abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Lenin. Rusiya. Leninizm”

Şərh

SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                                                                                                                                                                  Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur    

Klassik Marksizm: Lenin. Rusiya. Leninizm

        Lenin

  Lenin, bir tərəfdən, ardıcıl ortodoksal marksist kimi çıxış edirdi, digər tərəfdən isə – digər ortodoksal marksistlərin düşünməməyi tərcih etdikləri problemləri qoyurdu. Onun təftişçiliyə cavabı – nəzəriyyənin inkişafıdır. Başqa məsələdir ki, Lenin baxışları, Afinanın Zevsin başından yarandığı kimi, dərhal hazır şəkildə ortaya çıxmırlar. Onlar tədricən sadəcə yeni cavabları deyil, yeni sualları da meydana çıxararaq axtarışda idilər. Həmçinin onun baxışları təkamül yolu keçir (yalnız nəzəri düşüncələr nəticəsində deyil, həm də öz siyasi təcrübəsinin təsiri altında). 1900-cu illərin Lenini, məsələn,1917-1920-ci illərin bolşeviklər partiyası liderindən sərt şəkildə fərqlənir.

Baxışları qərbi avropa təcrübəsinin təsiri altında formalaşan sələflərindən fərqli olaraq, Lenin geridə qalmış ölkədə iqtisadi və siyasi böhran problemi ilə qarşılaşdı.

İlk rus marksisti Q.V.Plexanov Marksın ideyalarına artıq Qərbdə qoşuldu, həm də öz dövrünün rus sosialistlərinin nəzəriyyələrini geridə qalmış və əyalət fikirləri kimi inkar edirdi. Lenin həmçinin sosial – xalqçıların Rusiyanın xüsusi yoluna dair fikirlərini bölüşmür. Amma, onların nəzəriyyələrini inkar edərək, o, eyni suallara öz marksist cavablarının zəruriliyini başa düşür.

Marks qabaqcıl ölkənin – İngiltərənin təcrübəsini təhlil edirdi. “Kapital”da o yazır ki, qabaqcıl ölkə daha geridə qalmış ölkəyə öz gələcəyinin mənzərəsini göstərir. Plexanov üçün burada müzakirə başa çatır: Rusiya on – iyirmi ildən sonra İngiltərə və Almaniyanın yolunu təkrarlayacaq.

Əslində Marks həyatının son illərində geridə qalmışlıq probleminə baxışlarını yenidən nəzərdən keçirməyə başlayır. Bu məsələ üzrə onun baxışlarından biz sadəcə ondan sonra baş aça bilərik ki, onların son illərinin yazıları və eskizləri də dərc olunsun. “Kapital” müəllifi belə bir nəticəyə gəlir ki, geridə qalmış ölkələrdə kapitalizmin inkişaf trayektoriyası Qərbdə olduğundan daha fərqlidir. O, bu barədə Vera Zasuliçə yazır. Rus xalqçıları bunu qələbə kimi izah edirlər, Plexanovun ətrafından olan ortodoksal marksistlər isə bu məktubu çap etməkdən imtina edirlər, onu bir neçə il gizlədirlər, xalqçı jurnalda dərc olunana qədər.

Amma məsələ Marksın bu və digər suallar barədə nə fikirləşməsində deyil. Onun sonrakı yazıları barədə Leninin məlumatı yoxdur. Gəncliyində o, öz müəllimləri – Plexanov, Kautski kimi düşünür. Amma o, sadəcə olaraq mühacirətdə nəzəri məqalələr yazan alim deyil. O, güclü siyasi təşkilatın yaranmasında maraqlı olan inqilabçıdır. O görür ki, qarşıdan inqilab gəlir və o, öz yoldaşları ilə birlikdə orada ən fəal şəkildə iştirak etməyə niyyətlidir. Deməli,  nəzəri məsələlər – Marksın vəsiyyətinə tam şəkildə uyğun olaraq – onun üçün təcrübi olur. Və, artıq başqa cür nəzərdən keçirilirlər.

Lenində əsas məsələlər  – siyasi məsələlərdir.

