abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Kapitalizm”

Şərh

SOLFRONT  oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin“Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Əvvəli                                                                                                                                                                                                                                                      Növbəti

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur     

Kapitalizm

  Marks üçün tamamilə aydındır ki, kapitalizm – sadəcə olacaq xüsusi mülkiyyətə əsaslanan sistem deyil. Bu, elə bir sistemdir ki, xüsusi mülkiyyətin müəyyən tipinə və sahibkar və işçinin müəyyən tip münasibətlərinə əsaslanır. Xüsusi mülkiyyət artıq kapitalizmə qədər mövcud idi və ola bilər ki, müəyyən formada kapitalizmdən sonra da yaşayacaq. Xüsusi mülkiyyət və kapitalizmin mahiyyətinin eyniliyi haqqında danışdıqda, bu, Marksın fikrinə az bənzəyir.

 Beləliklə, məsələ sadəcə olaraq mülkiyyət formasında deyil, həm də ictimai münasibətlərin bütöv sistemindədir ki, mülkiyyət münasibətləri onun bir hissəsidir. Kapitalizmə qədərki sistemlərdə xüsusi mülkiyyət kapitalizm olmadan mövcud idi. Amma məhz kapitalizm xüsusi mülkiyyəti absolyuta qədər yüksəldir, onu əsas iqtisadi prinsipə çevirir və sıx şəkildə bazarla əlaqələndirir. Mülkiyyət kapitala çevrilir. Bu, artıq sadəcə yığılmış pul yox, fəaliyyət göstərən sərmayə qoyulan puldur. Öz növbəsində, istənilən maddi nemətlər, avadanlıqlar, hətta insanlar kapitalı artırmaq dərəcəsində dəyərlidirlər. Özü də kapitalın artması heç bir maddi artım olmadan da baş verə bilər. Əgər birjada səhmlər bahalaşıbsa, deməli, kapital artıbdır, hətta quruluşda heç bir yeni müəssisə işə düşmədiyi, heç bir yeni mexanizm işə salınmadığı və yeni texnologiya tətbiq olunmadığı halda da. Eyni şəkildə birjanın iflası iqtisadi nəticələrinə görə, istənilən sunamilər və zəlzələlərdən də daha böyük fəsadlara gətirib çıxara bilər, halbuki fiziki olaraq heç nə dağılmayıb.

Eyni hal bazara da aid edilir. Söz öz yerinə danışır – o daha qədimdir. Amma bazar bir əmtəələrin digər əmtəələrə mübadilə olunduğu yerdən (və metoddan) artıq şey olmayıb. Kapitalizmdə isə bazar universal münasibət, təməl prinsip və, nəhayət, ideologiya olur. Əvvəl əmtəə olmayanlar əmtəəyə çevrilir. Kapital həyatın daha yeni sahələrini mənimsəyir, onları bazar sferasına çevirir, əvvəl əmtəə olmayanı əmtəə edir. Ən əsası isə, azad əmək əmtəə olur. Bu, kapitalizmin prinsipial, inqilabi yeniliyidir: bir tərəfdən, işçi şəxs olaraq azaddır, digər tərəfdən isə, insan əmək bazarında əmtəədir.

Xüsusi mülkiyyətin və muzdlu əməklə mübadilənin təşkilinin bazar metodlarının birlikdə istifadəsi kapitalizmin əsas əlamətidir. Digər tərəfdən isə, kapital bazarı formalaşır. Başqa sözlə, bazar sadəcə mübadilənin tənzimləyicisinə deyil, bütün iqtisadi proseslərin müxtəlif səviyyələrdə təşkilinin ümumi prinsipinə çevrilir.

