abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Sovet marksizmi.Qərb marksizmi”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                                                                                                                                                                   Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur

Klassik marksizm: Sovet marksizmi

  Bir praqmatik kimi, Stalin nəzəriyyəni hər şeydən əvvəl siyasi alət kimi başa düşürdü. Şübhəsiz ki, nəzəriyyə praktikaya xidmət etməlidir, əks halda o sadəcə olaraq gərəksizdir. Amma Stalinin zamanından sonra nəzəri müddəalar praktikaya deyil xidmət etmirdilər, ona xidmət göstərirdilər. Əgər Lenin üçün hər bir praktiki, taktiki məsələ nəzəri məna kəsb edirsə, Stalin üçün, əksinə, istənilən nəzəri problem hər şeydən əvvəl konkret siyasi praktika ilə əlaqədə əhəmiyyətlidir. Başqa sözlə, nəzəriyyəçilərin vəzifəsi ondan ibarətdir ki, rəhbərlik tərəfindən qəbul edilən siyasi qərarlar üçün əsaslandırma tapsın.

İdeoloji nəzarət ən vacib məsələlər üzrə diskussiyaların başa çatmasını nəzərdə tuturdu. Əslində isə SSRİ-də siyasi diskussiya heç vaxt, bəlkə də, Stalin dövrünün ən qorxunc illərindən başqa, heç vaxt boğulmamışdı. Repressiyanın qızğın çağında 1937-ci ildə və ya köksüz kosmopolitlərin tutulduğu 1951-ci ildə nə kimi siyasi diskussiyalar ola bilərdi? Amma istənilən halda hətta Stalin dövründə də mübahisələr mövcud idi. Və təsadüfi deyildi ki, Stalin bir neçə dəfə rəsmi akademik marksizmdəki bu və ya digər məsələlərin müzairəsinə son qoymaq üçün məqalələrlə çıxış etməli olmuşdu.

Beləliklə, sovet marksizminin əsas bəlası nəzər nöqtələrinin olmamasında deyil, bu nəzər nöqtələrinin formalaşdırıla və ifadə edilə bildiyi formada idi.

Marksizm, marksizm-leninizmə çevrilərək, sovet dövlətinin rəsmi ideologiyası idi və daha vacibi isə, müqəddəs doktrinası idi. Aydındır ki, bu cür doktrinanı tənqid etmək və ya düzəliş etmək olmaz – bu özlüyündə siyasi intizamın əsaslarına qarşı sui-qəsdə çevrilir. Həm də əhəmiyyətlidir ki, müqəddəs doktrinanı tamamlamaq olmaz. Məsələn, İncilə əlavələr etmək olmaz ki!

Bu deməkdir ki, hətta rəsmi marksizm-leninizmin doktrinalarına prinsipial olaraq zidd olmayan yeniliklər çox mənfi qəbul olunurdu. Nəticədə orta əsrlər tipli nəzəri mədəniyyət yarandı ki, bu zaman hər hansı bir tezisi əsaslandırmağa çalışan müəllif yaradıcı kəşf iddiasında deyildi, əksinə, sübut etməyə çalışırdı ki, yeni heç bir şey fikirləşməyib, sadəcə olaraq klassiklərin əsərlərində lazımi fikri oxuyub. Sitat elmi mübahisənin arqumentinə çevrilirdi (özü də bu zaman mövzu heç də mütləq “fundamentalist-ataların” mətnlərinin interpretasiyası deyildi).

Digər tərəfdən, Marksın və ya Leninin o anda qəbul edilmiş əsas xəttə zidd olan ideyaları və fikirləri çox təhlükəli olurdu, bu barədə səylə susulurdu. Tamamilə qeyri-marksist ideyaları isə uğurla aşkar edilir və elmi mühitə qəbul edilirdi, bir şərtlə ki, onlar düzgün yığılmış sitatlar dəsti ilə bəzənməli idilər.

Güman etmək olar ki, Stalinin ölümü SSRİ-də nəzəri fikrin inkişafı üçün yeni perspektivlər açacaq. Amma işdə hər şey əksinə oldu.

