abunə ol: Yazılar | Şərhlər | Еmail

Frey Betto – Neoliberalizm: kapitalizmin yeni mərhələsi

Şərh

Kommunikasiyalar sahəsindəki texniki tərəqqi sayəsində San – Pauludan Nyu – Yorka peyk əlaqəsi vasitəsilə göndərilmiş faks, məktubun avtomobillə San – Paulunun bir rayonundan digərinə çatdırılmasından daha tez çatdırılacaq.

Şairin “Dünya, dünya, hüdudsuz dünyası…” kiçik kəndə çevrilib. XIX əsrdə papa Lev XIII  – “Rerum Novarum” ensiklikinin– məktubu Romadan Meksikaya çatdırılana qədər dörd il ləngidi. XXI əsrdə Yer planetinin altı milyarda yaxın sakini [1] bir – birlərinə o qədər yaxın yerləşəcəklər ki, yalnız qalmaq istəyən insan üçün bunu etmək çox çətin olacaq, əgər o, həm də radio, kiçik CD – player, televizor, mobil telefon və gündəlik kimi istifadə etdiyi multimedia saatını kənara qoymasa.

Bütün hakimiyyət meqakorporasiyalara!

 XX əsrin sonuna qədə dünyada öz aralarında münaqişədə olan müxtəlif iqtisadi sistemlər mövcud idi ki, onların arasında kapitalizm və sosializm seçilirdi [2]. Şərqi Avropa ölkələrində sosializmin ləğv edilməsi ilə neoliberalizm – kapitalizmin yeni forması – milli sərhədləri aşaraq, planetdə üstünlük təşkil etməyə başladı. İqtisadiyyatın qloballaşması baş verir. İqtisadi cəhətdən təmin olunmuş dövlətlər keçmişdə qalır. “Siti bank” və “Honda” prezidentlərinin nüfuzu – və gücü, bir çox ölkələrin prezidentləri və baş nazirlərinin nüfuzundan daha çox olur. İqtisadiyyat sahəsindəki idarəçilər, parlamentdəki və icraedici strukturlardakı siyasətçilərdən daha çox hakimiyyəti öz əllərində cəmləşdirirlər.

“ – Məzuniyyət zamanı Tokioya səyahətin necə keçdi? – Marianna Tomikodan soruşur.

–  Mən atamın qohumlarına baş çəkdim. Maraqlısı odur ki: Tokio “Makdonalds”larındakı sendviçlər görünüş və dadına görə, San – Paulu “Makdonaldslarındakı” sendviçlərlə eynidirlər.”

XX əsrin birinci yarısında kapitalizm, maliyyə daxilolmaları, vergi güzəştləri və qanunverici imtiyazlarla iri korporasiyaları bəsləyən dövlətlərin möhkəmlənməsində maraqlı idi. İndi ölkə iqtisadiyyatına nəzarət edən transmilli şirkətlər dövlət müəssisələrinin özəlləşdirilməsində təkid edirlər. Daha doğrusu, onlar dövləti zəiflətmək və bazarı gücləndirmək: daha az qanunlar, daha azğın rəqabət istəyirlər. Poçt, sosial sığorta, xəstəxana və məktəblər şəbəkəsi – hər şey, hətta çimərliklər, küçələr və polis aparatı da özəlləşdirilməlidir – ətrafa bax və daha çox hasarlamalar və küçələrdə buraxılış məntəqələri, daha çox özəl mühafizə müəssisələri görəcəksən.

Neoliberalizmdə dövlət ancaq hüquqi müqavilələrin tənzimləyicisi və narazıların, təcrid olunmuşların əzilməsi aparatıdır ki, onlar rifah adalarında yaşayanların hesablarını öz həyatları ilə ödəyirlər. Beləliklə, iqtisadiyyat və siyasət daha az dərəcədə dövlət daxilində və daha çox BVF, dünya bankı, IBM qərargahı və ya “Ceneral Motors” daxilində müəyyən edilir.

“ – Dünən mənim anam şüşə qırığı ilə ayağını kəsdi – Uala deyir – Qonşumuz avtomobillə onu xəstəxanaya apardı, amma orada onu müalicə etmək istəmədilər, çünki onun nə hesab açmaq üçün, nə də tibbi sığortanı ödəmək üçün pulu yox idi.

–   Bəs ona necə kömək göstərildi? – Teo bilmək istəyir.

