abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Şəxsiyyət və istehsal üsulu”

Şərh

SOLFRONT  oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin“Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur       

Əvvəli                                                                                  Növbəti

Şəxsiyyət və istehsal üsulu

XX əsr ərzində kommunizm ideyasının tərəfdarlarını daima utopizmdə və müəyyən ideal cəmiyyət qurmaq cəhdində günahlandırırdılar. Amma bu zaman nəzərdən qaçırdı ki, liberal doktrina özü artıq müəyyən ideal cəmiyyətin qurulduğunu nəzərdə tuturdu. Başqa məsələ var ki, o problem və çatışmazlıqlarla zəngindir və çatışmazlıqların kapitalist quruluşun mahiyyətinə heç bir aidiyyəti yoxdur. Bu mahiyyət məğlubedilməz və əbədidir. Sistem çox yaxşıdır, amma insanlar həmişə məyus edirlər.

Marks dərhal sosialist olmamışdır. Onun kapitalizmi tənqidi ondan başlayır ki, o, sistemin təcrübədə necə fəaliyyət göstərdiyini anlamağa çalışır. O aşkar edir ki, onun öyrəndiyi XIX əsr iqtisadi münasibətləri bundan bir neçə yüz il əvvəl hakim olan quruluşdan əhəmiyyətli dərəcədə fərqlənir. Həm də köhnə quruluş öz dövründə də yenisindən pis fəaliyyət göstərmirdi, amma öz qanunları ilə.

Sosial-iqtisadi sistemlər tarixidirlər. Bəs onları bir-birlərini əvəz etməyə nə vadar edir? Əgər liberallar müəllimlərin bəhs etdiyi ümumi mütləq qanun yoxdursa, cavabı inkişaf prosesində, ictimai quruluşun elementlərinin necə təkamül etməsində və şəkil dəyişməsində axtarmaq lazımdır.

Məhz bu sadə fikir Marksı, kapitalizm ideoloqlarının nəzər nöqtəsində, sistemin ən qorxulu düşməninə və son iki əsr nəzəriyyəçiləri arasında ən təxribatçı şəxsiyyətə çevirdi. Başqa məsələ var ki, heç də hər kəs söhbətin nədən getdiyini anlamadı. Tez-tez iqtisadi determinizmi o mənada başa düşürlər ki, insanlar öz maddi maraqlarına uyğun olaraq hərəkət edirlər. Amma biz çox gözəl bilirik və çox sayda misallara malikik ki, insanlar öz mənafelərinin əksinə də hərəkət edirlər. Özü də insanların öz şəxsi mənafelərinə istiqamətlənmələri özlüyündə kapitalizmin ən vacib psixoloji nəticəsidir. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, maddi uğura nail olmağa həvəsləndirilirik. Bu, sadəcə olaraq qəbul olunan deyil, həm də özlüyündə dəyərdir. Onunla qürur duyulur. Əgər biz, məsələn, qədim xristian icmalarında və ya bazardan təcrid olunmuş patriarxal qəbilədə yaşasaydıq, şəxsi uğura münasibət tamamilə başqa olardı.

Beləliklə, söhbət iqtisadi maraqlardan deyil, iqtisadi münasibətlərdən gedir. Marksın yenilikçiliyi də məhz bundadır. İnsanların davranışları ilə onların maddi maraqları arasındakı əlaqəyə gəldikdə isə, hələ qədim yunanlar bunu çox gözəl başa düşürdülər, hələ italyan İntibahının mütəfəkkirlərini demirəm. XVII–XVIII əsr ingilis liberal mütəfəkkirləri üçün iqtisadi maraqların mübarizəsi təbii bir haldır. Buna görə də siyasi sistemdə bir şəxsi marağı digərindən qoruya biləcək nəzarət və tarazlıq kombinasiyaları uydururdular.

1960–cı illərdə Frankfurt məktəbinin nəzəriyyəçilərindən biri olan Erix Fromm klassikaya çevrilmiş “Marksın insan konsepsiyası” əsərini dərc etdirdi, burada çox gözəl göstərmişdir ki, Marks insanın iqtisadiyyatdan asılılığını daha dərin başa düşürdü. Hətta kapitalizmdə də, onun maddi mənafe kultu ilə, şəxsi maraq həmişə insan davranışını müəyyən etmir. Amma insanlar sistemdən azad deyillər. Onların psixologiyası, mədəniyyəti, maraqlarının nədən ibarət olması haqqındakı təsəvvürləri cəmiyyət tərəfindən formalaşdırılır. Cəmiyyətin strukturu isə, son nəticədə, Marksın istehsal üsulu adlandırdığı ünsürlə müəyyən olunur.

