abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Erdal Erenin son baxışı

Şərh

Dekabrın 13-ü qara tarixin qara günüdür. 28 il əvvəl Erdal Eren edam kəndirinə yola salınıb.

Erdal edam olunanda 16 yaşı 2 aydı tamamlanmışdı. Yaxınlarda 90 yaşını qeyd etmiş, ahıllığını rəssamlıqla keçirən qanlı Kenan Evren onu kəndirə yolladı. İnanıram – son nəfəsində onu Erdalın və həyatlarına son qoyduğu bütün gənclərin surətləri təqib edəcək.

Yeniyetməni ölümə yollamaq – varvarlığın və vəhşiliyin son həddiydi. Və bu son hədd – reallıqdır.

4 il sonra – 1984-cü ildə Muşda olarkən Evren deyəcəkdi: “İndi mən onu yaxalayandan sonra məhkəməyə verib sonra da edam eləməyib bəs neyləyəcəkdim? Ömür boyu ona baxacaqdım? Vətən üçün qanını axıdan bir mehmetciyə silah çəkən o xaini illərlə bəsləyəcəkdim?”

Yəni – asmışam, əcəb etmişəm. Nə olsun ki, qanun 16 yaşlını edam etdirməyi qadağan edib?! Ancaq bunlar bir tərəfə, əsgərin Erdalın atdığı güllədən öldüyünü heç cür sübut edə bilmədilər. Onun günahı yoxdu.

Kommunist Erdal Erenə həsr olunmuş, Sezen Aksunun oxuduğu “Son baxış” nəğməsini elə onun yaşından eşitmişəm. İllər boyu da bilməmişəm ki, nəğmə qiyamçı yeniyetməyə həsr olunub. Türkiyə incəsənətinin həyatda baş verənlərin güzgüsü olmağına daha bir sübut.

Hadisələrsə 1980-cı ilin 30 yanvarından başladı. MHP-çi birisi Sol-çu Sinan Suneri güllələdi. Buna etiraz etmək üçün toplaşan gəncləri polis dağıdır. Arada bir əsgər qətlə yetirilir. 25 nəfər saxlanılır. Aralarında da Erdal Eren. Artıq martın 19-da onu edama məhkum etdilər – yaşına baxmadan, sübutların olmadığını nəzərə almadan.

Onun yaşı kəndir üçün yetərli deyildi. Rentgendən keçirib fəqərələrinin qalınlığını ölçüb sənəddə yaşını 18 etdilər. Dekabrın 13-də – 16 yaşı bitəndən 40 gün sonra isə Ankara Mərkəzi cəza evində asdılar.

Onun ölümqabağı fotosu Türkiyəni dolaşdı. Bu fotoya da baxıb Seze Aksu “Son baxış”ı oxudu.

Edamdan 16 saat əvvəl Erdalı kamerasında jurnalist (o vaxtsa fotoqraf) Savaş Ay ziyarət etdi. Məhkum ona vəkili ilə görüşə bilmədiyini, onu başqalarına ibrət olsun deyə edam edəcəklərini söylədi. Həmin dəqiqələrdə o da, Savaş Ay da edama saatlar qaldığını, qanlı əməlin həmin gecə icra olunacağını blmirdi.

Sonralar Savaş Ay yazacaqdı: “16 saat öncə qarşımda duran, danışan, dərdlərini bölüşən, işlədiyi söylənən suçla bağlı məlumatlar verməyə çalışan o qanlı-canlı uşaq məhkumu dövlət əli ilə ipin ucundan sallanan bir ölüyə döndərdilər”.

Başqa bir sitat: “Erdalın son sözlərini onu son görən mülki şəxslər olaraq bizdən başqa kim danışa biləcəkdi ki?! Biriləri sonradan “Qorxdu, titrəyirdi, əfv istəyirdi” desə, kim bunun əksini söyləyə biləcəkdi?”

Erdal qorxmadı, titrəmədi, əfv istəmədi və o yaşında edama getdi.

Onun son anlarında çəkilən fotolarını milyonlar kimi, Sezen Aksu da gördü. “Elə məsum, elə ölümdən uzaq, gənc ki… Məni əsas vuran onun son baxış fotosu oldu” dedi.

Siyasətdən uzaq Aksu Sol-çu Erdal Erenə öz ağısını oxudu.

\”Bir an duruşu gibi
Ömrün gidişi gibi
Veda ederken
Aşk ateşi gibi söner iç çekişler
Amman amman yandım aman
Acı yüzler..\”

Sonralar qohumu Erkan Eren Erdalın işgəncələrə məruz qaldığını, edam xəbərini radiodan eşitdiklərini və onu kimsəsizlər məzarlığında dəfn etməyə çalışdıqlarını söylədi. Erdal 12 sentyabr hərbi çevrilişindən sonra asılan 18 Sol-çudan ikincisi oldu. Daha əvvəl Necdet Adalı edam olunmuşdu (Ahmet Kaya onun ölümünə “Şafak türküsü” mahnısını bəstələyib).

12.12.2008


Oxşar yazılar:

Baxış sayı:8878