abunə ol: Yazılar | Şərhlər | Еmail

Slavoy Jijek – Qaranlığın ürəyinə enərkən

Şərh

İki “terror krallığı” var idi; birincisində qətllər ehtiras isitməsi ilə törədilirdi, ikincisində – soyuqqanlı və düşünülmüş şəkildə… Ancaq bizi nə üçünsə birincisi, dəqiqəlik, ən xırda terror dəhşətləndirir; bununla belə, balta altında ani ölümü həyatın boyu aclıqdan, soyuqdan, təhqirlərdən, ürək əzabından, asta ölümlə müqayisə etmək olarmı? İldırım vurmasından olan qəfil ölüm tonqalda yana – yana ölməyin yanında nədir ki? Bizə böyük səylə göz yaşı tökməyi və dəhşətlənməyi öyrətdikləri qırmızı terror qurbanları bir şəhər qəbiristanlığına sığa bilərdi. Ancaq daha qədim olan əsil terrorun, adı çəkilməyən və qorxunc terrorun qurbanları bütün Fransaya sığa bilməzdi; ancaq bizə heç kim heç vaxt onun bütün dəhşətini anlamağı və onun qurbanlarına olan mərhəmət hissindən əsməyi öyrətməyib”

Mark Tven

Məgər bu cür  dualizm zəmanəmizin səciyyəvi göstəricisi deyilmi? Bizim diqqətimizi ilk növbədə gözümüzün  qarşısında olan çəkir – və ancaq  terrorun birbaşa təzahürünü və cinayətləri zorakılıq sayırıq, hələ hərbi əməliyyatları saymasaq. Ancaq birbaşa, aşkar və “subyektiv” zorakılığı anlamağa çalışarkən tələyə düşməmək üçün bir addım geri atmağı bacarmaq lazımdır.

Bu cür zorakılıq partlayışlarını yaradan həmin fonun ümumi cizgilərini dərk etmək lazımdır.

Geriyə bir addım bizim, mübarizə və cəmiyyətdə dözümlülük səviyyəsini artırmaq üçün etdiyimiz cəhdlərimizə aid olmayan formada zorakılığı aydınlaşdırmağa imkan yaradır – bu zorakılıq forması bizim siyasi və iqtisadi sistemimizin bir hissəsi olan obyektiv zorakılıqdır.

Məsələ bundadır ki, subyektiv və obyektiv zorakılığı eyni meyarla ölçmək olmaz – subyektiv zorakılıq ancaq qeyri – zorakılıq, “sıfır səvviyəsində” olan zorakılığın fonunda bu cür qəbul olunur. Subyektiv zorakılıq normal bir halın, hadisələrin dinc gedişatının pozulması kimi qəbul olunur. Obyektiv zorakılıq, öz növbəsində, hadisələrin normal gedişatına xas olan bir zorakılıq kimi qəbul olunur. Obyektiv zorakılıq görünmür, ona görə ki, o ozü həmin “sıfır səviyəsində” olan zorakılıqdır – bir standartdır və onunla müqayisədə biz nəyisə subyektiv zorakılıq kimi qəbul edirik.

Bir sözlə, sistematik zorakılıq fizikada rastlaşdığımız bədnam “qara maddə” kimi bir şeydir. O, hər kəsin gördüyü subyektiv zorakılıqdan kənarda dayanır. Və əgər siz irrasional görünən subyektiv zorakılıq partlayışlarını anlamaq istəyirsinizsə, bu halda, nə qədər görünməz olsa da, obyektiv zorakılığı nəzərə almamaq olmaz.

Ketrin Bolkovaçın hekayəsi (bir az vaxt əvvəl onun haqqında olan “The Whistleblower” – “Xəbərçi” filmi çəkilmişdir, rejissor Larisa Kondratski) həmin görünməz zorakılığın qorxunc misalıdır. Bolkovaç Nebraskada qadın polisdir. 1998 – ci ildə o, Bosniya və Hersoqovinadakı BMT – nin beynəlxalq polis dəstəsinə daxil olur. Bosniyada o, qadınlara qarşı zorakılıqla mübarizə layihəsi ilə məşğul olur. Sonra o, Ukrayna, Moldova və Ruminiyadan olan qadınların alveri ilə məşğul olan serb mafiyası tərəfindən idarə olunan sex– traffikin olduğunu aşkar edir. Onlardan bəzilərinin yalnız 12 yaşı var. Daha sonra bir xoşagəlməz aspekt də üzə çıxır – qızların müştəriləri Bosniyada çalışan amerikalılar, həmçinin polis əməkdaşları (Bolkovaçın həmkarları) olur.

