abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Orduda əcəl zəngləri

Şərh

“Əcəl zəngi kimin üçün çalınır?”

Qaradan tünd rəng var? Əgər zülmət qarada yaşayırsansa, bir müddət sonra gözlərin öyrəşir, hansısa konturları sezməyə başlayırsan. Zülmət adiləşir, normaya dönüşür. Və bundan da zil zülmətin mövcud ola biləcəyinin ehtimalı ilə ovunursan. Qara artıq qara kimi qavranılmır.

Ancaq zülmətdə çox qalıb ona öyrəşməyin bir məntiqi sonluğu da var – Gözlər kor olur. Görmə qabiliyyətinə ehtiyac qalmır, gözlər funksionallığını, gərəkliliyini itirir. Okeanın dibində, yaxud mağarada yaşayan canlılar kimi. Oralara Günəş işığı gedib çatmır. Gözə nə ehtiyac?!

Azərbaycan ordusundakı qeyri – döyüş itkiləri korluğa aparıb çıxaran zülmətin dağıdıcı roluna praktik misaldır. 18 yaşlı yeniyetmələr tələf olduqca, say artdıqca, ölümlər sadəcə statistikaya dönüşdükcə, reaksiyalar da zəifləyir. Artıq bir gündə 2 ölüm xəbəri də adiləşməyə başlayır. Toplum dəhşətli faktlara kor olur. Sanki oturub gözləyir – bu, hələ zülmət deyil, əsl zülmət – gündə 5, ya 10 itkinin olmasıdır.

Və ordu da bir tərəfdən İlf və Petrovun “Qızıl dana”sındakı epizodu xatırladır: Şura Balaqanovla Panikovskinin çəki daşını mişarlamaları epizoduna. Onlar inanırlar ki, çəki daşı üzərinə nazik dəmir qatı çəkilmiş qızıl külçəsidir. Böyük iştaha ilə mişarlayırlar. Kənarda dayanan Ostap Bender də “Mişarla, Şura, mişarla” deyib ironiya edir. Axı o bilir: Söhbət yalnız adi çəki daşından gedir.

Qızıl külçəsi kimi təbliğ olunan ordunun içindən 18 yaşlı yeniyetmələrin xəstəliklərdən can vermiş arıq bədənləri çıxır. Cəmiyyət baş verənləri qavramaq istəmir – onsuz da hər yer neqativdir, əsəbləri qorumaq lazım. Ostap Bender isə öz ironiyasındadır.

Dünən gələn xəbərlərdə 1 əsgərin sətəlcəmdən, digərinin hemorragik vaskulitdən tələf olduğu bildirilir. Olayları Müdafiə Nazirliyinin mətbuat xidməti də təkzib etmir. Bununla da, 2011 – ci ilin 10 ayında ordudakı dönməz itkilər 90 – ya yaxınlaşır (bəlkə 90 – nı ötür?)

Baş verənlər ən elementar, aksiomatik və ritorik suallara yol açır: Orduda tibbi xidmət varmı? Həkimlər, hospitallar nə işlə məşğuldur? Dərman bazası hansı vəziyyətdədir? İlk yardım, diaqnostika, xəstələrin stasionara yerləşdirilməsi problemləri nə yerdədir? Əsgər xroniki xəstəlikdən tələf olubsa, onda onu niyə xəstə halda orduya götürüblər?..

Sətəlcəmə əsir düşən ordu özü xəstə deyilmi? Yaxud başqa yerlərdə ölümlə nəticələnməyən hemorragik vaskulit niyə Azərbaycan ordusunda bu cür sürətlə xəstəni məhv edir? Bu xəstəliyin ildırımşəkilli forması da var, ancaq o, 5 yaşadək uşaqlarda olur və müalicənin tamamilə yoxluğunda letal bitir. Burada isə söhbət bu il orduya çağırılmış və praktik sağlam çağırışçı kimi qəbul edilmiş 18 yaşlı yeniyetmədən gedir. O yaşda isə insan bədəni heç vaxt olmayacaq qədər mübariz və xəstəliklə çarpışan, davamlı olur.

Daha əvvəl – ötən ay – Vegener sindromu diaqnozu qoyulmuş əsgər Gülhanəyə göndərilmək ərəfəsində vəfat etmişdi. Bu, autoimmun xəstəlik idi. Hemorragik vaskulit də autoimmun xəstəlikdir. Çox simptomatik səslənmirmi? – İmmunitetsiz ordu. Bədən öz hüceyrələrini yeyir.

Bir xəstə toyuq üstündə bıçaqlaşmaya çıxmağa hazır olan (və çıxan) azərilər 90 yeniyetmənin aktiv müharibənin yoxluğu şəraitində məhvinə quru statistika kimi yanaşmaqdan o yana gedə bilmirlər. Bu isə onu göstərir ki, topluma heç vaxt olmadığı qədər məhz indi həmrəylik lazımdır.

Niyə o yeniyetmələrin valideynləri, əzizləri bir – birini axtarıb tapıb bu biabırçılıqlara etiraz etmək üçün birləşmirlər? Və bununla hələ itki verməmiş obıvatelləri diksindirmirlər, letargiyadan oyatmırlar? Argentinada hər həftə sonu övladları 1976 – 82 – ci il hərbi diktaturası, “çirkli müharibə” deyilən dövlət terroru dönəmində itkin düşmüş gənclərin valideynləri Buenos – Ayresin meydanlarına çıxır. Əllərindəki plakatlarda da itirdikləri övladlarının şəkilləri. Üstündən 30 il keçib, onlar isə hələ də tələb edirlər. Çünki, o vaxtkı cəlladların heç də hamısı qırılıb qurtarmayıb, çoxu hələ də sağdır.

Bizdə isə dərdli valideyn 18 il məsuliyyətini çəkib böyütdüyü və yalnız 1,5 illiyə məsuliyyətini dövlətə güzəştə getdiyi övladının itkisini ağlayır, ömrünü dərd içində mövcud olmağa davam edir, başqaları onun faciəsinə sadəcə onun, bir başqasının faciəsi kimi baxmaqla kifayətlənir, vəssalam. “Əcəl zəngi kimin üçün çalınır”?

Yalnız övladını itirən valideyn üçün. İtki verən valideyn də oğlunu itirənə qədər digər itkiləri başqasının dərdi saymışdı…


Oxşar yazılar:

Baxış sayı:8257