abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks. Gənclik İlləri (film)

Şərh

Bu film 1980-ci ildə Qorki adına kinostudiyada Almaniya Demokratik Respublikasından olan mütəxəssislərin əməkdaşlığı ilə Lev Kulicanov tərəfindən çəkilmişdir. Hər biri təxminən  bir saat olan yeddi seriyadan ibarətdir.

Karl Marks – adı insanlıq tarixinə düşmüş və heç vaxt unudulmamış, əsər və ideyaları öz dəyərlərini itirməyərək gündən-günə daha da aktuallaşan insandır. Bəs adını tez – tez kommunizmin simvolu kimi istifadə etdiyimiz bu insan barədə nə bilirik? Bu gün daha çox otuz yaşdan az olanlar (ya da bəlkə də daha yaşlılar) Marksın yalnız bir – iki ideyasını sxematik formalaşdıra bilirlər – sinfi mübarizə, xüsusi mülkiyyətin məhvi, kommunizm. Marks buraya kimi necə, niyə gəlib, heç kim fikirləşmir.”Yəhudidirsə, ondan yaxşı bir şey gözləmək mümkün deyil” kimi şərhlər verilir.

“Karl Marks. Gənclik illəri” filmi həqiqətən bu dahi insanı tanımaq və onun həyatı və ideyalarına dair özünəməxsus baxış formalaşdırmaq imkanı verir. Əlbəttə, hər bir film subyektivdir,  yəni onun yaradıcıları materiala aid olmaya bilməzlər. Və bu nümunədə də onların qəhrəmana dərin rəğbət bəsləmələri şübhəsizdir. Lakin əmin ola bilərsiniz ki, bu film müasir incəsənətdə, xüsusilə də kino istehsalı sahəsində Marks haqqında rast gələcəyiniz istənilən nümunədən daha gerçəkdir.

Bəs buna səbəb nədir? Məsələ ondadır ki, müasir “tarixi” filmlərdən fərqli olaraq, “Karl Marks. Gənclik illəri” yaradıcı kollektivi təsvir edilən hadisələrə tarixi nöqteyi nəzərdən yanaşırlar və tarixi prosesdə onun yerini qavrayırlar. Bəlkə də sadə və bayağı səslənir, lakin əslində bu inanılmaz dərəcədə vacibdir, nəzərə alsaq ki, müasir rejissorlar üçün əlçatmazdır. Tarixi insan cəmiyyətinin inkişaf prosesi kimi dərk etməsələr, onu yalnız onlara məlum olan müasir insanın ətrafında dekorasiyaların dəyişdirilməsi kimi görsələr, onda tarixi davranışları, hər cür cəmiyyəti bildikləri yeganə – inkişaf etmiş kapitalizm cəmiyyətinə – yəni XXI əsr imperializminə çevirmək üçün müasir motivlər və ideyalarla “izah etməyə” məhkumdurlar.
Bu nöqteyi – nəzərdən “Karl Marks. Gənclik illəri” – əsl şedevr nümunəsidir. Marksa rəğbət bəsləməklə Kulicanov və iş yoldaşları onun xüsusiyyətlərini öz zəmanələrinin ölçüləri ilə bəzəməyə çalışmırlar (hansını ki, bu günun rejissorları utanmadan edir) – başqa yolu seçiblər, daha çətin və səmərəli. Onlar izləyicini XIX əsr Avropası gerçəkliyinə elə bir yolla aparırlar ki, burada tamaşaçı Marksın özünəməxsus xüsusiyyətlərinin reallıqdan kənarda mövcüd olmadığını anlasın və onun həyatı fonunda dövrün inqilabını dəyərləndirsin.

Beləliklə, Almaniya, XIX əsrin ortaları. Prussiya monarxiyası – irtica mərkəzi, xəcalət, nifrət və töhmət edilən ölkə. Demokratiya və konstitutsiya – o dövrün ən atəşli lakin gerçəklikdə almanlar üçün əlçatmaz olan iki sözü. Monarxiyanın tənqidi hər yerdə var idi, xüsusilə də fəlsəfədə. Berlin “Həkim klubu”nun – Ştirner, Bauer və başqalarının anarxist ideyaları gənc Marksı boğurdu. Atasının istədiyi kimi hüquqşünaslığı oxumaq əvəzinə, Karl fəlsəfəni öyrənməyə başlayır. Əgər gəncin bu addımı indi qəribə və anlaşılmaz hesab edilərdisə, o zamanlarda bu həqiqətən bir qanunauyğunluğa çevrilmişdi – Almaniyada mənasız mövcudatdan yeganə çıxış yolu fəlsəfə idi, o dövrün ictimai həyatının ümumi formasına dönmüşdü –Almaniyada o zaman baş verən hər şey – təfəkkür sahəsində gerçəkləşirdi.

