abunə ol: Yazılar | Şərhlər | Еmail

Mərhəmət çevrəsini genişləndirmək: Sosializm və heyvan haqları

Şərh

 “19 – cu əsrdə quldarlıqla mübarizə aparanlar və bu gün ət yeməkdən imtina edənlər eyni şəxslərdir” sözləri “Cahiers Antispécistes” [1] adlı fransız və ispan heyvan haqlarını müdafiə edən qrupların posterlərində yazılıb. Bu posterlərdə 21 – ci əsrin heyvan azadlığı əsri olması müraciəti edilir. 1974 – cü ildə nəşr olunan “Animal Liberation” (Heyvanların Azadlığı) kitabında Peter Singer belə yazmışdı: “İnsanların heyvanlar üzərindəki tiranlığı bu günə qədər böyük əzablara səbəb olub, bu hələ də baş verir. Bu əzablar əsrlərdir ki, ağdərililərin qaradərililərə etdikləri zülmlərlə müqayisə oluna bilər. Bu tiranlığa qarşı aparılan mübarizə bütün əxlaqi və ictimai mübarizələr qədər əhəmiyyətlidir.”

Əlbəttə, milyonlarla afrikalının avropalı və amerikalılar tərəfindən 15 – ci əsrin sonlarından 19 – cu əsrin ortalarına qədər köləyə çevrilməsi ilə müasir kapitailst cəmiyyətində heyvanların  hal – hazırkı vəziyyəti arasında bənzərlik var. Bristol və Liverpul kimi şəhərlər quldarlıq üzərinə qurulub. Sənaye inqilabını maliyyələşdirən də quldarlıqdan əldə edilən mənfəətlər nəticəsində yığılan kapital idi. Tomas Peynin [2] Amerika konstitutsiyasına quldarlıq sisteminin ləğv edilməsini də əlavə etmək istəməsinə varlı plantasiya sahiblərinin ona mane olması məgər təəccüblüdürmü?

Qullar, əlbəttə Haitidə olduğu kimi, Fransız inqilabının təsiri ilə azadlıq, bərabərlik və qardaşlıqdan təsirlənərək üsyan edə bilirdilər. Belə üsyan və qaçma səylərinə görə kölələr döyülür, bədənləri parçalanır və ya öldürülürdü. Bu gün labaratoriyalardakı ya da istehlak fermalarındakı heyvanlar heyvan haqları aktivistləri tərəfindən qurtarılmadıqları müddətdə qaça bilməzlər. Qullar qida üçün saxlanılmırdı, həmçinin elmi mənada etibarsız, dəhşət verici təcrübələrdə də istifadə edilmirdilər. Lakin milyonlarla heyvan bütün bunları yaşayır.

Bu gün çox az insan yediyi yeməklərin hardan gəldiyini bilir. Toyuq naggetlərinin, burger və ya qablarındakı sousun ya da supermarketlərdəki hazır yeməklərin yaşayan heyvanlarla əlaqəsini görmür. Əgər insanlar öz tələbatları üçün heyvanları yetişdirib öldürmək məcburiyyətində olsa idi, yəqin ki, daha çox insan vegetarian olaraq yaşayardı. Ucuz yeməklərə olan tələbat heyvanların tamamilə təbiətlərinə zidd şərtlərdə yetişdirilməsinə səbəb olub. Fermalarda sıx şəkildə, gün işığı və ya yağış, külək görmədən yaşayırlar. Böyümə hormonları və anti – biotiklərlə bəslənən bu heyvanlar tamamilə öldürülmək üçün yetişdirilirlər. İki günlük erkək danalar öldürülür, ov itləri çox qocaldıqlarında qətl edilir və digər ov itlərinə yem olur. İribuynuzlu heyvanlar təbii olaraq otyeyəndir, amma bədəni mikrob dolu ölü qoyunların artıqları ilə qidalandığı üçün yeni və ölümcül xəstəliklərin insanlara keçməsinə səbəb olurlar.

Amazon meşələrinin bəzi hissələri otlaq yeri üçün yox edilmişdir. Bir neçə il ərzində torpağın üst qatları yox olub. Ac bir dünyada taxıl insanları qidalandırmaq əvəzinə, ət istehlakı üçün yetişdirilən heyvanlara gedir. MakDonaldsın doymuş heyvan yağından, duzdan, şəkər və çox az zülal lifindən ibarət olan qidalanma forması əsla sağlam deyil. Burger mağazalarında işçilərin aldıqları maaş və iş şəraiti həmçinin qeyri – qənaətbəxşdir. Həmçinin sahibkarlar işçilərin həmkarlar ittifaqlarında təşkilatlanmasının qarşısını alır. London Qrinpis təşkilatı nümunəsində olduğu kimi, özlərinə yönəldilən tənqidləri susdurmaq üçün hər şeyi etmişdilər.

