abunə ol: Yazılar | Şərhlər | Еmail

Mark Tven – Mətbuatın özbaşınalığı

Şərh

Çap dini o qədər ələ salıb ki, artıq bu normal hala çevrilib. Partiya maraqlarını qorumaq bayrağı altında rəsmi vəzifələrdə yer tutan cinayətkarları elə həvəslə qoruyur ki, artıq Birləşmiş Ştatların senatını əxlaqi cəhətdən kor edib – onun üzvləri artıq cinayətin və senat şərəfinin nə olduğunu dərk edə bilmirlər. Mətbuat ədalətsiz hərəkətlərə o qədər biganə yanaşır ki, müəyyən ödəniş əvəzində ölkəyə qulluq etməyə razılaşan konqres üzvləri rahatca dövlətin cibinə girir, özlərinə əlavə mükafatlar axtarır, ancaq nə vaxt ki kimsə belə boş şeylərə görə hay-küy qaldırır, təəcüblənmiş və incidilmiş olurlar.

Mən iddia edirəm ki, bu çirkin vəziyyətin günahkarı qəzetlərdir – tamamilə olmasa da, yenə də önəmli ölçüdə. Bizdə mətbuat azaddır, hətta həddindən artıq azaddır – həmin mətbuat, hansına ki, onun üçün arzu olunmayan ictimai xadimləri, xüsusi şəxsləri ləkələməyə və ən qorxunc baxışları müdafiə etməyə icazə verilmişdir.  O, heç nəyə bağlı deyil. Onu çərçivədə saxlaya biləcək ictimai rəyi isə mətbuat öz mənfur səviyyəsinə qədər sala bilib. Mətbuatı müdafiə edən qanunlar var, ancaq, əslində, vətəndaşları mətbuatdan qorumaq üçün bir dənə belə qanun yoxdur. Mətbuatda böhtana görə məhkəməyə şikayət etməyə qərar vermiş insan hələ işin qanuni həlli başlamasından əvvəl hökmran qəzet məhkəməsi ilə üz-üzə qalır və ən həyasız istehzaların və təhqirlərin obyektinə çevrilir. İngiltərədə incidilmiş Çarlz Rid [1] qəzetlərlə mühakimə oluna və qərarın öz xeyrinə həllinə nail ola bilir, bizdə, Amerikada isə o öz taktikasını dəyişərdi; qəzetlər (öz oxuyucu – şagirdlərinin dəstəyi ilə) onu tez inandırardılar ki, istənilən böhtana dözmək onlardan məhkəməyə şikayət etmək və hərkəsin gülüş obyektinə çevrilməkdən daha yaxşıdır.

Mənə elə gəlir ki, Birləşmiş Ştatlarda mənəviyyat qəzetlərin sayının artma nisbətində düşür. Qəzetlərin sayı çoxaldıqca şüur daha da pisləşir. Hesab edirəm ki, bir dənə xeyir gətirən qəzetə əlli dənə ziyan verən qəzet düşür. Və balaca, vicdanlı şəhərcikdə qəzet təsis edildikdə, biz bunu fəlakət kimi qəbul etməliyik.

Son otuz ildə mətbuatın davranışında olduqca əhəmiyyətli və kədərli dəyişiliklər oldu (mən adi, sıravi  qəzeti nəzərdə tuturam, çünkü əvvəlcə ayrıca iyrənc nümünələr mövcud idi). Əvvəl qəzet xeyirxahlığın və mənəviyyatın  müdafiəçisi kimi çıxış edirdi və həqiqətin tərəfdaşı olmağa çalışırdı. Ancaq indi yox. Bu günlərdə bir mötəbər nyu-york qəzeti çap etdiyi qabaqcıl məqalədə büdcədən oğurluğa haqq qazandırırdı, bunu da konqres üzvlərinə az ödəniş olunması ilə əsaslandırırdı – sanki bu, oğurluq üçün bəraətdir. Şübhəsiz ki, bir çox qanmaz oxuyucular məsələnin belə yeni işıqlandırılmasından məmnun qaldılar. Ancaq düşüncəli insanlar bizim “yalan fabriklərinə” başqa cür yanaşırlar. Onlar üçün “Qəzetdən oxudum, deməli həqiqətdir” iddiası artıq çoxdan istehzalı səslənir. Ancaq, təəssüf ki, bütün millətlərdə olduğu kimi, bizdə də böyük əksəriyyəti təşkil edən, düşünməyən insanlar qəzetlərə inanır və onların təsirinə tabe olurlar.

