abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Dövlət, Azadlıq, İnqilab”

Şərh

SOLFRONT  oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin“Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur     

Klassik marksizm: Dövlət

 Cəmiyyətin siniflərə bölünməsi əhəmiyyətli dərəcədə siyasi qurumlara, ideologiyaya və mədəniyyətə təsir göstərməyə bilməz. Siyasi sistem ictimai sistemə uyğun olmalı və onun təkrar istehsalını təmin etməlidir. Klassik marksizmin nəzər nöqtəsinə görə, dövlət qurumlarının iki vəzifəsi var. Həm də Marks və Engels həmişə birincisini qeyd edirdilər və tez – tez ikincisini diqqətdən kənarda qoyurdular. Birinci vəzifə – hakim sinfin hökmranlığını təmin etməkdir. Marks iqtisadi prosesləri İngiltərənin timsalında, siyasi prosesləri isə – Fransanın timsalına öyrənirdi. Bu, XIX əsr üçün kifayət qədər tipik yanaşmadır – liberal politologiyanın banisi Aleksis de Tokvil öz konsepsiyalarının əhəmiyyətli hissəsini fransız materialı əsasında formalaşdırmışdı. Fransa müxtəlif dövlət formalarından – respublikadan monarxiyaya qədər, müəyyən dərəcədə demokratiyadan diktaturaya qədər yol keçmişdir, amma, siyasi quruluşun necə dəyişməsindən asılı olmayaraq, hakimiyyət hakim sinfin maraqlarını qorumağın qayğısına qalırdı. Dövlət, nəticə etibarilə, kapitalizmdə sinif şəklində təşkil olunmuş ictimai elita tərəfindən xalqın idarə edilməsidir. Əlbəttə, hər bir hakim təbəqə tam və dayanıqlı sinif olmur. Amma dövlətin mahiyyəti buna görə radikal olaraq dəyişmir.

Amma siyasi sistemin ikinci funksiyası da var, hansı ki, Marksı daha az maraqlandırır: maraqların idarəetmə yolu ilə uyğunlaşdırılması. Marks bu barədə avropa dövlətləri haqqında deyil, asiya istehsal üsulu haqqında danışdıqda qeyd edir. Marksa əsasən, asiya istehsal üsulunda siniflər xalis şəkildə mövcud deyillər, amma bu demək deyil ki, hamı bərabərdir. Sadəcə olaraq ictimai təşkiletmə siyasi təşkiletmə ilə eynidir. Burada dövlət maşını vasitəsilə hakim sinfin kollektiv marağını qorumağa və təmsil etməyə ehtiyac yoxdur, çünki dövlət aparatı artıq mütəşəkkil hakim sinifdir. Hakimiyyət iyerarxiyası ictimai iyerarxiya ilə eynidir.

Qədim Misirdə köləlik az yayılmışdı, piramidaları qullar deyil, kəndli – icmaçılar tikirdilər. Burjuaziya, əlbəttə ki, yox idi, feodallar yox idi, quldarlar sinfi yox idi. Sovet tədqiqatçıları Misirdə quldarlar sinfini nə qədər səylə tapmağa çalışsalar da, heç nə alınmırdı. Qullar var idi, amma quldarlar sinfi yox idi, ona görə ki, əsas istehsal qul əməyinə əsaslanmırdı. Başqa məsələ var ki, dövlətə münasibətdə kəndlilərin heç bir hüququ yox idi. Amma hətta onların dövlətin qulları olduğunu iddia etsək, istənilən halda quldar cəmiyyət alınmayacaq. Çünki alqı – satqını həyata keçirə bilən konkret bir insan yoxdur. Amma ictimai əmək bölgüsü var idi. Hakim sinfin yerinə biz, qohumluq əlaqələri ilə bağlı olan (faraon ailəsi və znat), sehrli biliklərlə (kahinlər), ümumi bürokratik üstünlüklər və qaydalarla birləşmiş hakim məcmunu görürük.