Marks üçün fərdlərin və korporasiyaların burjua cəmiyyətində rəqabət mübarizəsi maraqlı deyil. Ona başqa şey maraqlıdır: nə üçün bu iqtisadi maraq məhz kapitalizm zamanı dominant olur? Nə üçün məhz belə bir insan, belə bir şəxsiyyət tipi ortaya çıxır? Nə üçün fransız zadəganları bir-birlərini şərəf üstündə, Vəhşi Qərb kovboyları isə pula görə öldürürdülər?

Hər bir cəmiyyət öz insanını (bu mənada kommunist homo soveticus burjua homo economicus qədər məhduddur –  hər bir tip müəyyən formalaşmış norma və qaydalar sistemini əks etdirir) formalaşdırır.

Məsələ dövrlərin fərqinə də gətirilə bilər. Eyni dövrdə müxtəlif insan tipləri mövcud ola bilər. Yeri gəlmişkən, məhz bu fərq bir qrup insanlara digərləri ilə manipulyasiya etməyə imkan verir (əgər hamı eyni düşünsə idi, siyasi manipulyasiyalar qeyri-mümkün olardı). Bunun parlaq misalı Xaç yürüşləridir. Bir tərəfdən, biz venesiyalıların aşkar kommersiya maraqlarını görürük ki, onlarda artıq ticarət kapitalizmi formalaşır. Onlar ticarət yolu açmalıdırlar, Tanrının qəbri onları az maraqlandırır, onlar pul qazanırlar. Onlarla bərabər isə kafirləri soymağa qarşı olmayan, amma çox dindar cəngavərlər var. Xaç yürüşlərini sadəcə olaraq ideologiya ilə pərdələnmiş kommersiya əməliyyatı kimi başa düşmək olmaz. Amma venesiyalı gəmi sahiblərinin nəzər nöqtəsinə görə, bu belədir. Nəticədə Dördüncü Xaç yürüşü iştirakçıların böyük hissəsinə qarşı – kafirlərlə mübarizənin əvəzinə, pravoslav Konstantinopolun fəthinə çevrilir. Daha çox inkişaf etmiş burjua münasibətlərinə əsaslanan sosial qruplar geridə qalmış kütləni manipulyasiya etmək imkanına malik idilər.

Analoji manipulyasiyanı biz sovet dövrünün sonlarında müşahidə edə bilərdik ki, bu zaman ölkəni açıq şəkildə kapitalizmə çevirməyə səy göstərən elita ardınca milyonlarla sovet insanını aparırdılar ki, bu cür dəyişikliklərdən onlar üçün problemlərdən başqa heç nə gözlənilmirdi. Amma bu və ya digər şəkildə beynəlxalq proseslərə daxil olmuş, zəruri bilik və əlaqələrə malik olan bürokratik və intellektual elitanın nümayəndələri böyük üstünlüklərə malik idilər. Onlar kapitalizmin nə olduğunu başa düşürdülər ki, onların ardınca gedən kütlə isə – bunu bilmirdi. Sovet insanının əksər hallarda tamamilə qeyri-burjua olması, kapitalizmə heç hazır olmaması SSRİ-də kapitalizmin restavrasiyası üçün ideal siyasi şərait yaratdı.

Təsəvvür edin ki, sizə qurulmuş tapancanı gicgahınıza dayamağı və tətiyi çəkməyi təklif edirlər. Aydın məsələdir ki, siz imtina edəcəksiniz. Amma əgər siz heç vaxt tapanca görməmisinizsə və hətta onun nə olduğunu bilmirsinizsə – nə üçün yoxlamayasız?

