abunə ol: Yazılar | Şərhlər | Еmail

Mikki-Maus Azərbaycanda

Şərh

“Mikki-Maus Azərbaycanda”

“Mikki-Maus Haitiyə gedir” rejissor Çarlz Kernaqanın sənədli filmidir. Vur-tut 22 dəqiqə davam edir. Ancaq radikal Sol-un ideoloqlarından olan Naomi Klyaynın (məşhur “Şok doktrinası” və “No loqo”nun müəllifi) sözləri ilə desək, bu film “Partlayan bomba effekti verərək fəhlələrin istismarına beynəlxalq həmkarlar təşkilatlarının əsr boyunca apardığı milyonlarla dollar dəyəri olan tədbirlərdən daha çox ictimai diqqət yönəldə bildi”.
Süjet çox sadə, əks olunan həqiqətlər çox adi, hətta banaldır. Ancaq incəsənət çoxdan sosial yükü çəkmək istəmədiyindəndir ki, 22 dəqiqəlik bu film nəhəng təsirə nail ola bildi.
Oradakı süjet indiki Azərbaycanla (və bütün postsovet məkanı ilə) səsləşdiyindən, sadəcə seyrlə kifayətlənmək olmur.
1996-cı ildə çəkilmiş film əyani olaraq göstərir: korporasiyalar öz nəhəng gəlirlərini hansı yollarla əldə edirlər. Kernaqan əvvəlcə ABŞ-da supermarketə daxil olub Uolt Disney korporasiyasının istehsalı olan futbol köynəkçəsini 13 dollara alır. Sonra da bu köynəkçənin istehsal olunduğu yerə – korporasiyanın Haitidəki fabrikinə yollanır.
O, haitili işçilərə köynəyi göstərir. Onlar öz məhsullarını tanıyırlar. Kernaqan onlara köynəyin ABŞ-dakı satış qiymətini göstərir. Və işçilərin emosiyaları – qəzəb, ağrı, etiraz, əsəb, təəssüf, təəccüb…
Onlar hər gün yüzlərlə bu cür köynək istehsal edirlər. Və müqabilində 8 saatlıq iş üçün gündə 2,3 dollar alırlar! Hər iş saatı üçün 40 sent. Və beləliklə, təkcə bir köynəyin ABŞ-da satış qiyməti işçilərin 5 günlük maaşına bərabərdir.
Rejissor işçiləri danışdırır. Onlar üzlərini əks tərəfə çevirib danışırlar, bir qadın işçi isə suallara maskada cavab verir. Çünki, qovulmaqdan qorxurlar (Filmdən sonra onları tapıb həqiqət də işdən qovurlar).
Fəhlələr onları təmin edəcək maaşdan da danışırlar – əgər Uolt Disney onlara hər iş saatına görə 58 sent ödəsə, razı qalarlar. Ancaq bu da utopiyadır. Və müasir qullar vəziyyətdən çıxış yolu tapmayaraq qismətləri ilə barışırlar.
Sonra rejissor onlara sual verir: “Əgər sizin Uolt Disneyin rəhbərinə müraciət etmək imkanınız olsaydı, nə deyərdiniz?” Cavan bir zənci deyir: “Xahiş edərdim ki, Uolt Disney Haitidəki sifarişlərini azaltmasın. Bizim məvacibimizi artırsın və biz də “Şükürlər Allaha, şükürlər Uolt Disneyə” deyə bilək”.
Əzilənlərin sirri də elə bundadır – heç kəs bu talana, bu ifrat istismara qarşı dirəniş vermir, əksinə, istismarçılardan mərhəmət umur.
Uolt Disney isə Haitidə sifarişləri azaltmayacaq. Əksinə, korporasiya ABŞ-dakı fəhlələri hədələyərək fabrikləri Haitiyə – xərclərin minimal olduğu yerə köçürəcəyini deyir ki, fəhlələr ondan maaş artımını tələb etməsinlər. Və bu mənzərə qlobaldır.
Üçüncü dünya ölkələrində işçilərin qəddarcasına istismarı ildən ilə daha da dərinləşir. “Kapitalizmin köpəkbalıqları” öz istehsal müəssisələrini yoxsul və insan haqlarının dəyəri olmayan ölkələrə köçürməklə gəlirlərini yüz dəfələrlə artırır.
Əlbəttə, Uolt Disneydən, yaxud onun bənzərlərindən nə isə diləmək, xahişdə bulunmaq faydasız işdir. Mübarizə zəruridir. Və həm də təkcə iqtisadi tələblərlə yox. Siyasi tələblər olmadan kapitalın insanı əzmək siyasəti də davam edəcək. Üstəlik, cəzasızlıq və özünəarxayınlıq bu istismarın yeni-yeni qeyri-insani formalarını üzə çıxaracaq.