Bəla ondadır ki, piramidaları tikən kəndlilərin nöqteyi – nəzərindən, bütün bu rəhbər məcmu mütləq şəkildə zəruridir. Kəndlilər düşünmürlər ki, onların əlindən taxıl alırlar və qeyri – müəyyən tikililərə getməyə məcbur edirlər, düşünürlər ki, kahinlər sayəsində Nil çayında nə zaman daşqın olacağı müəyyən olunur, məmurların topladığı taxılla onları aclıq illərində təmin edəcəklər. Dövlət irriqasiya sistemini dəstləkləyir. Qısaca, məmurları bəsləmək lazımdır, onlar lazımlıdırlar.

Məhz Qədim Misir sənədləri, “Kapital” müəllifinin asiya istehsal üsulunun başa düşülməsi üçün daha zəngin material təqdim etməsinə baxmayaraq, Marks əsasən, Hindistanda aparılmış ingilis tədqiqatlarına əsaslanırdı. O diqqət etmişdir ki, istehsalın birbaşa təşkili ilə məşğul olmayan avropa dövləti Asiyaya gələrkən, əsrlər boyu qurulmuş istiqaməti məhv edir ki, bu da ərzaq fəlakətinə gətirib çıxarır. Müstəmləkəçilər sırf inzibati metodlarla, vergi qoyma yolu ilə, qanunvericiliklə idarə etməyə çalışırdılar, bu zaman isə orada irriqasiya sisteminə nəzarət dayanmış, aclıq, üsyanlar başlamışdı. İlk zamanlarda Asiyada milliyyətçilik haqqında anlayışları yox idi, xarici  rəhbərlərin hakimiyyəti adi iş idi (Böyük Monqollar Hindistanı idarə edirdilər, Ptolemey yunanları misir fironları idilər, osmanlı türkləri demək olar ki, bütün islam dünyasını idarə edirdilər). Avropalı hakimlər ilk əvvəllər öz əcnəbi köklərinə görə deyil, dövlətin etməli olduğu vəzifələri etmək istəmədikləri və edə bilmədikləri üçün asiyalı təbəələrin qəzəbinə düçar oldular.

Yerdə eşələnən kəndli üçün ingilis sahiblə və özbək moğol arasında heç bir fərq yoxdur: hər ikisi – əcnəbidir, fərqli inancdandır. Amma monqollar başa düşürdülər ki, irriqasiya sistemini işlək saxlamaq lazımdır, ingilis sahiblər isə bunu başa düşmürdülər. Onlar kənd təsərrüfatı üçün heç nə etmirdilər, yalnız, Avropadakı kimi vergiləri verməyi tələb edirdilər. Problemlər yarandıqda isə, onları, İngiltərədə olduğu kimi, qanunlar verərək, məhkəmə sistemini təkmilləşdirərək həll etməyə çalışırdılar. Müəyyən vaxtdan sonra xalq dəqiq başa düşürdü ki, belə hakimiyyətlə yaşamaq qeyri – mümkündür və silaha sarılırdı.

Amma deməyə əsas yoxdur ki, dövlətin  idarəetmə, təsərrüfat funksiyası sadəcə Şərqdə mövcud idi. Biz onu Avropada da, amma fərqli şəkildə tapa bilərik. Dövlət istehsal proseslərinin idarə edilməsinə daha az müdaxilə edirdi, amma hakim sinfin kollektiv maraqları çərçivəsindən kənara çıxan ümumi məsələləri də həll etməli olurdu.

Cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul ediləcək qanunlar qəbul etmək, cinayətkarlıqla mübarizə aparmaq, yolları işlək vəziyyətdə saxlamaq və limanlar tikmək lazım idi. Əsasən bunlar hərbi məqsədlərlə edilirdi, amma dəyişməz olaraq təsərrüfat əhəmiyyətinə də malik idi. Bəzən aclıqla, hətta işsizliklə də mübarizə aparılırdı.

Qısaca, dövlət həmişə müəyyən sosial tarazlığın qorunmasına səy göstərirdi. Marks Avropaya münasibətdə dövlət həyatının bu aspektini çox sadə səbəbə görə vurğulamır: bu mövzu onun sələfləri tərəfindən tez – tez müzakirə edilirdi  ki, onlar dövlət hakimiyyətini ideallaşdırır, onda ümumi rifaha xidmət göstərəcək sistemi görürdülər.