Sovet ideologiyasının sakral sistemində Stalin əsas peyğəmbərlərdən biri idi. Bu, ona yenilik etmək haqqı verirdi. Stalinin nəzəri müddəalarının düz və ya səhv olması – başqa məsələdir. Əsas olan odur ki, sadəcə o, özünə orijinal ideyalar hasil edə bilərdi.

XX qurultay Stalinin ölümündən sonra, onun kultunu yıxdıqdan sonra, ideologiya daha az sakral olmadı. Amma peyğəmbər statusu olan, yəni – ideologiyanın inkişafına haqqı olan, yaşayan rəhbər artıq yox idi. Bu demək idi ki,  rəsmi marksizm-leninizm, 1953-cü ilin mart ayında çatdığı son formasında konservləşdirilməli və mumiyalaşdırılmalı idi.

İdeoloji sistem həmahənglik və bütövlülük qazanır.  Amma həyat tədricən onu tərk edir. Kanonlar sistemi, interpretasiya metodları (məlum olduğu kimi, ən yaxşı olmayan) müəyyən edilir. Marksist nəzəri mədəniyyətinin minimal səviyyəsi milyonlarlar insanlar tərəfindən mənimsənilir, amma o, nəzəri biliyin hər yerdə vulqarlaşdırılması ilə təmin edilir.

         Qərb marksizmi

  1920–ci illərdən sonra sovet və qərb marksizmi arasında parçalanma yaranır. Bundan sonra diskussiyaların böyük hissəsi Qərbdə baş verir, burada yeni marksist ideyalar yaranır, burada da mübahisə edilir. Marksist fikir, istənilən digər fikir kimi, siyasi azadlığa ehtiyac duyur.

Həmin 1920–ci illərə, klassik və ortodoksal marksizmi, ümumi şəkildə neomarksizm və ya müasir marksizm adlandırılan anlayışdan ayıran sərhəd aid edilir.

   Özü də, bu sərhəddi müəyyən edən hadisə, Karl Marksın “1844–cü il Paris əlyazmaları” adlı unudulmuş əsərinin dərc edilməsi olur.

Bu, 1932–ci ildə baş vermişdi. Hitler Almaniyada hakimiyyətə gəlirdi, sosial–demokratlar emiqrasiya edir və arxivləri özləri ilə aparırdılar. Buraya həm də Marksın arxivi aid idi, amma yaranmış şəraitdə onu qoruyub saxlamaq zərərli idi. Arxivi sovet yoldaşları satın aldılar və Moskvaya apardılar. Əvvəllər məlum olmayan materiallar tədqiqatçılar üçün əlçatan oldu. İlk dərc edilmiş işlərdən biri “1844–cü il əlyazmaları” oldu.

Bu, partlamış bomba kimi idi. Aydın olur ki, Marksda “Kapital”da yazıldığından daha fərqli iqtisadi və ictimai sistemin tamam başqa meyarı var. Söhbət şəxsiyyətin yadlaşmasından, yeni azadlıq anlayışından, sadəcə fərdin formal azadlığından deyil, öz insani və yaradıcı bacarıqlarını bu və ya digər sistemdə gerçəkləşdirmək azadlığından gedir.

Sovet İttifaqında əlyazmaları dərc etdilər – və heç nə. Hətta əsərlər toplusuna belə daxil etmədilər. “Erkən əsərləri” toplusuna daxil etdilər. İkinci Topluda “Paris əlyazmaları” dərc edildi, amma nə üçünsə xronologiyaya uyğun olaraq ilk cildlərdə deyil, son cildlərdən birində.

Əksinə, Qərbdə diskussiya başlanır. İlk olaraq Frankfurtlu sosioloq Herbert Markuze çıxış edir. O, Frankfurt sosial tədqiqatlar institutunda işləyir ki, onun kollektivi Ziqmund Freydin əsərləri ilə maraqlanırdı.