Marks fəlsəfə elmləri doktoru olur, lakin bu hələ son deyil, yaradıcılıq yolunun başlanğıcıdır. Nəhayət, çətin maddi vəziyyətlə bağlı 7 illik gözləmədən sonra fəlsəfə kafedrasında dosent vəzifəsində işə düzəlməklə sevgilisi Jenni fon Vestfalenlə evlənmək imkanı qazanır. Artıq yavaş – yavaş həyatını yerbəyer edirdi ki, müəllim və dostu Bruno Bauerin baxışlarına görə kafedradan kənarlaşdırıldığını öyrənir. Əlbəttə, bundan sonra ona təklif edilən vəzifəni qəbul edə bilməz və o yenə pulsuz və işsiz qalır. Evlilik də təxirə salınır…
Lakin sakit və xoşbəxt kimi görünən həyatına görə o öz inanclarına qarşı gedə bilmir. Və bu sarsılmazlıq bütün həyatı boyu onunladır – liberal “Reyn qəzeti”ndə işləyərkən, Prussiya hökumətini qəzəbləndirən kəskin tənqidi məqalələrindən sonra Jenni ilə birlikdə köçməyə məcbur olduğu Parisdə, işini davam etdirmək üçün alman vətəndaşlığından imtina etdiyi Belçikada. Təəccüb yaradan odur ki, buna zidd olaraq, Marks yeniliyə açıqlıq və öz fikirlərini inkişaf etdirmək kimi keyfiyyətləri özündə birləşirdirir. O heç vaxt bir nöqtədə dayanmır – stereotipləri qıraraq nə cür xoşagəlməz olursa olsun, hər zaman gerçəklərin arxasınca gedirdi. Gerçəyə varmaq, yəni Avropa cəmiyyətinin düşdüyü zidiyyətlər arasından əsl çıxış yolunu tapmaq – onun üçün əsas budur, yoxsulluq və sürgünlər bahasına olsa da.

Gerçək həmişə konkretdir – bu xülasə yalnız Marksin əməyinin nəticəsindən xəbər vermir, həm də onun həyatını əks etdirir. O ümumiyyətlə, abstrakt gerçəkliyi axtarmır, o dəqiq, universal və sadəcə tədqiq və təbliğata ehtiyacı olan gerçəyin izindədir.

“Reyn qəzeti”nin jurnalisti olduqdan sonra Prussiya həqiqətlərini öyrənməyə başlayır və bunda hüquq üzrə aldığı təhsil ona xalq kütləsinin diqqətdən kənarda qaldığını görməyə kömək edir – Marksın müşahidə etdiyi ağaların ərazisində çırpı yığımına görə kəndlilər üzərində qaldırılan yüzlərlə məhkəmə ona göstərir ki, həyat hansısa filosofların ideyalarına deyil, bu ağaların maraqlarına uyğun qurulur. Hər yerdə – məhkəmələrdə, landtaqda [1] qanun varlıların tərəfində durur. Yoxsul insanlar azad ola bilmirlər, baxmayaraq ki, siyasi azadlıq hər kəs üçün eyni bəyan edilmişdi.

Bu fonda Bauerin abstrakt üsyankarlığını Marks sadəcə faydasız deyil, həm də cinayət hesab edir. Yalnız etiraz etmək heç nə vermir, həm də bu gerçəyi qavramaq və ondan çıxış yolu axtarmaq lazimdır. Və Karl Marks bu problemlərlə məşğul olan yeganə adam deyil – “Reyn qazeti” və o cümlədən, Parisdə çap edilən “Alman – fransız illik məcmuəsi”ndə kəskin məqalələri sayəsində o Arnold Ruqe ilə birgə Vilhelm Veytlinq, Bakunin, Henrix Heyne, Fridrix Engelsin başçılığı altında “Ədalətlilər İttifaqı” adlı alman işçi birliyi ilə tanış olur. Engels müəssisə sahibinin oğlu olub işçi sinfinin vəziyyəti ilə yaxından tanış biri kimi Marks üçün işində dəyərsiz köməkçi və sadiq dosta çevrilir. Bauer saxtakarlığının tənqidi və Hegel idealizminin vasitəçiliyi ilə onlar birgə dialektik materializm ideyalarına varırlar. Nəhayət, onlar gələcək iş və həyatlarını quracaqları özülü tapdılar, hansı ki, Ruqe və Veytlinq kimi xadimlərin rastladığı çətinliklərdə onlara düzgün addım atmağa yardımçı olacaq. Məhz nəzəriyyə üzərində daimi iş, fəlsəfə və siyasi iqtisadın sistematik öyrənilməsi Marks və Engelsin təşkilati fəaliyyətlərini əsaslanmış, məntiqli və uğurlu etdi, elmi dillə desək – ümumilik qazandırdı, ideyaları isə bütün insanlıq üçün dəyərli etdi.