–  Biz onu bələdiyyə xəstəxanasına apardıq. Orada uzun müddət növbədə dayanmalı olduq, amma ən azından kömək üçün pul ödəməli olmadıq”.

 İstisnalıq dövrü

 Liberal kapitalizm, işsizlik və marginallaşma artdıqca, “milli inkişaf” haqqında danışır və narahatlıq nümayiş etdirirdi. Bu gün neoliberalizm artıq hər kəsin bazara cəlb edilməsində maraqlı deyil, o, istisna etməkdə maraqlıdır. Qısaca desək, işsizlik sistem üçün problem deyil, yalnız onun göstəricisidir ki, subpodratın inkişafı və texnoloji tərəqqi – daha az insan qüvvəsinin, məsələn konveyerdə yığan işçi qüvvəsinin lazım olduğu maşınlar yaradan – işçi əllərin sayını azaldır. Sistem bazarda istehlakçıların sayının artırılmasında yox, eyni sayda istehlakçıların daha çox pulunun olmasında maraqlıdır.

“ – Marianna, məgər dünən sən məktəbə başqa avtomobillə gəlməmişdin? – rəfiqəsini parıldayan avtomobildən düşərkən görəndə, Teo soruşur.

–  Bəli, bu yapon avtomobilini atam təzəcə alıb.

–   Evinizdə nə qədər maşınınız var?

–   Beş: kənd evi üçün mikroavtobus, atamın avtomobili, anamın, böyük bacımın avtomobili və qulluqçular üçün furqon.”

Əvvəllər kapitalizmin vəzifəsi cəmiyyətin bütün sinifləri üçün istehsal etmək idi. “Orta sinfin” varlı olmayan hissəsi üçün nəzərdə tutulmuş çoxlu ucuz avtomobillər var idi. İndi neoliberalizm yalnız 155 milyon braziliyalıdan istehlakçı bazarına çıxışı olan cəmi 40 milyonu üçün istehsal edir. Demək kifayətdir ki, bu imtiyazlı şəxslərin yarısı öz əllərində milli gəlirin 50% – indən çox hissəsini cəmləşdiriblər. Buna görə də lazımsız əmtəələrin istehsalı artır, onlar isə sanki birinci tələbat malları kimi təqdim olunur.

“ – Teo, sən bu dəbə uyğun idman ayaqqabılarını haradan tapmısan? – hərbçi kimi addımlayan dostunu gördükdə Tamiko soruşur.

–  Onlar həftəsonunda şopinqdə almışan – Teo deyir. – Bax: altındakı parıldayan elementlərdən başqa, qıraqlarda sərinləşdirici sistem, dabanlarda amortizatorları, elastik ipləri və sürüşməyə qarşı sistemi var.

–  Aha, – Tamiko gülür – təkcə xidmət göstərən heyəti olan xidmət mərkəzi çatışmır…”

Əmtəə fetişizmi

 Neoliberalizm üçün tərəqqi yox, bazar əhəmiyyətlidir; istehsal yox, spekulyasiyalar; əmtəənin keyfiyyəti yox, onun reklam uğuru; əmtəənin istehlak dəyəri deyil, onun malik olduğu fetiş əhəmiyyətlidir. Əmtəə, onu əhatə edən və onun sahibinin statusunu yüksəldən auraya görə alınır. Beləliklə, artıq əmtəənin dəyərini onun birbaşa təyinatında görənlər, məsələn: parçanı köynək kimi istifadə edənlər, insan sayılmır, əksinə – köynəyin etiketi onun sahibini, dəbdəbəli avtomobilin öz sahibinin sosial yüksəlişi üçün platforma kimi xidmət etməsi kimi “markalayır”. İnsanı, onu bəzəyən əşyalara görə qəbul etməyə başlayırlar.

Neoliberal nöqteyi – nəzərdən, insanın, görünür ki, heç bir dəyəri yoxdur. Buna görə də, maddi sərvətlərə maik olmayan insan dəyərsizləşir və istisna olunur. Kim sahibdirsə – ona həsəd aparırlar, ona qulluq edirlər və diqqət göstərirlər.

“ – Puchias [3], Tamiko, sənin köynəyin əntiqədir! – Marianna tərifləyir – Bu, Pako Rabanndır?

–   Yox, bu mənim fransız modelyerimin…anamındır.”