Bu sistemin fəaliyyət mexanizmi Marks tərəfindən “Kapital”da təsvir edilmişdir. Sahibkarların əlində alətlər və istehsal vasitələri – zavod binaları, dəzgahlar, xammal var. Amma bu, əsas deyil. Əgər pul yoxdursa, pul kapitala çevrilməyibsə, yəni iqtisadiyyata sərmayə şəklində yatırılmayıbsa, bütün bunlar lüzumsuz predmetlər yığınına çevrilir. Məhz kapitala sahib olaraq, sahibkar sadəcə yeni avadanlıq, xammal, yeni texnologiyalar əldə etmir. Əsas olaraq, o, işçini özü üçün işləməyə vadar edə bilər. Əmək haqqının əvəzində zəhmətkeş kapitalistə özü üzərində ağalıq etməyə imkan verir. Təbii ki – sadəcə iş saatları çərçivəsində. O özünün əmək qabiliyyətini “satır”. Bu, istismardır.

 İş qüvvəsinin dəyəri – işçiyə özünü təmin etmək üçün lazım olan vəsaitlər məcmusudur. Əmək nə qədər mürəkkəbdirsə, iş qüvvəsi də o qədər bahalıdır. Amma təcrübədə qiymət mütləq dəyərdən kənarlaşır. Bu isə artıq konyuktura, bazar məsələsidir. Və ya mübarizə.

İnsanlar bazar qanunlarına tabe olmağa başlayırlar. Onlar bir – birlərilə rəqabətə girirlər. Öz əmək qabiliyyətlərini sataraq, onlar müəyyən mənada öz şəxsiyyətlərinə yadlaşırlar. Axı istədiyini deyil, əmr ediləni etmək lazımdır. Amma istənilən halda bu əməyə, bu səylərə bütün iradəni, biliklərini, təcrübəni qoymalı olursan. Yəni, ürəyinin bir hissəsini. Kapitalist “Doktor Faust haqqındakı əfsanə”dəki Mefistofelə heç oxşamır, amma, görünür ki, öz ruhunu şeytana satmış alim adam haqqındakı əfsanə təsadüfən kapitalizmin əvvəllərində yaranmayıb. Sadəcə fərq ondadır ki, Mefistofellə saziş – ömürlükdür, kapitalistlə saziş isə – gündə bir neçə saatlıqdır. Amma, təəssüf ki, insan bu bir neçə saat ərzində elə işləyə bilər ki, əmək onun bütün şəxsiyyətini, bütün gücünü mənimsəyə bilər.

Təbii ki, işçinin istehsal etdiyi məhsul bazarda realizə olunur. Bu məhsul kifayətdir ki, sadəcə əmək haqqı yox, həm də kapital yığımı təmin edilsin. Əmək haqqının ödənilməsinə sərf olunan vəsait –  zəruri məhsuldur. Qalan hissə – sahibkarın əlində qalan izafi məhsuldur. Hər şey çox sadə və bu sistemin nöqteyi – nəzərindən, ədalətlidir. Sadəcə tarixin müəyyən mərhələsində digər sistem yarana bilər.

Siniflər

 Jan – Pol Sartr bir dəfə demişdi ki, marksizm kapitalizm məntiqinin qavranılmasının sadə adekvat məntiqidir. Bu mənada Marksın nəzəriyyəsi, kapitalizm mövcud olduğu müddətdə aktualdır. Və əksinə, marksizmi dəf etməyin istənilən cəhdləri, onu geridə qoymaq səyləri o zamana qədər iflasa uğrayır ki, burjua sistemi sarsılmaz qalır.

Amma Marks nəzəriyyənin vəzifələrini, sistemin əsasında duran mexanizmin təsvirinə gətirmirdi. Əgər iqtisadiyyat cəmiyyətdən ayrılmazdırsa, deməli, sosial proseslər ictimai inkişafında həlledici əhəmiyyətə malikdir. Sadəcə işçinin kapitalist tərəfindən istismarı deyil, həm də işçilərin müqaviməti bu prosesin təbii hissələridirlər.

Burada marksizmin digər əhəmiyyətli cəhəti üzə çıxır. Bu nəzəriyyə ictimai siniflərin nəzəriyyəsidir.