Müasir cəmiyyətdə mətbuat nəhəng qüvvədir. O, istənilən kəsin reputasiyasını yarada və korlaya bilər. Ona vətəndaşlardan ən yaxşısını dələduz və oğru adlandırmağa və onu həmişəlik məhv etməyə heç nə mane olmur. Cənab Kolfaksın [2] yalan və yaxud da doğru danışdığını indi artıq müəyyən etmək mümkün deyil, ancaq o, ömrünün sonuna qədər yalançı damğası ilə yaşayır, çünkü qəzetlərin hökmü bu cür olub. Bizim qəzetlərimiz, istisnasız hamısı, “Qara fırıldaqçını” [3] tərifləyir, uğurlarını şişirdirlər. Ancaq onlar nifrətli sükutun bircə yaylımı ilə onu asan öldürə bilərdilər. Bizim yüksək mənəviyyatlı mətbuatımız oxuyucuları artıq çoxdan ədəbsizliyi sevməyi öyrətdiyi, qanunsuzluğa qarşı laqeyd etdiyi üçün, hökumət “Gündəlik hadisələr” və “Polis qəzeti” kimi vərəqələrin çiçəklənməsi üçün imkan yaradır.

Sahiblərinə hər sətri üçün bir dollar verdiyiniz halda, qərb ştatlarının qəzetləri həvəslə ən iyrənc, zərərli baxışları ifadə edən redaksiya məqaləsini çap edəcəklər.

Demək olar ki, bütün qəzetlər, onun pullu elanlarını dərc etməklə, Rozensvinq kimi cinayətkarları dəstəkləyir, yeni qurbanların axtarışında kömək edir. Heç birimiz üçün bu sirr deyil.

Fosterin qatilinin məhkəməsi zamanı qəzetlər özlərini elə göstərirdilər ki, guya onlar qubernatorun tərəfindədilər və oxuyuculardan onun qanuna əsasən, ciddi hərəkət etmə niyyətini dəstəkləmələrini istəyirdilər. Ancaq onlar qatili əfv etmək üçün yazılan ürəkbulandıran və ağlağan xahişlərədən ibarət yazını, pullu elan kimi, bütöv bir səhifəyə çap etdilər. Və mən güman edirəm ki, əgər kimsə onlara, onun bu vəzifədəki bütün sonrakı fəaliyyətini iflic etmək üçün, elan üçün pul ödəsə idi, onlar qubernatora bir yığın böhtan çap edərdilər. Puldan ötrü ədalətin bərqərar olunmasına mane olan qəzet vətəndaşların əmin-amanlığı üçün ciddi təhlükə kəsb edir.

Millətin ictimai rəyi zəhmli qüvvədir, Amerikada o özünə kürəklə və ya çəkmə iynəsi ilə çörək pulu qazana bilməyən, əlillər evinə doğru yolu gedərkən təsadüfən jurnalistikaya düşən, savadsız, özündən razı cahillərin dəstəsiylə yaradılır. Mən yüzlərlə jurnalistlə şəxsən tanışam və bilirəm ki, şəxsi söhbətdə onlardan əksəriyyətinin fikirləri içi korlanmış yumurtaya belə dəymir. Amma nə vaxt ki, belə cənablardan biri qəzetin səhifələrində çıxış edir, onda artıq o danışmır, mətbuat danışır və piqmeyin ciyiltisi artıq ciyilti yox, peyğəmbərin gürultulu səsi olur.