Marks dövlətin bir tərəfini o zaman vurğulayır ki, dövlətin sinfi hakimiyyət aləti olduğunu göstərir, bu zaman o, öz dövrünün hakim ideyaları ilə polemikaya girir. XVIII əsrdə Maarifçilik dövründə qabaqcıl mütəfəkkirlər göstərirdilər ki, dövlətin əsasında ictimai razılaşma durur, dövlət ictimai kompromisi dəstəkləyir və təmin edir. Dövlət kimisə əzməyə başlayırsa, müəyyən bir sosial və ya siyasi qrup xeyrinə yönəlirsə – bu, ictimai razılaşmanın pozulmasıdır. Və ya bu razılaşma səhvdir, onu yenisi ilə əvəz etmək lazımdır. Bəlkə, kimsə kimisə aldadıb, ona öz iradəsini yeridib?

Təbii ki, bütün maarifçilər belə düşünmürdü. Onlar arasında ən radikalı Jan – Jak Russonun dövlətə münasibətdə böyük şübhələri var idi. Amma maarifçilərin çoxu üçün tamamilə aydındır ki, əgər dövlət kimisə əzirsə, bu, normanın pozulmasıdır ki, o, sadəcə olaraq düzəldilə bilər – sadəcə olaraq yaxşı qanunlar, ədalətli konstitusiya yazmaq lazımdır. Marks deyir: yox, bu belə deyil. Əzmək, zorakılıq, məcbur etmə – dövlətin vəzifələri bunlardır.

Amma yenə də iddia etmək düzgün deyil ki, guya Marks dövlətdə zorakılıqdan başqa heç nə görmür. Son nəticədə, o anarxist deyil. Buna görə də o inanır ki, gələcək proletar inqilabından sonra dövlət ölüb gedə bilər. Zorakılıq, məcbur etmə yox olacaq, qalan isə artıq bildiyimiz mənada dövlət olmayacaq. Bu, özünü idarəetmə, azad insanların azad təşkilatı olacaq.

         Azadlıq

  Marksdan əvvəlki fəlsəfədə azadlıq ikimənalı izah edilirdi. Bir tərəfdən – Spinoza tərzində, dərk edilmiş zərurət kimi. Bu o deməkdir ki, hadisələrin vəziyyətini dərk etmək və onlara müvafiq olaraq hərəkət etmək lazımdır. Bəs buradan belə çıxır ki, mövcud nizamla razılaşmaq lazımdır? Yoxsa Russo tərzində, azadlığı  hadisələr üzərində hakimiyyətə malik olmaq, həyatı dəyişmək imkanının olması kimi başa düşmək lazımdır?

Marks paradoksal şəkildə hər iki azadlıq tərifini qəbul edir. Həyatı dəyişmək olar, amma yalnız onun qanunlarını dəqiq anlamaq sayəsində. Nəyisə dəyişmək üçün, əvvəlcə onun necə qurulduğunu başa düşmək lazımdır. Biz əvvəlcə öz azadlıq zərurətimizi dərk etməliyik.

Hadisələrin vəziyyətini anlamaq onu qəbul etmək demək deyil. Bu o deməkdir ki, yalnız indi onunla effektiv mübarizə aparmaq olar. Uğur şansını da az və ya çox dərəcədə qiymətləndirmək olar. Marks əmindir ki, burjualara qarşı mübarizədə proletarların şansı kifayət qədər yüksəkdir, çünki tarix onların tərəfindədir. Eyni şəkildə əvvəlki feodal cəmiyyətinin inkişafı yeni şərait və yeni ziddiyyətlər yaratdığı kimi, hansılar ki, son nəticədə köhnə quruluşu dağıtdı və kapitalizmi yaratdı, həmçinin də burjua cəmiyyəti təkmilləşərək inqilab üçün şərait yaradır.

Marksın tələbələri bu proqnozu gələcəyi xəbər vermə kimi qəbul edirdilər. Yəni, kapitalizm məhkum olunub və sosializm (və ya kommunizm) qaçılmazdır. Sağ sosial – demokratlar buradan özlərinə məxsus fəaliyyətsizlik fəlsəfəsi nəticəsini çıxardılar. Radikal, qəti heç nə etmək lazım deyil, meyvə gec və ya tez əlinizə düşəcək. Q.V. Plexanov isə izah edirdi ki, qələbənin qaçılmazlığına inam yalnız mübarizəyə itələyir. Burada o, kalvinistlərə, XVII əsrin ingilis puritanlarına istinad edirdi. Onlar isə əvvəlcədən müəyyən edilməyə inanırdılar, amma enerjili, fəal insanlar idilər. Tarixin bu cür izahı erkən kommunist hərəkatında – 1920 – ci illərdə də mövcud idi.

