abunə ol: Yazılar | Şərhlər | Еmail

Mixael Dofman | Azad bazarın – Tanrının ölümü

Şərh

Tanrı insanlara verdiyi sözü yerinə yetirməyəndə nə baş verir? Əgər tanrı ölürsə, nə olur? Belə tanrıları sındırır, yandırır, çayda batırırlar. Elə müqəddəs Knyaz Vladimir Kiyev Rusiya bütpərəstliyinin baş allahı Perunu kəsmək, sonra isə Dneprə atmağı əmr etmişdi. Müqəddəs knyaz slavyanları xaç suyuna salmaq üçün çaya qovmuşdu. Hər kəsi qovmaq alınmamışdı. Bəziləri “Tanrım, özünü qoru!” deyərək bütü aparan çay boyunca qaçmışdılar. Onlarla sonralar nələr baş verməsi barədə salnamədə xəbər verilmir. Yəqin ki, evlərinə dönüblər.

Perun vəfat etdi, amma cadugərlik uzun illər Rusiyada mövcud idi.

Perun vəfat etdi, amma cadugərlik uzun illər Rusiyada mövcud idi.

Perun ölsə də, Rusiyada cadugərlik daha bir neçə əsr davam etdi. Ən dindar bütpərəst – cadugərlər özlərini, öz cadugər həmkarlarını, dindarları inandırırdılar ki, xristianlığın qəbulu tanrının göstərdiyi yolda çətinlik, əziyyətdir. Guya tanrı onları və inamlarını sınayır və onlar tanrının iradəsinə heç vaxt şəkk gətirməməlidirlər. Radikal fundamentalistlər  bildirirdilər ki, günahları tanrının göstərdiyi yolla getmədikləri üçün böyükdür və tanrı onlara qəzəblənib. Ehkamlardan möhkəm tutunmaq, onları hasarlarla çəpərləmək lazımdır, yoxsa başlarına böyük bədbəxtliklər gələcəkdir

Buna oxşar hadisə SSRİ – nin dağılmasından sonra baş vermişdi. Sovet insanlarının əksəriyyəti elə bundan da əvvəl Stalin tərəfindən yaradılmış kult ideallara daha inanmırdılar. Stalinizmin qalan ardıcılları ilkin mənbələrə yönəlmiş və qəzəblə Stalindən sonrakı bütün yenilikləri  – motorlu-traktor stansiyalarının kolxozlara verilməsindən Xruşovun mülayimləşmə dövrlərinə qədər olanları rədd etmişlər. Onlar inanırlar ki, tanrıları qarşısında günah işləyiblər və öz inam sistemlərinin mövcud olmasını və səmərəliliyini təmin edən hökumət terrorunun ən sərt vaxtlarına qayıtmalarını arzulayırlardılar.

Analoji davranışlar Azad Bazara inananlar arasında da müşahidə olunur. 2008 – ci ildə baş vermiş dünyavi iqtisadi böhran onlar üçün tanrılarının ölümü deyil, sadəcə olaraq doğru yolda bir baş vermiş bir qəzadır. İnamın sınağıdır! Ən sadiq bazar fundamentalistləri tələb edirlər ki, “bazar həqiqətən azad olunsun” – bazarın tənzimlənməsi özünə həvalə edilsin, hakimiyyəti zəiflədilsin, vergilər ləğv olunsun, “sosializmin” ilkin günahları – ictimai rifah, ödənişsiz məktəb sistemi və digər sosial haqlar məhv edilsin. Əks təqdirdə Bazar başımıza yeni və saysız bədbəxtliklər gətirəcəkdir. Yeri gəlmişkən, “bazar fundamentalizmi” termini bazar iqtisadiyyatını yalnızca kitablardan bilməyən Corc Sorosa aiddir.