Bosniyada olan amerikalıların və müqavilə ilə orada fəaliyyət göstərən digər xaricilərin qadın alveri ilə məşğul olduğu və yetkinlik yaşına çatmamışlarla cinsi əlaqədə olduğu barədə inkaredilməz sübutlar var. Faktlar onu göstərir ki, burada olan BMT – nin heyəti cinsi – traffikin idarə edilməsinə fəal şəkildə cəlb olunub və buradan gəlir götürür. Gördüklərindən təşvişə düşən Bolkovaç təkrar olaraq hesabatını yollayır, amma yenə onun hesabatlarına gah məhəl qoymurlar, gah da artıq “həll olunmuş” problem kimi rədd edirlər. İki ildan sonra Bolkovaçın vəzifəsi aşağı salınır, sonra isə birdəfəlik “kobud pozuntuya” görə qovulur. Sonda o, Bosniyadan qaçmalı olur, ancaq  müstəqil apardığı araşdırmalarının nəticələrini çantasına doldurduqdan sonra. Onun həyatı təhlükə altındadır. Bolkovaç onu işə götürən şəxsi mühafizə şirkətini məhkəməyə verir. Nəticədə şirkət Bosniyadakı yeddi əməkdaşını “qeyri – məqbul” davranışa görə işdən azad edir və şirkətin strukturunda islahatlar aparacaqlarını elan edir. Ancaq hətta Bosniyadakı skandal belə həmin şirkətə daha sonra ABŞ dövlət departamenti ilə bir neçə yeni müqavilə imzalamağa mane olmadı – Əfqanıstanda və İraqda polislərin hazırlanması da həmin müqavilələrdəndir. Bu şirkəti həmin ölkələrdə də qanun pozuntusu ilə məşğul olmaqda ittiham edirdilər. Wikileaks – in həmin şirkət haqqında nəşr etdiyi informasiyada deyilir ki, əfqan polislərinin hazırlanması ilə məşğul olan şirkətin əməkdaşları narkotik qəbul edir, yetkinlik yaşına çatmamış fahişələrin xidmətlərindən istifadə edirlər.

“New York Times” – da film barədə çıxan resenziyada “Xəbərçi” filminin o qədər iyrənc hekayəsindən danışır ki, ona inanmağın çətinliyi çox düzgün qeyd olunmuşdur. Eyni zamanda, inanılmaz ideoloji oyuna əl ataraq, həmin resenziyada deyilir ki, filmin məhz real hekayə üstündə qurulması onun estetik minusudur. “Xəbərçi tamamilə iflasa uğramış bir filmdir, çünkü onda katarsis yoxdur – filmə baxarkən ədalətin yerini tapdığı və yaxud nə vaxtsa tapacağı hissi yoxdur – bir halda ki, Bolkovaç hər şeyi britaniya mediyasına çatdırır.”

Həqiqətən də real həyatda “Prezidentin ətrafı” və “Qutanlar haqqında” filmlərində olduğu kimi (hər iki filmin sonunda siyasi cinayətlərin üzə çıxması emosional rahatlıq və məmnuniyyət hissi yaradır) “katarsis” yoxdur.

Bu halda Qəddafinin devrilməsindən sonrakı Liviyanın halı həmin hallara aid deyil?  İndi biz bilirik ki, Qəddafinin gizli xidmət orqanları qərb həmkarları ilə əməkdaşlıq ediblər, həmçinin şübhəlilərin təhvili məsələsində belə. Biz bu cür, üçüncü dünya ölkəsi ilə qərb insan haqları müdafiəçiləri arasında əməkdaşlığı ancaq ən radikal təzahürlərdə görməyi bacarırıq, məsələn, Konqo Demokratik Respublikasında, həmin o afrika qaranlığının ürəyində gördüyümüz kimi.

Hələ 5 iyun 2006 – da “Time” jurnalında “Dünyamızın ən amansız müharibəsi” adlı məqalə çıxdı. Burada Konqoda həlak olmuş 4 milyon insandan danışılırdı. Ancaq bunun ardından humanitar təşkilataldan heç bir səs çıxmadı – ancaq bir – iki oxuyucu məktubu. Sanki hansısa filtr bu xəbərin yayılmasının və oxuyuculara tam mənada təsir etməsinin qarşısını alırdı.

