abunə ol: Yazılar | Şərhlər | Еmail

Slavoy Jijek – Vatslav Havel. Postmodernist prezident

Şərh

Havel digər dissidentlərlə birlikdə Kommunizmi tənqid etdiyi mövqedən qərbi liberal demokratiyasının həqiqətdə həyatın ideallarından həmişə uzaq olduğunun fərqində idi. Beləliklə, o başa düşürdü ki, totalitarizmin inkarı ilə qərb demokratiyasına tənqidi yanaşma zərurətinin birləşməsi necə problematikdir.

Andrey Mançukdan önsöz: 18 dekabrda keçmiş çex prezident, obrazı uzun illər liberalizm ikonası olmuş Vatslav Havel vəfat etdi. Mülkiyyətləri İkinci Dünya müharibəsində nasistlərlə əməkdaşlığa görə milliləşdirilən tikinti podratçıları və kinomaqnat ailəsindən çıxmış biri kimi təbii olaraq dissident dairəsinə aid edildi. Çexoslovakiyada onu prezident kreslosuna oturdan “məxməri inqilab”dan sonra özgəninkiləşdirilmiş ailə mülkiyyətini özünə geri qaytardı. Neoliberal dövrün canlı brendi və “etik” simvolu olaraq Havel 10 illik prezidentlik müddəti ərzində onun bütün cinayətlərinə xeyir-dua verir və bəraət qazandırırdı – ABŞ-ın hərbi əməliyyatlarından tutmuş 1999-cu il Praqada antiqlobalist nümayişlərinin dağıdılmasına qədər.

Qazaxıstan (Janaozen) hadisələri – harada ki, Havellə eyni zamanda hakimiyyətə gəlmiş Nazarbayev müstəqilliyin elan olunduğu gün demokratik ölkə dekorasiyaları arxasında işçiləri güllələyir – 90-ların əvvəlindən başlayaraq Şərqi Avropa səhnələrində oynanılan traqikomediyanın qanunauyğun finalıdır. Nə vaxtsa dissident Havelin haqqında danışmağı sevdiyi ”Absurdistan”, əslində günümüzün“azad” cəmiyyəti imiş, burada insanlar acından ölür, qızıl və strazlarla bəzədilmiş limuzinlər alınır, aparıcı Avropa futbol komandalarının büdcəsi Üçüncü dünya ölkələrinin büdcəsindən çoxdur; İran körfəzinin “demokratik-şəriət” milyarderləri yemək üçün işləyən miqrantların sümükləri üzərində bir-birləri ilə rəqabət apararaq “babil qüllələri” tikirlər; Culian Assanj və Bredli Menninq ABŞ-ın xarici siyasəti barədə informasiyanın azad şəkildə yayılması üstündə barmaqlıqlar arxasındadırlar, korporasiyalar isə şəbəkələrdə musiqi trekləri yükləyən hər kəsi az qala məhkəməyə verməyə hazırdır.

Havel haqqında kitabın resenziyasında Slavoy Jijek “neoliberal humanizm”in ideoloji ikiüzlülüyünü və postsovet ölkələrində ideallaşdırılan Avropa vətəndaş cəmiyyətinin daxili ziddiyyətlərini göstərir. Bu məqalənin tezisləri Slavoy Jijekin bu yaxınlarda çex paytaxtındakı antikapitalist nümayişində etdiyi çıxışın mətni ilə paralel səsləşir, bu zaman havellərə yenidən xatırladıldı ki, tarix burjua mülkiyyətinin dövlətsizləşdirilməsinin restitusiyasidan [1] sonra da davam edir.

Vatslav Havelin həyatı misilsiz tarixi uğur kimi görünür: Filosof-Şah, siyasi hakimiyyəti yalnız Papa, Dalay Lama və ya Nelson Mandela ilə qarşılaşdırıla biləcək beynəlxalq əxlaqi avtoritetlə çulğalaşan insan. Və sonda qəhrəmanların şahzadə ilə evlənməklə mükafatlandırıldığı nağıllarda olduğu kimi, Havel gözəl kino aktrisası ilə evlənir. Bəs onda niyə Con Kin Havelin bioqrafiyasını “Altı aktlıq siyasi tragediya” adlandırır?