***

Elə buradaca özümüzə qayıtmaq istəyirəm. Çünki, 1990-lardan başlayaraq “Mikki-Maus Azərbaycana da gəlib”. Fərqi yoxdur, bu, transmilli korporasiyalar şəklindədir, yoxsa çeşidli Çin-Sinqapur-Türkiyə-və s. firmaları formasındadır, ya yerli oliqarxların müəssisələridir.
Və vəziyyətin açmasını verməzdən əvvəl 20 il əvvələ qayıtmaq istəyirəm – SSRİ-nin “tarazlaşdırılmış maaş” mexanizminə lənətlər yağdırıb bazar iqtisadiyyatında yağ-bal içində üzəcəklərinə inandırılmış sovet işçilərinin necə fəxr və fərəhlə kapitalizmin qucağına atıldığı vaxtlara.
Nə oldu, fəhlə qardaş, doladılar səni?..

Bu, gözəl hissdir – səni istismar etmirlər və sən özün də istismarçı deyilsən. Bu böyük dəyəri anlamaq üçün onu itirmək lazımmış. Onu tam itirəndən sonra bu gözəlliyi hiss etdik.
1980-cı illərdə sovet işçiləri inandılar ki, “bazar” onlara layiq olduqları qiyməti ödəyəcək. Bunun üçün vur-tut Sovet quruluşunu dağıtmaq lazımdır. Onda “maaş tarazlığı” sistemi də yox olacaq və bacarıqlılar çox, tənbəllər az qazanacaq.
Ancaq işçiləri balaca uşaq kimi aldatdılar. SSRİ-ni dağıtdılar, xoşbəxtlik isə yoxdur. İzah bir neçə səbəblə bağlıdır.
Əvvəla, prinsipcə bazar kiminsə bacarıqlı usta və virtuoz olduğuna əvvəlindən tüpürüb. Onun bircə kriterisi var – qazanc. Sənin işçi qüvvənin satın alınması yalnız sənin gətirəcəyin gəlir ilə bağlıdır. Baxın ətrafınıza: peşəkarların, virtuozların nə qədəri indi dəzgah arxasında yox, ixtisaslaşmamış qara işlərdə, yaxud küçə alverindədir. Yəni, kapitalizm işsizlik problemini gətirdi.
Tipik misal: Sumqayıtdakı tanışım maşın yuyur – sovet illərində o, kimya müəssisəsində mühəndisdi. Oğlu ali təhsil alırdı – hüquqşunas. Bu yaxınlarda soruşuram: “Oğlun təhsilini bitirdimi?” “Hə” deyir. Harada işlədiyini soruşuram. “Öz yanımda. Maşın yuyur”. Buyurun, bu da sizə ali təhsilli mütəxəssisin aqibəti. Sovet illərində bu cür ssenarini heç təsəvvürə gətirmək də olmazdı.
Ali təhsilli gənc rüşvət vermədiyindən ixtisası üzrə işləyə bilmirsə və maşın yuyursa, təhsilsiz adi fəhləni hansı qismət gözləyir bəs? Sual ritorikdir.
Və bazar nöqteyi-nəzrindən bu baş verənlər tamamilə normaldır, ancaq işçi üçün dağıdıcıdır, onu lümpenləşdirir. Ustad işçilər, görmürdüz belə olacaq? Ya görmək, bilmək istəmirdiz? Bəli, səhv baş verib və bunu boynunuza almağın vaxtıdır.