Mahiyyətcə, Lenin fikirlərinin böyük hissəsi politologiya sferasına aiddir. Hətta, imperializm nəzəriyyəsini yaradarkən iqtisadi məsələlərə toxunduqda, onun üçün vacib olanı iqtisadi təhlildən doğan siyasi nəticələrdir.

Lenin marksizmin siyasi nəzəriyyəsini işləyib-hazırlamağa səy göstərir. Həm də bu nəzəriyyə müəyyən mənada – əməlidir. O, konkret spesifik vəziyyətdə konkret problemlərin həllinə yönəlmişdir. Amma bu zaman Lenin – praqmatik deyil. O praktiki məsələyə ciddi nəzəri problem kimi yanaşır. Onu yığılmış keçmiş təcrübə kontekstində nəzərdən keçirir və cavabı elə şəkildə formalaşdırmağa çalışır ki, gələcək üçün nəticələr çıxarsın.

Məhz buna görə Lenin Marks kimi mütəfəkkir olmasa da, siyasi nəzəriyyə sahəsində – sözsüz olaraq görkəmli, özünə görə unikal və sonra görəcəyimiz kimi, faciəvi fiqurdur.

Lenin üçün əsas məsələlər – partiya, dövlət, kütlələrin dövlətlə, hakim siniflərlə və siyasi mübarizə prosesində öz liderləri ilə əlaqələridir. Lenin milli məsələni düşünməli – və sonra onu təcrübədə çoxmillətli dövlətin lideri kimi həll etməli olur. O, əvvəllər ümumiyyətlə müzakirə olunmamış məsələlər üzrə diskussiyalar aparır, onun polemikası kobud, nəzakətsiz olur, opponentə qarşı hörmət olmur (hətta onun bir zaman yaxın bağlı olduğu insanlardan, məsələn, Martov kimi, söhbət getdikdə belə). Amma məhz onun çıxışları sayəsində marksizm yenidən dinamik bir sistemə çevrilir ki, burada nəzakətli olmayan, amma real diskussiyalar gedir.

Bernşteyni tənqid edərkən, Lenin çox gözəl başa düşür ki, söhbət yalnız bir insanın nəzəri səhvlərindən getmir. Xüsusilə də – xəyanət məsələsi deyil (Bernşteyn özü çox nəcib və özünə görə prinsipial idi). Deməli, müəyyən proseslər qərb işçi sinfi və avropa kapitalizmi ilə baş verir. Cəmiyyət həqiqətən də Marksın dövrü ilə müqayisədə dəyişib. Amma Lenin, Beynşteyndən fərqli olaraq, yalnız dəyişiklikləri qeydə almır və üzdə olan bir neçə problemə istinad etmir. O, “Kapital” müəllifinin təsvir etdiyi kapitalizmin başqa bir şeyə çevrilməsinin dərin mexanizmini anlamağa çalışır. Beləliklə imperializm nəzəriyyəsi yaranır. O, müxtəlif ölkələrin inkişafında qeyri – bərabərliyi aşkar edir, göstərir ki, müstəmləkə cəmiyyətlərinin istismarı kapitala, daha qabaqcıl dövlətlərdəki ziddiyyətləri yumşaltmağa imkan verir. Buradan isə qaçılmaz olaraq nəticə çıxır ki, bütün inqilabi proses, həmçinin ümumilikdə tarix, XIX əsrin sonu marksistlərinin proqnozlaşdırdığı kimi getməyəcək.

Lenin qarşısında kəskin şəkildə duran və cavabını Marksın əsərlərində tapa bilmədiyi daha bir məsələ – kəndlilərə dair məsələdir. Lenin kəndli ölkəsində yaşayır və eyni zamanda orada işçi partiyası qurmağa çalışır. Ona kəndlilərin marksist sosiologiyası lazımdır, belə bir şey isə mövcud deyil. Burada Leninin cavablardan çox, sualları var. Amma siyasi reallıq problemləri formalaşdırmağa məcbur edir – cavabları isə artıq başqa marksistlər digər ölkələrdə verəcəklər.

