abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Lənkəran, Sulutəpə və hər yer…

Şərh

Artıq etirazlar istisna sayılmaqdan da, tendensiya olmaqdan da çıxıb və adiləşməkdədir. Hətta eyni məkanlarda dəfələrlə təkrarlanmaqdadır. Lənkəranın “Balıqçılar” qəsəbəsində və Sulutəpədə olduğu kimi.

Lənkəran balıqçıları ötən ilin oktyabrında da ayaqda idilər. 2000 balıqçının etiraz dalğasına o vaxt hakimiyyət güzəştlə cavab verdi – irəlidə parlament seçkiləri vardı. Bu dəfə hələlik heç bir seçki yoxdur. Ancaq əvəzində bütün dünyanı bürümüş sosial qiyamların xofu var. Olsun ki, yenə hakimiyyət aldadıcı və müvəqqəti güzəştə əl atacaq.Ancaq absurd bunda da deyil. Absurd ondadır ki, bu balıqçılara Azərbaycan dövləti heç nə verməyib, balıqçılar evlərinə bir tikə çörəyi hökumətin qayğısı sayəsində, yaxud kağızda olan “yeni iş yerləri”ndən aparmırlar.Onlar dənizlə dolanırlar. Onları bu dövlət yox, təbiət dolandırır. Onlara heç nə verməyən dövlət isə onların alın təri ilə və hakimiyyətdən heç nə ummadan qazandıqları son tikəni də əllərindən alır.

Eyni vəziyyət Sulutəpə və Hökməlidə evləri başlarına uçurulan insanların taleyində də təkrarlanır. Bu insanlara hökumət ev tikib verməyib, çoxdan Sovet dövrü deyil. SSRİ insanlara pulsuz ev verir, sonra da bu mülkiyyəti qoruyurdu. Bizə deyirdilər ki, kapitalizmdə mülkiyyət müqəddəsdir, toxunulmazdır. Buyurun, mülkiyyət nə vaxt toxunulmaz idi – SSRİ-də, yoxsa sizin kapitalizminizdə? Nə əkərsən, onu da biçərsən. Baş verənlər vəhşi kapitalizmin təbiətinə tamamilə uyğun vəhşiliklərdir.
Beləliklə, Lənkəranda hakimiyyət Əliyevin “açdığı” 900 min yeni iş yerlərindən yox, təbiətdən çörək qazananları əzir, Sulutəpədə isə sosial siyasətin rudimentlərini də məhv etmiş həmin hökumət nəinki əhalini mənzillə təmin etmir, əksinə, insanların borcla-kreditlə-rüşvət verməklə tikdikləri daxmalarını başlarına uçurur. Dövlətin funksiyası elə bunlardan ibarətmiş yəni?..

***

Hökməli və Sulutəpədəki söküntülər 2009-cu ilin avqustundan fasilələrlə davam etdirilir. Evləri dağıdılan vətəndaşlarla güc strukturları və ARDNŞ işçiləri arasında olmuş toqquşma bu günün Azərbaycanının ümumi təhlilini vermək, nəticələr çıxarmaq və proqnozlar qurmaq, mürgülü siyasətçiləri sonu görünməyən letargiyadan oyatmaq üçün çox simptomatik faktdır. Görünür, bu ölkədə analitiklər analizlə, siyasətçilər isə siyasətlə daha məşğul olmurlar.
Olsun ki, evlər icazəsizdi (bu, bizdə adi hadisədir). Ancaq demək ki, vətəndaşlar bu evləri hakimiyyət strukturlarından xəbərsiz tikib – yalan olar. Bir struktur (bələdiyyə, icra hakimiyyəti) “hörmət” müqabilində vətəndaşlara icazə verib, başqa hökumət strukturu (ARDNŞ və DİN) isə bu “hörmət”ə veto qoyub adamların evlərini sökür.
Bu paradoks adi azərilərin illərlə yaşadıqları “Əyri güzgülər ölkəsi”nin mənzərəsidir. Bu ölkədə vətəndaş üçün ən böyük təhlükə hökumətin özü və onun güc strukturlarıdır. Ölkədə hüququnu qanuni yolla bərpa etmək ehtimalı – sıfırdır, rüşvətlə nail olduqların isə istənilən an əlindən alınaraq özün də cəza ala bilərsən. Budur reallıq – dörd yandan hakimiyyətin “Damokl qılıncı” asılıb.
Uduzmuş vətəndaşlar isə o qədər qorxudulmuş, bölünmüş, həmrəylikdən uzaq və gücsüzdürlər ki, onlara yaşamaq da, dözməmək də qadağandır. Dözmək isə artıq mümkün deyil. Elə bir ünvan qalmayıb ki, oradan haqq və ədalətin işıq şüası görünsün.
Əslində, o evləri vətəndaşların başına uçuranların özləri də qorxudulmuş, müti və uduzmuşlardır. Qullar qullarla dalaşır.
Qulların arxasında isə nə özləri kimilər, na hökumət, nə cəmiyyət var. Heç kəs yoxdur.
İllərlə əvvəl yazdığım proqnozdur: Ölkədə səbr kasası o vaxt daşacaq ki, bəndələr itirilməsi mümkün olan, ancaq itirilməməli son sərvətini də itirəcək. Hələliksə insanların əksəriyyətinin mənzili, evi, həyətyanı sahəsi var. Və bu son “dəyərlər” də fərdiyyətçi azərilərin əlindən alınanda, xaotik etirazlar başlayacaq.
Buyurun – Sulutəpə və Hökməlidə son “dəyərlər”i (o isə Qarabağ deyil, insan haqları deyil, demokratiya deyil, evdir!) əlindən alınanlar döydü və döyüldülər. Son “dəyər” müqavimətə səslədi.

Və müqavimət yalnız böyüməyə doğru gedəcək. Çünki, heç nəyə baxmayaraq, hökumət adi vətəndaşlarla dialoq formasında yox, itaət tələb edən monoloqla danışır. Bu birtərəfli rabitənin əks rabitəyə keçməsinin yeganə yolu kimi isə yalnız xalq etirazları qalıb. Başqa yol yox ki…



Oxşar yazılar:

Baxış sayı:6901