Demək lazımdır ki, Freydin tələbələrinin doğulduğu ölkə ilə bağlı bəxtləri gətirmişdi. Xüsusilə də mənşələri ilə: onların demək olar ki hamısı alman yəhudiləri idilər. Alman xırda burjua mühitindən çıxmış insanlar kimi, onlar sistemin tənqidinə meylli idilər, yeni ideyaları tez mənimsəyirdilər. Marksizm və freydizm iki nəzəriyyə idi ki, radikal ziyalıların təxəyyülünü zəbt etmişdilər. Hətta həddən artıq konservativ ekzistensialist Martin Haydeggerin tələbəsi olan Herbert Markuze marksofreydistlərin tərəfinə keçmişdi.

Avstriyada da freydizm və marksizm yəhudi ziyalı mühitində həddən artıq məşhur idi. Buna XX əsr Vyanasının atmosferi təsir etmişdi. Bu, kosmopolit, daha çox isə yəhudi şəhəri idi. Vyana mədəniyyəti daha çox yəhudilər tərəfindən formalaşdırılırdı. Almaniyada biz 1920–ci illərin sol mühitində yəhudi ziyalılarının əhəmiyyətli rolunu görə bilərik, amma yəhudi mühiti, Vyanada olduğu kimi, əhəmiyyətə malik deyildi: Bertold Brext, məsələn, xalis alman idi.

Bu və ya başqa cür, bilmək çətin deyil ki, freydizm, “yəhudi” nəzəriyyəsi kimi, Hitlerin Üçüncü Reyxində qadağa altında olmalı idi. Frankfurt institutu Amerikaya köçməli oldu. Artıq 1932–ci ildə institut tam heyətlə dərhal Nyu–Yorka köçdü. “Frankfurtlular” Nyu–Yorkda ictimai elmlərin yeni məktəbini yaratdılar, hansı ki, indiyə kimi fəaliyyət göstərir.

Bu, Amerikada humanitar təhsilin müəyyən avropa standartlarını aşılamaq cəhdi idi, daha geniş yanaşma, ixtisaslaşmanın daha az vurğulanması cəhdi idi. ABŞ–da əgər insan rus ədəbiyyatı üzrə mütəxssisdirsə, çox güman ki, o, Şekspiri oxumayıb. Frankfurt məktəbi Amerikaya sadəcə olaraq marksistlər qrupu kimi deyil, həm də təhsildə avropa ənənəsinin nümayəndələri kimi gəlmişdilər. Buna görə də onlar Amerikada sonrakı ziyalılar nəslinə bu qədər güclü təsir göstərdilər. Onlar bir çoxlarına dərs demişdilər, yeni təhsil bazasını formalaşdırdılar, ənənəvi standartlardan fərqli olan standartlar müəyyən etməyə başladılar. Markuzenin tələbələri arasında, məsələn, nəticədə amerikan kommunist partiyasının ən məşhur liderlərindən birinə çevrilmiş. tanınmış Ancela Devis var. Gənc insanların müasir nəsli üçün Ancela Devisin adı çox güman ki, heç nə demir. Amma SSRİ–də 1970–ci illərin əvvəllərində yaşayanlar, şübhəsiz ki, “Ancela Devisə azadlıq!” şüarını yaxşı xatırlayırlar. Bu qaradərili kommunist ziyalı qadın uydurma ittihamlara görə həbsə atılmışdı. O, barmaqlıqlar arxasında oturarkən, sovet vətəndaşlarını etiraz mitinqlərinə çıxarırdılar. Doğrudur, azadlığa çıxdıqdan sonra o, kommunist partiyasını tərk etdi. Amerikada 1960–cı illərin radikal gəncləri üçün Ancela Devisin adı çox əhəmiyyət kəsb edirdi.

Artıq 1930–cu illərdə, Marksın əlyazmaları dərc edildikdə, Markuze aşkar edir ki, gənc Marksı narahat edən məsələlər, çox məqamlarda Freydin tələbələri arasında müzakirə edilən mövzularla üst–üstə düşür. Beləliklə, marksizm və freydizm ənənələrinin çarpazlaşdırılması ilə Frankfurt məktəbinin formalaşması başlayır.

