abunə ol: Yazılar | Şərhlər | Еmail

Lenin – Dövlət və İnqilab (III fəsil)

Şərh

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın ilk 3 fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu dünya tarixini dəyişən kitablardandır.

I FƏSİL                                                      II FƏSİL

 

III   FƏSİL

1871-ci  İL PARİS KOMMUNASININ TƏCRÜBƏSİ.

MARKSIN TƏHLİLİ  

1. Kommunarların cəhdində qəhrəmanlıq nədən ibarətdir?

 Məlumdur ki, Marks Kommunadan bir neçə ay əvvəl, 1870 – ci ilin payızında, Paris fəhlələrinə xəbərdarlıq edib sübut edirdi ki, hökuməti yıxmaq cəhdi coşqunluqdan doğan bir sarsaqlıq olardı. Lakin 1871 – ci ilin martında, fəhlələr qəti döyüşə girməyi məcbur edildikləri və döyüşə  girdikləri zaman,üsyan bir fakt olaraq baş verdiyi zaman, gələcəyin əlamətləri pis olduğuna baxmayaraq, Marks proletar inqilabını çox böyük bir fərəhlə alqışlayırdı. Marks heç də Plexanov kimi “vaxtsız” hərəkatı pedantcasına pisləməkdı inad göstərmədi, halbuki maksizim rus dönüyü, pislikdə ad çıxarmış Plexanov 1905 – ci ildə öz yazılarında fəhlələri və kəndliləri mübarizəyə təhrik etdiyi halda,1905-ci ilin dekabrından sonra liberalcasına çığıraraq deyirdi: Silaha əl atmaq lazım deyildi.

Lakin Marks öz təbirincə kommunarların qəhrəmanlığına ancaq valeh olmaqla kifayətlənmirdi. Kütləvi inqilabi hərəkat öz məqsədinə çatmasa da, Marks bu hərəkatı çox böyük əhəmiyyəti olan tarixi bir təcrübə, ümumdünya proletar inqilabının irəliyə atdığı müəyyən bir addım hesab edirdi. Bu təcrübəni təhlil etmək, ondan taktika dərsləri götürmək, bu təcrübə əsasında öz nəzəriyyəsini gözdən keçirmək –bax, Marks öz qarşısına bu vəzifəni qoymuşdu.

Marks <<Kommunist Manifesti>>nə daxil etməyi lazım bildiyi yeganə “düzəlişi”, Paris kommunarlarının inqilabi təcrübəsi əsasında etmişdir.

Kommunist Manifestinin almanca yeni nəşri üçün, Manifestin hər iki müəllifi tərəfindən imzalanmış son müqəddimədə 1872 – ci il 24 iyun tarixi qoyulmuşdur. Bu müqəddimədə müəlliflər: Karl Marks və Fridrix Engels deyirlər ki, “Kommunist Manifesti” proqramının “bəzi yerləri indi köhnəlmişdir”.

“… Xüsusən Kommuna sübut etdi ki, – deyə onlar sözlərinə davam edirlər, – “fəhlə sinfi hazır dövlət maşınına sadəcə yiyələnib, onu öz məqsədləri üçün işə sala bilməz”… ”

Bu parçanın ikinci dırnaq işarəsi altına alınmış sözlərini müəlliflər Marksın  “Fransada Vətəndaş müharibəsi” adlı əsərindən götürmüşlər.

Deməli, Marks və Engels Paris Kommunasının verdiyi əsas və başlıca bir dərsi o qədər mühüm hesab etmişdilər ki, onu mühüm bir təhsih kimi “Kommunist Manifesti”nə daxil etmişdilər.

Olduqca səciyyəvidir ki, opportunistlərin məhz bu mühüm təshihi təhrif etmişlər və bu təshihin mənası yəqin ki, “ Kommunist Manifesti” oxucularının onda doqquzuna və bəlkə də yüzdə doxsan doqquzuna məlum deyildir. Biz bu təhrif əsasında aşağıda təhriflər haqqındakı xüsusi fəsildə danışacağıq. İndi burasını göstərmək kifayətdir ki, Marksın yuxarıda gətirdiyimiz məhşur kəlamını adətən belə bayağı bit sürətdə “anlayırlar” ki, guya Marks burada ,hakimiyyəti ələ keçirməyin və sairənin əksinə olaraq ləng inkişaf ideyasını təkidlə qeyd edir.

Həqiqətdə isə l a p  ə k s i n ə d i r. Marksın fikri bundan ibarətdir ki, fəhlə sinfi “hazır dövlət maşınını” sadəcə olaraq ələ almaqla kifayətlənməyib onu q ı r m a l ı,  s ı n d ı r m a l ı d ı r.

1871 – ci il aprelin 12 – də, yəni məhz Kommuna zamanı Marks Kugelmana yazmışdır;

“… Sən mənim “18 brumeri”min axırıncı fəslinə nəzr salsan, görərsən ki, mən Fransa inqilabının bundan sonrakı təşəbbüsü olaraq bunu elab edirəm; bürokratik-hərbi maşını, indiyədək olduğu kimi, bir əldən başqa ələ vermək deyil, onu s ı n d ı r m a q   lazımdır” (kursiv orjinalda zerbrechen kimi yazılmışdır) “həm də mən kontinentdə hər bir həqiqi xalq inqilabının ilk şərti məhz belədir. Bizim qəhrəman parisli yoldaşlarlarımızın təşəbbüsü də məhz bundan ibarətdir”  (“Neue Zeit”-ın709-cu səhifəsi, XX, I, 1901 – 1902 – ci il)

“Bürokratik – hərbi dövlət maşınını sındırmaq” sözləri ilə inqilabda proletariatın dövlət barəsindəki məsələsində marksizmin çıxardığı başlıca nəticə qısaca ifadə edilmişdir. Marksizmin hökm sürən kautskici “təfsiri” məhz bu nəticəni nəinki unutmuş, hətta açıq – açığına təhrif etmişdir.

Marksın “18 brumer”mə istinad etməsinə gəlincə, biz bunn müvafiq yerini yuxarıda tamamilə qeyd etmişdik.

Marksın göstərilən mülahizəsində iki yeri ayrıca qeyd etmək maraqlıdır. Əvvələn, Marks çıxardığı nəticəni ancaq kontinente aid edir. Bu da 1871 – ci ildə təbii bir şey idi, çünki o zaman İngiltərə hələ sırf kapitalist ölkəsi nümunəsi idi, lakin orada hərbçilər və geniş mənada bürokratiya yox idi. Buna görə Marks İngiltərəni bir istisna olaraq götürürdü, çünki orada “hazır dövlət maşınını” dağıtmaq kimi şərt olmadan inqilabın, hətta xalq inqilabının da ola biləcəyi zənn edilirdi və o zaman bunun olması mümkün idi.