Havel tragediyasının səbəbi ictimai fiqurla real insan arasındakı təzadda deyil, hətta son illərdə tədricən itirilən xarizmada da deyil. Bütün bunlar hər uğurlu siyasətçinin karyerasında qaçınılmazdır (həyatdan cavan getmək nəsib olanlara istisna olaraq). Kin yazır ki, Havelin həyatı klassik siyasi faciəni xatırladır, ona görə ki, onun zəfərləri amansız məğlubiyyətlərlə pərt olub. Qeyd edir ki, Çexiya sakinləri bu gün ona əvvəlkindən daha pis yanaşırlar. Əsas səbəb isə, onun bu iki ictimai obraz arasındakı təzadlarıdır: sonrakı sosializmin repressiv və ikiüzlü kainatında gerçəklə yaşayan və gerçəkləri yazan qəhrəman dissident obrazı və Yeni Dövr (Nyu Eyc) mantrasını təkrar edən və əsas tapşırıqları (Al Qor kimi) NATO-nun hərbi müdaxilələrini qanuniləşdirmək olan Postmodernist Prezident obrazı.

Necə oldu ki, tənha, həssas dissident, ütülənməmiş pencəkdə və kompromissiz əxlaqi mövqeyi ilə nəhəng totalitar hakimiyyətə qarşı gələn biri sonradan antrop prinsiplər barədə çərənləyən və kartezian paradiqmanın sonunda insan haqlarının Tanrı tərəfindən verildiyini bəyan edən və ABŞ Konqresində qərb dəyərlərinin qorunmasına görə alqışla qarşılanmış prezident oldu? Yəni bu cansıxıcı mənzərə Havelin qəhrəmani dissidentliyinin gerçəkləri, qaçınılmaz yekunu hesab olunur? Hegelçi terminlərlə desək: necə oldu ki, bu etik cəhətdən qüsursuz, alicənab şüur özü də fərqinə varmadan alçaq və yaltaq şüura transformasiya oldu? Əlbəttə, başında “Nyu eyc” ideologiyası olan Üçüncü yolun postmodernist demokratı üçün burada zidiyyətli heç nə yoxdur: Havel sadəcə öz taleyinin yolu ilə gedib və öz siyasi hakimiyyətindən iyrənmədiyi üçün tərifə layiqdir. Ancaq son nəticə qaçınılmazdır, onun həyatı – ucalıqdan gülünclüyə doğru enmədir.

Kin Havelin siyasi layihəsinin sərhədlərini müəyyənləşdirir və onun təsvir etdiyi Havel hərdən olduqca sadəlövhdür. Məsələn, 1990-cı ilin yanvarında kansler Kollu salamlayarkən: Axı nə üçün birlikdə bütün siyasi partiyaları ləğv etmirik? Niyə vahid nəhəng partiya – Avropa Partiyası təşkil etmirik? Çex siyasətinin son onilliyində hakim mövqedə olan iki Vatslavlar xoş simmetrik cütlük yaradır: xarizmatik şah-filosof, demokratik monarxiya başçısı öz baş naziri, Vatslav Klausda layiqli oxşarını, xalis bazar liberalizmi tərəfdarı olan soyuq texnokratı, həmrəylik və birlik barədə hər cür müzakirələri rədd edən birini tapır.