 Xəsislik – yaxşı şeydir

İngilis iqtisadçısı Con Stüart Mill – məntiqli eqoizm nəzəriyyəsinin banisi

“Uoll-Srit” filmindən bu ifadə bütov bir “biznes inzibatçıları” nəsli üçün dərsliyə çevrilib. Qüdslü psixoloq Alla Kuçerenko izah edir:
“Xəsislik – “yaxşı” şeydir, çünki proqnozlaşdırıla bilinir və deməli, idarə olunandır, manipulyasiya olunandır. Hansısa Yeni Dövrün filosofu, deyəsən Mill demişdi ki, vətəndaşlardan öz maraqlarını müdafiə etmələrindən, “sağlam eqoizm”dən artığını gözləmək olmaz.” Vətəndaş bundan aşağı düşməyəcək, bundan yuxarıda isə uzun müddət dayana bilməyəcək. “Sağlam eqoizm” üzərində qurmaq olar, onu təxmin etmək asandır. Bu yeni kateqoriyalı imperativdir: qoy hamı eqoist olsun və biz razılaşacağıq, bazar bizi mühakimə edəcək… Yeri gəlmişkən, “xəsislik” anlayışı fərqli şeyləri ifadə edə bilər. Təkcə var-dövlət deyil, eləcə də şöhrət, şərəf, potensial seksual partnyorların uğuru, mənəvi inkişaf, aristokratik nüfuz, ölümdən sonra cənnət, ətrafdakılarda günah hissi doğurma – Erik Bernerin “İnsanların oynadığı oyunlar”ını oxuyun, orada o oyunlardan gələn ekzistensial və emosional mənfəətləri sadalayır, orda nələr yoxdur. İnsanın daxilində fərqli xəsisliklərin yarışı azad bazardan heç də az maraqlı deyil, insanlar çox yönlü məxluqlardır.

Köhnə kateqoriyalı amiranəlik bu gün artıq öz dəyərini itirmişdir: şərəf, borc, satılmazlıq, ideyalılıq, sədaqət, özünü qurban verə bilmə, mərdlik, cəsarət gülünc və anlamsızdır, hətta cəzalandırılmalıdır. Əsas odur ki, öz canını qoruyasan. Tamah yarandıqda, onunla mübarizə qısa müddətli olur və onu tez məğlub etmək olur. Daha çox hallarda isə onunla mübarizə aparmaq yerinə, arxasınca qaçılır. Tamaha məğlub olan, satılan, şərəfindən məhrum olan sadə insanın ağlına barmağını kəsmək, özünü güllələmək və ya xarakiri etmək gəlməz. Ən yaxşı halda o, günah hissindən qurtulmaq üçün psixoloq yanına, ən pis halda isə bloqda özünü öyəcək və yüzlərlə heyrətli şərhlər yığacaqdır. Kim sadəcə ideya və prinsiplərinə naminə öz həyatını və rifahını təhlükəyə atar? Kim həmin insanı axmaq adlandırmadan buna heyran ola bilər? Kim onun arxasınca gedər?  Elə insanlar var, onlar nümayişlərə gedirlər. Amma geniş kütlə əmindir ki, onlar buna görə yaxşı pul, ictimailik və sair alırlar (necə ki, məsələn, Maydendə çıxışanlar alırdı). Bax, elə təzəcə İsraildə çadır şəhərləri barədə oxudum, deyilənə görə, sol cəbhə vasitəsilə ölkənin dağıdılması ABŞ tərəfindən maliyyələşdirilir və burada inqilab ixrac edən biznes layihələri məsələləri vardır. Bundan başqa, prinsipiallıq qeyri-demokratikdir. O, tamaha məğlub olan hər kəsi istisna edir, özünü hörmətdən salır və prinsipləri pozur, bu isə heç də müasir deyil, indi hamı bərabərdir. Amma istehlakçı ideyası hər kəsin eyni ehtiyac və zəiflikləri olması bayrağı altında hamını bərabərləşdirir.”

Bu yolla sanki vətəndaş yeni ehkamın xeyrinə istehlakçı səviyyəsinə endirilir. Lakin bu baş verdikdə məlum olur ki, Azad Bazar artıq havadarlıq etdiklərinə verdiyi vədləri yerinə yetirmir. Buna görə də vətəndaşlıq keyfiyyətləri yaşam uğrunda mübarizə təkamülü tərəfindən yenidən tələb olunur.