Viviseksiya [3] labaratoriyaları gəlirli sahədir. Keçən il 2,79 milyon heyvan üzərində təcrübə aparılıb. Bu say getdikcə artır. Amma təkcə DNT – lərinin çoxu insanlarla ortaq olan şempanzeləri misal göstərsək, insanlarla heyvanlar arasındakı fərqlər ortadadır. Heyvanlar siqaret çəkmir, spirtli içki qəbul etmir, yüksəl təzyiq və revmatizm kimi xəstəliklər keçirmir. Bu cür insana məxsus problemlərə heyvanlar üzərində təcrübələr keçərək cavab axtarmaq mənasızdır. Üskükotu kimi dərmanlar heyvanlarda mənfi nəticələr versə də, insanlarda müsbət nəticələri müşahidə edilib. Heyvanlarda müsbət nəticələr göstərən dərmanlar insanlarda fəlakətə səbəb olmuşdur. Talidomid – I [4] xatirlayırsınızmı? Az bir faydası olsa belə, zərər verməyən təbii herbal dərmanlar var. Heyvanlar üzərində aparılan təcrübələrdən əldə edilən dərmanlar dərman monopoliyaları tərəfindən istehsal edilir, xalq bu dərmanları almaq məcburiyyətində qalır. Buradakı məqsəd, əlbəttə ki, pul qazanmaqdır.

Heyvan istismarı və sui – istifadəsinin başqa yönləri də var. Üst təbəqələrin tülkü və maralları yorğunluqdan taqətdən düşənə qədər qovmaları və onların ov itləri tərəfindən parçalanması, oyun quşlarının bir – bir vurulması bunlara nümunə olaraq göstərilə bilər. Kürklərin, mərhəmət hisslərindən daha çox pulu olan şıltaq qadınların bədənlərini bəzəməsi üçün yetişdirilən və ya tələyə salınan su iti kimi heyvanlar da başqa nümunədir. Bir də dırnaq arası azad qidalar var. Bu heyvanlara yaşayarkən daha yaxşı münasibət göstərilir, amma nəticə etibarilə hamısı öldürülür.

Henri Salt kimi qabaqcıl sosialist  və heyvan haqları dəstəkləyicilərinin səylərinə baxmayaraq, Sol çox zaman heyvan haqları mövzusuna qarşı etinasız qalır. Ümumiyyətlə, bir sonrakı tətilə, növbəti qəzet satışına ya da seçkiyə diqqətini verən Solun azadlıq mübarizəsi ümumiyyətlə bir ölçülüdür. Bir dəfə Sosialist İşçi Partiyası heyvanlar üzərində təcrübələri dəstəkləyib sosialistlərin vegetarian olub – olmamasi ilə əlaqədar mitinq təşkil etmişdi. Əlbəttə ki, cavab tapmaq üçün mitinqə qatılmağa ehtiyac yox idi. Bu günlərdə müsəlmanların dəhşət verici qurban bayramına qarşı çıxmaq islamofobiya olaraq görülür.

Bir çox heyvan haqları nümayişçisi Sola qarşı haqlı olaraq şübhə duyur, Sol manipulyasiya edən və qeyri – səmimi, iddiasının daha geniş miqyaslı olması üçün işə ehtiyac duymayan, yalnız partiyaya daxil olması üçün insanları yola gətirən bir səy olaraq görülür. Amma bütün bu qorxuducu rəvayətlərə baxmayaraq, bu insanlar terrorist deyillər.

Bir çox heyvan haqları təmsilçisi sülh hərəkatları və ya anti – faşist hərəkatlara dəstək verir. ALF spikeri Keyt Mann heyvan haqları hərəkatları səbəbi ilə 14 il həbs cəzası alıb. Mann, əgər heyvanlar üzərində təcrübə keçən labaratoriyalar qapılarını xalqa açsa, o zaman bütün ekstremal hərəkətlərin sona çatacağını deyir. Əgər xalq bağlı qapılar arxasında yaşanan əzabları və ölümü bilsə, təcrübələrin sona çatması üçün böyük bir təzyiq olacağını söyləyir.

