiyi gurultu və səs-küydən daha önəmli idi. Ətrafımda sadəcə xeyirxah istək və qəhrəmani niyyətlər görürdüm və günlərim günəşin şəfəqi, gecələrim isə ulduzların parıltısı ilə dolmuşdu, şeh qığılcımları və şöləsi ilə müqəddəs Qraal qarşımda idi – iztirab çəkən və istismar olunan, xilas edilən və əzablardan qurtulan bəşəriyyətin simvolu.

Mən isə, zavallı axmaq, fikirləşirdim ki, bunlar hamısı yalnız cəmiyyətin yuxarı təbəqələrində dada biləcəyim xoşbəxtliklərdir. Kaliforniyadakı rançoda əyləncəli romanlar oxuduğum vaxtlardan bəri az xülyalar puç olmayıb. Ancaq qarşıda məni hələ çox məyusluqlar gözləyirdi.
“Beyin ticarətində” uğur qazanırdım. Cəmiyyət baş qapılarını üzümə açmışdı. Birbaşa qonaq otağına düşdüm və tezliklə ən son xəyallarım da heç oldu. Bu cəmiyyətin sahibləri, onların xanımları və qızları ilə birgə yemək masası arxasında oturdum. Şəksiz, qadınlar gözəl geyinmişdilər, ancaq sadəlövh təəccübümə rəğmən, onların “zirzəmi mərtəbəsində” tanıdığım qadınlarla eyni xəmirdən oluğunu aşkar etdim. Sən demə, geyimdəki fərqliklərə baxmayaraq, “kübar xanım və Cudi O`Qredi qalan hər şeydə eynidilər”.

Lakin məni bu vəziyyətdən çox onların alçaq materializmi heyrətləndirdi. Düzdür, geyimli və gözəl qadınlar ürəyə xoş xırda ideallar və eyni dərəcədə xoş və xırda xeyriyyəçilər barədə məmnuniyyətlə söhbət edərlər, lakin onların uşaqcasına boş söhbətləri həyatlarının təməlini gizlədə bilmirdi – quru haqq-hesab. Onlar necə də öz eqoizmlərini sentimental yorğana bürüyürlər! Hər cür dayaz xeyirxahlıqlarla məşğul idilər, özü də həvəslə sizi də buna qatırdılar, digər tərəfdənsə, yedikləri yemək, geydikləri paltarlar, uşaq əməyinin, öz bədənləri ilə ticarət etməyə məcbur olan istismar əməyinin qanına bulanmış dividentlər hesabına alınırdı.
Nə vaxtsa bu barədə danışanda sadəlövhlüklə gözləyirdim ki, Cudi O`Qredinin bacıları o dəqiqə qanla ləkələnmış ipəkləri və dəyərli daşları əyinlərindən çıxardacaqlar, onlar inciyir və kinlə etiraz edirdilər ki, cəmiyyətin zirzəmi mərtəbəsindəki yoxsulluq israfçılıq, əyyaşlıq və anadangəlmə əxlaqsızlığın gətirdiyi fəsadlarıdır. Necə olur ki, israfçılıq, spirtli içkilərə meyl və əxlaqsızlıq yarımac 6 yaşlı uşağı gecə-gündüz 12 saat Cənub iplik fabrikində işləməyə vadar edir, bunun fərqinə vardığımı anlayanda həmsöhbətlərim şəxsi həyatımı ələ alaraq üstümə düşürdülər və məni “təşviqatçı” adlandırırlar, görünür fikirləşirdilər ki, belə tutarlı səbəb təkzibolunmazdır.

Sahiblərimin ətrafında da özümü elə də yaxşı hiss etmirdim. Mənən xeyirxah və nikbin idealları olan təmiz, nəcib və çalışqan insanlara rast gələcəyimi gözləyirdim.Yüksək vəzifədə olan insanların – siyasi xadimlər, xətiblər, sahibkarlar, alimlər və jurnalistlərin ətrafında firlanırdım. Onlarla yeyib-içir, gəzir və onları öyrənirdim. Əlbət, tanıdığım mənən təmiz və xeyirxah insanlar da az olmayıb, ancaq onlardan çoxu nadir hallarda həyat qabiliyyətli olurdular. Dərindən inanıram ki, bütün bu istisnaları barmaqlarımla saya bilərəm. Kimdəsə həyatı hiss edirdimsə, onda bu həyat istismar olunanların həyatı idi; əgər kimsə hər hansı bir fəaliyyətlə məşğul idisə, etdikləri əməllər mənfur olurdu; geridə qalanlar bastırılmamış ölülər idi – ləkələnməmiş və əzəmətli, yaxşı saxlanılmış mumiya kimi, ancaq cansız. Bu əsasən tanış olduğum professorlara aiddir – o insanlar ki, məntiqsiz akademik prinsipdən yapışırlar: “Ehtirassız bilik axtarışında ehtirasız ol”.

Sözdə sülhü müdafiə edən, əməldə isə tətil edən işçiləri öldürmək üçün xəfiyyələrə silah paylayan insanlar da tanıyırdım; o insanları ki, ağızları köpüklü boks döyüşlərindəki barbarlıqdan qışqır-bağır salır, özləri isə hər il uşaq ölümlərinə səbəb olan məhsulların saxtalaşdırılmasında təqsirli bilinirdilər.

