abunə ol: Yazılar | Şərhlər | Еmail

Antonio Qramşi – “Kapital”a qarşı inqilab

Şərh

Aşağıda oxuyucuların diqqətinə təqdim olunan məqalə XX əsr görkəmli italyan marksisti Antonio Qramşi tərəfindən, 1917 – ci il Rusiya inqilabının “isti izləri ilə” yazılmış və 24.12.17 tarixində “Avanti” qəzetində dərc edilmişdir və bununla da bu günə qədər kəsilməyən mübahisələrə səbəb olmuşdur.

 Artıq Bolşevik inqilabı ümümi rus inqilabının bir hissəsidir. Hələ iki ay əvvəl maksimalistlər fəal agent sifəti ilə inandırmağa çalışırdılar ki, hadisələr yerində durmamalıdır, gələcəyə doğru hərəkət dayandırılmamalıdır və burjua sisteminin birdəfəlik qurulmasının qarşısı alınmalıdır. İndi həmin maksimalistlər hakimiyyəti ələ keçiriblər və öz diktaturalarını qurub sosialist quruluşu yaradırlar və əgər bu quruluş nail olunmuş böyük zəfərlərə əsasən, daxili qarşıdurmalar olmadan, uyğun şəkildə inkişaf etməyə davam edərsə, onun çərçivəsində inqilab sakitləşməlidir. Bolşevik inqilabında hadisələrdən daha çox ideologiya var (Buna görə də, bizə, “aşağıdakılara”, əslində bildiyimizdən daha artığını öyrənmək lazım deyil). Bu inqilab Karl Marksın “Kapital” – ına qarşıdır. Rusiyada Marksın “Kapitalı” proletariatın yox, daha çox burjuaziyanın kitabı idi. O, burjuaziaynın inkişafını, Rusiyada qərb tipli mədəniyyət ilə birgə kapitalist erasının gəlməsini, hələ proletariatın öz üsyanı, sinfi tələbləri, öz inqilabı haqda fikirləşməyə imkanı yaranmazdan əvvəlki dövrü nəzərdə tutan, hadisələrin əvvəlcədən müəyyən olunmuş ssenariyə uyğun necə inkişaf etməsinin tənqidi nümayişidir. Ancaq hadisələr ideologiya çərçivəsindən çıxdı. Hadisələr tarixi materializmin qanunlarına uyğun olaraq, Rusiya tarixinin necə inkişaf etməli olduğunu təyin edən, tənqidi sxemləri yerlə bir etdi. Bolşeviklər Karl Marksdan imtina etdilər və onların dəqiq tədbirləri və qalibiyyətləri, tarixi materializm qanunlarının, kimlərəsə göründüyü və kimlərinsə fikirləşdiyi qədər, sarsılmaz olmadığının sübutudur. Bütün bunlara baxmayaraq, hətta bu hadisələrin özündə də səhvlər oldu və bəlkə də Bolşeviklər “Kapital”- ın bəzi müddəalarından imtina etdilər, ancaq onlar onun ruhlandırıcı immanent ideyalarından imtina etmədilər. Sadəcə olaraq bu insanlar “marksist” deyillər. Onlar, heç vaxt şübhə altına alınmayacaq, doqmatik bəyanatlardan ibarət sərt doktrina yaratmaq üçün Marksın işlərindən istifadə etmədilər. Onlar, əbədi, alman və italyan idealizmin davamı olan və Marks olduğu halda, positivist və naturalist cərəyanlara yoluxmuş, Marksın ideyası ilə yaşayırlar.