Əgər bu məsələyə tamamilə vicdansız yanaşsaq, bu zaman deyə bilərik ki, sadəcə olaraq “Time” doğru qurbanları seçməyib: ənənələrdən uzaqlaşmamalı idilər və  müsəlman qadınlarının bədbəxt talelərindən və ya Tibet məzlumlarından yaza bilərdilər.

İndi Konqo mediada bir növ konradsayağı “qaranlığın ürəyi” kimi üzə çıxır (burada britaniyalı yazar Yozef Konradın Mərkəzi Afrikaya səyahəti haqqında bəhs edən eyniadlı əsəri nəzərdə tutulur). İndi heç kim bu mövzunun yayılmasının qarşısını almağa cəsarət edə bilməz. Buna baxmayaraq, Qərb Sahilində fələstinli və ya yahudi, amerikalı bir uşağın ölümü – media üçün, hansısa adsız konqolunun olümündən min dəfə daha əhəmiyyətlidir.

Bu mövzuya niyə məhəl qoymurlar? 30 oktyabr 2008 – ci il Assoşieyted Press agentliyi xəbər verdi ki, Loran Nkuda (Konqonun şərqi vilayaətlərindən birinin paytaxtı olan Qomanı əsarətə alan qiyamçı ordunun generalı) Konqo hökuməti ilə danışıqlar aparılmasını tələb edirdi. O, Çinlə sazişdən imtina etdi; sazişə əsasən, Çin ölkənin zəngin mineral resursları ilə işləmək icazəsi alır, əvəzində dəmir yolları və avtomobil yolları çəkir. Bu saziş özlüyündə yerli silahlı qruplaşmaların liderləri üçün təhlükə yaradır –  bu sazişin həyata keçirilməsi Konqonun vahid dövlət kimi fəaliyyət göstərməsi üçün infrastruktur bazasını yarada bilərdi.

2001 – ci ildə BMT Konqonun təbii sərvətlərinin qeyri – qanuni istismarı haqqında araşdırma apardı. Belə bir nəticəyə gəlindi ki, bu ölkədə hərbi münaqişənin mövcud olmasının əsas səbəbi beş növ mineralın (koltan, almaz, mis, kobalt, qızıl) nəzarəti və ticarətinə dair məsələlərdir. Bu araşdırmaya əsasən, Konqonun təbii sərvətlərinin yerli silahlı qruplaşmaların başçıları və xarici ordular tərəfindən istismarı “sistematik xarakter” daşıyır.  Eyni zamanda Uqanda, Ruanda liderləri (onların ardınca Anqola ilə Zimbabve) öz ordularını ticari silaha çevirdilər. Mobil telefonlarda və noutbuklarda istifadə olunan koltanın satışından Ruanda ordusu 18 ay ərzində 250 milyon dollar qazandı.

Son olaraq BMT – nin hesabatında deyilir ki, parlamentar müharibə və Konqonun dezinteqrasiyası münaqişənin bütün tərəfləri üçün sərfəli vəziyyət yaradıb. Bu böyük ticarətdə uduzan yeganə tərəf – Konqo xalqıdır.

Beləliklə, millətlərarası müharibə fasadının arxasında qlobal kapitalizmin cizgilərini görə bilərik. Mobutu, xüsusilə də onun bir çox ərazilərə bölünmüş və hərbi qruplaşmaların liderləri tərəfindən idarə olunan şərqi hissəsi Sese Sekonun devrilməsindən sonra vahid dövlət kimi mövcud deyil. Onlar, həmçinin narkotikə öyrəşdirilmiş uşaqlardan ibarət olan ordularının köməyi ilə hər bir torpaq sahələrinə nəzarət edirlər. Bu silahlı qruplaşmaların hər başçısı öz regionunun sərvətlərini istismar edir və xarici şirkətlərlə, korporasiyalarla hər birinin ayrıca işgüzar əlaqələri var.

Bu vəziyyət hər iki tərəfi qane edir – korporasiyalar vergisiz faydalı qazıntıların hasilatı ilə məşğul olurlar, əvəzində isə qruplaşmaların başçıları pullarını alırlar. Kinayə həm də bu mineralların mobil telefonların və noutbukların yüksək texnologiyalı istehsalında istifadə olunmasındadır. Ona görə də yerli xalqın vəhşi adətlərini unudun, bu tənlikdən sadəcə bir tərəfi götürməniz kifayətdir ki (xarici hay-tek şirkətləri), guya köhnə incikliklərin səbəb olduğu,  millətlərarası müharibənin “binası” çöksün.