Marksın İngiltərini istisna qeyd etməsi lüzumu indi, 1917 – ci ildə, birinci böyük imperialist müharibəsi dövründə aradan qalxır. Hərbçilər də bürokratizm olmaması mənasında ingilis – sakson “azadlığının” – bütün dünyada – ən böyük və son nümayəndələri olan İngiltərə də, Amerika da hər şeyi özünə tabe edən ,hər şeyi əzən bürokratik – hərbi təsisatlarının çrikli, qanlı ümumavropa bataqlığına tamamilə yuvarlanmışlar. İndi İngiltərə də, Amerika da “hər bir həqiqi xalq inqilabı üçün ilk şərt”, “hazır dövlət maşınını”  q ı r ı b   d a ğ ı t m a q d a n    ibərətdir.

İkincisi, bürokratik – hərbi dövlət maşınının dağıdılması “hər bir həqiqi xalq inqilabının ilk şərtidir”- Marksın bu çox dərin fikri xüsusilə diqqətəlayiqdir. Bu “xalq” inqilabı anlayışı Marksın dilindən eşidildikdə qəribə, buna görə də Stuvenin ardıcılları olub marksist hesab edilmək arzusunda olan rus plexanovçuları da,rus menşevikləri də Marksın bu ifadəsini, ehtimal ki, onun “yanılması” adlandırırdılar. Onlar marksizmi təhrif edib elə bir miskin liberal şəklə salmışdılar ki, burjua inqilabı ilə proletar inqilabının bir – birinə qarşı qoyulmasından başqa heç bir şey qəbul etmirlər, onlar hətta bu qarşıqoymanın özünü də son dərəcə ölgün bir şey kimi başa düşürlər.

Əgər məsəl üçün, XX əsrin inqilabları götürülərsə, əlbəttə, Portuqaliya inqilabını,həm də Türkiyə inqilabını burjua inqilabı hesab etmək lazım gələcəkdir. Lakin bunların heç biri “xalq” inqilabı deyildir,çünki həmin inqilabların heç birində xalq kütləsi,onun böyük əksəriyyəti nəzərə çarpacaq dərəcədə fəal və müstəqil çıxış etmir, öz iqitisadi və siyasi tələblərini irəli sürmür.Əksinə, Portuqaliya və Türkiyə inqilablarına arabir qismət olan “parlaq”müvəffəqiyyətlərə malik olmadığına baxmayaraq, 1905 – 1906 – cı illərdəki rus burjua inqilabı şübhəsiz ki, “həqiqi xalq” inqilabı idi, çünki xalq kütləsi, onun əksəriyyəti, cəmiyyətin zülm altında əzilən və istimar olunan ən geniş “aşağı təbəqələri” müstəqil olaraq ayağa qalxmışdılar, öz tələbləri ilə və dağıdılan köhnə cəmiyyətin yerinə öz istıdikləri yeni cəmiyyət qurmaq yolunda etdikləri cəhdləri ilə inqilabın bütün gedişinə təsir göstərmişdilər.

1871 – ci ildə Avropa kontinentinin heç bir ölkəsində proletariat xalqın əksəriyyətini təşkil etmirdi. Həqiqətən əksəriyyəti hərəkata cəlb edən “xalq” inqilabı ancaq həm proletariatı, həm də kəndliləri əhatə etdiyi təqdirdə belə bir inqilab ola bilərdi. O zaman xalq bu iki sinifdən ibarət idi. Bu sinifləri birləşdirən odur ki, “bürokratik-hərbi dövlət maşını” onların hər ikisinə zülm edir,onları əzir, istismar edir. Bu maşını qırmaq, onu sındırmaq – “xalqın”əsl mənafeyinə, onun əksəriyyətinin, kəndlilərin çox hissəsi ilə fəhlələrin mənafeyinə uyğundur, yoxsul kəndlilərin proletarlarla azad ittifaqının “ilk şərtidir”; belə bir ittifaq olmadıqda isə demokratiya möhkəm olmaz və sosiolist dəyişikliyi mümkün olmaz .

Bir sıra daxili və xarici xarakterdə olan səbəblər üzündən öz məqsədlərinə çatmayan Paris Kommunası da,məlum olduğu kimi, belə bir ittifaq yaratmağa çalışırdı.

Deməli, “əsl xalq inqilabı”ndan danışarkən Marks xırda burjuaziyanın xüsusiyyətlərini heç də unutmayaraq, 1871 – ci ildə Avropanın kontinent dövlətlərinin çoxunda siniflər arasında həqiqi nisbəti çox ciddi şəkildə nəzərı alırdı. Digər tərəfdən, Marks qeyd edirdi ki, dövlət maşınını “qırmağı” həm fəhlələrin, həm də kəndlilərin mənafeyi tələb edir, “dövlət maşınını qırmaq” onları birləşdirir, onların qarşısına “tüfeylini”aradan qaldırmaq və onu yeni bir şeylə əvəz etmək kimi ümumi bir vəzifə qoyur.

Bəs onu məhz nə ilə əvəz etməli ?

 2. Qırılmış dövlət maşınını nə ilə əvəz etməli ?

 Marks 1847-ci ildə,bu suala “Kommunist Manifesti”ində hələ tamamilə abstrakt bir cavab verirdi, daha doğrusu, onun verdiyi cavab vəzifələri göstərir, lakin onları yerinə yetirmək üsullarını göstərmirdi. “Proletariatın hakim sinif halında təşkil olunması ilə”, “demokratiya əldə edilməsi ilə” əvəz etməli – “Kommunist Manifesti”nin cavabı belə idi.

Marks utopiyaya qapılmayaraq gözləyirdi ki, hakim bir sinif olmaq etibarı ilə proletariatın bu cür təşkil olmasının nə kimi konkret formalar alacağı, bu təşkilatın ən mükəmməl və ardıcıl “demokratiya əldə edilməsi ilə” məhz necə birləşdirilə biləcəyi sualına kütləvi hərəkatın təcrübəsi cavab verəcəkdir.

Kommunanın təcrübəsi nə qədər az olsa da, Marks bu təcrübəni “Fransada vətəndaş müharibəsi” əsərində böyük bir diqqətlə təhlil etmişdir. Bu əsərin ən mühüm yerlərini göstərək;

Orta əsrlərdən bəri davam edib “hər sahədə öz orqanları; daimi ordusu, polisi, bürokratiyası, ruhaniləri, məhkəmə hakimləri silki olan mərkəzləşdirilmiş dövlət hakimiyyəti” XIX əsrdə inkişaf etdi. Kapital ilə əmək arasında sinfi antoqanizm inkişaf etdikcə, “dövlət hakimiyyəti əməyi zülm altında saxlamaq üçün gündən – günə daha artıq ictimai hakimiyyət xarakteri alırdı. Sinfi mübarizənin irəliyə doğru müəyyən addımı olan hər bir inqilabdan sonra,dövlət hakimiyyətinin əsl zülümkarlıq xarakteri özünü getdikcə daha artıq göstərir. 1848 – 1849 – cu illər inqilablarından sonra, dövlət hakimiyyəti “kapitalın əməyə qarşı müharibəsində milli alət olur”. İkinci imperiya bunu möhkəmlədir.