Bu ideya, sadə iqtisadi faktlardan qabaq, bir – biri ilə əlaqədə olan, öz aralarında razılaşmalar əldə edən, bu əlaqələr vasitəsi ilə kollektiv ictimai iradəni (mədəniyyəti) yaradan insanları; iqtisadi amilləri anlayan, qiymətləndirən və öz iradələrinə uyğunlaşdıran insanı, cəmiyyətdəki insanları (bunlar iqtisadiyyatın əsas hərəkət edən qüvvəsi olana qədər və obyektiv reallığı formalaşdırana qədər) tarixin üstünlük təşkil edən amili  kimi görür. Bu reallıq var, o hərəkət edir və insanın iradəsindən asılı olaraq, istənilən istiqamətdə yönəldilə bilən, vulkanik lavanı xatırladır. Marks ancaq qabaqcadan görə biləcəkləri gördü. Ancaq o, avropa müharibəsini qabaqcadan görə bilməzdi, daha doğrusu, bu müharibənin bu qədər uzun çəkəcəyini və belə nəticələrə gətirib çıxaracığını görə bilməzdi. O, üç illik təsəvvür edilməz əziyyətlərdən və bədbəxtliklərdən sonra, bu müharibənin Rusiyada kollektiv milli iradəni belə qaldıracağını görə bilməzdi. Adətən bu cür kollektiv iradəni forlmalaşdırmaq üçün cəmiyyətdə tədrici diffuziya prosesi lazımdır və sinfi təcrübənin geniş bilik dairəsi gərəklidir. İnsanlar tənbəldir, onların özlərinin, ilk növbədə xaricən – korporasiyalara və liqalara, daha sonra daxilən – düşüncələri və iradələri çərçivəsində təşkil olunmasına ehtiyacları var. Onlara fasiləsiz ardıcıllıq və bir çox xarici stimul lazımdır. Buna görə normal şərtlərdə tarixin marksist tənqidinin qanunları reallığı qavrayır, dərk edir və onu aydın edir. Normal şəraitdə kapitalizm dünyasının iki sinfi, getdikcə daha çox intensivləşən sinfi mübarizənin vasitəsilə tarixi yaradırlar. Proletariat öz ehtiyaclarından və gündəlik acizliyindən narahatdır və həyat standartlarının qaldırılması tələbi ilə burjuaziyaya təzyiq göstərir. O, mübarizəyə qalxır və burjuziyanı istehsalat texnikasının təkmilləşdirilməsinə və onu özlərinin təcili təlabatlarının ödənilməsi üçün daha da uyğunlaşdırılmasına məcbur edir. Nəticədə, kəskin tərəqqini, istehsalat templərinin sürətləndirilməsini, ictimai xeyirli istehsalat məhsullarının artımını müşahidə edə bilirik.

Bu “sıçrayışda” çoxları kənarda qalır və bununla da daha çox əzmkarlıq nümayiş etdirənlərin ehtiyaclarını ödənilir. Daimi nizamsızlıq vəziyyətində olan və bu xaosdan çıxmağa can atan kütlələr öz düşüncələrində müəyyən intizam qururlar və imkanlarını, öz üzərilərinə düşən sosial məsuliyyəti göturə bilmək qabiliyyətlərini, öz talelərinin sahibləri olduqlarını daha aydın dərk edirlər.

Normal şərtlərdə hadisələrin gedişatı belə olur. Yəni hadisələrin bir – birini müəyyən qanunauyğunluqlarla əvəz etdiyi, tarixin öz inkişafında müəyyən mərhələlərdən (öz aralarında oxşar olsalar da, çətinlilik və əhəmiyyətlilik cəhətdən fərqlənə bilən) keçdiyi şəraitdə. Ancaq Rusiyada müharibə milli iradəni oyandırdı. Üç il ərzində toplanmış əzablar nəticəsində bu iradə bir göz qırpımında ümumiləşdi. Qabaqdan aclıq gəlirdi, aclıqdan gələn ölüm onlarla milyon insanı bir zərbə ilə əzə bilərdi. Əvvəlcə mexaniki şəkildə, sonradan isə, birinci inqilabdan sonra, fəal və şüurlu şəkildə milli iradə vahid şəkil aldı.