Marksın nəzər nöqtəsinə əsasən, sinif, iqtisadi quruluşun ictimai sferaya proyeksiyasıdır. Cəmiyyətin iqtisadi quruluşu necə olacaqsa, cəmiyyətin ictimai quruluşu da elə olacaq. Amma ictimai sferanın da öz dinamikası var. İctimai sistem iqtisadi sistemə söykənir, onu təkrar istehsal etməyə və dəstəkləməyə imkan verir. Amma vaxtaşırı cəmiyyətdə sistemin məntiqini dəyişən sarsıntılar və inqilablar baş verir.

Marks iqtisadi münasibətlər sistemini ictimai sistemin bazisi, siyasi, mədəni, ideoloji institutları isə – üstqurum adlandırmışdır. Bu terminologiya çoxsaylı sovet dərsliklərinin əsası olmuşdur, halbuki, Marks bazis və üstqurum haqqında sözarası, daha çox isə – zəif anlayan oxucu üçün illüstrasiya kimi xatırladır: “Hər bir dövrdə cəmiyyətin iqtisadi quruluşu elə bir real əsas yaradır ki, son nəticədə o, hər bir tarixi dövrün hüquqi və siyasi qurumlarından, həmçinin dini, fəlsəfi və digər baxışlarından ibarət olan üstqurumu müəyyən edir”.

Beləliklə, ictimai sistem iqtisadi sistemin proyeksiyasıdır, siyasi sistem isə ictimai sistemə adekvat olmalıdır. Əks halda cəmiyyət idarəolunmaz hala gəlir. Başqa məsələ də var ki, istənilən sistemin öz ətaləti var. Digər tərəfdən isə, o inkişafdadır və bu inkişaf mürəkkəbdir. İqtisadi sistem öz məntiqi ilə yaşayır, dövrü olaraq digər sistemlərin dəyişməsini tələb edir, amma digər sistemlər də öz həyatlarını yaşayırlar, onlar daxilində də tam şəkildə iqtisadiyyatdan gələn impulslarla üst – üstə düşməyən təkrar istehsal və inkişaf prosesləri gedir. Cəmiyyətdə bu proseslərin uyğunluğu problemi yaranır.

İki çox sadə nümunə gətirmək olar. Biri Böyük fransız inqilabı ilə əlaqəli olan  klassik nümunədir. İki yüzillik ərzində aristokratiya tədricən öz iqtisadi təsirini itirir, burjuaziya isə ona sahib olmağa başlayırdı. Monarxiya problemi titulların satışı hesabına, burjua sıralarından çıxmış insanların zadəganlar sırasına cəlb olunması hesabına (məsələn, tarixi Şarl d`Artanyan, Aleksandr Düma qəhramanının prototipi zadəganlıq titulunu almış tacir ailəsindən idi) həll etmək istəyirdi. Amma son nəticədə siyasi sistem yığılmış dəyişiklikləri idarə edə bilmədi, burjuaziya isə monarxiya tərəfindən verilən sədəqələrlə kifayətlənmirdi, o, institutlar sistemini dəyişmək istəyirdi. Hər şey inqilabla nəticələndi.

Buna əks nümunəni isə öz təcrübəmizdə görə bilərik. 1990 – cı illərdə kapitalizmin yenidən bərpası SSRİ – də yaradılmış istehsal güclərinin dağıdılması ilə müşayiət edilirdi. Dövlətsizləşdirmə prosesində ölkənin elmi və texniki potensialının əhəmiyyətli hissəsi məhv edilmişdi, iqtisadiyyat isə və xammal və yarımüstəmləkə yönümlü şəkil almağa başlayırdı. Amma təhsil sistemi həddən artıq ətalətli olması ilə fərqlənir, o, heç nə olmamış kimi, kadrlar hazırlamağa davam edirdi. Nəticədə Rusiya ehtiyacı olduğundan daha çox mütəxəssis əldə etdi. Bizim təhsilimiz artıq bütün dünya üçün kadrlar hazırlamağa davam edirdi. Kütləvi emiqrasiya başladı. Amma işçi qüvvəsinin ixtisaslaşması və təhsil səviyyəsi deqradasiya edən iqtisadiyyatın tələbatlarını bir neçə dəfə üstələməyə başladı. Bu, həddən artıq təhsilli və həddən artıq ixtisaslı işçi qüvvəsi sistem üçün ciddi təhlükə idi. Hakimiyyət 2004 – 2005 – ci illərdə təhsil reformuna başlamalı oldu. Onun əsas məqsədi o idi ki, bu sistemin effektivliyini maksimum dərəcədə azaltsın, əhalinin malik olduğu biliklərin səviyyəsini aşağı salsın. Amma bu, öz növbəsində, siyasi böhran doğurdu.