Əvvəllər sistem əməyi, insana ləyaqət verən, rifah yaradan amil kimi dəyərləndirirdi. İndi isə spekulyasiyalarda pul qazanmaq, rentaya yaşamaq, zəhmət çəkmədən həyatdan həzz almaq düzgün sayılır. KİV üçün bəxtəvərlər – ən tənbəllərdir. Və sənayedə informatika və avtomatlaşdırma sahəsində tərəqqi, işsizlik doğuraraq, insan əməyini lazımsız edir. Demək kifayətdir ki, San – Bernardu – du – Kampuda “Folksvagen” zavodlarında 1980 – ci ildə gündə təxminən 1000 avtomobil istehsal edilirdi və 44000 insan işləyirdi. Bu gün təxminən 1500 avtomobil istehsal olunur və cəmi 25000 işçi işləyir.

“ – Teo, nə üçün kədərlisən? – Uala soruşur.

–   Atam işdən qovulub. Binada elektron qapıçı quraşdırılıb.

–  Elektron qapıçı? Necə yəni? – Uala qorxur.

–  Bu qurğu – siqnalizasiya sistemi ilə əlaqəli olan avtopilot və avtocavablandırıcının birləşməsidir ki, o, binanın bütün qapılarına nəzarət edir və birbaşa mikrorayonun polis məntəqəsi ilə əlaqələndirilib”.

Subpodrat və özəlləşdirmə

 Əvvəllər iri müəssisələrdə məhsul istehsalının bütün prosesi – xammaldan son məhsula qədər bütün prosesi təşkil olunurdu. Məsələn, paltar istehsalı üzrə fabrik pambığı özü becərirdi. Bunu şaquliləşdirmə adlandırırdılar. İndi istehsal sistemi fraqmentləşdirilib. Subpodrat tətbiq olunur – bir müəssisə, təhlükəsizliyi təmin edən ikinci müəssisə ilə və birincinin istehsal etdiyi detallarla avadanlıq yığan üçüncü müəssisə ilə müqavilə bağlayır. Bu, işçi qüvvəsini ucuzlaşdırır, əmək şəraitinə dair qanunun tələblərindən qaçmağa imkan verir, həmkarlar ittifaqını parçalayır və neoköləlik üçün imkanlar açır.

“ – Məktəbdə təmizliklə məşğul olan xanım Mariyanı çoxdan görmüsən? – Uala soruşur.

 – Sən fikir verməmisən ki, təmizlik üzrə heyəti dəyişiblər? – Marianna cavab verir – Təhsil nazirliyi üçün özəl müəssisə ilə müqavilə bağlamaq, yeni dövlət işçilərini işə götürməkdən daha asandır”.

Özəlləşdirmə dalğası həm də ürəkləri və qəlbləri də zəbt edir. Xristian dinini özəlləşdirən, onu ictimai və siyasi əhəmiyyətdən məhrum edən kilsə və sektalar çiçəklənir. Radio və televiziya kanalları kimi dövlət müəssisələri ilə direktorlar özəl müəssisələr kimi davranırlar və üstəlik, dövlət xalqa nəsə məlumat vermək istəyəndə şikayət edirlər. Hakim olan cəzasızlıq zamanı elələri də var ki, şübhəliləri linç edərək, məhbusları qıraraq və uşaqları məhv edərək [4] qanun və ədliyyəni özəlləşdirirlər.

“Qəhrəmanlara ehtiyac duyan ölkə bədbəxtdir” – Brext deyirdi. İdarəetmə və siyasi iradənin olmadığı zamanda Braziliya bu gün öz daha insani simasını yalnız fərdi təşəbbüslər vasitəsilə göstərə bilər: Betinyu səy göstərir ki, aclara, İvan Melu – evsizlərə kömək etsin; padre Rikardu Rezende kəndli həmkarlar ittifaqının müdafiəsi üçün çıxış edir; Joze Rainya torpaqsızların ümidlərini ifadə edir. Bizdə, elitasının yoxsullarla ittifaqı təhlükəli hiss sayıldığı, insan haqlarının müdafiəsini isə – banditlərin xeyrinə olan cinayət hesab edildikləri millətdə hətta comərdlik də özəlləşdirilir.