         Rusiya

  Əgər Lenini nail olduğu siyasi nəticələrə görə qiymətləndirsək, qarşımızda, əlbəttə ki, uğurun tarixi durur. Digər məsələ – bu, onun əvvəl can atdığı həmin uğur idimi?  Rəqiblər üzərində qələbə çalınmışdı, amma bədəli yüksək idi.

Rus inqilabının dramatik və qanlı olacağını bir çoxları, hələ çar rejiminin dağılmasından əvvəl bilirdilər. Engels bir neçə dəfə Rusiyadakı inqilaba dair çox kədərli fikirlər demişdi. Həm Marks, həm də Engels şübhələnirdilər ki, Rusiyada dramatik bir şey ya XIX əsrin sonunda, ya da XX əsrin əvvəllərində baş verəcək, amma mütləq baş verəcək.

1850-ci illərin sonuna qədər Rusiya Marks üçün irticanın, total irticanın istinadgahı nümunəsi idi. Bu ölkə ona elə görünürdü ki, burada çar rejimi azad fikrin bütün cücərtilərini elə uğurla məhv edib ki, hətta onun opponentlərinin əti də həmin konservativ, demokratik mütəşəkkillik bacarığı olmayan cəmiyyətinin ətindəndir. Marksın Hertsenə qarşı ədalətsiz qərəzi də buradan doğur.

Elə görünürdü ki, o dövrün bütün rus mütəfəkkirlərindən Hertsen Marksa daha yaxın idi, o da sosialist, materialist idi, Hegel fəlsəfəsinin təsiri altında formalaşmışdı. Marks isə onun haqqında açıq qəzəblə yazırdı. Adətən Marksın Hertsenə olan qərəzini sırf şəxsi səbəblərlə izah edirlər. Bəzən ona istiand edirlər ki, Marksa müəyyən qədər rusofobiya məxsus idi. Həqiqətən də, Qərbi Avropadakı həm radikal, həm də liberal ziyalılar polşalılara rəğbət hissi bəsləyir və Rus imperiyasını sevmirdilər (yeri gəlmişkən, həmin illərin rus radikalları da eyni cür düşünürdülər). Üstəlik deyirdilər ki, guya Marksa Hertsen haqqında şayiələr danışıblar, bunun səbəbi isə Prudonla Hertsenin dostluq etməsidir. Bununla belə, Marksın Hertsenə münasibətində irrasional qorxu var. Onu qorxudan odur ki, ruslar arasında sosialistlər meydana gəlib. Onun heç nə ilə əsaslanmamış, qeyri – aydın formalaşdırılmış qorxusu var ki, Rusiyada sosialist ideyaların imperiya ideologiyası ilə müəyyən qeyri – təbii çarpazlaşması baş verə bilər.

Bundan əlavə, Marks və Engels ilk rus inqilabi təşkilatlarının fəaliyyətini izləyə bilərdilər. Və onların gördükləri ruh yüksəkliyi yaratmırdı. Engels yazır ki, Rusiyada həqiqətən də inqilab yetişir, amma ola bilər ki, inqilab kapitalizmin tamamilə inkişaf etməsindən əvvəl baş verəcək. Digər tərəfdən isə, klassik burjua inqibları dövrü artıq keçib.

Rusiyada artıq sənaye inkişaf edir, proletariat yetişir. Qısaca, sosial vəziyyət, məsələn, Böyük İnqilab dövründəki Fransadakı kimi deyildi. Asanlıqla fərz etmək olar ki, məhz proletariat ən inqilabi sinif  kimi, köhnə quruluşu sındıran əsas qüvvə olacaq. Amma proletariat zəif və azsaylı olduğuna görə, o, hakimiyyəti saxlaya bilməz, bundan əlavə, o, idarə etməyəcəyi prosesə özünü qurban gətirməyə məhkumdur.

Başqa bir yerdə Engels gözlənilmədən və peyğəmbərcəsinə partiyanın diktaturasına dair mülahizələr etməyə başlayır. Əgər işçi sinfi zəifdirsə, sinfin hakimiyyəti partiyanın hakimiyyətinə çevrilir, partiya isə avtoritar olur. Bu, proletariatın diktaturasına deyil, partiyanın diktaturasına çevriləcək. Son nəticədə bir partiyanın diktaturası bir liderin hakimiyyətinə, bir şəxsin yalnız proletariatın üzərində deyil, həm də partiyanın üzərində diktaturasına çevriləcək.