Sistemdə ziddiyyətlərin və uyğunsuzluqların toplanması Hegelin dialektikasını xatırmalağa vadar edir: kəmiyyətdən keyfiyyətə keçid baş verir, keyfiyyətcə yeni vəziyyət, sonra isə – böhran, inqilab, təlatüm və s. yaranır. Növbəti böhranlı sarsıntıdan sonra cəmiyyətdə yeni tarazlıq yaranır. Bütün altsistemlər az və çox dərəcədə bir – birinə adekvat olur. Bu zaman biz müəyyən müddət üçün dayanıqlı cəmiyyət əldə edirik. Amma o, yerində dayanmır. O, inkişaf edir və təbii ki, bu proses yeni ziddiyyətlər yaradır. Nəticədə biz yeni böhranlar və s. əldə edirik. Özü də kapitalist sistemdə inkişafın, iqtisadi hərəkətin ilkin mənbəyi, Marksın fikrincə, istehsal güclərinin artımıdır. Burada Marks həqiqətən də mütləq yenilikçidir, o, dünya iqtisad elmində ilk dəfə texnologiyaların inkişafı və əvəz olunması haqqında məsələ qoyur. Mahiyyətcə, XX əsrin bütün texnoloji inqilabları öz nəzəriyyələri ilə prinsipial şəkildə yeni bir şey əlavə etməmişlər. Marksın ideyaları sadəcə olaraq dəyişən terminlərin istifadəsi ilə yeni tərzdə deyilirdi. İndi dəbdə olan “texnologiyalar” sözü Marksda “istehsal gücü” anlayışına daxil edilir.

Marks – viktorian İngiltərəsində ilk sənaye inqilabının müasiridir. O görür ki, yeni maşınların tətbiqi radikal şəkildə iqtisadi sistemi, ingilis kapitalizminin fəaliyyət xarakterini necə dəyişir. Hər şey onun gözləri önündə baş verir: əmək bazarı dəyişir, əmək və kapital münasibətləri dəyişir, kapital bazarı radikal şəkildə transformasiya edir, dünya bazarı da dəyişməyə başlayır, bu dünya bazarında ölkələr arasındakı nisbət dəyişikliklərə məruz qalır və s.

Marks bunun səbəblərini axtarır və onları sənaye inqilabında tapır. Müəyyən mənada texnoloji determinizm də buradan gəlir. Başqa sözlə, istehsal gücü istehsal münasibətlərini müəyyən edir. Aqrar İstehsaldan sənaye İstesalına keçid Marksa çox sayda material vermişdir. Əgər cəmiyyətin texnoloji təşkili ənənəvi kənd təsərrüfatına əsaslanırsa (istər Qədim Misir və ya Marksın müasiri olduğu Hindistan olsun), birja spekulyasiyalarının inkişaf etmiş sistemi kimə gərəkdir? Birjada nə ilə spekulyasiya edəcəksiniz? Hətta taxıl ticarəti ilə məşğul olan ticarətçi birjaya ehtiyac duymayacaq, o, taxılı şəhərə aparacaq və orada satacaq. Firon və maxaraca maliyyə vasitəçisinin xidmətlərinə ehtiyac duymurlar. Başqa məsələ isə – XVII – XVIII əsrin ticarət kapitalizmidir, hələ XIX – XX əsrlərin sənaye kapitalizmini bir kənara qoyaq. Sənaye kapitalizminin istehsal gücləri daha yüksək kapital yığımı tələb edirlər, iş qüvvəsinin təkrar istehsalı daha bahalıdır.

