abunə ol: Yazılar | Şərhlər | Еmail

“Postmodern” dövründə media

Şərh

Medianın dünənki və bu günkü məqsədləri

  Media sahəsi sivilizasiyanın müstəqil amili kimi qısa müddətdir ki, mövcuddur. Faktiki olaraq medianın, kollektiv təfəkkürün operativ aləti kimi yaranması, böyük siyasətdə müstəqil oyunçu olan Liberal klubun tarixi meydana çıxması ilə üst-üstə düşür. Liberal klub əvvəldən sərt iyerarxiyadan az-çox azad və birbaşa sosial mühitdən maddi resursları çıxaran insanlar cəmiyyəti idi. Başqa sözlə, bu, “liberal peşələrin” (vəkil, həkim, professura) sahibləri və maliyyəçilərin, müxtəlif növ spekulyativ vasitəçilərin qoşulduğu kübarlardır. Bu cəmiyyət məhz özünü yeni dövrün siyasi-ideoloji amili kimi gördüyünə görə, professional jurnalistikanın yaranması üçün şərait yaradır.

  İlk əvvəl KİV müxtəlif ictimai qrupların və siyasi cərəyanların ruporu kimi fəaliyyət göstərirdi, çünki “liberallar” (geniş mənada) əvvəlcə həm burjuaziyanın, həm də ənənəvi isteblişmentin bir hissəsinin maraqlarına xidmət edirdi. Bundan başqa, liberal cəmiyyətin ən qatı və məşhur ifadəçiləri Karl Marks olan sol cinahı yaranır.

 XIX əsrdə və XX əsrin əhəmiyyətli hissəsində mətbuat yalnız müxtəlif sosial siniflərin və əhali qrupunun özünüifadə üsulu deyildi, o həm də liberallara praktiki olaraq tarixin demiurqu rolunda çıxış edərək bu qrupların diskurslarını xülasə etməyə imkan verirdi. Şübhəsiz ki, “proletariat” adından kommunist diskurs da, xırda burjuaziya və işçi sinfin millətçi meylli hissəsi adından nasional-sosialist diskurs da bu Liberal klubun qatı sol və qatı sağ cinahları tərəfindən yaradılmışdı.

 1945-ci ildən sonra vəziyyət kəskin dəyişir. Keçən əsrdən bəri dünya liberalizminin qərargahı olan ABŞ-ın hərbi zəfəri, həmçinin də Stalinin kommunist nomenklaturasının rəhbərlik etdiyi  totalitar bürokratik rejimlərin “dəmir pərdə” arxası təcridi ona gətirib çıxardı ki, dünya mediası bazar iqtisadiyyatının geosiyasi sahəsində Liberal klubun “susan çoxluq” üzərində nəzarətini təmin etməyə başladı.

 Qərb konstitusiyalarının zəmanət verdiyi azadlıqlara görə alternativ mətbuat da mövcuddur, lakin o, sovet meylli ya da daha az miqyasda neonasist oriyentasiyalı ideoloji gettolara düşür. İyirminci yüzilliyin sonlarından media praktiki olaraq qərb bəşəriyyətinin unifikasiya olunmuş kütləvi şüurunu formalaşdıran əsas və alternativsiz struktura çevrilib.

 Media və təhsil

 Peşəkar jurnalistika sinfi öz inkişafının erkən mərhələlərində müəyyən düzəlişlərlə hər ölkədə üstün olan mədəni ənənələrə tabe idi. Bu o demək idi ki, media milli akademiyaların himayəsi altında mövcud olan orta və ali məktəblərin onun qarşısına qoyduğu çərçivədən kənara çıxmırdı.

 Təhsil standartları elmi cəmiyyətlər tərəfindən müəyyən olunurdu və akademizmin əsas elementi humanitar fənnlər idi. Fəlsəfə, məntiq və tarix “yüksək düşüncələrin” problemləri ilə məşğul olur və öz növbəsində təbiət elmlərinə sıçrayış etməyə imkan verən təfəkkür metodikalarını itiləyirdilər. Bu dövrdə elmi cəmiyyət hələ ən ali sosial iyerarxiya olan “ənənəçilər klubu” ilə, həmçinin dini isteblişment ilə sıx əlaqədə idi. Məhz buna görə filosoflar akademik mühitdə müəyyən edici rol oynayırdılar. XIX əsrin sonlarına vəziyyət dəyişir: sol liberalizm (marksizm) humanitar fənnlərdə inqilab yaradır, klassik təbiətşünaslıq ehkamları dağılır.