İkincisi, kapitalizmdən ədalətli maaş bölgüsü gözləyənlər (Kapitalizm və Ədalət? Əcəb anaxronizmdir) bilməliydi ki, real kapitalizmdə əməkhaqqı görülən işə və hətta işçi qüvvəsinin bazar dəyərinə uyğun yox, qüvvələr balansına müvafiq olaraq bölünür. Hansısa virtuoz çilingərə hər saat üçün Almaniyada 15 dollar ödənirsə, eynilə onun kimi peşəkara Braziliyada 3 dollar, Rusiyada 2 dollar, Haiti və Azərbaycanda 0,5-1 dollar ödəyirlər. Ancaq sovet çilingəri nəyə görəsə fikirləşirdi ki, SSRİ-ni dağıtmaq üçün kimlərəsə yardım etsə, o da Almaniyadakı çilingər qədər maaş alacaq. Səhv etdi. Yəni, kapitalizm peşəkara peşəkar kimi ödəmir.
Üçüncüsü, Qərbin öz zavodlarında da əməyin qiymətləndirilməmi problemi elə SSRİ-dəki kimi həlldən uzaqdır. Bu cəhətdən də sovet quruluşunun dağıdılması işçiyə heç nə vermədi (Əvəzində isə o, 5 günlük, 8 saatlıq iş rejimini, sosial imtiyazları və s. itirdi).
Qərb əməkhaqqı problemini çoxsaylı fəndlər və maxinasiyalarla həll edir. Bu vaxt o, qətiyyən demon kimi görünməkdən çəkinmir. Onun əsas köməkçisi – işsizlik qamçısıdır. Praktik olaraq bütün gənclər işsizlik girdabından keçirilir və bu dərs onlarda ömürlük qalır. Sonra iş yeri tapanda insan ondan elə bərk yapışır ki, daha “Niyə mənə az, başqasına çox maaş verirsiz” kimi suallar vermir. Orada ağıllarına da gətirmirlər ki, SSRİ-də bu sual ciddi problemlər yaradırdı. Və Qərbdə bu sualı verənə “Sənin nə işinə qalıb” deyirlər.
İndi biz də bu yoldayıq. Həftədə 7 gün, gündə 10-12 saat iş, müqabilində qəpik-quruş, heç bir ödənişli təqaüddən, tibbi və sosial sığortadan söz belə gedə bilməz, narazısan və haqq tələb edirsənsə – rədd ol çıx get. “O olmasın, bu olsun” filmindəki sayaq hamballar növbəyə düzülüb.
Və sizə demək istəyirəm – bu gün gördüyünüz heç vəhşi kapitalizmin ən dəhşətli forması da deyil. Ola bilsin ki, hələlik ən yaxşı formasıdır. Çünki, hündürə qalxan, istismarın dirijorları olan mütləqi-hakim murdarlar SSRİ-ni də görüblər. Onlardan sonra gələnlərin heç rudimentar dəyərləri də olmayacaq…
… Çarlz Kernaqanın “Mikki-Maus Haitiyə gedir”ində yerli qullar deyirlər: “Biz maaşdan maaşa yox, borcda borca yaşayırıq”.
Kreditə götürülmüş ömür. Bunun üçünmü 20 il əvvəl qışqırıb bağırıdınız?!

Məmməd Süleymanov

***

“Mikki-Maus Haitiyə gedir” rejissor Çarlz Kernaqanın sənədli filmi.

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:10130

Şərhlər

  1. Turan deyir:

    Cox möhtməşəm məqalədir Məmməd müəllimə esq olsun, Onun kimi jurnalistlər özünü jurnalist adlandıran burjua xidmetcilerine numunedir.