“Kommuna imperiyanın tam əksi idi”. “ Kommuna sinfi hökmranlığın yalnız monarxiya deyil, habelə sinfi hökmranlığın özünü də aradan qaldırmalı olan bir respublikanın” “müəyyən forması idi …”

Proletar, sosialist respublikasının bu “müəyyən” forması nədən ibarət idi ? Onun yaratmağa başladığı dövlət nə kimi bir dövlət idi?

“…Kommunanın birinci dekreti daimi qoşunu məhv etmək və onu silahlı xalq ilə əvəz etmək dekreti idi…”

İndi bu tələb sosialist  partiyası adlanmaq istəyən bütün partiyaların proqramlarının nə kimi bir qiymətli olduğunu, məhz 27 fevral inqilabından sonra bu tələbi həyata keçirməkdən işdə imtina etmiş olan bizim eserlərin və menşeviklərin hərəkəti hər şeydən yaxşı göstərir!

“…Kommuna, ümumi seçki hüququ əsasında Parisin müxtəlif dairələrindən seçilmiş şəhər nümayəndələrindən təşkil olunmuşdur. Onlar məsul idilər və istənilən vaxt dəyişdirilə bilərdilər. Özlüyündə aydındır ki,onların çoxu fəhlələrdən ya da fəhlə sinfinin tanınmış nümayəndələrindən ibarət idi…

… O vaxtadək dövlət hakimiyyətinin əlində alət olan polis bütün siyasi vəzifələrindən dərhal məhrum edildi və o, Kommunanın, istənilən vaxt dəyişdirilə bilən məsul bir orqanına döndərildi… İdarəetmənin bütün yerdə qalan sahələrinin məmurları haqqında da belə edildi… Kommuna üzvlərindən başlamış ictimai xidmət yuxarıdan aşağıya qədər hər kəs tərəfindən fəhlənin aldığı əmək haqqı qədər maaşla icra edilməli idi. Hər cür imtiyazlar və dövlətdə ali mənsəb tutanlara nümayəndəlik pulu verilməsi, həmin mənsəblərin özü ilə birlikdə aradan qaldırdıqdan sonra Kommuna dərhal mənəvi zülm alətini, keşişlərin nüfuzunu qırmağa başladı… Məhkəmə məmurları öz zahiri müstəqilliklərini itirdilər… onlar bundan sonra açıq surətdə seçilməli,məsul olmalı və dəyişdirilə bilməli idilər…”

Deməli,Kommuna qırılmış dövlət maşınını sanki “yalnız” daha mükəmməl bir demokratiya ilə əvəz etmişdi; daimi ordunun məhv edilməsi, bütün vəzifəli şəxslərin tam seçki ilə olması və istənildiyi zaman dəyişdirilməsi. Lakin həqiqətdə bu “yalnız” bir təsisatları olduqca geniş miqyasda prinsipcə bambaşqa təsisatlarla əvəz etmək deməkdir. Burada məhz “kəmiyyətin keyfiyyətə çevrilməsi” hallarından birini görürük; ümumiyyətlə mümkün olduğu qədər ən dolğun və ardıcıl bir sürətdə yeridilən demokratiya, burjua demokratiyasından proletar demokratiyasına çevrilir, dövlətdən (müəyyən bir sinfi əzmək üçün xüsusi qüvvədən) daha əslində dövlət olmayan bir şeyə çevrilir.

Hələ burjuaziyanı əzmək və onun müqavimətini qırmaq lazımdır. Bunu etmək Kommuna üçün xüsusilə zəruri idi və onun məğlub olması səbəblərindən biri odur ki, bunu kifayət qədər qətiyyətlə etməmişdir. Artıq burada əzmək orqanı, hər zaman olduğu kimi; istər quldarlıq zamanı, istər təhkimçilik zamanı, istərsə də muzdlu əsarət zamanı olduğu kimi, əhalinin azlığından deyil, məhz çoxluğundan ibarət idi. Xalqin çoxluğu öz zalımlarını özü əzdikdə isə daha əzmək üçün “xüsusi qüvvə” lazım deyildir! Bu mənada dövlət ölüb getməyə başlayır. İmtiyazlı azlığın (məmurlar, daimi ordu başçıları) xüsusi təsisatları əvəzində, özü bu vəzifəni bilavasitə yerinə yetirə bilər, dövlət hakimiyyəti vəzifələrinin yerinə yetirilməsinin özü isə nə qədər çox ümumxalq mahiyyəti qazanarsa, bu hakimiyyəti olan ehtiyac da bir o qədər azalır.

Kommunanın Marks tərəfindən ayrıca qeyd olnunan tədbiri; nümayəndəlik üçün hər cür pul verilməsinin, məmurlara verilən hər cür pul imtiyazlarının ləğv edilməsi, dövlətin bütün vəzifəli şəxslərinə “fəhlənin əmək haqqı” qədər maaş verilməsi bu cəhətdən xüsusilə diqqətəlayiqdir. Burjua demokratiyasından proletar demokratiyasına, zalımlar demokratiyasından məzlum siniflər demokratiyasına, müəyyən sinfi əmək üçün “xüsusi qüvvə” olan dövlətdən xalq çoxluğunun, fəhlə və kəndlilərin ümümi qüvvəsi ilə zalımları əməyə doğru olan dönüş məhz burada ən aydın bir sürətdə nəzərə çarpır. Məhz bu çox əyani maddədə, yəni dövlət məsələsinin, demək olar, ən mühüm maddəsində Marksın öyrətdikləri daha çox unudulmuşdur! Populyar təfsislərdə – bunların isı sayı hesabı yoxdur, – bundan bəhs etmirlər. Vaxtı keçmiş bir “sadəlövhlükdür” deyə bunun üzərindən xristianlar, dövlət dini mövqeyi tutduqdan sonra ilk xristianlığın  “sadəlövhlüklərini” və onun demokratik – inqilabi ruhunu “unutmuşdular”