Sənaye maqnatları ilə otellərdə, klublarda, malikanələrdə, vaqon kupelərində, paroxod kayutalarında söhbət edirdim və ehtiyaclarının kasıblığından heyrətə gəlirdim. Eyni zamanda biznes maraqları ilə hopdurulmuş şüurlarının necə də eybəcər inkişaf etdiyini görürdüm. Həm də anlayırdım ki, bizneslə bağlı olan hər şeydə onların mənəviyyatı sıfra bərabərdir.
Budur, nəcib centlmen aristokrat siması ilə özünü firmanın direktoru adlandırır – əməldə isə o kukladır, dul və yetimlərin soyulması ilə məşğul firmanın sözəbaxan vasitəçisi. Bu isə görkəmli incəsənət himayədarı, ədəbiyyata can yandıran, nadir nəşrlərin kolleksioneridir – onu irisifət heyvanabənzər jantaşçı- bələdiyyə idarəsi maşınının sahibi istədiyi kimi barmağında fırladır. Patent dərmanların reklamlarını çap etdirən, lakin reklam sifarişini itirməkdən qorxduğu üçün bu dərmanlar barədə gerçəkləri öz qazetində dərc etməyə cürəti çatmayan bu redaktor isə, onun siyasi iqtisad barədə bilikləri köhnəldiyini, biologiya sahəsində məlumatı isə Pliniy ilə eyni yaşda olduğunu dedikdə, məni demaqoq adlandırdı.

Senator – vasitəçi və qul, kobud və cahil sahibkarın aciz marionetidir: qubernator eynilə onun vəziyyətindədir, ali məhkəmənin üzvü də həmçinin. Onların üçü də dəmiryolundan pulsuz istifadə xidmətindən yararlanırlar.

Kommersant, ilahi ədalətdən və təmənnasızlıqdan mömin kimi mühakimələr irəli sürən biri – indicə vicdansızcasına öz şəriklərinə hiylə gəldi. Bu da əliaçıqlıqla missionerlərə kömək edən görkəmli xeyriyyəçi – öz qadın işçilərini gündə 10 saat işlədib əvəzinə qəpik-quruş ödəməklə onları fahişəliyə sövq edir.

Bu da ianələri sayəsində universitetdə yeni kafedraların açıldığı filantrop – daha çox dollar və sent cibinə yığmaq üçün məhkəmədə yalançı şahidlik edir. Dəmiryolu maqnatı isə əsl centlmen və xristian isə ölümcül rəqabətdə olan iki ən iri sənaye maqnatından birinə gizlicə endirim edəcəyinə söz verməklə, sözünü tutmadı.

Beləliklə, hər yer soyğun və hiylədir. İnsanlar çalışqandırlar – lakin çirkin və alçaqdırlar; və ya pak və xeyirxah olanlar – canlılar arasında ölüdürlər. Elə buradaca iri kütlə var – köməksiz və passiv, lakin mənən təmiz. Bu kütlə hesabsız və şüursuzca günaha girib, passivlik və cahilliyi üzündən hakim mənəviyyatsızlıqla barışır və ondan özünə xeyir götürür. Əgər o şüurlu və fəal olsaydı, cahil olmayacaqdı və soyğun və hiylə ilə əldə edilmiş mənfəətdə iştirak etməkdən imtina edərdi.
Təm-təraqlı otaqlarının olduğu beletajdakı həyatdan iyrənirdim. Zehnim darıxır, ürəyim sıxılırdı.Və mən dostlarımı xatırladım – ziyalıları, xəyalpərəstləri, yuxudan məhrum keşişləri, çölə atılmış professorları, vicdanlı və dərk edən işçiləri. Günəş və ulduzların parıltısı ilə iliyə işləmiş gecə və gündüzləri xatırladım, hələ onda həyat bizə qəlbi ucaldan möcüzə, qəhrəmanlıq və romantika ilə dolu ruh cənnəti kimi gəlirdi. Və bu an gözümün önünə əbədi şəfəq və atəşi ilə müqəddəs Qraal gəldi.

Mən işçi sinfinə geri döndüm, doğulduğum və məxsus olduğum mühitə. Artıq yuxarılara çıxmaq istəmirəm. Başımın üstündəki dəbdəbəli malikanələr məni artıq cəzb etmir. Burada ziyalı, xəyalpərəst və şüurlu işçilərlə əl-ələ, çiyin-çiyinə işləmək istəyirəm və buradan diqqətlə yuxarı mərtəbələrdə baş verənləri seyr edərək binanın durduğu təməli zəiflətmək istəyirəm. Gün gələcək, işimiz üçün yetəri qədər işçi əli olacaq və biz bütün çürüntüləri, bastırılmamış cəsədləri, azğın tamahkarlıq və kirli alverçilikləri ilə birgə binanı yerindən oynadacağıq. Sonra isə zirzəmiləri təmizləyib bəşəriyyət üçün yeni ev tikəcəyik, burada seçilmişlər üçün palatalar olmayacaq, otaqlar geniş və işıqlı olacaq, həyat dolu və təmiz hava ilə nəfəs almaq olacaq.
Gələcəyi belə görürəm. Önə baxıb inanıram  – vaxt gələcək, “mədədən” daha ali düşüncə, insan inkişafını yönəldəcək, mədəni doldurmaqdan daha yüksək stimul –bu günün stimulu isə məhz budur – insanı fəaliyyətə vadar edəcək.

Mən insanın aliliyi və nəcibliyinə olan inamımı qoruyuram.
Mən inanıram ki, ruhun qərəzsizliyi və paklığı hazırda hakim olan, hər şeyi yeyib-tükətən tamahkarlığa qalib gələcək.

Və nəhayət – mən işçi sinfinə inanıram. Bir fransızın dediyi kimi: “Zaman pilləkənlərini daima yuxarı qalxan taxta başmaqlar və aşağı düşən parıltılı çəkmələr silkələyir”.

                     (c) SOLFRONT.org

[Yazı vivovoco.rsl.ru saytından Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:14900