abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Kamyu. Qiyamın “əhilləşdirilməsi”

Şərh

Alber Kamyunun Nobel mükafatını qəbul etməsi onun bioqrafiyasının qaranlıq nöqtəsidir, Yadın əhlilləşdirilməsidir, Qiyamçının odunu söndürüb küllə oynamasıdır. Və bu günədək bu psixoloji tapmacanı açmaqda acizəm.

Nobel mükafatını qəbul edən Kamyu haradasa “Hər halda Yer fırlanır” tövbəsini edən Qalileydir. Özü də Qaliley həmin binada diz çökmüşdü ki, orada inkvizisiya bidətçi Brunoya yandırılmaq hökmü çıxarmışdı. Qara yumor.

Kamyu özü də yazmırdımı ki, “Günəşin Yer, yaxud Yerin Günəş ətrafında fırlanmasına görə tonqala gtməyə dəyməz. Onsuz ki fırlanır da”?! Olsun. Bəs onda intellektualın Yad proyektini cəmiyyət kompromiss-qorxu-ostrakiya-şirnikləndirmə (hərəyə öz taktikası) ilə sındıra bilirsə, onda onun fikirlərinə, yazdıqlarına, çatdırmaq istədiyi həqiqətlərə kənardakılar necə baxmalıdırlar? Bu, onun özünü gözdən salmırmı?

Kamyunun misalının unikallığı ondaydı ki, ilk dəfə olaraq Nobel mükafatı Sol intellektuala verilirdi. Burada kimsə 1947-ci ili, Andre Jidi [1]  yada sala bilər. Ancaq yox – bioqrafiyasında həm “lənətlənmiş şair” (nə vaxtsa Mallarmenin tələbəsi), həm də “kommunizmin cığırdaşı” (xatırlayın – “Moskva, 1937” və Stalinə təriflər) olmağa macal tapmış Jid mükafatı alarkən artıq 10 ildi siyasətdə deyildi. Bu vaxt o, artıq çoxdan “ağıllara hakimlik” etməyən dərin qocaydı. Kamyunun isə 1957-də 44 yaşı vardı, kommunist partiyasından çoxdan çıxsa da, sol intellektual, fəal siyasi-ictimai xadimdi.

Bəs niyə Kamyu? Düzdür, o Nobel alacağı xəbərini eşidəndə elə də sevinmir, üstəlik bu mükafata özünün yox, Andre Malronun [2] layiq olduğunu söyləyir. Bu, təkcə şagirdin ustada ehtiramı deyildi. Bu, həm də (bəlkə də daha çox) öz qiyamını çoxdan tükətmiş, indi isə de Qollun sevimlisi və naziri olan “İnsanın mövcudluq şərtləri”nin müəllifinin, Çin inqilabının iştirakçısının Sistemə işləyən birisi olmasına işarəydi.Yəni, burjua mükafatı elə burjualaşmış keçmiş qiyamçıya da verilməlidir. Kamyu isə hələ Qiyamını bitirməyib.

Beləmi? Bəlkə də. Bəs onda Qiyamını bitirməyən Yad niyə Sistemin kompromissini qəbul etdi? Burada Sistemi anlamaq olar, onun öz maraqları var – Sistem öz tənqidçisini “əhlilləşdirir”. Bəs tənqidçi niyə razılaşır? Axı bununla o, ona təklif olunan oyunla bərabər həm də oyunun qaydalarını qəbul etmiş olur. Halbuki, “Yox” demək olardı. Necə ki 7 il sonra – 1964-də Sartr dedi. Kamyunun keçmiş dostu və indiki düşməni Sartr “Mənə burjua mükafatı lazım deyil” söyləyə bildi və imtina etdi. Bu, Nobel mükafatları tarixində hələ də yeganə imtina faktıdır.

Kamyu isə Stokholma getməklə özünün öz dayaqlarından məhrum etmiş oldu. Banketlər, mərasimlər, xeyriyyə fondlarına ianələr, etiketə əməl etmələr, onu bəlkə də heç oxumamış adamların qarşısında “Sağ olun” çıxışları. Cəmiyyət tənqidçisini mükafatlandırdı, baxmayaraq ki, fikirlərinə biganədi. Kamyu isə standart qıcığa proqramlaşmış reaksiya verən “Pavlov iti” funksiyasını ifa edib Parisə qayıtdı.

Stokholmda maraqlı bir epizod da oldu. Görüşlərdən birində yaıçını doğulduğu və böyüdüyü Əlcəzairin taleyinə biganəlikdə ittiham edəndə Kamyu “Mən ədalətə inanıram, ancaq ədalətdən öncə öz anamı xilas edəcəyəm” dedi. Nədir bu – spontan emosiyanın sözlə ifadəsi? Bəlkə də hə, bəlkə də yox. Çünki, olsun ki, məhz bu cavabında Kamyu gəlib hara çıxdığının yuxusundan ayılır. Özünü, əvvəlini, onu O edən, Qiyamçı edən kökləri qəfil xatırlayır. Ani olaraq yenidən öz Yadlığını yada salır. Və kübar, burjua məclisində Sistemin mükafatını qəbul edən 44 yaşlı Kamyu ilə Əlcəzairdəki Kamyunu müqayisə edir…

Necə ki, 1958-ci ildə Əlcəzairə, anasını yoluxmağa gedən Kamyunu köhnə tanışlarıdan biri “Təzə nə var, nə yox” sualı ilə qarşılayır. Bax, bu adam əsl Kamyunu tanıyır, Stokholmdakı Kamyunu yox. Ona adamı qiymətləndirmək üçün bu adama Sistemin verdiyi mükafatlar gərək deyil.

Kamyunun əsərlərinin xronologiyası onun öz bioqrafiyasının mərhələləridir – bu fikrə hələ 1990 – nın ortalarında gəlmişəm. Yəni əvvəl Kamyu “Yad”dır, sonra “Qiyam edən insan”dır,sonra isə öz “Enmə”sini yazır. 1957-ci il “Enmə” dövrünə düşür.

Kamyunun “Birinci insan” əsəri yarımçıq qalır – 1960-ın 4 yanvarında dəhşətli dərəcədə təsadüfi avtoqəza (bütün çöllük boyu bircə ağac vardı – maşın da ona dəyir. Habelə, həmin gün Kamyu parisə maşınla qayıtmamalıydı) onun ömrünü 47-ci ilində kəsir. Ancaq bəlkə bu da simvolikdir – “Enmə”dən sonra yenidən dirçəlmənin mümkünsüzlüyünə işarədir?…

Qeydlər:

1. Andre Jid – məşhur fransız yazıçısı, Nobel mükafatı laureatı.

2. Andre Malro – fransız yazıçısı və siyasətçisi, kulturoloq, Beşinci Respublikanın ideoloqu, De Qoll hökumətində mədəniyyət naziri.


Oxşar yazılar:

Baxış sayı:11110