Ali dövlət məmurlarının maaşını azaltmaq tələbi, “ancaq” sadəlövh, ibtidai demokratizm tələbi kimi görünür. Ən yeni opportunizmin “banilərindən” biri olan keçmiş sosial – demokrat Ed Bernşteyn “ibtidai” demokratizm haqqında bayağı burjua istehzalarını dəfələrlə təkrar etmişdir. Bütün opportnunistlər kimi,bütün indiki kautskicilər kimi Bernşteyn də qətiyyən anlamışdır ki, əvvələn, “ibtidai” demokratizmə müəyyən dərəcədə “qayıtmadıqca” kapitalizmdən sosializmə keçmək mümkün deyildir (yoxsa, dövlət vəzifələrini əhalinin çoxunun və başdan – başa bütün əhalinin yerinə yetirməsinə nece keçmək olar?), ikincisi də, kapitalizmə və kapitalist mədəniyyətinə əsaslanan “ibtidai demokratizm” – ibtidai dövrlərdə və ya kapitalizmdən qabaqkı vaxtlarda olan ibtidai demokratizm deyildir. Kapitalist mədəniyyəti iri istehsal, fabriklər, dəmir yolları, poçt, telefon və sairə yaratmışdır, bunun əsasında da köhnə “dövlət hakimiyyəti” vəzifələrinin ən çoxu o qədər sadələşdirilmişdir və elə sadəcə qeyd etmə, yazma, yoxlama əməliyyatlarından ibarət ola bilər ki, bu vəzifələri adi “fəhlənin əmək haqqı” ilə yerinə yetirmək olar və bu vəzifələri hər cür imtiyazdan, “hökmranlıqdan” məhrum etmək olar (və məhrum etmək lazımdır).

İstisnasız olaraq bütün vəzifəli sahiblərinin tamamilə seçkili olması və istənilən vaxtd dəyişdirilə bilməsi, onların maaşının adi “fəhlə əmək haqqı” dərəcəsinə endirilməsi – bu sadə və “özlüyündə aydın” olan demokratik tədbirlər fəhlələrlə kəndlilərin çox hissəsinin mənafeyini tamamilə birləşdirir və eyni zamanda kapitalizmdən sosializmə keçmək üçün bir körpücük  xidmətini görür. Bu tədbirlər cəmiyyətin dövlət cəhətdən, xalis siyasi cəhətdən qurulmasına aiddir, lakin bunlar, şübhəsiz, yalnız o zaman tamamilə mənalı və əhəmiyyətli olar ki, “mülkiyyətdən məhrum edənlərin mülkiyyətdən məhrum edilməsi” və ya bunun hazırlanması ilə, yəni istehsal vasitələri üzərində kapitalistlərin xüsusi mülkiyyətinin ictimai mülkiyyətə keçməsi ilə əlaqədar olsun. Marks yazırdı:

“Kommuna xərclərin iki ən böyük maddəsini; ordunu və məmurları ləğv etməklə, bütün bujua inqilablarının şüarını – ucuz başa gələn hökumət şüarını – həqiqətə çevirdi”.

Kəndlilərdən, habelə xırda burjuaziyanın başqa təbəqələrindən ancaq çox az adam “yuxarı qalxır”, burjuaziyanın anladığı mənada “adamlar cərgəsinə girir”, yəni ya varlı adama,burjuaya çevrilir. Kəndli əhalisi olan hər bir kapitalist ölkəsində (belə kapitalist ölkələri isə əksəriyyət təşkil edir) kəndlilərin böyük əksəriyyəti hökumətin əsarətindədir və onun yıxılmasını, “ucuz başa gələn” hökumət yaradılmasını həsrətlə gözləyir. Bunu isə ancaq proletariat bunu həyata keçirə bilər, həm də proletariat bunu həyata keçirməklə, dövləti sosialistcəsinə yenidən qurmağa doğru addım atmış olur.

3. Parlamentarizmin məhv edilməsi

 Marks yazırdı:

“Kommuna parlament korporasiyası deyil, işləyən bir korporasiya olmalı idi,eyni zamanda həm qanun verən, həm də qanunları icra edən bir korporasiya olmalı idi…

…Hər üç və ya altı ildə bir dəfə ,hakim sinfin hansı üzvünün parlamentdə xalqı təmsil etməli və əzməli (ver- und zertreten) olduğunu həll etmək əvəzində, ümumi seçki hüququ kommunalar haqqında təşkil olunmuş xalqa, öz müəssisəsi üçün  fəhlələr, nəzarətçilər, mühasiblər axtarıb tapmağa xidmət etməli idi, necə ki, fərdi seçki hüququ bu məqsəd üçün hər bir başqa iş verənə xidmət edir”

Parlamentarizmin 1871 – ci ildə verilmiş bu gözəl tənqidi də sosial – şovinizmin və opportunizmin hökmranlığı üzündən indi marksizmin “unudulmuş sözləri” cərgəsinə keçmişdir. Peşələri nazirlik və parlament üzvlüyü olan, proletariata xəyanət edən indiki “işbaz” sosialistlər parlamentarizmi tənqid etməyi tamamilə anarxistlərin öhdəsinə buraxmış və belə qəribə bir əsasla,parlamentarizmin hər cür tənqidini “anarxizm”adlandırmışlar!! Heç də qəribə deyil ki, “qabaqcıl” parlamentli ölkələrin proletariatı Şeydemanlar, Davidlər, Leginlər, Sambalar, Renodellər, Hendersonlar,Vanderveldlər, Stauninglər, Brantinglər, Bissolatilər kimi “sosialistləri” gördükdə nifrət edirdi və anarxizm – sindikalizm opportunizmin doğma qardaşı olduğuna baxmayaraq, ona getdikcə daha tez – tez rəğbət göstərirdi.

Lakin Plexanovun, Kautskinin və başqalarının dəbdə olan boş bir ibarəyə və oyuncağa çevirdikləri inqilabi dialektika Marksın nəzərində heç bir zaman belə boş bir ibarə və oyuncaq olmamışdır. Marks, xüsusən açıq – aydın inqilabi şərait mövcud olmadığı bir zamanda burjua parlamentarizminin hətta “pəyəsindən” də istifadə etməyi bacarmayan anarxizimlə əlaqəni amansızlıqla qırmağı və eyni zamanda parlamentarizmi əsl inqilabi proletar nöqteyi-nəzərindən tənqid etməyi də bacarırdı.

Hakim sinfin hansı üzünün parlamantdə xalqı əzib tapdalayacağını hər neçə ildə bir dəfə həll etmək – bax, yalnız parlamentli-konstutsiyalı monarxiyalarda deyil, hətta ən demokratik respublikalarda da burjua parlamentarizminin əsl mahiyyəti bundan ibarətdir.

Lakin dövlət məsələsinə proletariatın bu sahədəki vəzifələri nöqteyi-nəzərindən yanaşılırsa,parlamentarizmə dövlət təsisatlarından biri kimi baxılarsa, parlamentazrimdən qurtulmaq üçün nə kimi bir yol vardır? Onsuz necə keçinmək olar?

Təkrar – təkrar demək istəyirəm ki, Marksın Kommunanı tədqiq etmək əsasında verdiyi dərslər o qədər unudulmuşdur ki, “sosial-demokrat” (sosializmin indiki xaini), parlamentarizmin anarxistcəsinə və ya irtıcaçılıqla tənqidindən başqa heç bir tənqidi  fikirinə  də gətirmir.