“Frankfurtlularda” həm təhlil metodu, həm sualın qoyuluşu, həm də hətta tədqiqat tematikası kəskin şəkildə klassik marksizm üçün adət halını almış mövqedən fərqlənir. Onları kollektivin və şəxsiyyətin psixologiyası narahat edir, özü də onlar fərdi şüur barədə danışanda, onları, cəmiyyətin şəxsiyyəti necə formalaşdırdığı və deformasiya etdiyi maraqlandırır. Onlar siyasi partiyalar, hakimiyyət haqqında danışdıqda da onları kütlə şüuru, kimin və necə idarə etdiyi, kollektiv illüziyaların necə formalaşdığı və necə dəf edildiyi maraqlandırır. Həm də “frankfurtluları” müəyyən dərəcədə o maraqlandırır ki, insanların şüuru onların iqtisadi şəraitindən, bu və ya digər sinfə mənsubluğundan nə dərəcədə asılıdır. Mahiyyətcə, “frankfurtlular” marksist sosial psixologiyasını yaratmağa başlayırlar, amma onlar bununla məhdudlaşmırlar, onların əsərləri, yalnız marksist sosiologiyaya deyil, bütün müasir sosiologiyaya təsir göstərmişdir.

Amma qərb marksizmi – yalnız Frankfurt məktəbi deyil. Buraya, ekzistensializmdən marksizmə gəlmiş Jan–Pol Sartrın fəlsəfi əsərlərini və Lev Trotskinin sonrakı əsərlərini, həmçinin onun çoxsaylı tələbələrindən biri Antonio Qramşinin “Həbsxana dəftərləri”ni, Dyerd Lukaçı və bir çoxlarını aid etmək olar.

Bu halda qərb marksizmindən bir vahid kimi bəhs etmək olarmı? Düşünürəm ki, olar. Çünki bu nəzəriyyəçilər və məktəblər arasındakı ciddi fərqlərə baxmayaraq, onların bir sıra ümumi cəhətləri var.

Qərb marksizmini xarakterizə edən nədir?

Hər şeydən əvvəl, 1920–ci illərin sonu – 1930–cu illərin əvvəllərində siyasi və akademik marksizm arasında baş vermiş parçalanma. O zamana qədər nəzəriyyəçilərin dəyişməz olaraq işçi sinfin siyasi təşkilatları ilə əlaqələri var idi. Onlar partiyadaxili debatlarda mövqe tuturdular. Hətta onlar, Lenin kimi, partiya rəhbəri olmasalar da, onların fəaliyyətinə birbaşa təsir göstərirdilər.

İndi vəziyyət radikal şəkildə dəyişmişdi. Rəsmi olaraq siyasi partiyalar hələ də marksizmə istinad edirlər, amma təcrübədə nə sosial–demokratlar, nə də kommunistlər nəzəriyyəyə, xüsusilə də – nəzəriyyəçilərə xüsusi maraq göstərmirlər. Sosial–demokratlar fakt üzrə bernşteynian olurdular, halbuki Eduard Bernşteynin ideyaları heç vaxt onların rəsmi ideologiyası olaraq elan edilməmişdi. Bundan əlavə, uzun zaman ərzində ətalət üzrə onu tənqid edirdilər.

Amma Bernşteyn, ingilislərin dediyi kimi, pişiyi torbadan çıxardı. Yəni, o, deyilməməli olanları dedi. Dedi ki, mahiyyətcə, nəzəriyyə lazım deyil. Heç bir məsuliyyətli siyasi lider sosial–demokratiyada 1920–ci illərdə ictimaiyyətə belə bir şey deyə bilmirdi.

Nəticədə, artıq İkinci Dünya müharibəsindən sonra, bu barədə artıq açıq şəkildə danışmağa başladılar. Amma 1920–ci illərdə yox. İşçi hərəkatı mədəniyyəti marksizm üzərində formalaşmışdı, kadrların təlimi ona əsaslanırdı ki, insanlar müəyyən marksist tezisləri dəstini mənimsəməli idilər. Buna görə də nəzəriyyəni açıq şəkildə inkar etmək olmaz. Onu sadəcə unudurlar, çünki rəhbərlik üçün o gərəksizdir. Siyasi qərarların qəbulu üçün siyasi təfəkkür üzrə kitablar oxumaq lazım deyil.