Beləliklə, məsələ sadəcə avadanlığın təkmilləşdirilməsində deyil. Tez – tez hesab edirlər ki, guya daha mürəkkəb maşınlar daha ixtisaslı işçi tələb edirlər, amma bu həmişə belə deyil. XIX əsrdə buxarlı maşınlara keçid ona gətirib çıxardı ki, sənətkar işçilərin ixtisaslaşması dəyərdən düşdü. Onların mürəkkəb və müəyyən dərəcədə yaradıcı əməyi, hətta uşaqların da yerinə yetirə bildiyi ən sadə əməliyyatlarla əvəz olundu (viktorian İngiltərəsində yetkinlik yaşına çatmamışların kütləvi istismarı buradan doğur). XX əsrin sonunda eyni şey baş verirdi – elektronikanın tətbiqi məhz ixtisaslı işçilərə zərbə idi. Primitiv ixtisassız əmək isə texnoloji zəncirdə ən qabaqcıl kompyuterlərlə uyğunlaşırdı (məhz buna görə istehsalın inkişaf etməkdə olan ölkələrə köçürülməsi başlanır ki, burada Marks və Dikkens dövrünün İngiltərəsindəki kimi uşaqları istismar edirlər).

Maşın insanı özünə tabe edir, onu öz əlavəsinə çevirir, şəxsiyyəti deqradasiya etməyə məcbur edir. Amma Marks çox gözəl başa düşür ki, məsələ maşının özündə yox, ictimai münasibətlərdə, bu maşını tətbiq edən cəmiyyətdədir.

XVIII əsrin ingilis işçiləri ən mürəkkəb əməliyyatları yerinə yetirirdilər, onlar yüksək ixtisaslı mütəxəssislər idilər, onlara yüksək əmək haqqı ödənilməli, daha uzunmüddətli məzuniyyətlər verilməli idi. Burjua inqilabı həm də xalq inqilabı idi, yəni, işçilər bu ingilis burju inqilabı mübarizəsində və Fransa ilə sonrakı müharibədə çox nailiyyətlər əldə etdilər. Həmkarlar ittifaqından əvvəl olmuş gildiya sistemləri çox yaxşı təşkil olunmuşdu ki, cəmiyyətdə resursları öz dövrünə görə kifayət qədər səmərəli və ədalətli şəkildə bölüşdürürdü. İşçiyə çox illər lazım idi ki, zəruri ixtisasa sahib olsun. Onu sadəcə olaraq küçəyə atmaq olmazdı, çünki əvəz tapmaq asan deyildi, həm də texnologiya unikal idi, çox zaman insana bağlı idi. Müəyyən mənada bu sistem, özündən sonrakı sistemdən daha insani sistem idi.

Məhz işçi qüvvəsinin yüksək əmək haqqına görə İngiltərədə XIX əsrdə buxar maşınları və sənaye inqilabının digər yenilikləri sahibkarları belə ruhlandırdı. Eyni şəkildə XX əsrin sonunda texnoloji inqilab sahibkarlara işçi hərəkatını dağıtmağa imkan verdi.

         Texnoloji dəyişikliklər cəmiyyətdə ictimai dəyişiklikləri mümkün edir. Amma bu dəyişikliklər öz – özünə baş vermirlər, onlar ictimai tələbatlarla, əvvəl gələn ictimai – iqtisadi inkişafla və müəyyən mənada münaqişədə olan insan qruplarının nisbəti ilə yaranırlar. Marks bu qrupları siniflər adlandırmışdır.