Sonrakı sosializmi dəf edərkən, Havel həmişə dərk edirdi ki, qərb liberal demokratiyası, onun digər dissidentlərlə Kommunizmi tənqid etdiyi mövqelərdən, həqiqi cəmiyyət və həyat ideallarından uzaqdır. Deməli, o, totalitarizmin inkar edilməsi ilə qərb demokratiyasına tənqidi baxış zərurətinin birləşdirilməsinin nə qədər problematik olduğunu başa düşürdü. O, Haydeggeri izləməyi və kapitalizmin texnoloji təkəbbüründə, özünü inkişaf etdirən məhsuldarlığının dəlisov rəqsində daha fundamental transendent-ontoloji prinsipi – hakimiyyət iradəsini, kapitalizmi dəf etmənin kommunist cəhdində aydın olan instrumental şüuru görməyi üstün tutdu. Adorno və Xorkmayerin “Maariflənmə dialektikası”ndakı arqumentləri bundan ibarət idi, bu əsər əvvəlcə konkret sosiosiyasi təhlildən psixoloji-antropoloji ümumiləşdirmələrə doğru kəskin hərəkət layihələşdirdi ki, bunun nəticəsində instrumental şüur artıq konkret kapitalist ictimai münasibətlərə əsaslanmır, kvazi-transendental əsas kimi nümayiş etdirilir. Havel Haydeggerin ardınca kvaziantropoloji və ya fəlsəfi prinsipə doğru hərəkət etdiyi anda stalinizm öz spesifikliyini, özünəməxsus siyasi dinamikasını itirir və sadəcə olaraq bu prinsipin təzahürlərindən birinə çevrilir (Haydeggerin “Metafizikaya giriş” kitabında yazdığı kimi, rus kommunizmi və amerikanizm son nəticədə metafizik cəhətdən bir-birlərinə bərabərdirlər).

Kin Havelin Haydegger qarşısında olan intellektual borcunun ikimənalı təbiətini vurğulamaqla, onu mürəkkəb vəziyyətdən çıxarmağa çalışır. Haydegger kimi, Havel kommunizmi tamamilə müasir rejim kimi, müasir həyatın özündənrazı karikaturası kimi dərk edirdi ki, onun bir çox tendensiyaları qərb cəmiyyətinin, öz sənaye iddiası və insan fərdiliyinin məhv edilməsi ilə paylaşılır. Lakin sosial-texnoloji sistemdə hər hansı bir fəal müqaviməti istisna edən Haydeggerdən fərqli olaraq (“Yalnız Tanrı bizi xilas edəcək” – ölümündən sonra dərc olunan müsahibəsində demişdi), Havel aşağıdakıların çağırışına inanırdı – dövlət hakimiyyəti çərçivəsi xaricində vətəndaş cəmiyyətinin müstəqil həyatına inanırdı. İddia edirdi ki, “gücsüzlərin gücü”, texnoloji nəzarət və susdurulma aparatlarında və dövlətdə təzahür olunan instrumental şüura meydan oxuyan, özütəşkilatlanan vətəndaş cəmiyyətlərinə xasdır.

Vətəndaş cəmiyyətinin qurulması ideyası mənə ikiqat problematik görünür. İlk növbədə, burada müxalifət dövlət və vətəndaş cəmiyyəti arasında həm azadlıq və demokratiya lehinə, həm də əleyhinə işləyir. Məsələn, Birləşmiş Ştatlarda mənəvi çoxluq müqavimət yolunu yerli vətəndaş cəmiyyətinin liberal hökumətə tənzimləyici müdaxiləsində görür (uyğun olaraq effektiv təşkilat qurmuşdur) – bu planda yaxınlarda Kanzasda məktəb proqramından darvinizmin çıxarılması nümunəsi xarakterikdir. Əgər keçmiş sosializm spesifik halında vətəndaş cəmiyyəti ideyası totalitar hakimiyyətlə müqavimət fəzası ilə bağlı idisə, onda nə üçün o, milliyyətçilik və müxalif antidemokratik hərəkat fikri də daxil olmaqla, kommunizmi təngə gətirən bütün siyasi-ideoloji antaqonizmlərin fəzasına çevrilə bilməz? Vətəndaş cəmiyyətinin təzahürü də məhz bundadır–vətəndaş cəmiyyəti açıq mübarizə üçün meydan formalaşdırır, elə bir meydan ki, antaqonizmlər orada özünü ifadə edə bilər, lakin burada mütərəqqi tərəfin qalib gələcəyinə dair heç bir zəmanət yoxdur.