Amma, gəlin istehsal üsuluna qayıdaq. Söhbət nədən gedir? Sizin müəyyən texnologiyanız, müəyyən resurslarınız – istehsal vasitələri və alətləriniz var. Əlimizdə nə olduğundan asılı olaraq, bütün bunların üstqurumu olan əməyin təşkili də, idarəetmə sistemi də, sosial iyerarxiya da müxtəlif olacaq. Bizdə elitanın qayğısız mövcudluğunu təmin edən işçilər var. Amma bir halda bu zəhmətkeş dövlət məmuruna tabe olan azad icmaçı, digərində – qul, üçüncüsündə – təhkimli kəndli, dördüncüsündə isə – azad muzdlu işçi və s. olacaq. Sadalanan hər bir vəziyyətdə zəhmətkeşlərdən izafi məhsul müsadirə olunur (əks halda elita nə idarəetmə ilə məşğul ola bilərdi, nə şeir yaza bilərdi, nə müharibə apara bilərdi, nə də dünyanın yaranmasını tədqiq edə bilərdi). Amma bu məhsulun müsadirə üsulu hər dəfə dəyişir.

Marks inkar etmir ki, izafi məhsulun müsadirəsi prinsipcə zəruridir. Çünki əgər bütün məhsul bölüşdürülsə və dərhal istehlak olunsa, yığım, təkrar istehsalın genişləndirilməsi mümkün olmayacaq, yeni avadanlığın yaradılması qeyri-mümkün olacaq. İstehsal olunmuş məhsulun bir hissəsi birbaşa istehsalçı tərəfindən müsadirə olunmalıdır, əks halda o, məhsulu sadəcə olaraq yeyib bitirəcək.

Sənayenin inkişafı istehsalçıdan izafi məhsulun kifayət qədər kütləvi şəkildə müsadirəsi olmadan mümkün olmazdı. Vasitələrin yığımını təmin etmək lazımdır, konstruktor layihələri lazımdır, sadəcə yeni maşınlar deyil, hələ kadrların hazırlanmasını bir kənaraq qoyaq, həm də müvafiq infrastruktur lazımdır. Əgər bizim ənənəvi aqrar cəmiyyətimiz varsa, müəyyən kiçik miqdarda taxılı növbəti səpin üçün kənara qoyub, becərilən hər şeyi yeyə bilərik. Halbuki hələ İncildəki Yusif demişdi ki, belə etmək olmaz, strateji ehtiyatlar yaratmaq lazımdır.

Yusif müəyyən mənada fironun iqtisadiyyat naziri idi və sözsüz ki, görkəmli menecer idi. Dahiyanə şəkildə o, firona sübut etdi ki, onun kök və arıq inəklər haqqındakı kabusları yeddi məhsuldar ildən sonra yeddi məhsulsuz ilə işarə idi. Firon inandı, Yusifə fövqəladə səlahiyyətlər verdi və o, sistemli şəkildə taxılı ayırmağa və yığmağa başladı.

Asanlıqla bilmək olar ki, bazar metodları ilə o, heç nəyə nail ola bilməzdi. Taxılı sadəcə olaraq verməzdilər: şəhərin və dövlətin, bazar vasitəsilə taxıla mübadilə edə biləcəyi əmtəələri yox idi, həm də o şərtlə ki, bu ərzağa illərlə heç kim toxunmayacaq.

Deməli, izafi məhsulu yalnız dövlət – məcburi və təmərküzləşmiş şəkildə müsadirə edə bilərdi. Burada hakimiyyət iqtisadi sistemin sabitliyinin və ümumilikdə cəmiyyətin sağ qalmasının müəyyən zamini kimi çıxış edir. Eyni zamanda o, öz iyerarxik sistemini formalaşdırır. Məmurları saxlamaq, uçot aparmaq, anbarların işini və növbəti mərkəzi bölgünü tənzimləmək lazımdır. Bu, bizim qərb kapitalizmində, hətta – onun ən erkən mərhələlərində gördüklərimizdən əhəmiyyətli dərəcədə fərqlənir.

Marks bunu istehsalın Asiya üsulu adlandırırdı. Bu termin nəticədə tənqidə məruz qaldı. Amma indi bizim üçün terminologiya deyil, məsələnin mahiyyəti vacibdir. Biz görürük ki, qədim Misirdə olan aqrar texnologiyalar, istehsal qüvvələri, iqtisadi prosesin iştirakçılarının, məsələn, bir neçə yüz il sonra qədim Romada olduğundan tamamilə fərqli davranışını şərtləndirirdi. Müvafiq olaraq, sosial iyerarxiya, hakimiyyət strukturu, ideologiya və mədəniyyət fərqli formalaşırdı.