“Sinif” terminini artıq qədim yunanlarda görmək olar. Amma ictimai siniflər nəzəriyyəsi Marksa qədər mövcud deyildi. O, sinifləri böyük insan qrupları kimi izah edir ki, onlar iqtisadi sistemdə ictimai əmək bölgüsündəki mövqeləri ilə fərqlənirlər. Amma demək lazımdır ki, Marksda sinif anlayışının dəqiq izahı heç yerdə yoxdur. Yəni, nəzəriyyə var, yekun izah isə yoxdur. Marks belə bir fikirdən çıxır edirdi ki, oxucuya hər şey təhlil əsasında aydın olmalıdır. “Kapital”ın müəllifi demək olar ki, bütün həyatını İngiltərədə yaşamışdır, ingilis ənənəsi isə, alman fəlsəfəsində olduğu kimi sərt, dəqiq təriflər tələb etmirdi. Əsas o idi ki, oxucu söhbətin nədən getdiyini anlasın.

Klassik tərifi Lenin çox illərdən sonra, həm də gözlənilməyən yerdə verdi. O, ilk iməcilik haqqında məqalə yazırdı ki, bazar günü bir qrup işçi könüllü şəkildə hansısa parovozu təmir etməyə getmişdilər… və birdən marksist nəzəriyyəsində sosial sinfin tərifini verdi. Budur: “İctimai siniflər elə böyük insan qruplarıdır ki, ictimai istehsalın tarixən müəyyən olunmuş sistemində öz mövqelərin görə, istehsal vasitələrinə münasibətə (çox halda qanunlarla möhkəmləndirilmiş və rəsmiləşdirilmiş) görə, əməyin ictimai təşkilindəki rollarına görə, nəticə etibarilə isə sərəncamlarında olan ictimai  nemətlərin əldə edilməsi üsullarına və sərəncamlarında olan nemətlərin həcminə görə fərqlənirlər. Siniflər – elə bir insanlar qrupudur ki, onlardan biri digərinin əməyini, ictimai təsərrüfatın müəyyən növündə öz mövqelərinin fərqliliyinə görə mənimsəyə bilər”.

Göründüyü kimi, Lenin bu fikir üzərində çox düşünmüşdür, onu dərhal yazmamışdır. O, uyğun sözlər axtarırdı, amma tapmırdı. Lenin mütəfəkkir kimi alman ənənəsinin təsiri altında formalaşırdı, o aydın və dəqiq təriflər axtarırdı. Bu ideya onu açıq şəkildə… illərlə izləmişdi. Və birdən o tamamilə təsadüfi bir məqalə yazır…Və budur! Tapdı! Təbii ki, unutmamaq üçün o, tamamilə uyğun olmayan parovoz haqqında məqalədə bunu qeyd edir. Bununla da tamamilə təsadüfi jurnalist materialı sosioloji klassikaya çevrilir.

Siniflər dayanıqlıdırlar, deməli, bizim qarşımızda insan kütləsi var ki, onların sabit ümumi maraqları var, onlar öz ideologiyaları və mədəniyyətlərini işləyib – hazırlayırlar. Burada biz, yeri gəlmişkən, klassik marksizmdə müəyyən məntiqi boşluq aşkar edirik ki, nəticədə onu Maks Veber uğurla doldurmağa başlayır. Axı, bir tərəfdən, Marks sinifləri ilk növbədə iqtisadi, yəni ictimai əmək bölgüsü vasitəsilə müəyyən edir, amma sinfi mövcudluğun digər tərəfləri də var. “Kapital”ın müəllifi onlarla daha az dərəcədə maraqlanır. Bu arada sual meydana çıxır: bu və ya digər sinfin daxili təbiəti və strukturu necədir? Sinif öz daxilində sosial və sosiomədəni məcmu kimi necə fəaliyyət göstərir? Bu barədə Marks çox az yazmışdır. Veber, Marksın dayandığı yerdən başlayır, o, özünün protestantizm və kapitalizmin ruhu haqqındakı məşhur əsərini yazır. İdeoloji planda Veberin pafosu Marksa qarşı yönəlmişdir: o, marksizmə alternativ olaraq özünün sinif nəzəriyyəsini formalaşdırmaq istəyir. Amma bu zaman yenə də marksizm tərəfindən işlənib – hazırlanmış ilkin konsepsiyalara əsaslanmalıdır. Nəticədə o Marksı nəinki inkar edir, daha çox tamamlayır. O, sinfin özünüistehsal məntiqini nəzərdən keçirir, göstərir ki, kollektiv şəkildə yaradılan mədəniyyət ictimai qrupu stabilləşdirir. Amma sinfin iqtisadi təbiəti yenə də istehsal üsulu ilə, ictimai əmək bölgüsü ilə müəyyən olunur. Əgər əsas iqtisadi münasibətlər dəyişirsə, sinif keçmişdə qalır, bizə isə sadəcə olaraq öz tarixindən və mədəniyyətindən abidələr qoyur – Qədim Romanın patrisiləri kimi.