Amma Marksda bu gələcəyi xəbər vermə deyil, proqnozdur. Bu, protestantların dini determinizminə bənzəmir, onlar inanırdılar ki, hər şey əvvəlcədən müəyyən olunub.

Ümumiyyətlə, əvvəlcədən müəyyən edilmənin protestant ideyası sıx şəkildə burjua təfəkkürü ilə bağlıdır və çox qeyri – insanidir. Protestant inanır ki, o ilahi xilas üçün təyin olunub, onun düşmənləri isə cəhənnəmdə yanmağa məhkumdurlar.

Perulu marksist X.K.Mariategi göstərmişdir ki, məhz belə ideologiya hindilərin Amerikadakı soyqırımına mənəvi haqq qazandırmışdır. Özü də məhz  burjua protestant – anqlosakslar hindiləri tamamilə məhv etdilər, daha geridə qalmış ispan konkistadorları isə bunu etmədilər. Amerikan fermerinə bu vəhşi insanlar lazım deyildi, öz qabaqcıl təsərrüfatını aparacağı torpaq lazım idi. İnsanları öldürmək lazım idi, belə ki, onlardan qurtulmağın başqa yolu yox idi, amma ideoloji təsəlli əvvəlcədən hazır idi. Əgər tanrı bu insanlara xristian doğulmağa icazə verməyibsə, deməli, onları əvvəlcədən cəhənnəmdə yanmağa məhkum edib. Deməli, onlarla nazı ilə oynamaq lazım deyil.

Geridə qalmış ispan konkisadoru üçün isə təsərrüfat sürdürmək mümkün deyildi, ona plantasiyalarda, şaxtlarda onun üçün işləyəcək feodal kəndlilər lazım idi. O, hindiləri sağ qoymalı və onları istismar etməli idi. Amma eyni zamanda da xristian etməli, onların ruhlarının qayğısına qalmalı idi. Bununla da onları idarə etməli idi. Və ya xoşbəxt etməli idi. Başqa məsələ də var ki, onlar İlahi İşığı qəbul etmək istəmirlər, o zaman söhbət qısa olacaq. Amma onlara şans veriləcək.

Gördüyümüz kimi, azadlıq və zərurət haqqındakı məsələ – sadəcə fəlsəfi məsələ deyil. O, konkret insanlar üçün həyat və ölüm məsələləri ola bilər. Və məhz ona görə başa düşmək vacibdir ki, azadlığın marksistcəsinə qavranılması nə qədər yenilikçi idi. Bu ideya o qədər yenilikçi oldu ki, marksistlərin böyük hissəsi, allah inancının olmadığı köhnə dini etikaya qayıdaraq onu qəbul edə bilmədi.

Marks azadlığı, müasir dövrün həqiqi ziddiyyətlərinin və problemlərinin qavranılmasına əsaslanaraq, şüurlu şəkildə tarixi yaratmaqda görür. Özü də sadəcə fərdi azadlıq deyil, həm də kollektiv azadlıqdır. Sinif öz maraqlarını dərk etməlidir. Sinfin hər bir nümayəndəsi yalnız şəxsi marağını deyil, həm də ümumi marağı başa düşməlidir. Tarixin qanunauyğunluqlarının aydın olduğu andan, istismar olunanlar sistemin necə qurulduğunu başa düşdükləri andan, ədalətsizliyə qarşı etiraz dərk olunmuş mübarizəyə, üsyan isə – inqilaba çevrilir.

İnqilab

  Nə üçün Marks inanır ki, proletariat kapitalizmin qəbirqazanı olacaq? Nə üçün o hesab edir ki, sinfi mübarizə son nəticədə istənilən siniflərin məhvinə gətirib çıxaracaq?