Söz arası deyilən bu cür qeydlər onu göstərir ki, Marks və Engels artıq işçi hərəkatında olan avtoritar təhlükəni dərk etməyə başlayırdılar, hiss edirdilər ki, inqilab üçün bir çox təhlükələr onun özündə, onun öz ziddiyyətlərində gizlənirlər. Amma bunlar sadəcə olaraq, özü də birinci planda olmayan nəzəri fərziyyələrdir. Həyatının sonunda Marks, əksinə, Rusiya ilə maraqlanmağa başladı, bu ölkədə yetişən inqilabi dəyişikliklərin güclü potensialını aşkar etdi.

Lenin üçün isə inqilab nəzəriyyədən təcrübəyə çevrildi. Marks və Engels üçün potensial təhlükə və imkanlar olan şey reallıq oldu. Və hazır cavablar yox idi. Kautski və Plexanovun dərslikləri tamamilə yararsız oldu. Lenin, çoxmillətli imperiyanın dağılması şəraitində, dünya müharibəsində məğlubiyyətin fonunda inkişaf edən inqilaba rəhbərlik etməyə məhkum idi. O, Qərbi Avropadan fərqli olaraq, azlığın partiyası olan işçi partiyasını yaratmalı idi. O, parçalanmadan keçməli və qərb sosial – demokratiyasından fərqli şəraitdə mövcud olan, ona görə də ondan əhəmiyyətli dərəcədə fərqlənən təşkilatını yaratmalı idi.

Rus sosial – demokratlarının Leninin bolşeviklərinə və Martovun menşeviklərinə parçalanması kommunist və sosial – demokrat hərəkatlar arasında sərhəd çəkilməsinin başlanğıcı oldu. Amma hətta Lenin özü üçün belə qiymətləndirmə yalnız müəyyən vaxtdan sonra, Birinci dünya müharibəsindən və bolşeviklər tərəfindən hakimiyyətin ələ alınmasından sonra mümkün oldu. İlkin zamanlarda bu, hətta partiyanın sol və sağ qanadları arasında  parçalanma deyildi – menşeviklərin bir hissəsi kifayət qədər inqilabi baxışlı idilər. Prinsipial parçalanma Leninin ardıcılları, hakimiyyət mübarizəsi riskini üstlərinə götürməyə hazır olanlar, tarixin çağırışına cavab verənlər və qeyri – müəyyənliyə sıçrayış edənlər və Plexanov və Kautskinin kitablarının arxasında gizlənərək bu çağırışdan imtina edənlər arasında baş verdi.

Geridə qalmış ölkədə qalib gəlmiş inqilabın nəticəsi məhz qabaqcıl azlığın diktaturasına çevrildi, hansını ki, marksistlər bir neçə dəfə tənqid etmişdilər. Qərbi avropalı sosial – demokratlar və menşeviklər haqlı olaraq demokratiyanın olmamasını və bolşeviklərin bu və ya digər marksizm tezislərindən geri dönmələrini tənqid edirdilər. Amma hadisələr bir insanın və hətta bir partiyanın iradəsi ilə inkişaf etmirdi. Lenin özü və onun yoldaşları artıq öz məntiqi ilə irəliləyən inqilabi prosesin əsirləri idilər. Başlamış mübarizədə qalib gəlmək üçün onlar elə bir şeylər etməli olurdular ki, bunu özlərindən gözləmirdilər, elə bir dövlət qurmalı idilər ki, səy göstərdikləri dövlət haqqındakı təsəvvürlərə qismən cavab verirdi, amma inqilabın sağ qalmasına və qalib gəlməsinə imkan verirdi.

Bununla belə, Vətəndaş müharibəsi sarsıntıları nəticəsində yaranmış yeni dövlət strukturları, yeni idarəetmə aparatı, artıq hakimiyyətin ələ alınmasından sonra partiyanın sıralarına qoşulmuş yeni üzvlər kütləsi – bütün bunlar ideologiya və siyasətə təsirini göstərirdi. Qalib gəlmiş hakimiyyət öz ideologiyasını formalaşdırdı, bu, artıq sinfin deyil, dövlətin ideologiyası idi. Bu dövlətin daxili ziddiyyətləri siyasi və ideya mübarizəsinin yeni partlayışlarını doğurdu – artıq Leninin ölümündən sonra.

