abunə ol: Yazılar | Şərhlər | Еmail

Slavoy Jijek – Uol – strit nümayişçilərinə müraciət

Şərh

Sistem bizim xəyal etmək bacarığımızı boğub. Biz həmişə hansı filmlərə baxırıq? Bizim üçün dünyanın sonunu – deyək ki, asteroidin düşməsini və planetdə canlı olan hər şeyin məhv olmasını təsvir etmək – kapitalizmin sonunu təsvir etməkdən daha asandır.

Bizi uğursuz adlandırırlar, amma əsl uğursuzlar orada – Uol stritdədirlər. Onlara, bizim milyardlarla pullarımızı verməklə kömək edirdilər. Bizi sosialist adlandırırlar, amma burada sosializm həmişə mövcud idi –təkcə zənginlər üçün. Onlar deyirlər ki, biz özəl mülkiyyətə hörmət etmirik, amma 2008 – ci ilin maliyyə böhranı o qədər özəl mükiyyət – həm də ağır zəhmətlə əldə edilmiş – məhv etdi ki, əgər biz gecə və gündüz, həftələr ərzində onun məhvi ilə məşğul olsaydıq, bundan daha az məhv etmiş olardıq. Onlar deyirlər ki, biz xəyalpərəstlərik – amma əsl xəyalpərəstlər, bu vəziyyətin sonsuz şəkildə davam edəcəyini düşünənlərdir. Və biz yuxuda deyilik – biz, gecə kabusuna çevrilmiş yuxudan oyanırıq.

Biz heç nəyi məhv etmirik. Biz sadəcə olaraq, sistemin özünü necə məhv etməsinə tamaşa edirik. Cizgi filmlərindəki klassik səhnə bizə tanışdır: pişik uçuruma qədər qaçır və ayaqları altında artıq torpağın olmadığını bilmədən, qaçmağa davam edir. Aşağı baxarkən, o bunun fərqinə varır və düşməyə başlayır. Burada da məhz bu baş verir – biz Uol – stritdəki adamlara deyirik: “Ey, aşağı baxın!”
2011 – ci il aprelin ortalarında çin hökuməti televiziyada, alternativ reallıq və zamanda səyahət kimi filmlərin və romanların göstərilməsinə qadağa qoydu. Bu, yaxşı əlamətdir, çünki ondan xəbər verir ki, çinlilər alternativ reallıq haqqında xəyal qururlar və nəticə etibarilə, bu xəyalları qadağan etmək lazımdır. Burada isə  bu cür qadağalara ehtiyac yoxdur – hakim sistem bizim xəyal etmək bacarığımızı boğub. Biz həmişə hansı filmlərə baxırıq? Bizim üçün dünyanın sonunu – deyə ki, asteroidin düşməsini və planetdə canlı olan hər şeyin məhv olmasını təsvir etmək – kapitalizmin sonunu təsvir etməkdən daha asandır.

Beləliklə, biz indi nə edirik? İcazə verin, sizə kommunizm dövründən olan gözəl bir lətifə danışım. Bir gənci Şərqi Almaniyadan Sibirə işləməyə göndərirlər. O bilir ki, onun məktublarını senzura nəzərdən keçirəcək, buna görə də öz dostlarına deyir: “Gəlin gizli şirfə haqqında razılaşaq. Əgər mənim məktublarım göy mürəkkəb ilə yazılarsa – deməli, biz sizə həqiqəti yazıram, əgər mürəkkəb qırmızıdırsa – yazdıqlarım yalandır”. Bir aydan sonra onun dostları məktub alırlar: “Burada hər şey çox yaxşıdır. Mağazalar keyfiyyətli mallarla doludur. Kinoteatrlarda qərb filmləri göstərirlər. Mənzillər böyük və dəbdəbəlidir. Ala bilməyəcəyiniz yeganə şey – qırmızı mürəkkəbdir”. Bu lətifə bizim haqqımızdadır – bizim yaşayışımız haqqındadır. Biz, istədiyimiz bütün azadlıqlara malikik. Bizim təkcə qırmızı mürəkkəbimiz – bizim qeyri – azadlığımızı çatdıra biləcəyimiz dilimiz yoxdur. Bizə azadlıq haqqında, özlüyündə azadlığı saxtalaşdıran müharibə və terrorizm dili ilə danışmağı öyrədirlər. Siz burada buna görə toplaşmısınız – hamımıza qırmızı mürəkkəb vermək üçün.

Amma müəyyən təhlükə mövcuddur. Özünüzə vurğun olmayın. Biz burada çox gözəl vaxt keçiririk. Yadda saxlayın – karnavallar tez bitirlər. Bəs növbəti gün – biz adi həyat tərzimizə qayıtdıqda nə baş verəcək? Hansısa dəyişikliklər baş verəcəkmi? Mən istəmirəm ki, siz sonralar burada keçirdiyiniz günləri: “Ah, biz gənc və sağlam idik!” kimi ifadələrlə xatırlayasınız. Yadda saxlayın ki, bizim əsas ismarıcımız: “Alternativ haqqında düşünmək icazəmiz var” ifadəsidir. Biz dünyaların ən yaxşısında yaşamırıq və qarşıda bizi uzunn yol gözləyir. Bizim qarşımızda həqiqətən də mürəkkəb proseslər dayanır. Biz nə istəmədiyimizi bilirik – bəs o zaman biz nə istəyirik? Cəmiyyətin nə yolla təşkili kapitalizmi əvəz edə bilər? Bizə nə tip yeni liderlər lazımdır?