 Ağrıdırsa, deməli bu faydalıdır

“Azad bazar ilahiyyatı” silsiləsinin ilk məqaləsində biz danışmışdıq ki, Azad Bazar anlayışı həmişə teoloji ideya idi, lakin Azad Bazar tanrısı xalqa səmərəli bazar nəzəriyyəsi şəklində peyda olur. Nəzəriyyə fərz edir ki, bütün zəruri informasiya artıq bazarda inşa olunub, elə görə də bazar mükəmməl və universal mexanizmdir və o azad bazar iqtisadiyyatı elminin tələblərinə müvafiq şəkildə fəaliyyət göstərir (yəni, tələb və təklif bazarın fəaliyyətini müəyyənləşdirir, qiymət isə bu fenomenin mükəmməl təzahürüdür).

Azad Bazar özlüyündə görünməzdir, abstraksiyadır və yalnız öz fəaliyyətinin effektləri nəticəsində yaranır. Azad bazar iqtisadiyyatının qaydaları və ehkamları əvvəllər də onlara inamı tələb edirdi. Lakin maliyyə böhranından sonra kütlədə həqiqi doktrinaya – maliyyə bazarlarının effektiv bazar Nəzəriyyəsinə müvafiq fəaliyyət göstərməsinə şübhələr yarandı (nəticələrdən biri saxta mənfəət əldə edilməsinin mümkünsüzlüyüdür, çünki bazar və bazar iştirakçıları tam və tükənən informasiyaya malikdir). Maliyyə tənzimlənməsinə təkan verənlər göz bəbəyi kimi və fanatik şəkildə Nəzəriyyənin həqiqiliyinə inanırdılar. Təəccüblü deyil ki, bu cür fəaliyyət müəyyən dini ideyaları və idealları çox xatırladır.
Güclü təbiiliyin (fərqi yoxdur, Tanrı, Bazar və ya İnkişaf) olması ideyası öz əməlində təkcə güclü haqlılıq və xoşəməllilik hissini yox, eləcə də insani cəhətdən də cəlbedicidir. O bütün mənəvi və etik dəyərlərin pozulmasına haqq qazandırır. “Nəticə vasitələrə haqq qazandırır”. Rus dilində belə fenomen “yezuit xarakterli” adını alıb, lakin o bütün dini hərəkatlara – pravoslavlığa, kommunizmə, yəhudiliyə, islama xasdır. Əgər hiss edirsənsə ki, Azad Bazarın mütləq və ali həqiqəti üçün fəaliyyət göstərirsən, deməli anlayırsan ki. “xəsislik yaxşı şeydir”. Keçmiş fani günahlar – xəsislik, eqoizm, tamahkarlıq, hərislik, ləlöyünlük müsbət dəyərlər kimi bəyan edilmişdir. Axı bütün bunlar şəxsi mənafe üçün deyil, Bazar üçündür.

Bazarın haqlılığına inam sarsılanda möminlər geri çəkilmədilər. “İqtisadiyyatdan din yaradırıq” məqaləsində Bred De Lonq belə möminlərlə, “mənasız ağrılarla mübarizə aparanlarla” görüşlərini təsvir edir: “Qrup qəti şəkildə inanır ki, əgər nə vaxtsa iqtisadi üfüqlərin aydınlaşmasını istəyiriksə, amerikalılar mütləq aşağı əmək haqqı , yüksək işsizlik və dövlət xidmətlərinin kəskin azalması ilə cəzalanmalıdırlar. Onların istehlakın aşağı düşməsi zamanı dövlət xərclərinin kəsilməsini tələb edən inamlarının mənası tələbin aşağı düşməsini, işsizliyin isə yüksəlməsini təmin etməkdir ki, bu da qıldan toxuma dərviş paltarı geyməyə bərabərdir. Əgər ağrıdırsa, deməli bu faydalıdır”.

