abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Ad günü. Ahmet Kaya

Şərh

8 il əvvəl başımız Bakı zəlzələsinə qarışan günlərin birində Parisdə ikinci zəlzələ oldu – noyabrın 16-da Ahmet Kaya çıxdı getdi. 1999 – un soyuq fevralında, ilin ən yaxşı musiqiçisi elan olunan gün məruz qaldığı Linç məhkəməsinə ürəyi dözmədi. Son yüzildə Türkiyənin yetirdiyi ən qiyamçı nəğməkar nə vaxtsa divarlarında Paris kommunarlarlarının güllələndiyi Per-Laşez məzarlığına qismət oldu.

Onun barəsində mənə məqalə yazmaq çətindir, kitab yazmaq asan. Eynilə Evarist Qalua, Marina Svetayeva, Çe, Tsoy, Kurt Vonnequt, Deniz Gezmiş haqqında olduğu kimi… Və kitabı da nə vaxtsa yazacam. Bu gün burada bu qeydləri ona görə edirəm ki, oktyabrın 28-də Ahmet Kayanın 52 yaşı bitir. Onu zəhərləyən “Hürriyyət” müxbirləri, ebru – gündeşlər və serdar – ortacların sağ-salamat olduğu Türkiyədə ona sağ qalmaq qismət olmasa da, Kaya onlardan diridir. Ad günün mübarək, ustad!

O, türk ana ilə kürd atanın övladıydı. Afişa yapışdırdığına görə 16 yaşında həbsə girdi. Dolanışıq üçün ən “qara işlər”dən yapışdı, evləndi, qızı oldu, yoxsulluq ucbatından ailəsi dağıldı və özünün xatırladığı kimi, həmin qaranlıq vaxtlarında geriyə – məhbəsə qayıtmağı arzuladı və cəhdlər də etdi. Bu epizod da onu açıq qiyamçıya çevirdi.

Məhbəsdə asılmağını gözləyən Nevzat Çeliyin “Şafak türküsü” şerinə musiqi bəstələdi. Bu şeri ona ikinci və sədaqətli həyat yoldaşı, yolu məhbəsdən keçmiş Gülten Hayaloğlu (Kaya) çatdırdı. Sonra da qaynı Yusuf Hayaloğlu ilə əməkdaşlıq başladı. Yusufdan – şer, Ahmetdən – bəstə və ifa.

Bu, köhnə mübahisəmizdir – Ahmet Devrimə romantika gətirdi, yoxsa romantikaya Devrim? Əslində, Ahmet ilk dəfə öz həyatı ilə göstərdi – romantika və Devrim ayrılıqda mövcud deyillər. Sadəcə, bu həqiqəti ona qədər heç kəs bu qədər əyani şəkildə Sözə, musiqiyə çevirməmişdi. Ona görədir, onun “Kafama sıxar gedərim”də sevgidə Qiyam var, “Şafak türküsü”də isə Qiyam romantikadır.

Evrenin 12 sentyabr çevrilişindən sonra edam olunan ilk Sol – çuya – Necdet Adalıya o, “Saçlarına yıldız konmuş, qoparma ana” mahnısını bəstələdi. Dinləyin – sevgi, nisgil və həsrət. Və bir gün biləndə ki, bu, valideynlərinə xəbər verilməmiş asılan gəncin protestidir – təəccüblənirsən. Eynilə, Sezen Aksunun “Son bakış”ı 16 yaşında edam olunmuş Sol-çu Erdal Erenə həsr etdiyini biləndə olduğu kimi.

Ahmet Kaya Deniz Gezmiş haqda “Neyləyim”i oxuyur –

“Analıq haqqınla saxlama məni.

Aşq dedim, sevda dedim, ümid dedim, qovğa dedim,

Mənim də gəncliyim vardı –

Onu verdim, neyləyim?!”

Oğulun anaya təsəllisi. 25 yaşı bitməmiş edam olunan gənc nələri varsa, başqalarının Azadlığı üçün hamısını verib. Başqa nələri də olsa, yenə verərdi. Son hüceyrəsinədək Qiyam.

Budur Ahmet Kaya. Sözü bir orduya bərabər, Sözü ilə insanlara Qiyamı sevdirən, onları dağa çıxardan, öz Qiyamının bədəlini də öz ölümü ilə ödəyən şəxsiyyət.

O, mənim üçün mövcud olan 2 Türkiyənin bir qütbüdür – Nazim Hikmet, Deniz Gezmiş, Ahmet Kaya Türkiyəsinin. Və azından bu üç şəxsi yetirdiyinə görə o Türkiyəni sevməyinə dəyər…

28 oktyabr 2008  – ci il

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11365