Parlamentarizmdən qurtulmaq yolu, əlbəttə, nümayəndəli təsisatları naqqalxana halından çıxarıb “iş görən” təsisatlara çevirməkdən ibarətdir. “Kommuna parlament təsisatı deyil, işləyən ,eyni zamanda həm qanun verən, həm də qanunları icra edən bir təsisat olmalı idi.”

“Parlament təsisatı deyil, işləyən” bir təsisat – bu sözlər indiki parlament xadimləri və sosial-demokratların parlamentlərdəki “ev tulaları” haqqında çox sərrast deyilmişdir! Amerikadan tutmuş İsveçrəyə qədər, Fransadan tutmuş İngilərəyı qədər, Norveçə və ya sair ölkəyə qədər hansı parlamentli “ölkəyə nəzər salsanız görəcəksiniz ki, əsl “dövlət” işini xəlvətdə görürlər və görənlər də departamnetlər, dəftərxanalar, ştablardır. Parlamentlərdə “qara camaatı” aldatmaq məqsədilə ancaq boşboğazlıq edirlər. Bu cəhət o qədər doğrudur ki, hətta burjua – demokratik respublikası olan Rusiya respublikası heç əsl parlament yaratmağa macal tapmazdan əvvəl, parlamentarizmin bütün eyibləri dərhal burada ortaya çıxdı. Skobelevlər və Seretilər, Çernovlar və Avksentyevlər kimi çürük meşşanlıq qəhrəmanları, Sovetləri də iyrənc burjua parlamentarizmi kimi mundarlayaraq, naqqalxanaya döndərə bildilər. Sovetlər cənab “sosialist” nazirlər sadədil adamları boş sözlərlə və qətnamələrlə aldadırlar. Bir tərəfdən, eser və menşeviklərin daha çoxuna növbə ilə gəlirli və fəxri vəzifələrdən ibarət “yağlı tikə” təmin etmək üçün, o biri tərəfdən,xalqın “fikirini məşğul etmək” üçün hökümtdə arasıkəsilməz bir oyun davam  edir. Dəftərxanalarda, ştablarda isə “dövlət” işi “görülür”.

Hakim partiya olan “sosialist-inqilabçılar” partiyasının orqanı “Delo Naroda” bu yaxınlarda redaksiya adından dərc etdiyi baş məqalədə – “bütün üzvlərinin hamsının” siyasi fahişəliklə məşğul olduğu “abırlı cəmiyyətə” mənsub adamlar kimi – tamamilə açıq aydın etiraf etmişdi ki, hətta “sosialistlərin” (üzlərdən iraq!) əlində olan nazirliklərdə də bütün məmur aparatı mahiyyətcə keçmişdə olduğu kimi qalır, köhnə qayda ilə işləyir,inqilabi təşəbbüslərə qarşı tamamilə “sərbəst” surətdə sabotajçılıq edir! Hətta bunu mətbuatda etiraf etməsəydilər də, eser və menşeviklərin hökumətdə iştirak etməsinin həqiqi tarixi bunu sübut etmirmi? Burada marağlı ancaq odur ki, cənab Çernovlar, Rusanovlar, Zensinovlar və “Delo Naroda”nın başqa redaktorları nazirliklərdə kadetlərdə bir yerdə olaraq,o qədər həyasızlaşmışlar ki, “öz” nazirliklərində hər şeyin köhnə qaydada qaldığını boş bir şey kimi açıq – aşkar söyləməkdən utanıb qızarmırlar! Kənddəki İvanuşkaları aldatmaq üçün inqilabi – demokratik ibarələr, kapitalistləri “razı salmaq” üçün  isə məmurların dəftərxana süründürməçiliyi – “namuslu” koalisiyanın mahiyyəti bax bundan ibarətdir.

Kommuna burjua cəmiyyətinin satqın və çürümüş parlamentarizmini elə təsisatlarla əvəz edir ki, bunlarda fikir söyləmək azadlığı və müzakirə etmək azadlığı aldatmaya çevrilmir, çünki parlament üzvləri özləri işləməlidirlər, öz qanunlarını özləri yerinə yetirməlidirlər, həyatda ortaya çıxan nəticələri özləri yoxlamalıdırlar, öz seçiciləri qarşısında bilavasitə özləri cavabdeh olmalıdırlar. Burada nümayəndəli təsisatlar qalırlar, lakin qanunverici və icraçı əmək bölgüsü kimi  xüsusi bir sistem olan, deputatlar üçün imtiyazlı bir vəziyyət  təmin edən parlamentarizm burada yoxdur. Biz, nümayəndəli təsisatları olmayan bir demokratiya olmasını, hətta proletar demokratiyası olmasını təsəvvür edə bilmərik; lakin, burja cəmiyyətini tənqid etmək bizim üçün boş bir söz deyilsə, burjuaziyanın hökmranlığını yıxmaq səyi, menşevik və eserlərin, Şeydemanların və Leginlərin, Sambaların və Vanderveldlərin etdiyi  kimi, fəhlələrin səslərini toplamaq üçün “seçki” ibarəsi olmayıb, bizim ciddi və səmimi arzumuzdursa, demokratiyanı parlamentsiz təsəvvür edə bilərik və etməliyik.

Çox ibrətli cəhət budur ki, Marks həm Kommunaya, həm də proletar demokratiyasına lazım olan məmurların vəziflərindən danışarkən, müqayisə üçün  “hər cür başqa iş verəni” qulluqçuları, yəni “fəhlələri,nəzarətçiləri və müsahibləri” olan adi bir kapitalist müəssisəsini götürür.

Marksda, “yeni cəmiyyət” quraşdırmaq, uydurmaq mənasında zərrə qədər də utopizm yoxdur. Yox, Marks köhnə cəmiyyətdən yeni cəmiyyətin doğulmasını,köhnə cəmiyyətdən yeni cəmiyyətə keçid formalarını təbii – tarixi bir proses kimi tədqiq edir. Marks kütləvi proletar hərəkatının faktik təcrübəsini götürür və bundan əməli nəticələr çıxarmağa çalışır. Bütün böyük inqilabçı mütəfəkkirlər məzlum sinfin böyük hərəkatına heç vaxt  xırdaçı “nəsihətlərlə” (Plexanovun; “silaha əl atmaq lazım deyildi” və ya Sertelenin “sinif özünü məhdud etməlidir” ) yanaşmayaraq, bu hərəkatın təcrübəsini öyrənməkdən qorxmadıqları kimi, Marks da Kommunadan “öyrənir”.

Kapitalizm “dövlətin” idarəetmə vəzifələrini sadələşdirir, “başçılıq etməni” bir kənara atmaq və bütün işi,bütün cəmiyyət adından muzdla “fəhlələr, nəzarətçilər, mühasiblər” götürən proletarların (hakim sinif olmaq etibarilə) təşkilinə müncər etmək imkanı verir.