Həyatın etiqad edilən uyğunsuz faktlarını ətraflı təhlil edərək De Lonq nəticəyə gəlir ki: “Bu ideologiyadır mı? Daha çox dindir – Bazar xeyirxahdır, Bazar verər də, Bazar alar da, ona şükürlər olsun. Bazarın onların yaxşılığına olduğuna inananlar öz vəzifələrini onun dağılmasını, nəyin dağıtmasını və daha səkkiz milyon işsizin artmasını anlamaqda görürlər. Onlar lap Allahın niyə sunami göndərməsini anlamağa çalışan möminlərə bənzəyirlər”.

Məqalə BBC-yə “İnsanlar pula necə yanaşırlar” silsiləsinə göndərilməyə hazır olduqda Nobel mükafatı laureatı, Çikaqo universitetinin professoru Hari Bekker çıxış etdi ki, böhran insanlara faydalı təsir göstərir, çünki Bazar qanunlarına məsuliyyətlə yanaşmağa təhrik edir. O, dərhal özünə gəlib böhranın dəhşətli bir bədbəxtlik olduğunu dedi. Onun fikrinə görə belə çıxırdı ki, böhranın tərbiyəvi əhəmiyyəti daha çoxdur. Bekker insanın tərbiyyələndirilməsindən anlamalıdır, axı o Nobel mükafatını “mikroiqtisadi təhlil sahəsinin insan davranışı və qarşılıqlı fəaliyyəti, o cümlədən qeyri-bazar davranışı aspektlərinə tətbiq etməsinə” görə almışdı.

                                             

 Rasionallıq rasionaldırmı?

Məni tez-tez “Azad bazar nəzəriyyəsi”ndə “iqtisadi nəzəriyyələrin təhrif edilməsi”nə görə tənqid edirdilər. Mənim vəzifəm öz oyun qaydaları olan iqtisadi elmi şübhə altına qoymaq deyildir. Mən sadəcə onların ictimai həyatda tətbiqinin təhlili ilə məşğul olurdum, iqtisadi elmə dini funksiyaların verilməsini nəzərdən keçirirdim. Belə şeylər tarixdə dəfələrlə baş verib. Pentaqramın tərəflərinin uzunluğunu öyrənərək Metalontadan olan pifaqorçu Hipas irrasional ədədləri kəşf etmişdir. Əfsanəyə görə, riyaziyyatçı həmkarları o qədər narahat olmuşdular ki, onu dənizə atmışdılar. Guya dünyanın müqəddəs harmoniyasına toxunmaq olmaz.

Nobel laureatı Harri Bekkerin fikrincə, böhran insanlara, bazar qanunlarına hörmət etməyi öyrədib.

İqtisadi harmoniyanı pozanlara da bu cür edirdilər, hətta iqtisadiyyatı “elmi kommunistlər” və azad-bazar iqtisadiyyatçıları inşa etdikdə belə. Burada müzakirə olunan azad bazar, bazar effektivliyi və ya optimallılığı və digər anlayışlar iqtisadi elmdə abstrak modeldən başqa bir şey deyidir, sanki qaz və ya molekul kimi. Təmiz elmdən gündəlik həyata keçdikdə terminlər də özlərinin gündəlik ifadələrinə keçir. Misal üçün, “bazarın rasionallığı”nı götürək. Elə bir teorem vardır ki, müəyyən şəraitdə (ümumi informasiya və sonsuz müdriklik kimi) qiymətlər elə olur ki, baha satmaqla və ya ucuz almaqla qazanc əldə etmək olmur. Bunu rasionallıq və ya bazarın optimallığı adlandırırlar.