Aydındır ki, əgər kapitalizm əbədi deyilsə, o tez və ya gec öləcək. Əgər öləcəksə, deməli onu kimsə basdırmalıdır. Bəs nə üçün məhz proletariat? Və nə üçün sinfi mübarizə yolu ilə? Əsasən, bu mövzu “Kapitalist Manifest”in həsr olunduğu əsas mövzudur.

Proletariat kapitalizm tərəfindən yaradılıb, amma o, burjuaziyanın mövcudluğunda, bu sistemin mövcudluğunda maraqlı deyil və istehsalı başqa yolla qura bilər. Burada çox böyük problem yaranır, çünki Marks heç yerdə yazmır ki, proletariat burjuaziyanı basdırdıqdan sonra hansı yolla istehsalı qurmalıdır. Amma bu, məntiqidir. Marks axı alimdir. Bəzi şeylər var ki, onları əvvəlcədən proqnoz vermək olar, bəzi şeylər var ki, əvvəlcədən demək olmur. İnqilab milyonlarla insanı azad edəcək, onlara öz potensiallarını, öz yaradıcı enerjilərini reallaşdırmaq imkanı verəcək. Biz əvvəlcədən onların nə yaradacağını necə deyə bilərik? İnqilabın mahiyyəti də bu yenilikdədir.

Yeni cəmiyyət tədricən, yarandığı, inkişaf etdiyi müddətdə, kapitalizmdə olduğu kimi öz qanunauuyğunluqlarını yaradacaq. Axı o, birdən hazır şəkildə meydana çıxmamışdı! Utopiya yazmaq, işıqlı gələcək haqqında təfərrüatlarla danışmaq olmaz, bu yalandır.

Yeri gəlmişkən, Marks və Engels tam əmin deyillər ki, gələcək çox işıqlı olacaq. Onların yazışmalarında maraqlı məqamlar var. Engels, məsələn, yazırdı ki, onlar gənc olanda inanırdılar ki, tezliklə inqilab olacaq, yəni, 50 – 60 yaşlarına kimi yaşaya bilməyəcəklər. Gilyotinada öldürəcəklər. Kim öldürəcək? Qalib gəlmiş proletariat inqlabın müəyyən mərhələsində öz nəzəriyyəçilərinin boyunlarını vuracaq? Marks və Engels bu ehtimalı istisna etmirdilər. Və sakit şəkildə bu barədə danışırdılar. Tarixdə hər şey olur, o rahatlığa uyğunlaşmayıb…

Tarixi, qatar cədvəli kimi əvvəlcədən qeyd etmək olmaz. Yeni cəmiyyətin quruluşunun həddən artıq təfərrüatlı proqramı, birincisi, utopik, ikincisi isə avtoritar olacaq, kütlələrə ideoloji elitanın iradəsini yeridəcək (məhz belə cəhdlərə görə xalq intellektualların boynunu vurmalıdır). Amma əgər gələcəyi əvvəlcədən qeyd etmək olmursa, buradan belə çıxmır ki, onun bəzi təməl xarakteristikalarını, yeni quruluşun kapitalizmdən bəzi prinsipial fərqlərini proqnozlaşdırmaq olmaz.

Yeni quruluşun kapitalist quruluşdan nə ilə fərqləndiyi haqqında, kapitalizmin öz ziddiyyətlərini, inkişaf dinamikasını gördüyümüz dərəcədə danışmaq olar. Bir tendensiya – kapitalın təmərküzləşməsi və konsentrasiyası tendensiyasıdır və görünür ki, kapital əsasən xüsusi kapital çərçivəsindən çıxır, birbaşa ictimai funksiya qazanır. Korporasiya elə bir miqyasa çatır ki, bir insan tərəfindən şəxsi məqsədlərlə idarəetmə mənasız olur, korporasiyalar ümumilikdə cəmiyyəti təşkil edən strukturlar kimi çıxış etməyə başlayırlar. Belə çıxır ki, ictimai məsələlər şəxslər tərəfindən, onların maraqlarında həll olunurlar.