Qabil Habili öldürdüyü zamandan bəri bəşər tarixi göstərir ki, sərvətlər nə qədər çox özəlləşdirilirsə, yoxsulluq bir o qədər ictimailəşdirilir. Ölüm öz təbiətinə görə – xüsusi təcrübədir. Sevgi, əksinə, həmişə iştirak və əlbirlik tələb edir.

Modern aqoniyası

 Modernin ölümü yeddi günlük matəmə layiqdirmi? Əgər qəzetdə belə bir matəm elanı verilsəydi, daha qəribə heç nə olmazdı: “Derrida, Liotar, Delöz, Bodriyar, Vattimo və Lipovetski cənabları Dekart, Lokk, Kant, Hegel və Marksın dəfn mərasiminə dəvət edirlər”. Modern dövrün ölkələri bizə şüurun imkanlarına dair əminlik hissini miras qoyublar, bizə dərk edən insanı təfəkkürün mərkəzinə qoymağı və ehkam və hakimlərsiz şüurun azad və ədalətli cəmiyyət yaradacağına inanmağı öyrədiblər. Və biz, modern dövrünün təkəbbürlü, ərköyün şüur uşaqları rahat şəkildə, unitarist sistemlər, ümumi konsepsiyalar dünyasında yaşayaraq inanırdıq ki, fəlsəfə bizi bu dünyanın zülmlərindən qurtaracaq ki, onun gələcəyi – yalnız siyasi həndəsə məsələsidir.

Bodler və Qotye 1864 – cü ildə ilk dəfə postmodern haqqında danışdılar. Şüurdan yapışaraq, biz dərk etmirdik ki, bu, “dərk etmənin qeyri – mükəmməlliyidir” (Foma Akvinski). Çılğınlıq və poeziyaya meylli olmayan bizlər modernin romantik tənqidinə – Bayrona, Remboya, Borxarda, Nitsşeyə, Jarriyə diqqət etmədik. İndi biz boylanırıq və nə görürük? Berlin divarının dağıntılarını, Rio de Janeyronun xristian həyatında Qozbel Məsihlə [5] planetdə eyni effektə malik Azadlıq heykəlini, siyasətdə məyusluğu, dəyərlərə münasibətdə skeptisizmi. Qeyri – əminlik, şüurun fraqmentarlığı, baxışların sinkretizmi, diqqətsizlik, parçalanma və pərakəndəlik  bizə hakim olub. Hadisələr tarixdən daha vacib olublar, təfərrüatlar isə bünövrə üzərində hökmrandırlar.

Yanomami [6] hindularının kütləvi qətliamını, Çiko Mendesin [7] qatillərinin və qaniçən polislərin cəzasızlığını yerindən tərpədəcək elə bir mücərrəd doktrina yoxdur ki, şəxsdə insanlıq qalıqlarını [8] məhv etsin. Hegel səhv edirdi. Bütün həqiqi olan şüuri deyil, bütün şüuri olanlar isə – həqiqət deyil. Zəhmətkeşlər Şərqi Avropada kommunizmin iflası uğrunda mübarizə aparırdılar; bir zamanlar bütün sürgün edilmişlərin məskəni olan yer öz sərhədlərini bütün xaricilər üçün bağlayır və nüvə sınaqlarını bərpa edir; demokratiya elitalara xidmət edir, əhali isə heç bir vəchlə özünü biruzə vermir. “Birdən seçicilər Lulanı seçsələr, nə olacaq?” – elitarlığa, irqçiliyə və avtoritarizmə meyli olanlar dəhşətlə soruşurlar  [9].

Utopiya axtarılır

 Postmodern – dəbdə, estetikada və həyat tərzindədir. Bu, həqiqətdən qaçma mədəniyyətidir. Əslində biz inflyasiyadan,  arıqlama üçün həblərə kitablardan daha çox pul xərcləyən qızımızdan narazıyıq və bizim üçün xoşagəlməzdir ki, bizim ölkəmizdə cəzasızlıq qanundan daha güclüdür. Biz ictimaidən özələ doğru çəkilirik və bizim ideallarımızın köhnə, sürtülmüş nişanələri standart qalstuklara çevrilirlər. Artıq fərqli gələcək haqqında utopiyalar yoxdur. Bu gün, hər kəsin eyni hüquqlara və imkanlara malik olacağı cəmiyyətin qurulması haqqında tezisi təbliğ etmək ən azından siyasi cəhətdən nəzakətsiz sayılır.