Özlüyündə bu şərtlər o qədər də real deyil. Errounun məhşur teoremi “kollektiv seçim”in mümkünsüzlüyünü sübut edir. Deyək ki, bu şərtlər tibbi sığorta bazarı üçün tətbiq olunmur, ona görə də şəxsi sığortalama bu teoremin məğzində da optimal deyildir. Bazarın tez-tez dağılması göstərir ki, teoremin şərtləri kfayət qədər tez-tez yerinə yetirilmir. Onlar yerinə yetirildikdə bəs nə baş verir?  Teorem göstərir  ki, hədsiz müdrik və çoxbilmiş satıcı və alıcılar arasında spekulyasiya etməklə qazanc əldə etmək olmaz (demək olar ki, açıq-aydındır!). Amma sonra isə “rasional” termini riyazi mənasında müzakirə olunduqda özünün adi mənası ilə əvəz olunur: “yaxşı”, “düzgün”. Yəni bazar müəyyən mənada “düzgün” nəticələr, ona qarışmaq isə mənəvi tərəfdən “yalnış” nəticələr verir. Bu “pisdir”, çünki “qeyri-optimaldır”.

Blogger scholar_vit belə bir nəticəyə gəlir: “Bunun elmi yox, dini fikir olduğunu anlamaq çətin deyil. Elm guya “mənəvi”, “qeyri-mənəvi”, “yaxşı”, “pis” fikirlərlə fəaliyyət göstərə bilməz: o “düzdür/səhvdir” anlayışları daxilində fəaliyyət göstərir. O, yaradıcının olduğunu göstərmir. “Bazarın görünməz əli” burda sadəcə olaraq bədii metaforadır. Demək olmaz: “Elm sübut edib ki, yaxınını sevmək lazımdır”, çünki o bunu sübut edə bilməz, lakin o, misal üçün “yaxınlarını sevənlər daha çox yaşayır və daha xoşbəxt görünürlər” fikrini sübut edə bilər. Buna görə də “Elm sübut edib ki, bazar optimaldır və buna görə də biz tənzimlənməyən bazarda minlərlə insan acından  və ya  asanlıqla sağala bilən xəstəlikdən ölməsi ilə barışa bilərik” fikri düzgün ola bilməz. Düzgün fikir belə olur: “Bizim dinin dediyinə görə, bazar ali hakimiyyətdir və bu səbəbdən biz tənzimlənməyən bazarda minlərlə insan acından  və ya asanlıqla müalicə oluna bilən xəstəlikdən ölür.”

 Protestant etika nədən irəli gəlir?

Adam Smit ilk olaraq “bazarın görünməz əlini” qeyd etmişdir.

“Allahın lütfü ilə inamınızla siz xilas olmusunuz və bu sizin yox, Allahın bəxşişidir: əməldən deyil, heç kim öyünməsin deyə. Bizlər – onun yaratdıqları İsa Məsihdə yaranmışıq ki, Allahın bizlər qarşısında qoyduğu xeyirxah əməlləri yerinə yetirək”. Bu sözlər Pavelin Efeslilərə Göndərişidir (2:8 – 10). Bu sitatla Martin Luter özünün insanların iradə azadlığı olmaması tezisini əsaslandırmışdı. Lyuterə görə insanlar Tanrının yaratdığıdır və onunla qırılmaz sıx əlaqədədirlər, buna görə də hər şeydə onun buyruğu ilə hərəkət edirlər. Bu da protestant doktrinasının əsasını təşkil edir – Tanrının hər birimiz üçün planı var və biz sadəcə olaraq  onun harmonik yaradılış işinin alətləriyik. Onun görünməz əli bizə yol göstərir, bizi idarə edir və hər birimizin taleyinə hökmranlıq edir.

Cari azad bazar iqtisadiyyatı protestant etikasına əsaslandığını bildirir. Protestantizm nədr? Bu gün protestantizm adı altında əsasən artıq etiraz etməyən geniş spektrli etiqad, təcrübə və doktrinalar nəzərdə tutulur. Buna demək olar ki, sosialist olan metodistlər və mennonitlərin daxil olduğu köhnə yəhudi protestant kilsələrini də aid etmək olar.