Buradan klassik marksizm üçün kifayət qədər prinsipial nəticə çıxır ki, izafi məhsulun müsadirəsi istənilən mürəkkəb iyerarxik cəmiyyət üçün zəruri formadır, ən azından biz bəşər mövcudluğunun keyfiyyətcə yeni formasına çatana qədər. Zəhmətkeşlərin istismarı bundan ibarətdir. Amma hər bir cəmiyyət bu məhsulu fərqli yolla müsadirə edir. Bir cəmiyyətdə məhsulu sadəcə olaraq almaq olar, hakimin xeyrinə zəhmətkeşlərə vergi qoymaq olar (və sizdə preslovutiy asiya istehsal üsulu alınacaq), torpaq sahibinin xeyrinə emal etməyə məcbur etmək olar (və bu zaman feodal sistemi alınacaq). İnsanları pulsuz işləməyə məcbur etmək olar. Və bu mütləq quldarlıq quruluşu olmayacaq. Rusiyada 1990-cı illərdə aylarla əmək haqqını verməmək olardı, halbuki köləlik rəsmi olaraq elan olunmamışdı. Kapitalizm prinsipial şəkildə istismarın digər formalarından onunla fərqlənir ki, izafi məhsulun müsadirəsini azad muzdluluq əsasında təmin edir, yəni bu pul sistemi, əmək haqqı münasibətləri vasitəsilə baş verir. Siyasi iqtisadın dili ilə desək, artıq izafi məhsul deyil, izafi dəyər müsadirə olunur.

Bu, kapitalizmin prinsipial fərqidir. Əgər mən bir hissə taxıl becərmişəmsə, sonra isə onun müəyyən hissəsini əlimdən alıblarsa, bunun üçün muzdluluq münasibətləri lazım deyil, dövlət vergisi və ya feodal məcburetmənin mövcudluğu münasibətləri kifayətdir. Əgər söhbət məhz izafi dəyərin müsadirəsindən gedirsə, münasibətlər tamamilə fərqlidir, çünki, kobud dillə desək, tikiş maşını istehsal edən işçilər onları istehlak etmək iqtidarında deyillər. İşçinin özünə, istehsal etməyə qadir olduğu qədər tikiş maşını lazım deyil. 1990-cı illərdə işçilərə əmək haqqını natura, istehsal məhsulu ilə ödəməyə başlayanda, bu, işçilər üçün fəlakət idi. Bir neçə yüz farfor boşqablar sizin nəyinizə gərəkdir. Və ya qaldırıcı kran (əməyin belə ödəniş forması da olmuşdu). Bir dəfə Ukraynada işçilərə əmək haqqı kimi tabutlar vermişdilər. Təbii ki, lazımlı əşyadır, amma təcili tələbatlara daxil deyil…

Kapitalist istismarı münasibətləri – pul münasibətləridir. Onlar əmək haqqı prioriteti üzərində qurulublar, bu zaman işçiyə onun işçi qüvvəsinin faktiki dəyərini ödəyirlər. Daha doğrusu, əmək haqqı işçi qüvvəsinin qiymətidir. Əmək haqqı əslində istehsal olunmuş məhsulun kəmiyyəti və keyfiyyəti ilə deyil, əmək xərcləri ilə deyil (amma bəzən əməkdaşın məhsuldarlığı ilə əlaqədardır), hər şeydən əvvəl işçi qüvvəsinin istehsal dəyəri ilə müəyyən olunur. Bu nöqteyi – nəzərdən, menecerə ofisdəki yüngül əməyə görə, dəzgah qarşısında və buruqda duran işçiyə ödənildiyindən yüz dəfə çox pul ödənməsində ədalətsiz heç nə yoxdur. Menecer ofisə Pyer Karden markalı bahalı qalstukla və “Mersedes”də gəlməlidir. Bəs buruqlarda Pyer Karden qalstukunun və “Mersedes”in nə xeyri var? İşçi sinfi etikası nöqteyi nəzərindən yolverilməz ədalətsizlik kimi görünənlər kapitalist sisteminin daxili məntiqi nöqteyi nəzərindən tamamilə ədalətli və düzgün görünür. Başqa məsələ odur ki, bizim artıq gördüyümüz kimi, bu məntiq yeganə mümkün məntiq deyil.

Tərcümə: Ləman Orucova                                                  (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:11713