 Sosialist təbliğat rus insanını digər ölkələrin proletariatlarının təcrübəsi ilə zənginləşdirdi. Sosialist təbliğat proletariatın tarixini: onun kapitalizmə qarşı mübarizəsini, onu belə alçaldılmış vəziyyətə salan, köləlik zəncirlərindən azad olunması üçün göstərilən uzun səylərini və yeni şüurun yaradılması və öz gələcəklərinin şahidləri olmaları üçün onlara imkan yaratmağı anidən və dramatik şəkildə canlandıra bilərdi. Və məhz sosialist təbliğat rus insanının iradəsini canlandırdı. Nəyə görə onlar İngiltərə tarixinin Rusiyada təkrar olunmasını, burjuaziyanın qalxmasını, sinfi mübarizənin başlanmasını, sinfi şüurun formalaşmasını, kapitalist dünyasının iflasını və nəhayət, həqiqətən onlara zərbə vurmasını gözləməli idilər? Rus insanı – ən azından onların azlıq təşkil edən hissəsi – artıq öz ağıllarında bu təcrübəni yaşamışdılar. O, onlardan uzaq keçdi. İndi proletariat özünü təsdiq etmək üçün bu təcrübədən, qərb dünyasında olan istehsalat səviyyəsinə tezliklə çata bilmək məqsədi ilə, qərb kapitalizmi təcrübəsindən çıxaracağı kimi, faydalı nəticələr çıxarmalıdır. Kapitalist dünyasında Şimali Amerika İngiltərə ilə müqayisədə daha öndə sayılır, çünki anqlo – sakslar Şimali Amerikada özlərinin, uzun təkamül prosesi nəticəsində gəlib çatdıqları səviyyəsindən başladılar. Bu gün sosialist təhsilli rus proletariatı öz tarixini, müasir İngiltərənin çatdığı ən yüksək səviyyədən başlayacaq. O, ən başdan başlamağa məcbur olduğuna görə, artıq hardasa həyata keçirilmiş olan nöqtədən başlayacaq, buna görə də elə bir iqtisadi yetkinlik səviyyəsinə nail olunacaq ki, Marks onu kollektivizmin əsas şərtlərindən biri sayırdı. İnqilabçılar öz məqsədlərinə nail olmaq üçün lazım olan şərtləri özləri yaradacaqlar. Və onlar bu şərtləri kapitalizmin edə biləcəyindən daha tez yaradacaqlar.

Sosialistlərin burjua sisteminə, onların israfçı və natamam olduğu səbəbi ilə ünvanlanmış tənqidlərini artıq inqilabçılar tərəfindən daha yaxşı, israfçılıqdan qaçmaq və natamamlığın qurbanı olmamaq imkanlarının yaranacağı ictimai quruluşu bərqərar etmək üçün istifadə oluna bilər. Əvvəlcə bu yoxsulluğun və əziyyətlərin kollektivizmi olacaq. Ancaq burjua rejimində də eyni yoxsulluq və əzab şəraiti olacaqdı. Kapitalizm Rusiyada kollektivizmin etdiyindən daha çox şey edə bilməzdi. Əslində isə kapitalizm bu gün daha azını edəcəkdi, çünki o birdən – birə, artıq başqalarının maraqları üçün əziyyət çəkmək fikrində olmayan, narazı və itaətsiz proletariatla üz – üzə qalacaqdı və bununla da iqtisadi vurnuxma yaranacaqdı. Beləliklə, bu gün Rusiyadakı sosializm, hətta mütləq terminlərdə belə, əsaslandırıla bilər. Sülh bağlandıqdan sonra proletariatı gözləyən çətinlikləri yalnız bir halda aradan qaldırmaq olar, bu o zaman mümkün olar ki, onlar hər şeyin öz nəzarəti altında olduğunu hiss edəcəklər və öz səyləri ilə mümkün olan ən qısa vaxt ərzində bu çətinlikləri azalda biləcəklərini dərk edəcəklər.

İndiki vaxtda elə bir təəssürat yaranır ki, sanki maksimalistlər bioloji ehtiyacın spontan ifadəsidirlər – onlar hakimiyyəti ona görə ələ keçirməli idilər ki, rus insanı dəhşətli fəlakətin qurbanına çevrilməsin; öz reproduksiyası üçün böyük işə qoşulmuş rus insanı ac canavarın iti köpək dişlərini daha az hiss etsin; Rusiya bir – birini parçalıyan amansız yırtıcıların döyüş meydanına çevrilməsin.

Tərcümə: Vüsal Xəlilov                                      (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:10969