Neoklassik iqtisadiyyat “Bazarın görünməz əli”ni Adam Smitdən götürmüşdür. Smit “görünməz əl” ifadəsini mətndə üç dəfə istifadə etmişdir, o da metafora kimi. Smit mütəfəkkir -rasionalist idi, azad insan iqtisadiyyatının təmsilçisi idi. O kommersiya riskini inkar edir, ehtiyatlı olmağa çağırırdı. Onun “Millətin sərvəti” əsərini, xüsusilə də “Daxildə istehsal oluna bilən malların xaricdən gətirilməsinə qadağa qoyulmanın vacibliyi” başlığını oxusaq, onun qloballaşmanın antitezisi, autsorsinq (1) və digər biznes-təcrübəsi olduğunu görə bilərik. Adam Smitin işlərinin təhrifi haqqında daha ətraflı professor Hevin Kennedinin bloqunda “Adam Smitin irsinin itirilməsi”ni oxuya bilərsiniz.

Təəssüf  ki, Adam Smit bütlərlə çərçivələnmiş yeganə mütəfəkkir deyildi. Postmodernist azad bazarında Adam Smit tamamilə fərqli növdə peyğəmbər kimi təqdim edilmişdir. Onun deterministik iqtisadi nəzəriyyəsindən qopan “görünməz əli” isə bir neoklassik iqtisadi yazıdan digərinə keçərək ritual və mistik xarakter alır. İqtisadi azadlıq nəzəriyyəsi elə izah olunur ki, Bazar müstəqil şəkildə fəaliyyət göstərir və fərdi azadlığa yer qalmır. Bir qayda olaraq, dinşünaslar Tanrının nə demək istədiyini onun özündən yaxşı bilirlər.

Neoklassik iqtisadiyyatda mühüm bir hadisə 1972-ci ildə azad bazar iqtisadiyyatı filosofu Spiros Latisin (eləcə də “Forbs” jurnalının siyahısında 51-ci yeri tutan milyarder) “İqtisadiyyatda vəziyyət determinizmi” məqaləsi olmuşdur. Latis göstərir ki, neoklassik iqtisadiyyatın modeli tamamilə onun vəziyyət determinizmi adlandırdığı qəddarcasına öncədən təyin olunmaya əsaslanmışdır. Sadə sözlərlə desək: əgər insanlar müəyyən vəziyyətə düşürlərsə, onda onlar ehtiyaca görə müəyyən bir yol seçir və onlar mütləq sürətdə verilmiş yola əsasən davranırlar. Elə bu da “görünməz əl”in işidir. Burda bir hərəkətin icrası və digərindən imtina üçün görünməz əl fərdi aparır və idarə edir . Bu da elə “Azad bazar teologiyası”nda müzakirə etdiyimiz rasional gözləntilər Nəzəriyyəsi mexanizmidir. Nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, insan gözləntiləri rasionaldır və buna görə də o həmişə bir “rasional” yolla irəliləyəcək, qalan digər imkanlara isə yayınmalar kimi baxacaqdır.

“Görünməz əl” müxtəlif neoklassik iqtisadi nəzəriyyələri  bir-biri ilə əlaqələndirir: Rasional gözləntilərdən Effektiv bazara qədər. “Bazarın görünməz əli” – köhnə protestant teoloji iddiasının dünyəvi və elməbənzər formada dirçəlişidir.

Dünya görünməz ali qüvvələr tərəfindən idarə olunur və xarici dünyada baş verən hər şey hadisələrə insanın təsir imkanı olmadan ali qanunlara əsasən təyin olunur. Elə bu əvvəlcədən müəyyənləşmənin  aydın formada doktrinasıdır. Avstriya iqtisad məktəbinin ideoloqu Ludviq fon Mizes belə hesab edirdi ki, Adam Smitin “görünməz əli” elə “tanrının obrazıdır”. Bununla bərabər, o hesab edirdi ki, bu nəticəyə rasional olaraq gəlib və burada o heç bir ziddiyət görmür. Fon Mizes böyük filosof idi və öz konstruksiyalarının çatışmazlıqlarını ardıcıllarının çoxundan yaxşı dərk edirdi. Fon Mizes üçün həmin ali qüvvənin Tanrı, Weltgeist, Taleh, Tarix, Votan və ya maddi istehsal qüvvəsi adlandırılmasının heç bir fərqi yox idi. Müasir kapitalizmin korporativ modelində ilahi qüvvəni Azad Bazar adlandırırlar. Bazar dünyaya hökmranlıq edir, qayda-qanunu təmin edir, xaosdan müdafiə edir və heç vaxt səhv etmir. Biz hamımız sanki onun müqəddəsliyinin örtüyü daxilində yaşayırıq. Bu birbaşa rasional gözlənti Nəzəriyyəsindən irəli gəlir.