1930–cu illərin kommunist hərəkatı, sosial–demokratlardan fərqli olaraq, ideologiya kultunu elan edirlər. Amma yeni nəzəriyyə onlara da lazım deyil. Birincisi, SSRİ–də baş verən daxili münaqişələr qərb partiyalarında da təkrarlanır. Nəticədə partiyalar sistematik olaraq fərqli düşüncəlilərdən təmizlənir, diskussiya mədəniyyəti məhv olmağa başlayır.

Digər tərəfdən isə, mübahisə etməli heç nə yoxdur. Hazır, yeganə həqiqi nəzəriyyə artıq var. Lazım gələrsə, sovet yoldaşları yeni siyasi və ideoloji göstərişlər verəcəklər. Nəzəriyyənin inkişafı üçün uzaq Moskvada bu işlə məşğul olan Stalin yoldaş və ya başqa kimsə var.

Əgər rəsmi sovet marksizmi nəzəriyyəni mumyalaşdırırsa, Qərbin kommunist partiyaları ideologiyaları sadəcə olaraq, Moskvada yazılan və deyiləni təkrar edirlər. Bu, Platonun məşhur “əksin əksi” formulunu xatırladır. Solğun kölgələr.

Siyasi partiyalar tərəfindən rədd edilmiş qərb marksizmi akademik gettoya çəkilir. Müvafiq olaraq, diskussiyalar siyasi sferadan akademik sferaya keçir. Siyasi ideoloqlar və kütlələrin rəhbərləri arasında debatlar intellektuallar arasında polemika ilə əvəz edilir. Bu, qərb marksizminin birinci və təəssüf ki, ən vacib xüsusiyyətidir. Qərb marksizminin ikinci xüsusiyyəti – öz aralarında daimi diskussiyada olan, açıq şəkildə fərqlənən, amma həmişə bir–birlərinə təsir edən bir neçə nəzəri məktəbin birlikdə mövcudluğudur. Vahid nəzəri sahə formalaşır. Qramşinin davamçıları, Trotskinin, Markuzenin və ya Sartrın ideyalarının nədən ibarət olduğunu bilməmələri qeyri–mümkündür. Savadlı marksist Lukaçın əsərlərini tanımalıdır. Məktəblər bir–birləri ilə qarşılıqlı təsirdədirlər. İnsanlar bir–birlərinin əsərlərini oxuyur, haradasa polemikaya girir, haradasa razılaşırlar, bəzən isə nəzərə alırlar, çünki müxtəlif məktəblər müxtəlif mövzuları inkişaf etdirirlər. Burada fərd mütləq münaqişə, qarşıdurma, rəqabət demək deyil. Məktəblərin müxtəlifliyi çox konstruktivdir. Demək olar ki, onlar bir–birlərini tamamlayırlar. Amma ziddiyyətlər və fikir ayrılıqları, yalnız məktəblər arasında deyil, məktəblər daxilində də olur. Çox vaxt məktəb daxilində diskussiya, məktəblər arasında olduğundan daha kəskin ola bilər. Markuze Erix Fromma çox tənqidi münasibətdədir, halbuki hər ikisi “frankfurtlulara” aiddirlər. Trotskistlər haqqında isə artıq danışmıram.

Qərb marksizminin istiqamətlərini sadalayarkən, bir neçə daha nəzərə çarpan məqamı ayırd etmək olar. Trotskizmdən başlamaq olar, çünki siyasi mübarizənin məntiqi Lev Trotskinin davamçılarını, özlərini sosial–demokratiyaya, həm də kommunist partiyalarına qarşı qoyaraq, sərt şəkildə uyğunlaşmağa məcbur etdi. Həm də trotskizm daha çox dərəcədə məhz klassik marksizmin ənənəsini, həm də nəzəriyyənin siyasi fəaliyyətlə əlaqəsinə meylliliyini saxlamalı idi – başqa məsələdir ki, kütləvi siyasi təşkilatın olmaması şəraitində bu, bəzən gülünc nəticələrə gətirib çıxarırdı.

    (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:12416