İkincisi, vətəndaş cəmiyyəti əslində Havelin düşündüyü kimi haydeggerçi təfəkkürün inkişafı deyil. Haydegger üçün müasir texnologiyanın mahiyyəti – opponentlik edə biləcək təsisat, təcrübi və ideoloji mövqe dəsti deyil, lakin bu gün varlığı, necə yaşadığımızı müəyyən edən ontoloji üfüq gerçəklikcə özünü bizdən gizlədir. Bu səbəbdən Haydegger “gücsüzlərin gücü” anlayışını şübhəli, onun inkar etməyə çalışdığı Hakimiyyət İradəsi məntiqi ilə zəbt olunmuş hesab edirdi.

Havelin, həyatın öz tənqidi impulsunun mənbələrinin faciəvi anlaşılmaması ilə birlikdə, həyatın kapitalizm vasitəsilə nail olunmayacağı faktını dərk etməsi onu “Nyu Eyc” ideologiyasına sövq etdi. Kommunist rejimlər hər şeydən öncə dəhşət və aclıq doğuran uğursuz iflas olsalar da, eyni vaxtda onlar, digər şeylərlə bərabər, kommunizmin süqutunu asanlaşdıran utopik gözləntilər üçün fəza yaradırdı. Nəticə etibarilə, Havel kimi digər dissident-antikommunistlər belə bir faktı nəzərdən keçirdilər ki, dəhşət və yoxsulluğu tənqid və inkar etdikləri fəzanın özü açıq idi və kapitalizm məntiqindən qaçınılması üçün kommunizm cəhdləri ilə saxlanılırdı. Bu, kapitalizmin özünün ənənəvi, brutal formasında antikommunist mübarizəsinin yüksək tələblərinə–əsl insan müstəqilliyinin tələblərinə cavab verə bilməməsi barəsində Havelin inadkar əminliyini izah edir. Ona görə də Vatslav Klaus, Havelin praqmatik oxşarı, onu bir sosialist kimi inkar etdi.

Havel, deyəsən, onun kommunizmə olan müxalifliyinin elə məhz kommunist rejimlərin yaratdığı və dəstəkləndiyi utopik ölçülər sayəsində mümkün olması faktına isə kor qalır. Onun “Nyu-York revyu of buks”da Kosovo və milli dövlətin sonu barədə son essesindəki tragikomik cahilliyi elə bundan irəli gəlir. Bu essedə o demək istəyir ki, Yuqoslaviyaya edilən NATO bombardmanı insan haqqlarını dövlət haqlarından üstün etdi, o, NATO blokunun BMT-də birbaşa mandatlığı olmayan Federativ Yuqoslaviya Respublikasına hücumunu məsuliyyətsiz aqressiya aktı kimi, beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul etmir. Havelə görə, bu, əksinə, qanuna hörmət əsasında baş verib – o qanuna ki, dövlət müstəqilliyini qoruyana münasibətdə daha yüksəkdə durur. Müttəfiqlər insan haqlarına hörmətdən irəli gələrək hərəkət edirdilər, eyni zamanda həm vicdan, həm beynəlxalq sazişlərinin diktəsi altında. Havel bu ali qanunu daha da möhkəm lənətləyir, əmin edir ki, insanın hüquqları, insani azadlıq… və insan şərəfi dərk olunan dünyanın çərçivəsindən kənarda dərin köklərə malikdir… və əgər dövlət insanın məhsuludursa, onda insan Tanrının məhsuludur. O, NATO güclərinin beynəlxalq qanunları pozmaq ixtiyarında olduğunu deyir, ona görə ki, onlar bilavasitə ilahi qanunun alətləri kimi hərəkət edirlər, bu isə sözsüz dini fundamentalizm hadisəsidir.

Havelin bəyanatı – Ulrix Bekin “Zyuddoyçe Zaytunq”da dərc olunan məqaləsində hərbi humanizm və hətta hərbi pasifizm adlandırdığı şeyə yaxşı misaldır. Bu yanaşmada problem daxilən zidiyyətli olmasında və içində oruelsayağı “müharibə sülhdür” fikrini daşımasında deyil. O cümlədən, deyilə bilməz ki, NATO-nun müdaxiləsinə qarşı ən yaxşı təsir edən şey, guya, bombalama və cinayətlərin sülh gətirməyəcəyi barədə olan pasifist-liberal arqumentlərdir (bu şübhəsiz düzgün deyil). Hətta bir marksistin edəcəyi kimi, bombardman obyektləri əxlaqi düşüncələrə görə yox, geosiyasi və iqtisadi maraqlardan irəli gələrək seçildiyini göstərmək yetərsizdir. Havelin arqumenti ilə bağlı əsas problem – hərbi müdaxilənin nifrət və zorakılıq qurbanları üçün təşəbbüsü özündə ehtiva etməsindədir, yəni o universal insan haqlarına qeyri-siyasiləşdirilmiş münasibətlə özünə bəraət verir.