Nə vaxtsa Marksa irəli getməsində təkan verən Veytlinq işçilərin həmrəyliyinə işarə edərək Marksın nəzəriyyəyə həddindən artıq diqqət yetirməsini tənqid edirdi. Cavabında Marks: “Cahilliyin hələ indiyə kimi heç kimə xeyri olmayıb” – deməklə Veytlinqə göstərmək istəyirdi ki, işçilərə ümid vermək yetərli deyil, onların gələcəyə inamını artırmaqla bərabər, bu gələcəyi necə əldə etmək lazım olduğu anlayışını verməliyik. Mövcud dövlət sistemi ilə mübarizə aparmaq yollarını öyrənmədən və ona qarşı nə qoyacağı bilmədən insanlardan öz həyatlarını qurban verməyi tələb etmək cinayətkarcasına olardı. İnsanları ümid yox, sarsılmaz inam ilhamlandırmalıdır. Və Marksın tələblərini anlamağı bacarmayan Veytlinq artıq özü ilə həqiqət arasındakı mübarizə cəbhəsinin uzaq gerisində qalır.

“Karl Marks. Gənclik illəri” filmi Marksı incəsənətdə qəbul olunduğu kimi yalnız abstrakt şəkildə – ayrılıqda insan kimi təsvir etmir, həqiqətdə Marksın yaşadığı kimi – o dövrün Avropasının sosialist hərəkatları, Avropa intellektual dairələrinin və işçi ittifaqlarının əhatəsində və aparılan dövlət siyasəti ilə birgə təsvir edir. Bunlarsız Marks ideyaları anlaşılmaz olar, onun şüurunun məhsulu kimi dərk edilərdi, bir halda ki, əslində bu ictimai hərəkatın məhsuludur.
Bütün bunlardan əlavə, film daha bir stereotipi qırır – guya Marksın nəzəriyyəçi, “kabinet alimi”dir. Axı aydındır ki, Marks nəzəriyyə ilə təşkilati fəaliyyətdən kənar yox, ona tamamlayıcı ünsür kimi məşğul olurdu və onun bir təşkilatçı, bir kommunist kimi nəzəri hazırlıqlı olması hər bir fəaliyyətinin dəyərini artırırdı. Bütün vəsaitlərini üsyan qaldırmış Brüssel işçilərini silahla təmin etmək üçün xərcləyən (bu fakt əhəmiyyətsiz deyil, nəzərə alsaq ki, o anda Marksla Jenninin artıq iki uşağı vardı və onların həyatı daima yoxsulluq içində keçirdi və yalnız inqilabi hadisələrdən əvvəl Marks mirasını almışdı), üç dəfə inqilabi fəaliyyətinə görə sürgün edilən insanı kim “kabinet alimi” adlandırmağa cürət edər?

Tarixi dövrün ən maraqlı insanının həyatı – filmin predmetini qısaca belə yekunlaşdırmaq olar ki, onu, şübhəsiz, həm Marks ideyalarının tərəfdarları və eyni zamanda əlehdarları izləməlidir. Film ona görə dəyərlidir ki, Marksın həyatını göstərməklə kapitalizmin mahiyyəti barədə düşünməyə vadar edir, ümumiyyətlə, Marks mahiyyətinin insanın dərk edilməsi və qavranılması, o cümlədən, bunun hansı metodoloji əsaslarla edilməsində olduğunu öyrənməyə imkan verir.

Marks yolu – insan tarixinə elmi yanaşma yolu – bəlkə və mümkünsə də, bu ümumdünyəvi dəyər olmalıdır, yalnız onda insanlıq həqiqətən dərk edilmiş fəaliyyətlə insani mahiyyətini istismar edən münasibətləri məhv edib yeni azad həyat qura bilər.
Bu günkü Avropa kinematoqrafiyasının buna oxşar bir nümunə yaratmaq kimi şansları yoxdur, çünki, kapitalist cəmiyyəti tarixi gerçəkləri sevmir, onun təbliğ edilməsində isə ümumiyyətlə maraqlı deyil.

Qeydlər:

1. Landtaq (alm.) – bəzi ölkələrdə, məs. Almaniyada, Avstriyada ayrı-ayrı vilayətlərin parlamentinə verilən ad.

Tərcümə: Nigar Ərəbli             (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:12940