abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov | Rusiyada etirazlar (ardı)

Şərh

10 dekabrda sanki bütün dünya qızdırma içində olacaq. Antikapitalist etirazlar Nyu-Yorkdan Londona, Lissabondan Afinaya qədər hər yanı bürüyəcək. Siyahıya Moskva da qoşulur. Sadəcə, burada vəziyyət xeyli fərqlidir.

 Rusiyadakı “Qəzəb günü” ideoloji çaları ilə fərqlənir. Bu, Putin rejiminə qarşı Sol qüvvələrlə liberalların ilk birgə irimiqyaslı aksiyasıdır. Bu taktiki əməkdaşlığın hansısa bəhrə verəcəyini proqnozlaşdırmaq isə saatbasaat çətinləşir.

 Sol ideologiyalı birisi kimi liberallarla istənilən taktiki əməkdaşlığın ziyanlılığı qənaətində israr edənlərdənəm. Ona görə yox ki, hiyləgər liberallar aldadacaq. Ona görə ki, radikal Sol meydana daha çox insan çıxardığı halda, baş verənlər bütünlüklə əks-cinahın aktivinə yazılacaq və “narıncı inqilab” kimi təqdim olunacaq. Çünki, onların arxasında güclü texniki, təbliğat, reklam və maliyyə resursları var. Qərb telekanalları “Levıy Front”u reklam etməyəcək ki? Qərb mediasının hadisələrə qəsdən qüsurlu yanaşma nümunəsi isə artıq var: Dekabrın 6-da “Çistıye prudı”da baş tutmuş mitinqi FoxNews biabırçı qeyri-peşəkarlıqla yayımladı. Guya ki, reportaj Moskvadan idi, ancaq kadrlar Afinadakı küçə döyüşlərindən çəkilmişdi. ABŞ televizionçularını hətta ekrandan aydınca görünən yunan əlifbası ilə yazılmış yer və reklam adları da ağıllandırmadı. Yəni, qara piarın tipik misalı.

 Əlbəttə, Rusiya etirazları tamamilə başqa – və Sol üçün optimal – istiqamətdə gedə bilərdi, ancaq getmədi. Söhbət 10 dekabr çıxışlarında Rusiya kommunist partiyasının (RFKP) mövqeyindən gedir. Züqanovun partiyası bütün Rusiya ərazisində eyni vaxtda çoxsaylı etirazlar təşkil etməyə gücü çatan yeganə müxalifət partiyasıdır. Üstəlik, 20 faiz səs almalarına (əslində daha çox) baxmayaraq, partiya seçkiləri “tamamilə saxtalaşdırılmış” sayır. Bundan sonra bircə məntiqi addım ola bilərdi – RFKP da etirazlara qoşulur və onları idarə edir. Sol elektorat üçün bu, yeganə uğurlu variant ola bilərdi.

 Ancaq partiya rəhbərliyi 10 dekabr aksiyalarına qatılmamaq qərarı çıxardı. Bununla da, həm Sol hərəkata, həm də öz perspektivlərinə böyük bir zərbə vurdu. Əvvəla, radikal Sol qrupları liberallarla taktiki (və ziyanlı) əməkdaşlıq məcburiyyətində qoydu. İkincisi, öz səmimi inamçılarını mübarizədən təcrid etdi. Üçüncüsü, tarixi şansı dəyərləndirə bilmədi. Tarixi şans isə yetişən inqilabi situasiyada önə çıxmaq və hadisələri öz arxanca aparmaqdan ibarət idi.

 Beləliklə, Rusiya kommunistləri öz elektoratının xeyrinə yox, Putinin əlinə oynadı. Ancaq bu da hamısı deyil – Züqanovun partiyasının mövqesizliyi meydanda “narıncı” liberalların əl-qolunu açdı. Bu “narıncılar” isə əslində kimlərdir? – Rusiyada bu gün mövcud olan kapitalist sisteminin müəllifləri, baniləri, səbəbkarları, 1990-cı illər neoliberal reseptləri cəmiyyətə sırımış kanniballar. Züqanovun səhvləri fonunda, Nemtsov kimilər ön cərgəyə çıxdı. Qərbə də elə bu lazımdı – “Narıncı əks-inqilab”.

 Ancaq bu güncə hər şey dəyişə bilər. Radikal Sol qruplar liberallarla birlikdə Bolotnaya meydanına yox, ayrıca – İnqilab meydanına toplaşmaq variantının üstündə dayanırlar. Liberallarla yolları lap əvvəlindən ayırmaq, “narıncı əks-inqilab”ın zorən həmmüəllifinə çevrilməmək vacibdir. Çünki, Sol cinahın düşməni təkcə Putinin kapitalist rejimi deyil, eyni qədər də neoliberal “narıncılar”dır.

 10 dekabrda Moskvada ən gözlənilməz ssenari də reallaşa bilər, proseslər xroniki gedişata da keçə bilər. Ən ehtimali variant isə odur ki, Qərbdəki “İşğal et!” aksiyaları kimi, Moskvadakı etirazlar da həftələrlə, aylarla uzanacaq. Əsl qüvvələr nisbəti də o vaxt bəlli olacaq…

 (Ardı var)


Oxşar yazılar:

Baxış sayı:5712