Şəxsi təcrübəmdən jurnalistlərin yalan danışmağa meylli olduqlarını bilirəm. Bir neçə il bundan əvvəl mən özüm Sakit okean sahilində, indiyə qədər orada tükənməyən, yalanın xüsusi və olduqca mənzərəli növünü yeritdim. Hər dəfə mən qəzetlərdə Kaliforniyada qanlı yağışın keçdiyi və səmadan qurbağaların düşdüyü haqda oxuyanda, səhrada tapılmış dəniz ilanı və ya almazlarla, zümrüdlərlə dolu mağara haqqında xəbər əlimə düşəndə (və  mütləq öldüyünə görə artıq mağaranın harada olduğunu deyə bilməyən bir hindu tərəfindən tapılan) öz-özümə deyirəm: “Sən bu uşağı yaratmısan və sən bu qəzet uydurmalarına görə cavab verməlisən.” [4] Vərdiş – ikinci təbiətdir: bu günə kimi mən həqiqətdən uzaqlaşmamaq üçün daima özümə nəzarət etməli oluram.

Hər birimiz şübhəsiz ki, gec-tez mətbuat azğınlığının nə demək olduğunu öz üzərimizdə hiss etmişik. Yazıq Stenli [5] İngiltərədə az qalsın Allah hesab edilirdi, hər yerdən ona təriflər səslənilirdi. Amma heç kim onun mühazirələri haqqında danışmırdı – insanlar, onun daha əhəmiyyətli üstünlüklərini qeyd etdikləri bəhanəsi ilə, bundan nəzakətlə qaçınırdılar. Bizim qəzetlər isə bədbəxti, sadəcə zəif natiq olduğu üçün tikələrə parçaladı və qalıqlarını Mendən Kaliforniyaya qədər səpələdi. Onun Afrikadakı nəhəng əməyi boşa getdi, sanki dəhşətli, qanlı cinayət işləmiş kimi, onun nüfuzu tapdalandı və məhv edildi və indiyə qədər bədbin şöhrət onu şəhərdən şəhərə, kənddən kəndə izləyir.

Qəzetlər onu üzə çıxarıb göylərə qaldırmayana qədər, Bret Hard tanınmadan yaşayırdı. Amerikanın bütün redaktorları, havadan asılı olmayaraq, bu yenicə parlayan ulduza teleskopda baxmaq üçün qapıdan çölə çıxırdılar və şlyapalarını, onlar parçalanana və tanışlardan yenisini borc götürməyə məcbur qalana qədər, sallayırdılar. Anidən onun ailəsində kimsə xəstələndi; məyus olmuş və təşvişə düşmüş, o bütpərəst-çinli haqqında növbəti hekayənin yerinə olduqca zəif bir məqalə yazır, həmin anda onun keçmiş pərəstişkarları, “O dələduz imiş!” qışqıraraq, Bret Hardın üstünə düşdülər. Onu yerə atdılar, ayaqlarla tapdalayırdılar, palçıq içində sürüyürdülər, qətrana bulayırdılar, üstünə lələklər tökürdülər və indiyə qədər ona palçıq topaları uçur. Nəticədə Bret Qard bütün bir il ərzində cəmi on doqquz mühazirə oxudu və demək olar ki, boş auditoriyalarda çıxış edirdi; dinləyicilər o qədər az idilər ki və onlar bir-birindən o qədər uzaq otururdular ki, bir söz eyni zamanda iki insana gedib çatmırdı. Bert Hart yıxılmışdı, o artıq birdə qalxmayacaq. Əslində isə o, böyük qabiliyyətə malik insan idi və əgər bəxti bir az çox gətirsə idi, ədəbiyyatımız və özü üçün çox şey edə bilərdi. Lakin Bret Hard Britaniyadan olan həmkarımıza, aclıq çəkən fırıldaqçıya, çəkməçilərdən çıxan jurnalistə pul köməyi edərkən səhv buraxdı; o isə öz növbəsində San – Fransiskodan qayıdan kimi öz xeyriyyəçisinin cinayətləri haqqında, dört bütöv sütuna yerləşən, hər bir ədəbli insanı qızarmağa məcbur edən, ifşaedici məqaləni dərc etməyə tələsdi. Bu iyrəncliyi yerləşdirmiş qəzet ona verilmiş azadlıqdan açıq-aydın sui-istifadə etdi.

