abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Polkovnikin ölümü

Şərh

Fransanın müdafiə naziri Jerar Lonqe açıqladı: onun ölkəsinin aviasiyası oktyabrın 20 – si səhər BMT – nin üzvü olan başqa bir ölkənin ərazisində 15 maşından ibarət karvanı bombalayıb. Qəzzafi, oğlu, daha azı 50 nəfər həmin karvandaydı.

Sonra ağır yaralı Qəzzafini daha çox Kusturitsanın filmlərindəki qaraçı taborunu xatırladan “üsyançılar” ələ keçirir. Onların 8 aydır işləri budur: Ölkələrini NATO – ya bombaladıb, sonra girib şəhərlərdə yaralıları güllələyir, əsirlərə işgəncə verir, qadınları zorlayır, evləri qarət edirlər (Bunu Amnesty International da təsdiqləyir).

 Elə onlar da canvermə ilə yoxluq arasında olan Polkovniki linç edirlər. Aqoniya xırıltıları keçirən, artıq huşu başında olmayan, son nəfəsdəki insanı “Allahu əkbər” çığırtıları altında döyür, söyür, saçlarını didir, çəkməsini başına vurur (İslamda ən böyük təhqirlərdən biri), sonra da güllə ilə bitirirlər.

 Bu kadrlara əl telefonunda baxan Hilari Klinton “Vov!” qışqırır (Videonu Dayli Mail-də gördüm). Sonra da çıxıb elan edir: “Rahat nəfəs almaq olar, daha bir maneə məhv edildi”.

 Əlbəttə, söhbət “Amerika demokratiyası” yolundakı maneədən gedir. O “demokratiya”nı Klinton əl telefonunda gördüyü başkəsənlərlə birlikdə quracaq. Yeni marionet hökumətə isə fevrala qədər Liviyanın ədliyyə naziri olmuş kollaborasionist başçılıq edəcək.

 Obama, Sarkozi, Berluskinin reaksiyaları: “Qəzzafinin məhvini alqışlayırıq!” Bizsə elə bilirdik ki, normal leksikonda, liberal dəyərlərdə “alqışlamaq” nekrofiliya ilə yox, bayramla, həyatla, müsbət emosiyalarla bağlıdır. Liberal – faşizmdə əksinəymiş.

 Hələ yayda NATO məqsədlərinin Qəzzafini məhz məhv etmək olduğunu açıqlamışdı. Yəni, heç bir məhkəmə olmayacaq. Elə Kusturitsa personajlarına, 21 – ci əsrin “vlasovçular”ına da məhz Qəzzafini öldürmək tapşırılmışdı. Əks halda məhkəmədə o, müttəhimdən ittihamçıya çevrilə bilərdi. Son 5 ildə liberala çevrilmiş Qəzzafi Qərblə yaxınlaşmaları, Obama, Sarkozi, Berluskoni ilə əməkdaşlığı barədə saysız faktları dilə gətirərdi.

 Polkovnik sonunun nə ilə bitəcəyini bilirdi və ona hazırdı. Ölkəsindən heç yerə getməyəcəyini demişdi və sözünü tutdu. Nahaq yerə onu “Məcnun” adlandırmırlar. Bu, dəlilik yox, ideyasında israrlılıq əlamətidir. Qəzzafi ölümü seçmişdi. Yoxsa lap əvvəldən ölkədən çıxıb gedərdi. Onu Venesuelada Uqo Çaves, Zimbabvedə Muqabe, Uqandada Museveni gözləyirdi. Pulunu da, ailəsini də xilas edərdi. Getmədi. Və heç olmasa buna görə bu insana apriori simpatiya bəsləmək lazım.

 “Qəzzafini xalq yıxdı” deyən çeşidli personajlar isə nədənsə söhbət 1993 – cü ildən və Azərbaycandan düşəndə bunun tərsini söyləyirlər. Axı onların məntiqi ilə elə Elçibəy hökumətini də xalq yıxıb, Heydər Əliyevi də xalq gətirib.

 Belədirmi? Xeyr. “Cəbhə hakimiyyəti”ni xalq yıxmamışdı – bu, mənim fikrimdir. Necə ki, Qəzzafini xalq devirmədi. Bunun əksini söyləyənlər öz 18 il əvvəlki tarixlərini də təftiş etməlidirlər.

 Qəzzafinin qətli ilə başlayan Liviya tarixi NATO ilə kollaborasionistlərin birgə “sənət əsəri”dir (Elə 18 il əvvəl də Bakıdan Naxçıvana zəngi xalq yox, o vaxtın baş naziri etmişdi). Liberal – faşizmlə “polisay”ların “sənət əsəri”. 21 – ci əsrin Hitleri ilə 21 – ci əsrin “vlasovçular”ının. Və elə Qəzzafinin son dəqiqələri də polisayların partizanlara tutduğu divanı xatırladır.

 Qəzzafinin son 5 illik idarəçiliyi (Qərbə yaxınlaşması) onun böyük səhvi idi. Ölkəsində “Xalq kapitalizmi” (nonsens) qurmağa başlayan, kloun Sarkozini maliyyələşdirən Qəzzafi tələyə düşdü. Buna baxmayaraq, üstünə bütün dünyanın yeridiyi Polkovnik 8 ay müqavimət göstərməklə Qərbin gözlədiyi “domino effekti” ssenarisini yerə vurdu.

 Qəzzafi antiimperialist idi və Sol deyildi. Düzdür, nə vaxtsa İdi Əmin də, Pol Pot da antiimperialist idilər. Ancaq fərq ölçüyəgəlməzdir. Qəzzafinin iqtisadi və sosial siyasətinə ilişə bilməyənlər onun on minlərlə insanı məhv etdirdiyini yazırlar. Yalan! Onlar Qəzzafini İdi Əminlə, balaca Buşla, Sarkozi ilə səhv salıblar. 42 illik hakimiyyətində Liviya lideri heç vaxt kütləvi repressiyalara əl atmayıb, türmələri siyasi məhbuslarla doldurmayıb, hətta uzaq 1969 – cu ildə kral İdrisi devirəndə də qan tökməyib. Kralın həbs olunan oğlunu isə 1 gün sonra sağ – salamat azad edib (Kral özü o vax Türkiyədə müalicədə idi).

 İndi Liviyada qapqara dövr başlayır: Hamı hamıya qarşı. Və o dövrün necə olacağından Qəzzafinin qətl səhnəsi, bu səhnəni müşayiət edən “Allahu əkbər” qışqırtıları, aqoniyada olan insanın linçi, oğlunun cəsədinin hamının seyrinə çıxarılması və bütün bunların həyasızcasına tirajlanaraq yayılması əyani xəbər verir. Və özünü liberal dəyərlərin, insan haqlarının müdafiəçisi sayanlar həmin görüntüləri yayıb bəh – bəhlə şərh edirlər. Nekrofillər… Siz artıq həyatda olmayan insanı təhqir etmirsiz, özünüzün içini təbliğ edirsiz.

 Yəqin “demokratiya” və “liberal dəyərlər” elə buymuş – işğala, nekrofiliyaya, işgəncələrə “Hə” qışqırmaq…


Oxşar yazılar:

Baxış sayı:13787

Şərhlər

  1. Fuad Eminov deyir:

    Автор видимо знает правила арабского языка и поэтому пишет Газзафи. Это правильный вариант. Арабский звук з легко переходит в д в зависимости от диалекта.