Yenə də bizim qəlblərimizə melanxoliya hakimdir. Biz skeptik olaraq gülümsəyirik, nitqlərə dözə bilmirik və yalnız gözə xoş olduğu üçün baxdığımız reklamlara inanmırıq. Bizi şəxslərarası münasibətlərin yaxşılaşdırılması və yaşadığımız mühitdə uşaq rahatlığı maraqlandırır. Biz, əylənərkən, şənlənərkən və ya sevərkən simulyasiyalarla yaşayırıq. Telenovella – xəyali yalandır, amma o, məyusluğun parçaladığı həyatlarımızdan daha real və dayanıqlıdır, halbuki xülyaların itirilməsi bizim yoxsul dəyərlərimizin dərinliklərinə girir.

İndi efemer, fərdi, subyektiv və estetik olanlar hökmrandırlar. Rusiyanın sinfi cəmiyyətə qayıtmasından əvvəl hansı təhlil mövcud idi? [10] Bizə reallığın fraqmentlərini tutmaq qalırdı (və biliyin kollektiv hal olduğu ilə razılaşmaq). Bizim dərketmə prosesimiz qabaqcadan olma, qırıqlıq və plüralizmlə səciyyələnir. Şüurdan qeyri – əminlik bizi ezoterik, istifadə üçün hazır spiritualizmə, istehlakçı hedonizminə, vərdiş və ənənələrin daha çox mayamiləşməsinə [11] təhrik etmişdir. Biz mütləq iflas yaşayırıq, ya da, Haydegger dediyi  kimi, itirilmiş cığırlarda dolanırıq.

Kölgə və dalanların bu vəziyyəti boşluq buraxır ki, bu boşluq ictimai həyatda dərhal müxtəlif qüvvələr tərəfindən doldurulur. Əgər hisslərin, perspektivlərin, peşəkar gerçəkləşmənin olmamasından əzab çəkən, keyfiyyətli təhsilin, əlçatan cib kitablarının və bədii təhsilin olmaması ilə bağlı atrofiyaya uğramış qüsurlu qəlbli insanlar olmasaydı, narkotik maddə daşıyıcıları olmazdı. Amma ölkə hökuməti təhsil üçün zəruri təxsisatları kəsdikdə, müəllimlərin əmək haqqları pis ödədikdə, tələb olunmur ki, televiziya – dövlət strukturu – xalqın mədəni səviyyəsinin yüksəldilməsinə öz töhfəsini versin, mirasdan məhrum nəsil üçün polis və bandit, rüşvətxor və özünü tapmış peşəkar, yaşamaq hüququ və ya ölüm riski arasında sərhədin naməlum olmasına təəccüblənmək lazımdırmı?

Etikanın, dövlətçiliyin, azad olma ümidlərinin və çoxluğun maraqlarının qayğısına qalan dövlətin dirçəlməsi olmadan, ən güclünün özü üçün müəyyən etdiyindən başqa, fərqli “ədalət” olmayacaq.

Məsumluğun itirilməsi

 Fərqli zamanlarda gələcək gecikirdi. Biz pəncərədən, piştaxtanın supermarketə keçməsinin memarlıq formasının necə dəyişməsini, küçənin necə asfaltla örtülməsini müşahidə edirdik. Bu gün monitorun elektron pəncərəsindən biz dünyanın necə dəyişməsini saniyəbəsaniyə görürük. Yapon fanatiklər bizim televizorların ekranlarında ölümcül qaz axtara bilərlər, Sinqapurdakı ingilis bankının müflisləşməsi bizim qiymətli kağızlar birjasına təsir edir, bizim evimizdə Oklaxoma – Sitidən olan yanğınsöndürən əlində terroristlərin yaraladığı uşağı tutur.