Konqonun resurslarının fəal istismarçılarından birinin – təxminən on il əvvəl baş vermiş qorxunc soyqırımın qurbanları – ruanda tutsilərinin olması da kifayət qədər kinayəli haldır. 2008 – ci ildə Ruanda hökuməti Fransanın keçmiş prezidenti Fransua Mitteranın və onun administrasiyasının tutsi soyqırımında iştirak etdiyini sübüt edən sənədləri təqdim etdi. O vaxt Fransa xutular tərəfindən (ingilisdilli tutsilərə qarşı) təşkil olunmuş çevrilişi dəstəkləyirdi və Afrikanın bu hissəsində öz təsir gücünün bərpası üçün hətta xutu ordusunu silahlandırırdı. Fransanın, özünün bu hadisələrdə iştirak etdiyi barədə ittihamları əsassız sayıb rədd etməsi özü əsassız idi.

Ədalət tələb edirdi ki, Haaqa tribunalı Mitteranı məsuliyyətə cəlb etsin – ancaq qərb hüquq sistemi bu istiqamətdə, artıq o zaman üçün lazımsız dövlət işçisi sayılan, general Avqusto Pinoçeti həbs etməkdən uzağa gedə bilmədi. Mitterana verilmiş hökm bu çıxılmaz vəziyyəti düzəldə bilərdi – ilk dəfə olaraq azadlıq, demokratiya və insan haqları qoruyucusu adına namizəd olan, bir qərb dövlətinin öndə gedən siyasətçisinin məhkəməsi ola bilərdi. Belə bir məhkəmə bizə açıq aydın, medianın üçüncü dünya ölkələrinin “həqiqi” barbarlığının partlayışı kimi təqdim etdiyi bu prosesdə, qərb  liberal qüvvələrinin də iştirak etdiyini nümayiş etdirərdi.

Beləliklə, kapitalizmin “estetik” tərəfi, ideoloji mücərrədlik və “yaddaş silinməsi”ndən ibarət mürəkkəb proses nəticəsində üzə çıxır. Çox şübhəli şəraitdə əldə olunan xammalın (uşaq və qul əməyindən istifadə edərək) ticarəti ilə məşğul olan şirkətlər “etik təmizləmə”  ustalıqlarını uğurla təcrübədə nümayiş etdirirlər – etnik təmizləmənin ticari analoqu. Alqı satqı sistemi xammalın (əslində isə Qərb üçün qəbul olunmaz istehsal şərtlərində istehsal olunan yerlərdən alınma olan) mənşəyinin təyin olunmasını mümkünsüz edir.

Konqo cunqlilərində həqiqətən də qaranlıq hökm sürür, ancaq bu qaranlığın ürəyi – hər yerdədir: işıqlı ofislərdə, banklarda, hay – tek şirkətlərdə.

Bu kapitalist – Kantın dili ilə desək, “doqmatik yuxudan” oyanmaq – qaranlığın əsil ürəyini görə bilmək üçün, indiki vəziyyətə Bertold Brextin “Üçquruşluq opera” – sından bir fikri tətbiq etmək gərəklidir: “Bankı soymaq bankın əsasını qoymaqla müqayisədə nədir ki?”

Kiminsə həbsxanaya düşməsinə səbəb olacaq bir neçə min dolları oğurlamaq – dövlətin səxavətlə mükafatlandırdığı, on milyonlarla insanı evsiz, pulsuz qoyan maliyyə spekulyasiyaları ilə müqayisədə nədir ki?

Konqolu silahlı qruplaşmalarının başçıları – ziyalı, ekoloji problemlərdən narahat olan qərbli top – menecerlərlə müqayisədə nədir ki? Bəlkə də Joze Saramaqo öz müəllif köşə yazısında, böhranda, insanlığa qarşı cinayətlərdə günahkar olan böyük bankların menecerlərini Haaqa tribunalında mühakimə etməyi təklif edərkən haqlı idi.

Bəlkə də onun bu təklifini Jonatan Svift ruhunda poetik mübaliğə kimi yox, tam ciddiyətlə qəbul etmək gərəklidir.

Tərcümə: Vüsal Xəlilov                               (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]



Oxşar yazılar:

Baxış sayı:11337