Biz utopist deyilik. Biz belə bir “xəyal” etmirik ki, bəlkə birdən – birə heç bir idarəetmə sistemi və  heç bir tabelik sistemi olmadan keçinə bildik; proletariat diktaturasının vəzifələrini anlanmamaqdan irəli gələn bu anarxist xəyalları marksizmə kökündən yaddır və insanlar dəyişib başqa cür olana qədər sosialist inqilabını həqiqətdə ancaq ləngitmək işinə xidmət edir.Yox, biz sosialist inqilabını indiki adamlarla tabelik, nəzarət, “nəzarətçilər və mühasiblər ” olmadan keçinə bilməyən adamlarla etmək istəyirik.

Lakin bütün isitsmar edilənlərin və zəhmətkeşlərin silahlı avanqardına – proletariata tabe olmaq lazımdır. Dövlət məmurlarının spesifik “başçılıq etməsini” dərhal, bu gün-sabah “nəzarətçilərin və mühasiblərin” adi vəzifələri ilə əvəz etməyə başlamaq olar və başlamaq lazımdır; bu vəzifələr isə ümumiyyətlə indi şəhər əhalisinin inkişaf səviyyəsinə tamamilə müyəssərdir və “fəhlənin əmək haqqı” qədər maaşla icra oluna bilər.

Kapitalizmin yaratdıqlarına əsaslanaraq iri istehsal təşkil edəcəyik ; biz özümüz, fəhlələr, öz fəhlə təcrübəmizə əsaslanaraq, ən ciddi polad intizam yaradıb bu intizamı silahlı fəhlələrin dövlət hakimiyyətinin köməyi ilə təmin edəcəyik ki, dövlət məmurları bizim tapşırıqları yerinə yetirən adi icraçılar, məsuliyyət daşıyan dəyişdirilə bilən, cüzi maaş alan “nəzarətçilər və mühasiblər” (əlbəttə, hər növ, hər cür və hər dərəcədən olan texniklərlə birlikdə) olsunlar – bax bizim proletar inqilabı edərkən bundan başlamaq olar və başlamaq lazımdır. İri istehsala əsaslanan belə bir başlanğıc nəticəsində hər bir məmurluq tədriclə, öz özünə “ölüb gedəcək”, tədriclə elə bir qayda – dırnaq işarəsi içinə alınmayan, muzdlu köləliyə bənzəməyən bir qayda – yaranacaqdır ki, getdikcə sadələşən nəzarət vəzifələri və hesabat növbə ilə hamı tərəfindən yerinə yetiriləcək, sonra bir adət halını alacaq və nəhayət, xüsusi təbəqədən olan adamların xüsusi vəzifələri olmaq etibarı ilə aradan qalxacaqdır .

Keçən əsrin yetmişinci illərinin bir hazırcavab alman sosial – demokratı poçtu sosialist təsərrüfatı üçün bir nümunə adlandırmışdı. Bu çox doğrudur. İndi poçt dövlət kapitalizmi inhisarı tipində təşkil edilmiş bir təsərrüfatdır. İmperializm bütün trestləri tədriclə bu cür təşkilatlarla çevirir. Həddindən artıq işləyən və aclıq “adi” zəhmətkeşlər üzərində yenə bir burju bürokratiyası durur. Lakin burada ictimai təsərrüfatçılıq mexanizmi artıq hazırdır. Kapitalistləri yıxmaqla, bu istismarçıların müqavimətini silahlı fəhlələrin dəmir ilə qırmaqla, müasir dövlətin bürokratik maşınını sındırmaqla, “tüfeylidən” azad edilmiş və yüksək texnika ilə təchiz olunmuş bir mexanizmə malik olaraq, birləşmiş fəhlələrin özləri isə texniklər, nəzarətçilər,mühasiblər tutaraq, onların hamsının işi üçün, habelə ümumiyyətlə bütün “dövlət” məmurlarının işi üçün fəhlənin əmək haqqı qədər maaş verərək,bu mexanizm tamamilə işə sala bilərlər. Bütün trestlər haqqında dərhal həyata keçirilə bilən konkret, əməli vəzifə bax budur : həmin vəzifə zəhmətkeşləri istismardan qurtaracaq, Kommunanın (xüsusən dövlət quruculuğu sahəsində) əməli surətdə başlamış olduğu təcrübəni nəzərə alacaqdır.

Silahlı proletariatın nəzarəti və rəhbərliyi altında bütün xalq təsərrüfatı poçt kimi təşkil olunmalı, texniklər, nəzarətçilər, mühasiblər, habelə bütün vəzifə sahibləri “fəhlənin əmək haqqından” yuxarı olmayan miqdarda maaş almalıdır, – bax, bizim ən yaxın məqsədimiz budur. Bizə belə bir iqtisadi əsas üzərində qurulmuş belə bir dövlət lazımdır. Gör, parlamentarizmin məhv edilməsi və nümayəndəli təsisatların saxlanması nə verəcəkdir, məhz bununla zəhmətkeş siniflər burjuaziya tərəfindən həmin təsisatların pozğunlaşdırılmasından xilas ediləcəklər.

                                                        4.  Milli birliyin təşkili

“…Milli təşkilat haqqında Kommunanın daha artıq dərəcədə işləyib hazırlamağa macal tapmadığı müxtəsər oçerkdə tam qətiyyətlə deyildir ki, Kommuna hətta ən kiçik kənd üçün də… siyasi forma olmalı idi”…  Parisdə olacaq “milli nümayəndə heyəti” də kommunalardan idi.

“…O zaman hələlik mərkəzi hökumətin öhdəsində qalacaq olan sayca az, lakin çox mühüm vəzifələr ləğv edilməsi deyil, – belə bir iddia qəsdən edilən bir saxtakarlıq idi, – bu vəzifələr Kommuna məmurlarına , yəni ciddi məsul olan məmurlara verilməli idi…

…Millətin birliyi məhv edilməli deyil, əksinə Kommuna quruluşu vasitəsi ilə təşkil edilməli idi. Millətin birliyi, özünü bu birliyin bir təcəssümü kimi qələmə verən,lakin millətdən asılı olmaq deyil,ondan yüksəkdə durmaq istəyən dövlət hakimiyyətini məhv etmək vasitəsi ilə həqiqətə çevrilməli idi. İşdə isə bu dövlət hakimiyyəti millətin bədənində ancaq bir tüfeyli törəmə idi… Vəzifə köhnə hökumət hakimiyyətinin xalis zülmkarlıq orqanlarını tamamilə məhv etməkdən, cəmiyyətdən yüksəkdə durmaq iddiasında olan hakimiyyətin əlindən onun səlahiyyətli vəzifələrini almaq və cəmiyyətin məsul xidmətçilərinə verməkdən ibarət idi”