Əgər sosializm yeni bir maska altında tiranlıq olmaq istəmirsə, mütləq və sabit demokratik humanizm nümunəsi olmalıdır. Amma humanizm öz içində bir məqsəd deyil. Özünü həyata keçirərkən yeni xüsusiyyətlər yaradır.

Bu yeni xüsusiyyətlərdən biri mərhəmət çevrəsini planetimizdə birlikdə yaşadığımız digər canlıları əhatə edəcək şəkildə insanlardan kənara doğru genişləndirməkdir. Yaradılış qavramını bir kənara qoysaq, insanlar və digər canlılar ortaq bir təkamül prosessinin məhsuludur. İnsanlar fikir yürüdə bildikləri üçün bu ağılı heyvanlara yönəlmiş davranışlara da tətbiq etmək zəruridir. Heyvanları öz məqsədlərimiz uğrunda istismar etməyə və öldürməyə son qoymalıyıq. Təbiəti, tabe edilməli bir şey kimi yox, birlikdə fəaliyyət göstərməli olduğumuz bir şey kimi görməliyik. Təbii dərmanlar kimi alternativləri kəşf etməyə, müalicə etmək əvəzinə əvvəlcədən tədbir almağa əhəmiyyət verməliyik. Öz yeməyimizi yetişdirmək üçün torpağa və vasitələrə ehtiyacımız var. Faunaya zərər verən süni böcək dərmanlarından istifadə edərək torpağı çirkləndirməyə son qoymalıyıq. Qidalanma formamızı yenidən tədqiq edərək, heyvani məhsul qaynaqlı qidalanma tərzindən taxıl və tərəvəz əsaslı qidalanma formasına yönəlməliyik. Heyvanlar üzərində təcrübələrə, ovçuluğa və kürk ticarətinə son qoymaq məcburiyyətindəyik. Həyatı qucaqlayıb, ona, özünü bütün şəkillərdə ifadə etməsinə icazə verməliyik.

Yaşıllar Partiyasının Sol ilə müqayisədə heyvanlara yönəlmiş daha yaxşı bir siyasəti var. Bu partiyanın heyvan haqları işçi qrupu var. İşçi partiyasının heyvan rifahı birliyi var. Bu birlik partiya konfransında heyvan hüquqları məsələsinin müzakirəsini təmin etib. Ancaq işçi partiyası hakimiyyətə gələndə heyvan haqları numayişlərini dağıtmaqla təhdid etdi, ovçuluğa qadağa mövzusunda da yalan dedi. İşçi partiyası xaricində sosialistlərin heyvan haqları qrupu yaratma səyləri iqtisadiyyata yönəlmiş Solda çox az müvəffəqiyyət qazandı.

1907 – ci ildə Battersidə saxta elmin qurbanları üçün bir abidə olaraq tikilən qəhvəyi it heykəlini yıxma cəhdlərinə qarşı feministlər, sosialistlər və heyvanlar üzərində təcrübə əleyhdarları birləşmiş bir cəbhə meydana gətirmişdilər. Təxminən yüz il sonra yenə belə bir cəbhəyə ehtiyacımız var. Heyvan haqları nümayişlərində tez – tez “İnsan azadlığı, heyvan azadlığı – tək mübarizə, tək döyüş” şüarını duyuruq. Sosialistlərin də bu həqiqətə oyanma zamanı artıq gəlmişdir.

Terri Lidl

Qeydlər:

  1. Cahiers Antispécistes – 1991 – ci ildən fəaliyyət göstərən, heyvan haqları mövzusunda yazı, məqalə və debatların dərc edildiyi fransız jurnalı.
  2. Tomas Peyn (Thomas Paine, 1737 – 1809) – amerikalı yazıçı, publisist, filosofu.
  3. Viviseksiya – Orqanizmin funksiyalarının, dərman preparatlarının təsirinin yoxlanılması və ya elmi məqsədlərlə canlı heyvanlar üzərində cərrahi əməliyyatların aparılması.
  4. Talidomid – sedativ, yuxugətirici müalicə maddəsi, öz teratogenliyinə görə tanınmışdır. Məlum olmuşdur ki, 1956 – 1962 – ci illər ərzində hamilə qadınların bu maddəni qəbul etməsinin səbəb olduğu, 8000 – 12000 arası müxtəlif qüsurları olan körpələr doğulmuşdur.
Tərcümə: Elşad Müzəffərov                                 (c) SOLFRONT.org
[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:10011