Əxlaqi qeyri-siyasiləşmənin əsas səbəbi–marksist tarixi-siyasi layihənin uzaqlaşdırılmasıdır. Bir neçə onillik öncə insanlığın siyasi gələcəyini müzakirə edirdilər: kapitalizm qalib gələcəkmi, yoxsa kommunizm və ya totalitarizmin digər bir forması ilə sıxışdırılıb çıxarılacaqmı? Bu gün biz insan nəslinin yox olmasını asan təsəvvür edə bilərik, amma sistemin radikal dəyişimlərini heç cürə xəyal edə bilmirik: hətta Yer üzərində həyat bitsə belə – kapitalizm necəsə qalacaq. Bu vəziyyətdə mövcud liberal-demokratik kapitalist quruluşun radikal dəyişməsininin qeyri-mümkünlüyünə əmin olan, ancaq qlobal dəyişikliyə olan ehtiraslı bağlılıqlarından imtina etməyə qadir olmayan çaşqın sol öz qalıq siyasi enerjilərini abstrakt və sərt əxlaqi mövqeyə sərf edirlər.

Qərb ölkələri liderlərinin bu yaxınlarda Üçüncü yola həsr edilmiş görüşündə italyan baş naziri Massimo D`Alema demişdi ki, sosializm sözündən qorxmaq lazım deyil. Klinton, ondan sonra Bler və Şröder guya gülməkdən keçindilər. Bu, Üçüncü yol barədə çox şey deyir – o problematikdir, ilk növbədə ona görə ki, o ikinci yolun olmadığını ifşa edir. Üçüncü yol ideyası o anda yarandı ki (ən azından Qərbdə), bütün digər alternativlər – dəbdən düşmüş konservatizmdən radikal sosial-demokratiyaya kimi–qlobal kapitalizmin triumfal hücumları qarşısında liberal-demokratiya barədə təsəvvürlərindən üz döndərib.

Üçüncü yolun əsl müraciəti odur ki, İkinci yol yoxdur, qlobal kapitalizmə alternativ mövcud deyil, ona görə də istehzalı, psevdohegelçi, Üçüncü yolu inkar etmə kimi şeylər bizi ilk və tək insan üzlü Qlobal kapitalizmə geri qaytarır.

Beləliklə, Havel faciəsi bundan ibarətdir: onun əsl etik mövqeyi, kapitalizmin cəngavərləri tərəfindən riyakarcasına apropriasiya olunmuş əxlaqi idiomaya çevrildi. Onun, mümkünsüzü həyata keçirmək üçün olan qəhrəmacasına inadkarlığı (guya, sarsılmaz kommunist rejiminə qarşı müqaviməti) sonda bu günkü dünyada hər cür real dəyişikliyin qeyri-mümkün olduğunu isbat etməyə çalışan realistlərə xidmət etdi. Bu çevriliş Havelin başlanğıc etik mövqeyinə xəyanət deyil, o əvvəlcədən onun özülündə idi. Beləliklə, Havel faciəsinin son dərsi qəddar, lakin sarsılmazdır: siyasətin birbaşa etik özülə əsaslanması gec ya da tez,  başlanğıcda qarşı durduqları həmin riyakarlığı həzm edərək, özünün şəxsi karikaturasına çevrilir,.

Qeydlər:

1. Restitusiya – pozulmuş hüququ bərpa etmə və zərərlərini ödəmə.

Tərcümə: Nigar Ərəbli                             (c) SOLFRONT.org

[Yazı liva.com.ua. saytından Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:12088