Miçiqan ştatında bir şəhərdə mən sərxoş vəziyyətində olan, yerli qəzetin redaktoruyla bir masa arxasında oturmaqdan imtina etdim, mənim mühazirəm haqqında məqalədə həmin redaktor onun ədəbsiz, vulqar və sərxoşluğa həvəsləndirən adlandırdı. Kim bilir, bəlkə də o, ona qulaq assa idi, içkini atardı.

Detroytda bir şəhərdə iddia edilirdi ki, mən şənlənmək üçün müntəzəm şəkildə öz həyat yoldaşımı döyürəm və artıq onu elə bir hala salmışam ki, mən ağlım başımda olmayan vəziyyətdə evə gəldikdə o, məndən gizlənmək iqtidarında olmur. Siz deməyə icazə verin ki, bu xəbərin böyük bir hissəsi – tamamilə uydurmadır! Mən, əlbəttə ki, iftiraya görə məhkəməyə müraciət edə bilərdim, amma mənim artıq acı təcrübəm var! Əgər mən məhkəmə işinə başlasaydım, bütün amerikan qəzetləri – bir neçə layiqliləri istisna olmaqla – belə bir xəbərə sevinərdilər ki, mən həyat yoldaşıma əzab verirəm və bu xəbəri bütün təfərrüatlarına qədər oxucuların diqqətinə çatdırardılar.

Bunu etiraf etməyə ehtiyac yox idi, amma mən özüm də bir çox insanlar haqqında qəzəbli iftira dolu məqalələr dərc edirdim və çoxdan buna görə asılmağa layiqəm.

Burada sözümü bitirirəm. Ümumiyyətlə, hesab edirəm ki, bizim nəşriyyat üzərinə həddən artıq çox iradə götürüb. Sağlam məhdudlaşdırıcı təsir hiss etmədən, qəzetlər sözün əsl mənasında Amerikanın lənətinə çevriliblər və ölkəni məhv edəcəklər.

Qəzetlərin bəzi gözəl xüsusiyyətləri var, nəhəng müsbət təsir göstərən qüvvələr var; mən onları saya və tərifləyə bilərdim, amma o zaman sizə, cənablar, deməyə ümumiyyətlə söz qalmayacaq.

Qeydlər:

1. Rid Çarlz (1814 – 1884) – ingilis yazıçısı.

2. Kolfaks Şüyler (1823 – 1885) – Qrantın ilk prezidentliyi dövründə (1869 – 1872) ABŞ – ın vitse – prezidenti. 3. Nyu – Yorkda nümayiş etdirilən aşağı keyfiyyətli musiqi icmalı. 4. Söhbət Tvenin reportaj – saxtalaşdırmalarından gedir (“Daşa dönmüş insan” və “Mənim qanlı cinayətim” oçerklərinə bax.) 5. Henri Morton Stenli (1841 – 1904) – əsl adı Con Roulends, ingiltərəli Afrika tədqiqatçısı. 17 yaşında ABŞ – a köçmüşdür, vətəndaş müharibəsində iştirak etmişdir. 1872 – ci ildə Afrikaya ekspedisiyasından sonra Avropaya qayıtmışdır).

 Tərcümə: Vüsal Xəlilov                                (c) SOLFRONT.org

[Yazı scepsis.ru saytından Solfront.org üçün hazırlanmışdır] 


Oxşar yazılar:

Baxış sayı:10446