Bu mübarizənin nəticəsi marksizmin, çar imperiyasının dağıntıları üzərindən qurulmuş Sovet İttifaqının rəsmi ideologiyasına çevrilməsi oldu. Leninin ölümündən sonra marksizm leninizmlə tamamlandı.

Leninizm

Leninin ölümündən dərhal sonra partiya liderləri onun nəzəri irsinin ümumiləşdirilməsi və sistemləşdirilməsinə başladılar. Demək olar ki, Stalin, Buxarin və Zinovyev Leninə münasibətdə, Kautski, Plexanov və erkən Bernşteynin Marksa münasibətdə olduğu kimidirlər. Amma, əhəmiyyətli fərqlər də var idi. Leninin ideyalarının interpretasiyası ərtafında mübarizə eyni zamanda hakimiyyət uğrunda mübarizə idi.

“Leninizm” termini artıq 1900 – cü illərin partiyadaxili polemikasında yaranmışdı, həm də menşeviklər bu sözü söyüş kimi istifadə edirdilər. Zinovyev ilk insan idi ki, inqilabi liderin ölümündən sonra leninizm haqqında danışmağa başladı. Böyük Sovet ensiklopediyasında Lenin haqqında rəsmi məqalə yazmaq məhz Zinovyevə həvalə olunmuşdu. Amma o, tam bir konsepsiya irəli sürmədi, sadəcə olaraq leninizmin nə geridə qalmış ölkədə sosializmin qurulması təlimatı olmadığını, nə də permanent inqilab nəzəriyyəsinin bir növü olmadığını deməklə kifayətləndi (L.D.Trotskinin bostanına daş).

Zinovyev və Kamenevin siyasi enişi onların rəsmi nəzəriyyəçilər qismində diskreditasiyası ilə müşayiət olunurdu. Amma bu demək deyil ki, onların bütün ideyaları inkar olunmuşdu. Nəticədə bir yerə sığmayan ideya tendensiyalarının nümayəndələri kimi bolşevik partiyasının rəqabət aparan liderləri haqqında tamamilə yalnış təsəvvürlər mövcud olmağa başladı. Mətnlərin diqqətlə oxunması göstərir ki, bu belə deyil. Onlar təsadüfən bir partiyada deyildilər. Zinovyev və Kamenevin, hələ Buraxin nəzərə alınmasa,  yazdığı bir çox şeylər Stalində davamını tapdı.

Demək lazımdır ki, sovet marksizminin yaranmasında Nikolay İvanoviç Buxarin Stalindən daha əhəmiyyətli rol oynadı. Bir vaxtdan sonra, Buxarin xalq düşməni elan edildikdə və edam edildikdə, onu adı ilə adlandırmamağa və birbaşa sitat gətirməməyə başladılar. Onun nəzəri müddəaları isə bütün sovet dərsliklərində işlənməyə davam edirdi. Bəzən hətta müəllif göstərilmədən Buxarindən gətirilən birbaşa sitatlar rəsmi kitabların tərtibçiləri tərəfindən yenidən istifadə edilirdilər, hansılar ki, öz mətnlərinin haradan götürüldüyünü bilirdilər.

Bu dərsliklərin prototipi Buxarinin “Tarixi materializm” əsəri idi. Bu dərslik sovet dövründə qadağan olunmuşdu, amma burada paradoks var: qadağalar ona görə deyildi ki, oxucu orada hökumət əleyhinə bir şey öyrənə bilərdi, ona görə idi ki, onunla tanış olduqda oxucu yanılmadan rəsmi ideoloji doktrinanın formalaşmasında Buxarinin rolunun nə qədər əhəmiyyətli olduğunu anlayırdı.

Tarixi materializm üzrə bütün dərsliklərə bir çox illər ərzində Buxarinin dərsliyindən ifadələrlə, abzaslarla köçürməyə davam edirdilər. Amma məhz Buxarin haqqında Lenin demişdi ki, heç vaxt təhsil almayan şəxs dialektikanı başa düşməz.

