abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov | Rusiyada etirazlar

Şərh

Rusiyadakı parlament seçkiləri öncəsi qeyri-sistem müxalifətinə aid olan Sol publisistlər seçimlərə getməməyə çağırdılar. Onsuz da aldadacaqlar, döyüşdən sonra isə yumruq yalamaq şou iştirakçılarının nüfuzuna xələldir.

Sistem müxalifəti seçimlərə getdi. Putinin partiyası çoxsaylı pozuntularla öz aktivinə 49 faizdən çox səs yazmamaqla elə bu rəqəmin də yetərli olduğunu göstərdi. Niyə də bəs etməsin? Parlamentdəki digər yerləri “Vahid Rusiya”nın (“Yaramazlar və oğrular” partiyası) satellitləri tutdu, onlarla isə həmişə alver etmək olar. Çoxdan burjuaziyaya xidmətdə duran kommunistlər (RFKP) yerlərin 20 faizini aldı, Mironovun “Ədalətli Rusiyası”na və əbədi kloun “Jirik”in liberallarına da qalan mandatlar verildi. Və nə oldusa, bundan sonra oldu.

İlk “etiraz” səsini Züqanov qaldırdı, seçkiləri “Həm hüquqi, həm mənəvi baxımdan tamamilə qeyri-legitim” saydığını bildirdi. Dərhal cavabı MSK sədri Çurovdan aldı. “Saqqal” Çurov komlider Züqanova rəsmi sorğu yolladı: “Bu, o deməkdirmi ki, partiyanız qazandığı mandantlardan imtina etmək üçün MSK-yə müraciət edəcək?”

Əlbəttə, yox. Hansı imtinadan danışırsız? Ancaq Çurovun zərbəsi anlayan adam üçün öldürücü zərbə idi. Yəni, demirsən ki, tam saxtakarlıqdır? Onda mandatdan imtina et! Burjua Züqanov isə bunu ağlına da gətirmirdi. Bununla da nə qədər ideyasız buqələmun olduğunu göstərirdi.

Dekabrın 5-də Moskvanın Zəfər meydanında sıravi kommunistlər Züqanovu etiraz aksiyalarına səslədi, bir faydası olmadığını görəndə digər mitinqə – “Çistıye Prudı” istiqamətinə yollandılar. Orada isə ən çeşidli toplum toplaşmışdı: kommunistlər, anarxistlər, millətçilər, liberallar, “limonovçular”, partiyasızlar. Əksəriyyət hipsterlər, “ağ yaxalıqlar”, tələbələr idi. Sistem müxalifətinə aid liderlərdən heç kəs yox idi – nə Yavlinski, nə Züqanov, nə Mironov…

5 və 6 dekabrda seçki nəticələrinə qarşı baş tutan mitinqlər Rusiyanın son 15 illik tarixinin ən kütləvi və mütəşəkkil siyasi etirazları idi. Təbliğat işi əla qurulmuşdu. Facebook, twitter, livejournal, Ridus, ayrı-ayrı saytlar, radiolar. Yalnız federal telekanallar susurdu. Ancaq onlar heç gərəkli də deyilmiş. Götürün Azərbaycanı – bir qədər intellekti, tənqidi münasibəti və zövqü olan hansı azərbaycanlı ölkə reallıqlarını öyrənmək üçün yerli TV-yə baxır? Baxsa, şizofreniya diaqnozu üçün bütün əsasları vermiş olardı.

Və 600 nəfərin saxlanmasından, Moskvaya, Leninqrada hərbi texnika yeridilməsindən, 2 günlük etirazlardan (ardı isə gözlənilir) sonra Boris Akunin deyir ki, gələn ilin əvvəlində prezident seçkilərini baykot etmək lazımdır. Onu Makareviç dəstəkləyir (Əmin deyiləm ki, sözünü geri götürməyəcək). Yaşlı adamlarsız, bunu 1 ay əvvəl görmürdünüz? (Daha 5 il əvvəl demirəm).

“Küpəgirən qarı” Klintonun öz ölkəsinin Rusiyadakı seçkilərin saxtalaşdırılmasından “çox narahatlıq keçirməsi” haqda bəyanatına isə Rusiya XİN-i çox operativ cavab verdi: “Gedin öz burnunuza baxın”. Balaca buşun 2000-ci ildə necə seçilməsi yaddaşlardan silinməyib.

Elə bir reallıq formalaşıb ki, dünyanın hər yerində seçkilər saxtalaşdırılır. Sonra da bir saxtakar o biri saxtakarı ittiham edir. Total zibilxanada hamının pintilikdən indulgensiyası var.

Rusiyanın tarixi isə yeni səhifəyə qədəm qoyur. Ənənəvi olaraq Azərbaycana ən çox məhz Rusiyadakı proseslərin təsiri olub. Orada baş verənlər adətən bizdə də təkrarlanır. Onlarda 19 avqust 1991-in əks-sədası bizdə 1992-nin mayında çıxdı. Onlardakı 4 oktyabr 1993 bizdə 4 oktyabr 1994-də təkrarlandı. Hakimiyyətin ötürülməsi sxemi də lap sinxron işə salındı: vəliəhdlər ön cərgəyə eyni ildə – 1999-da gətirilməyə başladı.

İndi orada baş verənlər 1917-ci ilin Fevralının prelüdiyasına bənzəyir. Fevral baş tutsa, Noyabr da üfüqdə görünəcək. Bu isə bütün dünyada ideoloji diskursu dəyişəcək. Dünyanın 4 yanındakı ( o cümlədən, ABŞ və Qərbi Avropadakı) antikapitalist hərəkatlar da çox güclü stimul almış olacaq.

İstənilən halda, indi Rusiyada başlayan proseslər “kor dalan”a ilişərsə belə, ölkə bir daha son 20 ildəki ölkə olmayacaq…

(Ardı var)

 

Məmməd Süleymanov                                                     (c) SOLFRONT

Oxşar yazılar:

Baxış sayı:5870