Marksın bu mülahizələrini hazırki sosial – demokratiya opportunistlərinin qətiyyən anlamaqdıqlarını – bəlkə, daha doğrusu, anlamaq istəmədiklərini –  xain Bernşteynin Herostrat şöhrəti qazanmış “Sosializmin ilkin şərtləri və sosial demokratiyanın vəzifələri” adlı kitabı hər şeydən daha yaxşı göstərir. Marksın məhz həmin sözləri münasibətilə ilə Bernşteyn yazmışdır ki, bu proqram “öz siyasi məzmunu cəhətdən bütün mühüm xüsusiyyətləri ilə Prudonun federalizminə son dərəcədə yaxındır… Marks ilə “xırda burjua” Prudon ( Bernşteyn “xırda burjua” sözlərini dırnaq ıçərisinə alır;yəqin ki, onun rəyincə bu rişxənd  əlaməti olmalıdır) arasındakı bütün başqa fikir ixtilaflarına baxmayaraq, bu nöqtələrdə onların fikirlərinin gedişi bir – birinə mümkün olduğu qədər yaxındır”. Bernşteyn sözünə davam edərək deyir ki,əlbəttə, bələdiyyə idarələrinin əhəmiyyəti artır, lakin “mənə şübhəli gəlir ki, demokratiyanın ilk vəzifəsi hazırkı dövlətləri Marksın və Prudonun təsəvvür etdikləri kimi belə ləğv etməkdən ( Auflösung – hərfiyyən, buraxmaqdan, əritməkdən) və onların təşkilatını tamamilə dəyişdirməkdən (Umwandlung-çevrilişdən) ibarət olsun; Marksın və Prudonun təsəvvürüncə bu vəzifə – eyni zamanda kommunarların da nümayəndələrindən ibarət olacaq əyalət və ya vilayət məclislərinin nümayəndələrindən milli məclis düzəltməkdən ibarətdir ki, beləliklə də bütün milli nümayəndəliklərini keçmiş forması tamamilə yox olardı” ( Bernşteyn, “ Sosializmin ilkin şərtləri”, 1899 – cu il almanca nəşrinin 134 və 136 – cı səhifələri).

Marksın “tüfeyli dövlət hakimiyyətinin məhv etmək” haqqındakı baxışlarını Prudonun federalizmi ilə qarışdırmaq lap əcaib bir şeydir! Lakin bu təsadüfü deyildir, çünki opportnunistin heç ağlına da gəlmirdi ki, Marks burada heç də mərkəziyyətçiliyin əksinə olaraq, federalizmdən deyil, bütün burjuaziya ölkələrində olan köhnə, burjua dövlət maşınını qırmaqdan danışır.

Opportunistin ağlına bir şey gəlirsə o da ancaq öz ətrafında, şəhər meşşanlığı və “reformist” durğunluğu mühitində gördüyü şeylərdir, yəni ancaq “bələdiyyə idarələridir”! Opportunist, proletariatın inqilabı haqqında düşünməkdən də yadırğamışdır.

Bu gülüncdür. Lakin qəribədir ki, bu məsələdə Bernşteyn ilə heç kim mübahisə etmirdi. Bernşteyni bir çoxları – xüsusilə rus ədəbiyyatında Plexanov, Avropa ədəbiyyatında isə Kautski təzkib edirdi, lakin bunların heç biri Bernşteyn tərəfindən Marksın belə təhrif edilməsindən danışmamışdır.

Opportunist, inqilabi tərzdə düşünməkdən və inqilab haqqında fikirləşməkdən o qədər yadırğamışdır ki, “federalizmi” Marksa isnad verərək, onu anarxizmin banisi olan Prudonla qarışdırır. Optodoks marksist olmaq,inqilabi marksizm təlimini müdafiə etmək istəyən Kautski və Plexanov isə bu barədə susurlar! Marksizmlə anarxizm arasındaki fərqə aid baxışların son dərəcədə bayağılaşdırılmasının köklərindən biri də bundan ibarətdir: bu bayağılaşdırma həm kautskişilərə həm də opportunistlərə xasdır və bunun haqqında biz hələ danışmalı olacağıq.

Kommunanın təcrübəsi haqqında Marksın yuxarıda göstərilən mülahizələrində federalizmin heç izi də yoxdur.Marks məhz opportunist Bernşteynin görmədiyi məsələdə Prudonla həmfikirdir. Marksın Prudonla məhz həmfikir olduğunu Bernşteynin zənn etdiyi məsələdə Marksla Prudon arasında fikir ixtilafı vardır.

Marks Prudonla bir nöqtədə həmfikirdir, o da bundan ibarətdir ki, onların hər ikisi hazırkı dövlət maşınını “dağıtmaq” tərəfdarlarıdır. Marksizmin anarxizmə (həm Prudonla, həm Bakuninlə)bu bənzəyişini nə opportunistlər, nə də kautskiçilər görmək istəmirlər, çünki onlar bu nöqtədə marksizmdən uzaqlaşmışlar.

Marks Prudondan da,Bakunindən də məhz federalizm məsələsində (hələ proletariat diktaturası məsələsi bir yana dursun) ayrılır. Federalizm prinsip etibarilə anarxizmin xırda burjua görüşlərindən irəli gəlir.Marks mərkəziyyətçidir. Göstərdiyimiz mülahizələrdə də o, mərkəziyyətdən əsla kənara çıxmır. Ancaq dövlətə meşşancasına “mövhümü etiqad”  bəsləyən adamlar burjua dövlət maşınının məhv edilməsini mərkəziyyətin məhv edilməsi hesab ede bilərlər!

Bəs proletariat və yoxsul kəndlilər dövlət hakimiyyətini öz əllərinə alsalar,tam azad bir şəkildə kommunalar halında təşkil olunsalar və bütün kommunların fəaliyyətini kapitala zərbə vurmaq üçün, kapitalistlərin müqavimətini qırmaq üçün,dəmir yollar, fabriklər, torpaq və sairə üzərində xüsusi mülkiyyəti bütüb millətə,bütün cəmiyyətə vermək üçün birləşdirsələr, məgər bu mərkəziyyətçilik olmayacaqdırmı? məgər bu ən ardıcıl bir demokratik mərkəziyyət olmayacaqdırmı? Həm də proletar mərkəziyyət olmayacaqdırmı?

Bernşteynin heç ağlına da gələ bilmir ki, könüllü mərkəziyyət,kommunaların könüllü sürətdə bir millət halında birləşməsi,burjua hökmranlığını və burjua dövlət maşınını dağıtmaq işində proletar kommunlarının könüllü sürətdə birləşməsi mümkündür. Hər bir filister kimi Bernşteyn də mərkəziyyəti ancaq yuxarıdan, ancaq məmurlar və hərbçiər tərəfindən zorla tədbiq edilib saxlanıla bilən bir şey kimi təsəvvür edir.