         Yeni ideologiyanın rəsmi variantını Stalin “Leninizm məsələlərinə dair” əsərində formalaşdırdı. Onun tərifinə görə, leninizm “imperializm və proletar inqilabı dövrü marksizmidir. Daha dəqiq: leninizm ümumilikdə proletar inqilabının, xüsusilə isə proletar diktaturasının nəzəriyyəsi və taktikasıdır”.

Demək lazımdır ki, Leninin fikirlərinin taktiki tərəflərinin Stalin tərəfindən vurğulanması çox vacibdir. Birincisi, ona görə ki, Lenin həqiqətən də təkcə virtuoz siyasi taktik yox, həm də siyasətin taktiki problemlərini nəzəri səviyyədə qoyan ilk marksist mütəfəkkir idi. İkincisi, ona görə ki, praqmatik Stalin üçün Leninin taktiki dərsləri xüsusilə əhəmiyyətli idi. Leninin təcrübəsinin digər aspektlərinə o, etinasızlıq edə bilərdi, amma bunlara yox.

Stalinin əsas işi – “Leninizmin əsaslarına dair” əsəri əsas ideoloji problemlər üzrə: kor- təbii mübarizə və partiya təşkili, inqilabi dövlət və proletariat diktaturası, kəndli məsələsi, milli məsələ və s. üzrə Leninin baxışlarının kifayət qədər düz və sistemli izahıdır. Amma, artıq deyildiyi kimi, Stalin bu cür sistemləşdirməni edən ilk insan deyil. Zinovyevin işlərindən Stalinə, leninizmin imperializm və proletar inqilabı dövrü marksizmi olması, Buxarindən isə – Leninin ideyalarını və sosializmin ayrı götürülmüş bir ölkədə qurulması nəzəriyyəsini uyğunlaşdırmaq cəhdi keçmişdir.

Sosializmin ayrıca götürülmüş bir ölkədə qurulması tezisi Stalinin əsas nailiyyəti hesab olunurdu. Demək lazımdır ki, sovet xalqınınn rəhbəri burada inkişaf etdirdiyi Lenin ideyalarına təvazökarcasına istinad edir. Əslində Lenində sosializmin ayrıca götürülmüş ölkədə qurulmasına dair bir sətir də yoxdur. Amma ədalət üçün demək lazımdır ki, Leninin həyatının sonunda bu problem artıq onun qarşısında dururdu. Həqiqətən də, rus inqilabının nəticələri ilə nə etməli? Alman proletariatının məğlub olmasına görə ondan imtina etmək olmaz ki?

Stalin üçün sosializmin qələbəsi məsələsi 1930 – cu illərin ortası həll olunmuşdu. Əgər burjuaziya və köhnə istismarçı siniflər məhv edilibsə, deməli, sosializm tamamilə qalib gəlib. Sosializm haqqında anlayış burada əks iddiadan formalaşır: əgər kapitalizm yoxdursa, deməli, sosializm qələbə çalır. Amma bu qələbə o zamana qədər tam deyil ki, SSRİ – nin hərbi məğlubiyyət təhlükəsi var – bu halda kapitalizm bərpa edilə, Rusiyaya fatehlərin və müdaxiləçilərin süngülərində gətirilə bilər. 1945-ci ildə, İkinci dünya müharibəsindən sonra rəsmi sovet ideologiyası bəyan edir: sosializm bütovlüklə və birdəfəlik qalib gəlib.

1970-ci illərdə sol dissidentlər inadla bu formulanı şübhə altına almağa çalışırdılar. Növbəti hadisələr diskussiyanı mənasız etdi. SSRİ-də sosializmin yekun və tam qələbəsi yox idi. Kapitalizm bərpa edilmişdi, özü də hərbi məğlubiyyət və xarici müdaxilə nəticəsində yox. Sovet quruluşu öz ziddiyyətlərinin təsiri altında dağıldı.

Tərcümə: Ləman Orucova                        (c) SOLFRONT.org

 


Oxşar yazılar:

Baxış sayı:13640