 Elmi cəmiyyət İntibah dövrünün fundamental irsi ilə əlaqəni qıraraq Liberal kluba qoşulur. Bu andan etibarən milli təhsil sistemində əvvəlcə az nəzərə çarpan eroziya yaranır.

 Tədricən jurnalist cəmiyyəti dünyanın akademik olaraq qəbul olunmuş şəklinə qarşı daha da az məsuliyyət hiss edir, son nəticədə faktologiya ilə uyğunlaşmaq ehtiyacından azad olur. Mif və şayiə informasiya vasitələrinin alətinə çevrilməyə başlayır.

 Bu gün mediadan keçən informasiya axınının səviyyə və keyfiyyətini təhsil sistemi müəyyən etmir, əksinə: liberal cəmiyyətə daxil olan jurnalistlərin “yaradıcılığı” ilə yaradılmış dünyanın şəkli təhsil proqramlarına, müəllim heyətinin ideologiyasına təsir etməyə başlayır və nəticədə media bütün təhsil blokunda güclü təsir vasitəsinə çevrilir (Bu proses ən parlaq və tam şəkildə ABŞ-da özünü göstərib).

 Yeni doğulmuş insan varlığının, sosial mühitə qoşulmasının ilk addımlarından etibarən “təmiz lövhə” kimi demək olar ki, tamamilə müəllimlər korpusu tərəfindən həyata keçirilən intellektual “təməldən” asılı olduğunu nəzərə alsaq, heç də təəccüblü deyil ki, bütün qərb dünyasında akademik elmin sürətli böhranı, onun əsas reproduksiya və ötürülmə kanallarının dağılması gedir. Millətlər səviyyəsində zehni sahənin formalaşması liberal cəmiyyətin ən cahil və “sistemsiz” hissəsi olan jurnalistlərin əlinə düşüb.

Mediadaxili tendensiyalar

 Bu gün qərb mediasının ən nüfuzlu hissəsi mərkəzin və davamlı siyasi partiyalarla, bürokratik aparatla sıx əlaqədə olan Liberal klubun mötədil sağ seqmentinin əlində cəmləşib. Bu, informasiya vasitəsinin əsas bloku bütün cəmiyyətin fikri kimi verilən və bir növ normativ sivilizasiya istiqaməti olan ən həyati siyasi məsələlər üzrə eyni mövqe formalaşdırmaq məsələsini qarşısına məqsəd qoyur. Bu, hər şeydən əvvəl hakim elitanın legitimliyi, səlahiyyətli demokratiya institutlarının effektivliyi, insan hüquqları, milli-azadlıq hərəkatları, planetin müxtəlif regionlarında müharibələr, sülh, terrorizm və s. məsələlərə aiddir. Obyektivdir, çünki dünya liberalizmi amerikan hakim strukurlar daxilindəki siyasi şəraitlə müəyyən olunur, qərb mediası sivilizasiyanın məqsədi bəhanəsi ilə ilk öncə ABŞ-ın özündəki ən güclü təsir qruplarının mövqelərini yayımlayır.

 (Bununla yanaşı əlavə etmək lazımdır ki, irsi aristokratiya nümayəndələrinin və “kilsə knyazlarının” daxil olduğu “Ənənəvi klub” faktiki olaraq media sahəsindən ayrılıb. Onun informasiya sferasına ayrı-ayrı çıxışları liberalların nəzarəti altında onu müşayiət edən şərhlər və düzəlişlər prizmasından həyata keçirilir).

 Son vaxtlar Liberal klubun daxilində az ya da çox “təsadüfi” nuvorişlərdən [1] ibarət beynəlxalq mediamaqnat qruplar daha da aktiv fəaliyyət göstərirlər. Onlar üçün tipik siyasət kifayət qədər məşhur olan telekanallarla yanaşı, ənənəvi brendlərə sahib kağız nəşrləri əldə etmək olur. Auditoriyanın şüuruna birbaşa təsir rejimiylə təsir edən televiziya texnologiyalarının, daha təhsilli təbəqələr üçün nəzərdə tutulmuş jurnal-qəzet analitikası ilə birləşdirmək xüsusi effekt yaradır, çünki hadisələrin interpretasiyasının rasional, izah edici hissəsi kollektiv şüursuzluğun emosional proqramlaşdırılması ilə üst-üstə düşür.