Biz qloballaşma erasına qədən qoymuşuq. Məlumat şəbəkələri sayəsində San – Pauludan olan yeniyetmə Pekindən olan çinli qıza aşiq ola bilər, həm də hər ikisi öz evlərini tərk etmirlər. Trilyonlarla dollarlar elektron şəkildə varlıların apardığı spekulyativ oyunda bir ölkədən digər ölkəyə köçürülür. Mədəni və iqtisadi sərhədlər dağılır, siyasi və əxlaqi sərhədlər daha da möhkəmlənir. Daha güclü olan model üstünlük təşkil edir. Qlobomüstəmləkələşmə. Artıq güclü hərbi sənayeyə malik Braziliya bu gün, yeganə dünya jandarmı roluna namizəd olan Birləşmiş Ştatlar hakimiyyətinin diqtəsi qarşısında əyilərək, onu metalloloma çevirir. Bir Tiradentisi – sərvətlərimizi xarici metropoliyalara verməkdən imtina edən qəhrəmanı qarşıladığımız gün – Vaşinqtondakı braziliya hökuməti bizim patentlər haqqında Qanunda amerikan maraqlarına üstünlük verəcəklərinə söz verdi [12]. Buradan da BVF və Dünya bankı Braziliya və Polşanın, Seneqal və Malayziyanın iqtisadiyyatlarına nəzarət edirlər. Qlobal kazinoda yalnız varlılar qalib olur. Digərlərinə isə yalnız xülya və yoxsulluq nəsib olur.

Qloballaşmanın öz işığı və qaranlıqları var. O, yerli mədəniyyətləri məhv edir, etnik və etik dəyərləri parçalayır və istehsal qarşısında spekulyasiyalara üstünlük verir. Digər tərəfdən, o, kapitalizmi – kapitalın insan həyatından daha dəyərli olduğu sistemi daha həssas edir. 1929 – cu il dərhal bütün dünyada əks – səda doğurdu. KİV – in sayıq nəzərləri altında dövlət başçıları artıq bu və ya digər məsələlər barədə heç bir fikrə sahib olmadıqları görüntüsü yarada bilmirlər. Rioda onlar ətraf mühitin vəziyyətini, Vyanada – insan haqlarını, Misirdə – əhali artımını, Kopenhagendə – yoxsulluğu, Pekində – qadın haqlarını müzakirə etməli oldular. Nəticə etibarilə, insani dəyərlər və nə əxlaq, nə də milli suverenliklərlə hesablaşmayan iqtisadi genişlənmə arasında ziddiyyətlər kəskinləşir.

Mədəniyyətin adi əyləncəyə çevrilməsi

 Xoşbəxtliyi istehlaka bərabərləşdirən elektron uçqun altında biz dərhal iki çıxılmaz dalana qədəm qoyuruq. Birincisi – təqlid dalanıdır. ABŞ üçün nə yaxşıdırsa, Braziliya üçün də elədir. Bizim mədəniyyət, özünü alış – veriş mərkəzlərinin vitrinlərində nümayiş olunan cır – cındırla əhatə edənlərin əyləncəsinə gətirilir. Biz sürətlə qamətli bədən quruluşundan cib telefonlarının ictimai nümayişinə, bağ evindən xarici maşınlara doğru yol keçirik, düşünərək ki, bizim cəmiyyət qarşısında borcla əlaqəmiz yoxdur. İkinci dalan – etnik amilin şişirdilməsi, dini fanatizm, çığırtılı şovinizm, yalnız hüquq və imkanların bərabərliyində deyil, həm də fərqli olmaq hüququna münasibətdə inadla plüralizmə və demokratiyaya qarşı etinasız qalan dözümsüzlükdür.

Aşağı keyfiyyətli, xoşbəxtliyi ancaq ətir və qazlı su şüşələrində, sevinci siqaret qutusu və konserv bankalarında təklif edən elektron KİV vasitəsilə ram olunan bizlərin nə Şaxta Babaya inam üçün yeri, nə də uşaqlığı möhkəmləndirmək üçün vaxtımız var. Biz, arzu etmək qəbiliyyətimizi itirərək, bunun qarşılığında boşluq, çaşqınlıq, özünü itirməkdən başqa heç nə əldə etmirik. Kimyəvi cəhətdən təmiz xoşbəxtlik bizə, özünün şəxsiyyət kimi formalaşmasını irəliyə götürməyə təhrik edilənlərdən daha həyati görünür. Nigah, qohumluq və dostluq əlaqələri merkantilləşir. Bu oyunda, hollivud filmlərində olduğu kimi, təcrübə və həyasız qəddarlığa malik olmayanlar isə həlak olurlar. Ümid yalnız o insanlara qalır ki, onlar bu daşqının bütün arzuları batıra bilməyəcəyini başa düşürlər və külək zəif olsa da, təcrid olunmuşlarla həmrəylik, ədalət uğrunda mübarizə, etikanın yaradılması, insan haqlarının qorunması və rifah içində yaşayanlar və istismar olunanlar arasında sərhədlərin olmayacağı dünyanın yorulmaz axtarışları yolunda üzürlər. Amma bu artıq, böyük inam və müəyyən qədər cəsarət tələb edən başqa hekayədir.