Marks, sanki öz baxışlarının təhrif edilə biləcəyini qabaqcadan görərək qəsdən deyirdi ki, Kommunanı guya millətin birliyini məhv etmək, mərkəzi hakimiyyəti ləğv etmək arzusunda olmaqda ittiham etmək şüurlu surətdə edilən bir saxtakarlıqdır. Marks şüurlu, demokratik, proletar mərkəziyyətinə qarşı qoymaq üçün qəsdən “millətin birliyini təşkil etmək” ifadəsini işlədir.

Lakin… eşitmək istəməyən bir adam hər bir kardan daha pisdir. Müasir sosial – demokratiya opportunistləri isə dövlət hakimiyyətini məhv etmək, tüfeylini kəsib atmaq sözlərini eşitmək istəmirlər.

 5. Tüfeylinin – dövlətin məhv edilməsi 

Yuxarıda biz Marksın müvafiq sözlərini göstərdik və indi bunları tamamlamalıyıq.

Marks yazmışdır:

“… Yeni tarixi yaradıcılığın müqəddaratı adətən bundan ibarətdir ki, ona ictimai həyatın köhnə və hətta vaxtı keçmiş formaları kimi, yeni təsisatların az – çox bənzədiyi formaların oxşarı kimi baxırlar. Müasir dövlət hakimiyyətini qıran (bricht – dağıdan) bu yeni Kommunaya da orta əsrlər kommunasının bərpa edilməsi kimi… xırda dövlətlərin ittifaqı kimi (Monteskye, jirondistlər)… həddən artıq  mərkəzləşdirməyə qarşı köhnə mübarizənin şişirdilmiş bir forması kimi baxılırdı.

…Kommuna quruluşu cəmiyyətin hesabına bəslənən və onun sərbəst hərəkətini ləngidən həmin tüfeyli törəmənin, yəni “dövlətin” bu vaxta qədər udmuş olduğu bütün qüvvələri cəmiyyətə qaytaradı. Təkcə elə bu, Fransanın dirşəlməsini irəlilətmiş olardı…

…Kommuna quruluşu kənd istehsalçılarını hər vilayətin baş şəhərlərinin mənəvi rəhbərliyi altına alardı və burada onların mənafeyini şəhər fəhlələri şəxsində müdafiə edən təbii nümayəndələri olmasını təmin edərdi. Kommunanın varlığının özü isə  özlüyündə təbii bir şey kimi, yerli özünüidarə meydana gətirirdi, lakin daha bu özünüidarə, indi lüzumsuzlaşan dövlət hakimiyyətinin qarşılığı deyildi”.

“Tüfeyli törəmə” olan “dövlət hakimiyyətini məhv etməli, onu “kəsib atmalı”, “onu dağıtmalı”; “dövlət hakimiyyəti indi lüzumsuz bir şey olur”- Marks, Kommunanın təcrübəsini təhlil edib qiymətləndirirkən dövlət haqqında bax, bu ifadələri işlətmişdir.

Bütün bunlar təqribən yarım əsr əvvəl yazılmışdır, indi, marksizm təhrif edilməmiş şəkildə kütlələrin şüuruna çatdırmaq üçün sanki  qazıntı işləri aparmaq lazım gəlir. Marksın görmüş olduğu son böyük inqilab üzərində müşahidələrdən çıxarılan nəticələri, proletariatın məhz sonrakı böyük inqilablarının vaxtı çatdığı bir zamanda unutmuşlar.

“…Kommunanın doğurduğu mextəlif rəylər və burada öz ifadəsini tapmış olan müxtəlif  mənafelər sübut edir ki, Kommuna son dərəcə çevik bir siyasi forma idi, halbuki bütün əvvəlki hökumət formaları mahiyyət etibarı ilə zülmkarlıq formalarıı idi. Kommunanın əsl sirri bu idi: o, əslində fəhlə sinfinin hökuməti idi, istehsal edən sinfin mənimsəyən sinfə qarşı mübarizəsinin nəticəsi idi, o, nəhayət, kəşf edilmiş elə bir siyasi forma idi ki, əmək bütün daxilində iqtisadi cəhətdən azad edilə bilərdi.

Bu axırıncı şərt olmadan, kommuna quruluşu qeyri – mümkün və başaldatma olardı…”

Utopistlər cəmiyyətiin sosialistcəsinə yenidən qurulması üçün guya imkan verəcək olan siyasi formalar “kəşf” etməklə məşqul olurdular. Anarxislər ümumiyyətlə siyasi formalar məsələsində əl çəkmişdilər. Müasir sosial – demokratiya opportunistləri parlamentli demokratik dövlətin burjua siyasi formalarını son hədd hesab edir, bu həddi keçilməz zənn edir və bu “nümunəyə” baş əyib səcdə edir, həmin formaları sındırmaq yolunda göstərilən hər bir səyi anarxizm elan edirdilər.

Marks sosializm və siyasi mübarizənin bütün tarixindən bu nəticəni çıxarmıdır ki, dövlət yox olmalıdır  və “hakim sinih halında təşkil olunmuş proletariat” dövlətin yox olması üçün keçid (dövlətdən dövlətsizliyə keçid) forması olacağdır. Lakin Marks bu gələcəyin siyasi formalarını kəşf etməyə girişməmişdir. O, Fransa tarixini dürüst müşahidə etməklə, onu təhlil etməklə və 1851-ci ilə əsasən çıxartdığın nəticə ilə kifayətlənirdi; bu nəticə ondan ibarət idi ki, iş burjua dövlət maşınının dağıdılmasına doğru gedir.

Proletariatın kütləvi inqilabının hərəkatı başlandıqda isə Marks bu hərəkatın müvəffəqiyyətsizlliyinə baxmayaraq, onun qısa müddət davam etdiyinə və aydın sürətdə görünən zəifliyinə baxmayaraq, həmin hərəkatın nə kimi formalar kəşf etdiyini öyrənməyə başladı.

Kommuna proletar inqilabının “nəhayət kəşf etdiyi” elə bir formadır ki, əmək bu forma daxilində iqtisadi cəhətdən azad ola bilər.

Kommuna burjua dövlət maşınınıı qırmaq üçün prooletar inqilabının ilk cəhdi və “nəhayət kəşf edilmiş” suyasi bir formadır ki, dağıdılmış dövlət maşınını bununla əvəz etmək olar və əvəz emək lazımdır.

Şərhimizin görəcəyik ki, 1905-ci və 1917-ci illərdəki rus inqilablarını  başqa  bir vəziyyətdə, başqa bir şəraitdrə Kommunanın işini davam etdirir və Marksın dahiyanə tarixi təhlilini təsdiq edir.

Hazırladı: Fəridə Qasımova                                            (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:14726