abunə ol: Yazılar | Şərhlər | Еmail

Çili üzərində gecə

Şərh

Rejissor: Sebastyan Alarkon, Aleksandr Kosaryov.

Ssenari: Sebastyan Alarkon, Sergey Muxin (II).

Operator: Vyaçeslav Syomin, Kristian Valdes

Bəstəkar: Patrisio Kastilyo

Janr: dram,tarixi film

Ölkə: SSRİ

İstehsal: Mosfilm

İl: 1977

Aktyorlar: Qriqore Qriqoriu, Quili Çoxonelidze, Bahadur Tsuladze, İslam Qaziyev, Sadıx Hüseynov, Vitautas Kansleris, Roman Xomyatov, Bəhram Əkrəmov, Leon Kukulyan, Sebastyan Alarkon, Mayak Kərimov, Nina Kreçetnikova və s.

Kinofilmin əsasında – faşist çevrilişi zamanı baş verən faciəvi hadisələrin gerçək şahidləri, pinoçet həbs düşərgələrinin dustaqları, Çili vətənpərvər hərəkatının iştirakçılarının ifadələri durur. Bütün dünya mətbuatında dərc edilən bu şahidliklər indi ekranlarda canlanmaqla qürurlu və hürriyyətsevər bir xalqı diz çökdürən, barmaqlıqlar ardına salan xunta üçün yeni mühakiməyə çevrilir.

Film gənc memar Manuelin hekayəsi üzrə inkişaf edir – qarşımızda onun dünya görüşündə dönüş nöqtəsi olmuş, bütün baxış və inanclarını dəyişmiş həyatının bir neçə günü təsvir edilir. Manuel evlər tikir, peşəsinin buyurduğu kimi. O belə düşünür ki, evlər, siyasi rejimdən asılı olmayaraq hər zaman və hamıya lazım olur. Ona görə də özünü siyasətdən uzaq biri hesab edir, bitərəf qalıb sakitcə işini görmək istəyir.

Özü üçün qurduğu bu mif elə faşist çevrilişinin ilk günündəcə dağılır. Vətəndaş Birliyinin hakimiyyəti devrilir, prezident Alyende öldürülür. “Siyasətə qarışmayan” əhalinin evləri xunta əsgərləri tərəfindən basılır. Və artıq heç bir insan hüquqları, şərəfi barədə danışmağın lüzumu yoxdur, sarsılmaz və müqəddəs sayılan hər şey tapdanılıb. İnsan ləyaqəti, onların azad düşünmək və hərəkət etmək haqları – faşizmin ilk növbədə məhv etmək istədiyi budur.

Beləcə filmin qəhrəmanı, sanki gözləri yenicə açılmış kimi vəziyyəti dərk edir. Lakin o pinoçet cəhənnəminin bütün qatlarından, təhqir və işgəncələrdən keçməlidir, onu bütün dünyada hərbçilər tərəfindən həbsxana düşərgəsinə çevrilməsi ilə yadda qalan Milli Stadionda onu dəhşətli günlər gözləyir, içində olduğu illüziyadan oyanmaq üçün, insanlığın yalnız bir yola – siyasi mübarizə yoluna layiq olduğunu anlaması üçün bir çox insanın ölümünə şahid olmağa məcbur olur. O cümlədən Viktor Haranın…

Çilinin yaşadığı o günlər üçün əslində tipik olan Manuelin hekayəsi filmdə sənədli – dramatik xronika üçün süjetin əsasını təşkil edir. Qəhrəmanla birgə stadionun işgəncə kameralarında, tikanlı məftillər arxasında güllələnmədən öncəki qeyri – müəyyənlik dəqiqələrini yaşamalı oluruq – filmin bu hissəsini izləmək bir anda əzaba dönür, amma izləmək labüddür, çünki bu – gerçək hadisədir, gerçək insanların müqəddəratıdır. Bununla belə işgəncə, təhqir, insan əzabının təsvir edildiyi bu səhnələr filmin əsas mövzüsuna çevrilmir, necə ki, o həyatların yekunu olmadığı kimi. Çilidə xuntaya qarşı xalq müqaviməti davam edir. Vicdanlı olan hər kəs, vətənin taleyi ona dəyərli olan hər kəs, Manuel kimi, ölkədə siyasi azadlıq uğrunda mübarizə sıralarına durur. Vətənpərvərlər dərk edir ki, qarşılarında uzun və çətin yol durur, dərk edirlər ki, əsl təşkilatlanmaya ehtiyac var, dəqiq mübarizə planı olmalıdır, bütöv xalqın həmrəyliyi gərəklidir, hərbi hökumətə qalib gəlmək üçün silaha qarşı real güclə müqavimət göstərmək üçün… Və indi Viktor Haranın adını daşıdığı o stadiondan onları ruhlandıracaq mahnının sədaları gəlir… Venceremos! Venceremos!

Hazırladı: Nigar Ərəbli                   (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7297