Gənc Marks və Engels “Kommunist Manifest”i yazdıqları zaman, onlar sərt şəkildə bəyan etdilər ki, bütün bəşər tarixi siniflərin mübarizəsi tarixi olmuşdur, amma daha yetkin yaşda onlar öz fikirlərini daha ehtiyatlı şəkildə formalaşdırdılar. Onlar sona qədər formalaşmamış siniflərdən, hələ siniflərə çevrilməmiş təbəqələrdən danışırdılar. Heç də hər bir sosial qrup, hətta hakim qrup da tam sinif kimi formalaşmır. Engels, məsələn, Maarifçilik dövrü Almaniyası haqqında yazırdı ki, orada siniflər hələ formalaşmayıb. Amma əgər cəmiyyətdə inkişaf etmiş siniflər sistemi yoxdursa, hakim ictimai təbəqələr və onlara tabe olanlar var. Mütəşəkkil zorakılıq, məcbur etmə, tərbiyə vasitəsilə hökmranlıq mövcud intizamı qoruyur.

Kapitalizmin xüsusiliyi ondadır ki, o, siniflər olmadan mövcud ola bilməz. Mülkiyyət, muzd, alqı – satqı münasibətlərinin birmənalı müəyyənlik tələb etdiyi kimi, sinfi sistem də düzgün və möhkəm olur. Kapitalın hökmranlığı mistik ola bilməz. O, mistik biliyə, ilahi iradəyə və hətta doğum hüququna əsaslanmır. Kapitalın nəsildən – nəslə ötürülməsi – əsas deyil. İnsanın cəmiyyətdəki yeri aydın və birmənalı şəkildə onun iqtisadi vəziyyəti, kapitala çıxışı ilə müəyyən olunur. Kapitalizmin ictimai iyerarxiyası həmişə və qaçılmaz olaraq məhz sinfi iyerarxiya şəklini alır.

Kapitalist sistemində iki əsas sinfi Marks burjuaziya və proletariat kimi müəyyən edir. Burjuaziya ilə bağlı hər şey aydındır. Bu sinif xüsusi mülkiyyətçilər sinfidir, özü də ümumiyyətlə istənilən mülkiyyətçilərin deyil, əlində kapital olanların sinfidir. Antik dövrlərdən götürülmüş “proletariat” sözü tez – tez “işçi sinif” terminin sinonimi kimi istifadə edilir. Həm də Sovet dövründə onu tez – tez fiziki əmək işçiləri kimi istifadə edirdilər. Əksinə, Marks muzdlu işçiləri nəzərdə tuturdu.

Beləliklə, “Kapital” müəllifinin təsvir etdiyi proletariatın daha bir vacib xüsusiyyəti var. Axı muzdlu əmək kapitalizmə qədər də mövcud idi – xüsusi mülkiyyət kimi. Və əgər əsl burjua – kapital sahibi olan mülkiyyətçidirsə, o zaman Marksa görə əsl proletar – izafi dəyər istehsal edən muzdlu işçidir.

Tərcümə: Ləman Orucova                                             (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:21237