[1] 2006 – cı ildə Dünya əhalisi 6,5 milyard təşkil edirdi, 2050 – ci ildə 9,2 milyard olması gözlənilir – A.Pyatakovun qeydi.

[2] “Sosializmi” Frey Betto köhnə qayda ilə SSRİ – də və digər Şərq bloku ölkələrində mövcud olmuş quruluşa deyir – A.Tarasovun qeydi.

[3] Canım, körpəm (dialektizm). – A.Tarasovun qeydi.

[4] 80 – ci illərdə – 90 – cı illərin əvvəllərində Braziliya, polis “ölüm eskadronlarının” nəhəng sayda evsiz uşaqları öldürdükləri bədnam ölkə şöhrəti qazanmışdı.– A.Tarasovun qeydi.

[5] Rio – de – Janeyroda Korkovado (yəni, Qozbel) dağında ucalan əzəmətli Xilaskar Məsih heykəli nəzərdə tutulur. – A.Tarasovun qeydi.

[6] Ümumi sayı 20 min nəfərə çatan, braziliyalı hinduların tayfa qrupu (1970 – ci il). XX əsrin 70 – 80 – ci illərdə hərbi diktatura dövründə soyqırıma məruz qalmışlar – yanonların məskunlaşdığı ərazidə uran filizi yataqlarının yerləşməsi müəyyən edildikdən sonra. – A.Tarasovun qeydi.

[7] Çiko (Şiku) Mendes (Fransişku Alviz Mendes Filyu; 1944 – 1988) – məşhur braziliyalı həmkarlar ittifaqı və ekologist lider, irsi kauçuk toplayıcısı, Milli kauçuk toplayıcıları şurasının yaradıcısı və Zəhmətkeşlər partiyasının banilərindən biri. Amazoniya selvasınnı inkişafını müdafiə edən konsepsiya işləyib – hazırlamışdır (konsepsiya bu yaxınlarda Lula tərəfindən qəbul edilmişdir). Muzdlu qatillər tərəfindən öldürülmüşdür. – A.Tarasovun qeydi.

[8] 1964 – cü ildə MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən hazırlanmış plana əsasən, Braziliyada – yalnız ordu deyil, həm də hərbi polis qüvvələri vasitəsilə – hərbi çevriliş baş verdi. Sonralar hərbi polisdən MKİ təlimatçılarının hazırladıqları, müxalifətlə mübarizə aparmaq üçün elit xüsusi təyinatlı dəstələr yarandı. Bu xüsusi təyinatlı dəstələrə daxil olma ayininə insan başlarının kəsilməsi və insan qanının içilməsi daxil idi. – A.Tarasovun qeydi.

[9] Məqalə Lulanın Braziliya prezidenti seçilməsindən əvvəl – 1997 – ci ildə, hakimiyyətdə F.E.Kardozunun olduğu dövrdə yazılıb. – A.Tarasovun qeydi.

[10]  Frey Betto kapitalizmə qayıdışı nəzərdə tutur.  – A.Tarasovun qeydi.

[11] Mayamizm – “qusanosların”: Mayamidə məskunlaşmış kubalı (indi isə venesuelalı, ekvadorlu, boliviyalı) emiqrantların yaşam və düşüncə tərzi. İdeoloji fanatizmin, eskapizmin, cinayət davranışının və təfəkkürünün, qarşılıqlı etibarsızlıq və “çamadan əhval – ruhiyyəsindən” (ölkələrinə “qaliblər” qismində qayıdacaqları günü gözləmək) ibarət qarışıqdır. – A.Tarasovun qeydi.

[12] Yəni, 21 aprel 1997 – ci ildə Tiradentis (Joakin Joze de Silva Şavyer; 1748 – 1792) – Braziliyanın milli qəhrəmanı, müstəqillik uğrunda savaşçı, “inkonfidentlər sui – qəsdinin” rəhbəri. Tiradentisin edam günü onun anım günü kimi qeyd olunur. – A.Tarasovun qeydi.


“Utopias” (İspaniya) jurnalında, № 173  dərc edilmişdir.

1997 – ci il

                          (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11017