Fərz etmək olar ki, kapital nə qədər böyükdürsə, ondan nə qədər çox şey asılıdırsa, o qədər çox ictimai məsuliyyət daşıyır. Əslində isə hər şey əksinədir. Kapital cəmiyyətə münasibətdə artan məsuliyyətsizlik nümayiş etdirir, çünki onu daha az şey saxlayır və ondan daha çox şey asılıdır. Buna görə də, Marksın nəzər nöqtəsinə görə, xüsusi kapitalın ekspropriasiyası zərurəti yaranır. Əgər kapital, mahiyyətinə görə, ictimai funksiya yerinə yetirirsə, deməli, cəmiyyət onu öz əllərinə almalı və nəzarət etməlidir. Mülkiyyətsiz nəzarət – qeyri – effektiv və məsuliyyətsiz nəzarətdir.

“Kommunist Manifest”in rus dilinə tərcüməsində xüsusi mülkiyyətin məhv edilməsi haqqında yazılmışdı. Almanca orijinal “Aufhebung” sözündən istifadə edilmişdi ki, bu sözü “dəf edilmə, aradan qaldırılma” kimi tərcümə etmək olardı. Sonralar, 1960 – cı illərdə liberal fikirli marksizm professorları bir – birlərinə başa salmağa çalışdılar ki, nəticə etibarilə, Marks xüsusi mülkiyyətə o qədər də qarşı deyildi. Amma “Manifest”də qeyd edilmiş ifadə – yeganə deyil, Marks və Engels kapitalistlərin ekspropriasiyası haqqında dəfələrlə danışırlar və heç bir ciddi tədqiqatçı inkar edə bilməz ki, onlar iri şirkətlərin milliləşdirilməsi lehinə çıxış edirdilər.

Başqa məsələdir ki, Marks çox gözəl başa düşür: xüsusi mülkiyyət bütövlüklə və dərhal, bir anda məhv edilə bilməz. Eyni şey bazar münasibətlərinə də aiddir. Bu tarixi prosesdir ki, özündə mülkiyyətin müxtəlif  formalarının birlikdə mövcudluğunu ehtiva edə bilər. Məhz buna görə Marks gələcək cəmiyyət haqqında danışanda, iki termin – “sosializm” və “kommunizm” terminlərini işlədir. Sosialist cəmiyyəti – odur ki, inqilab nəticəsində yaranır və kapitalizmdən doğur. O, onu özündən əvvəlki dövr ilə yaxınlaşdıran bir sıra xüsusiyyətləri qoruyub saxlamaya bilməz. Biz deyəndə ki, bazar və hətta xüsusi sahibkarlığın bəzi formaları kapitalizmdən sonra da yaşaya bilər, bu, Marksın sosialist quruluş haqqındakı təsəvvürləri ilə uyğun gəlir. Amma kapitalizmin aradan qaldırılması, alqı – satqı və rəqabət münasibətlərinə deyil, insanlar arasında əməkdaşlığa və ümumi gələcəyin demokratik şəkildə planlaşdırılmasına əsaslanan yeni münasibətlərin inkişafı üçün perspektivlər açır.

Kommunizmə gəldiksə isə, “Kapital”ın müəllifi bu barədə çox az danışır. Nə alınacaqsa, alınacaq. Cəmiyyət öz təməlləri üzərində inkişaf etməyə başlamalıdır.

Yalnız inkişaf məntiqini, oyun qaydalarını dəyişmək üçün zəruri olan ilk addımları dəqiq şəkildə əvvəlcədən demək olar. Buna görə də həmin “Kommunist Manifest”də deyilir ki, qalib gəlmiş proletariat ümumilikdə bütün iqtisadiyyatı deyil, müəyyən sahələri milliləşdirməlidir. Sonralar Lenin bunu “hakim mövqelər” haqqındakı məşhur sözlərində formalaşdırmışdır.

Bəs söhbət konkret olaraq nədən gedir? Müəyyən siyahı tərtib etmək olar, amma o zamanla dəyişəcək. Məsələ onda deyil ki, hansı şirkətləri ilk növədə milliləşdirmək lazımdır, ondadır ki, dəyişikliklərin məqsədi nədir. O isə kifayət qədər aydın şəkildə müəyyən edilmişdir. Mənfəət və xüsusi marağa yönəlmiş iqtisadiyyat elə bir sistemlə əvəz olunmalıdır ki, cəmiyyət özü demokratik şəkildə inkişaf prioritetlərini müəyyən edir.