Qalmaqallar silah kimi

 Bu media maqnatlarının çoxu böyük biznes dünyasında mübahisəli legitimliyə malik, etik cəhətdən şübhəli personajlardır. Ola bilsin ki, elə ona görə də onlar medianın populyar olaraq “sarı” adlandırılan seqmentinə pul qoyurlar.

 Son vaxtlar şayiələrdə, qalmaqallarda və dezinformasiyada ixtisaslaşan nəşriyyatların ictimai rolu kəskin artıb. Tabloidlər “susan çoxluğun” müəyyən hissəsinin zombiləşdirilməsində artan rol oynamağa başlayıblar. Bir qayda olaraq narazılıq və sosial məğlubiyyət duyğusunu aydın bilinən dini və etnik münaqişə istiqamətlərində cəmləşdirməklə sarı mətbuat öz auditoriyasını fokuslaşmamış sağ millətçilik ruhunda dəyişdirir.

 (Sonra isə bir qayda olaraq məxfi xidmətlərin nəzarət etdiyi müxtəlif növ hərəkat və qrupların artıq ixtisaslaşmış marginal nəşriyyatları konkret məsələlər xülasə etməyə başlayırlar).

 Başqa sözlə, Liberal klubun qalmaqallı xüsusi yarımsinfi kimi “oliqarxlar” böyük siyasətin sağ populizm meydanında iştirak üçün mübarizə aparırlar.

 Bu, yarım əsr boyunca təməli bütün modifikasiyaları ilə marksizm olan sol liberal diskursun dağılması fonunda baş verir. Bu gün sol liberalizm ümumi xarakteristikası infantil və sistemsiz dünya görüşü olan, çoxlu sayda marginal və az nüfuzlu cərəyanlara parçalanan antiqlobalist cəmiyyət ilə yaxınlaşıb.

Yaxın gələcək

 Ənənəvi klubun görünən passivliyi, əsasən, “köhnə elitaların” liberalların üstünə uçacaq böhranın qaçılmazlığına əminlikləri ilə izah olunur.

 Bu böhranın əlamətləri artıq əsasən ABŞ-ın bütün dünya üçün çevrildiyi geosiyasi problemlərin simasında üzə çıxıb. Bu problem hər kəs üçün yalnız hərbi deyil, həm də sivilizasiya və mədəni ölçüyə malikdir. Amerika layihəsi bəşəriyyətə bütün tarix boyunca yaşama gücü verən klassik məna oriyentirlərinin mövcud olmadığı “dəyişilmiş şüur” perspektivləri gətirir. Başlanğıc üçün, Amerika layihəsində Tarixin özü həm konsepsiya, həm dəyər, həm də hamıya individual olaraq açıq olmalı olan birbaşa təcrübə kimi mövcud deyil.

 Dünya üçün “Amerika təhlükəsi” dramı müasir media problemlərində güzgüdəki kimi öz əksini tapır: onlar planetdəki bütün insanların zehni harmoniyası və mənəvi sağlamlığına meydan oxumaqla bütün bəşəriyyət üçün mənəvi təhlükəyə çevriliblər. Əgər kimsə buna fikir vermirsə, bu artıq dəyişilmiş şüurun mövcudluğunun həyəcanlı simptomudur.

 İnformasiya cəmiyyəti ehtimal ki, öz müasir şəklində “medianı” öldürəcək. Oyun-problemlər ətrafındakı internet-televiziya və interaktiv konfranslar dünyasında, xəbərlər bloku və analitik məqalələr vasitəsilə köhnə, klassik zombiləşdirməyə yer qalmayacaq. Lakin müasir bəşəriyyət üçün mənəvi təhlükələr neytrallaşmayacaq – onlar sadəcə olaraq başqa, bəlkə də daha gözlənilməz sferaya keçəcəklər.

 Heydər Camal

17 noyabr 2007-ci il.

  Qeyd:

1. Nuvoriş – möhtəkirlik sayəsində dövlətlənib varlılar sıralarına girmiş adam.

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]



Oxşar yazılar:

Baxış sayı:9661