Azad bazar iqtisadiyyatı nəzəriyyəsinə görə, fərdlər öz xeyirlərini maksimallaşdırmaq üçün müəyyən olunmuş şəkildə hərəkət edirlər. Onlar səhv edə bilərlər, lakin onların səhvləri normanı sarsıda bilməz. Azad bazar sarsılmaz, günahsız, qadir, hər yerdə mövcud olaraq qalacaqdır. Bazar insanlara sistem səhvlərini etməyə imkan vermir. Bu elmdən çox qadir və daim hər yerdə bizi əhatə edən Tanrı haqda teologiyaya bənzəyir.

Azad Bazar dininin paradiqması ardıcılları üçün çox əlverişlidir, onlara mənəvi rahatlıq və çoxlu imkanlar verir. Teologiya öz ardıcıllarına dünyanı tünd-çəhrayı rəngdə görməyə imkan verir. O insanlara elə əminlik verir ki, dünyada hər şey lazımi qaydada gedir, günahkar-sosialist və qanun tərəfdarları liberalları hakimiyyətə buraxmaq olmaz və onda “Bazar qanunları”na əsasən qayda və harmoniya öz-özlüyündə  hakim olacaqdır. Bu əminlik dini heyranlıq yaradır, Azad Bazar tərəfdarlarına yeganə düzgün biliyə malik olma hissi verir. Azad Bazar dini öz tərəfdarlarını hərəkətlərinə haqq qazandırmaq üçün mənəvi kodekslərlə silahlandırır, baxmayaraq ki, kənardan onlar mübahisəli, iyrənc, axmaq və xain görünür.

Ən dəhşətlisi də elə budur – hər hansı mömin ehkamçının onun son mərhələdə ekstremist baxışlarının tanrının buyurduğu həqiqət olmasına əminliyidir, verdiyi qərarlar isə, nə qədər dərəcədə dağıdıcı və axmaq olmasına baxmayaraq, hər zaman ali qüvvə tərəfindən müəyyən edilmişdir.

Bir dəfə səyyahət zamanı bizim rəhbər inkvizisiya haqqında danışırdı. Onda “Tanrı sevginin özüdür” şüarı altında işgəncə verər və öldürərdilər. Rəhbər inkvizisiya məzarına İncildən bu ifadəni yazmağı təklif etmişdi. Sovet quruluşunun məzarında “Marksın təlimi qüdrətlidir, çünki düzgündür!” yazmaq yaxşı olardı. Hələ 1979-cu ildə SSRİ-də mübahisələr yaranmağa başladı, 1986-cı ilə yaxın isə ona inananları artıq cəlb etmirdi və artıq dağılmaq üçün təkanı gözləyən boş örtüyə çevrilmişdi.

2008-ci ilin böhranı azad bazar kapitalizmi əfsanəsini sual altına qoydu. Azad Bazar təriqəti özünü tükətdi. Bu heç də o demək deyil ki, iqtisad elmi özünü tükəndirdi. Sadəcə olaraq o artıq ibadət predmeti deyil, XX əsrin davamı kimi mövcud idi. Azadlığı seçərək insanlar bu dini etiqadın necə tez və hiss olunmadan yox oldu təəccüblənəcəklər. Bir dəfə qəribə dünyəvi dinin – azad bazar etiqadının məzarında “Bazar həmişə haqlıdır!” yazılarını görəcəyik.

Qeydlər:

1. Autsorsinq – bir müəssisənin razılaşma əsasında bəzi biznes proseslərini digər müəssisənin sərəncamına verməsi.

Tərcümə: Esmira Babayeva                       (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11183