Bizim liberal ziyalılar Mixail Bulqakovun “İt ürəyi” əsərindən bir ifadəni təkrarlamağı çox sevirdilər: yəni, hər şeyi götürüb bölüşdürmək istəyirlər. Axı məhz bunun marksist sosialist proqramına heç bir aiddiyyəti yoxdur. Bir məsələ – “götürməkdir”…   amma “bölüşdürmək” haqqında söhbət gedə bilməz. “Götürmək və bölüşdürmək” –  mülkiyyətə məhz xırda burjua, hətta burjua münasibətinin mahiyyətidir. Yeltsin dövrü Rusiyasında “götürürdürlər və bölüşdürürdülər”, bu zaman bir on illər ərzində yaradılmış xalq sərvətlərini bir neçə ilə “üyütdülər”. Marksist sosializmin mahiyyəti ondadır ki, əvvəllər xüsusi kapitalın sərəncamında olan, xüsusi maraqlara uyğun olaraq istifadə edilən izafi məhsul birbaşa ictimai məhsul olmalı, bütün cəmiyyətin maraqlarına uyğun olaraq və demokratik nəzarət altında istifadə edilməli idi.

Digər problem – cəmiyyət ümumilikdə bu izafi məhsulu necə istifadə edəcək, demokratik şəkildə qərarları necə qəbul edəcək? Vəsaitləri hara yönəltməli, onlarla sonra nə etməli? Burada Marks susur. Axı bu sadəcə nəzəri deyil, həm də təcrübi məsələdir.

Qalib gəlmiş proletariat iri kapitalı ekspropriasiya edərək, öz dövlətlərini, öz demokratiyalarını yaradacaqlar. Bunun demokratiya olacağına dair Marksın heç bir şübhəsi yoxdur, çünki proletariat, ən çoxsaylı ictimai sinif başqa yolla təşkilatlana bilməz. İnqilabi hakimiyyət yeni istehsal münasibətlərinin formalaşması ilə bağlı bütün problemlərin həllini öz üzərinə götürəcək, bəzən sınaq və səhvlər metodu ilə yeni iqtisadi quruluşun qaydalarını işləyib hazırlayacaq.

İngilislər dediyi kimi, şeytan təfərrüatlarda gizlənir. Marksın nəzəri əsərlərində cavabsız qalmış suallar erkən proletar inqilablarının diskussiyalarının və siyasi mübarizəsinin mərkəzində olurdu. “Kapital” müəllifi növbəti dəfə haqlı çıxdı: inqilablar təcrübəsi problemin mahiyyətini aydınlaşdırmağa imkan verdi, sadə həllərə olan utopik ümidlərə son qoyaraq onları konkretləşdirdi. Amma, təəssüf ki, bu təcrübə həmişə uğurlu olmur. Bu tapılmış cavablar həmişə uğurlu olmur. İnqilablar təkcə qalib gəlmirdilər, həm də məğlub olurdular. Həm də qələbələr çox vaxt məğlubiyyətlə əvəz olunurdular.

Marks sadəcə bir proletar inqilabı gördü – Paris Kommunasını. Orada o, gələcək sosialist dövlətinin obrazını, respublikanın idarə edilməsində vətəndaşların birbaşa iştirakına əsaslanan açıq demokratik sistemi gördü. Kommuna dözümlü və mərd idi. Təəssüf ki, bu onun məhvini yaxınlaşdırdı. Əsas hadisələr hələ qarşıda idi. Zəhmətkeşlərin inqilabi hakimiyyətinin necə təşkil olunacağı və fəaliyyət göstərəcəyi məsələsi açıq qalır – işçi hərəkatının siyasi təcrübəsi nəzəriyyə üçün kifayət qədər material verməyənə qədər.

Burada klassik marksizm sona çatır, çünki, birincisi, Marks vəfat edir, Engels vəfat edir, ikincisi, kütləvi işçi partiyaları dövrü başlayır ki, onların ideologiyasını Karl Kautskinin, Eduard Bernşteynin, Q.V. Plexanovun və onların tələbələrinin simasında təqlidçilər nəsli formalaşdırır, onlar Marks və Engelsi çox yaxşı oxumuşdular, amma onların yazdığını həmişə başa düşmürdülər.

  Tərcümə: Ləman Orucova                   (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:12740