Yadda saxlayın ki, problem korrupsiya və ya tamahkarlıqda deyil. Problem – sistemin özüdür. O, sizi korrupsiyaya vadar edir. Yalnız düşmənlərinizdən deyil, həm də artıq sizin etirazlarınızı məzmunsuzlaşdırmaq üzərində işləyən saxta dostlardan da özünüzü qoruyun. Siz kofeinsiz kofe, alkoqolsuz pivə içirsiniz, yağsız dondurma yeyirsiniz – eyni şəkildə onlar da sizin etirazınızı təhlükəsiz istiqamətdə yönəltmək – kofeinsiz kofe düzəltmək istəyirlər. Biz buraya ona görə gəlmişik ki, daxili rahatlıq hissi üçün Koka – Kola bankalarınnı yenidən istehsala verməyin, xeyriyyəçilik üçün iki dollar ödəməyin və satışından 1% – nin üçüncü dünyanın aclıqdan əziyyət çəkən uşaqlarına xərcləndiyi Starbaks – dan kappuçino almağın kifayət olduğu dünya bizi bezdirib. İş yerində autsorsinq, nigah agentlikləri ilə autsorsinq – və biz həm də bizim siyasi iştirakımızın autsorsinqini keçirməyə imkan veririk. Yox, biz hər şeyi özümüzə qaytarmaq istəyirik.

Əgər kommunizm adı altında 1990 – cı ildə süqut etmiş sistem nəzərdə tutulursa, biz kommunistlər deyilik. Yadda saxlayın ki, o kommunistlər çox uğurlu və amansız kapitalistlərə çevrildilər. Müasir Çində kapitalizm, amerikan kapitalizmindən daha dinamikdir – və ona demokratiya lazım deyil. Bu deməkdir ki, siz kapitalizmi tənqid edərkən, heç kimə sizi belə bir iddia ilə hədələməyə imkan verməyin ki, guya siz demokratiyaya qarşısınız, kapitalizm və demokratiya arasındakı Nigah çoxdan pozulub. Dəyişikliklər mümkündür. Bəs biz indi mümkün olan şey kimi nəyi qəbul edirik? Bizim media nə barədə danışır? Bir tərəfdən, texnologiyalar və seksuallığa dair məsələlərdə – deyəsən, hər şey mümkündür. Aya getmək olar, biogenetika bizi ölümsüz edə bilər, siz heyvanlarla sekslə məşğul ola bilərsiniz. Amma bizim cəmiyyətə, iqtisadiyyata baxın – axı burada hər şey demək olar ki, qeyri – mümkündür.

Siz zənginlər üçün vergilərin az da olsa artırılmasının tərəfdarısınız – və sizə deyirlər ki, bu mümkün deyil. Biz rəqabət qabiliyyətimizi itirmişik. Siz istəyirsiniz ki, səhiyyə daha yaxşı maliyyələşdirilsin – və sizə deyirlər: “Mümkün deyil, bu – totalitar dövlət deməkdir”. Sizə ölümsüzlüyün vəd edildiyi və eyni zamanda səhiyyə üçün daha çox pul ayrılmasının qeyri – mümkün olduğu dünyada nəsə düzgün deyil. Ola bilər ki, biz burada, məhz indi öz prioritetlərimizi müəyyən etməliyik. Biz daha yüksək həyat səviyyəsi istəmirik. Bizim kommunist olduğumuz yeganə şey – odur ki, biz ümumi olan haqqında qayğılanırıq (the commons). Təbiətin ümumiliyi, özəlləşdirilən intellektual mülkiyyətin ümumiliyi, biogenetikanın ümumiliyi haqqında. Buna görə və məhz buna görə biz mübarizə aparmalıyıq. Kommunizm iflasa uğradı – amma ümumilik problem hələ də qalıb. Onlar orada deyirlər ki, biz amerikan deyilik. Amma özlərini həqiqi amerikanlar kimi göstərən fundamentalist – konservatorlara bir şeyi xatırlatmaq lazımdır: Xristianlıq nədir? Bu, müqəddər ruhdur. Müqəddəs ruh nədir? Bu, bir – birlərinə sevgi ilə bağlanmış möminlərin eqalitar cəmiyyətidir. Onların öz azadlıqları və ona görə daşıdıqları məsuliyyətləri var. Bu münasibətdə müqəddər ruh məhz buradadır. Aşağıda isə – öz alçaq idollarını ilahiləşdirmiş bütpərəstlərdirlər.

Bizə lazım olan tək şey – səbirdir. Qorxduğum yeganə şey – odur ki, biz sadəcə evlərimizə gedəcəyik, sonra isə ildə bir dəfə – pivə içmək və nostalgiya hissi ilə xatırlamaq üçün toplanacağıq: “O vaxt hər şey necə də maraqlı idi!” Özünüzə söz verin ki, bu baş verməyəcək. Biz bilirik ki, insanlar tez – tez əslində etmək istəmədiklərini edirlər. Həqiqətən də arzu etdiyinizi istəməkdən qorxmayın.

 Təşəkkürlər.

                                      (c) SOLFRONT.org

[Məqalə original yazıdan Solfront.org üçün hazırlanıb]


Oxşar yazılar:

Baxış sayı:11219