abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Çin: Neoliberalizmin gizli silahı

Şərh

Nə üçün Əjdahaya etibar etməyə dəyməz?

Xarici kapital üçün Çin təkcə ucuz işçi qüvvəsi ilə deyil, eləcə də prinsipcə, yalnızca totalitar rejim tərəfindən təmin oluna biləcək tam şərtlər kompleksi ilə cəlbedicidir. Çinin yüksəlişi periferik ölkələrin ardıcıl böhranına çevrilir, buna 2000 – ci illərin Latın Amerikasında siyasi sarsıntılarından başlayaraq, Şimali Afrikadakı inqilabları misal göstərmək olar.

Birləşmiş Ştatlarda 2007 – 2008 – ci illərdə olduğu kimi, maliyyə problemləri ilə əlaqədar olaraq başlayan yeni böhran dalğası Rusiyada, Çini təkcə yüksələn sənaye qüvvəsi deyil, eləcə də gələcəyin dünya lideri, yeni hegemonu kimi görənlərin, onun ünvanına  növbəti heyrətli şərhlər partlayışını doğurdu.

Oxşar fikirlərlə təkcə Rusiyada rastlaşmırıq – Andre Quder Frankın və Covanni Arriqinin ölümqabağı  yazılarını xatırlamaq kifayətdir. Nəzərdən qaçırmaq olmaz ki, qərbin bu sol nümayəndələrinin proqnozları ömürlərinin sonuna yaxın onları əhatə edən  ideoloji yayınmalar və metodoloji dezorientasiya ilə sıx bağlıdır.

Onlar sosializm və inqilabda məyus olaraq, əvvəlki kimi qərb imperializminin məğlub olması haqqındda arzular qurmaqda davam edirdilər. Sadəcə olaraq, bu məğlubiyyət zərbəsini kapitalizmdən fərqli qanunlarla yaşayan yeni sinif və ya yeni ictimai sistem deyil, sadəcə eyni sistem çərçivəsində olan güclü rəqib vurmalıdır. Rusiyada da Çinə qarşı heyranlıqlar nevrotik şəkil alır: öz ölkələrinin Qərblə münasibətlərində müstəqil rol oynamasına  nə qədər az inanırlarsa, Çinə olan ümidlərini  bir o qədər artırırlar.

Lakin problem mütəxəssis cəmiyyətindəki bu əhval – ruhiyyənin nədən irəli gəldiyində yox, onların həmin əhval – ruhiyyədən doğan rəylərinin həqiqətə nə dərəcədə uyğun olmasındadır. Dünya siyasəti və iqtisadiyyatındakı cari vəziyyət Çin və Amerika arasında gərginlik və ya qarşıdurmanın artmasını nümayiş etdirmir, baxmayaraq ki, iki ölkə arasındakı hər hansı xırda texniki fikir ayrılıqları ümidsizcəsinə tarixi çağırış kimi təsvir edilir.

İki güclü hakimiyyət bir – birlərini tamamlayaraq və dəstəkləyərək qarşılıqlı fəaliyyətdə inkişaf edirlər. Hələ bir neçə il bundan əvvəl ingilis tarixçisi Nayan Ferqyuson bu müttəfiqliyi “Çimerika” termini ilə ifadə etmişdi. Söhbət təkcə Çin sənayeləşməsinin amerikan tələbləri, sərmaye və texnologiyasına əsaslanmasından getmir. Xarici texnologiyadan bütün geridə qalmış ölkələr, o cümlədən Stalin dövründəki SSRİ də istifadə edirdi. Fərq ondadır ki, Stalin dövründəki Sovetlər İttifaqı kapitalizmə inteqrasiya edərək deyil, ondan uzaqlaşaraq dünyadakı yerini təyin edirdi.

O ki, qaldı bu günki Çinə, o təkcə Qərb tərəfindən əmək bölgüsü çərçivəsində onun üçün  təklif olunan və formalaşdırılan rolu ifa etmir, eləcə də bu sistemin vacib stabilizator və müdafiəçisi kimi qalır. Söhbət “ümumiyyətlə” kapitalizm barədə yox, məhz  transmilli maraqlar üçün ABŞ – ın səyləri nəticəsində formalaşan neoliberal qlobal iqtisadiyyatın konkret modelindən gedir.

Çinin 2000 – ci ildəki müvəffəqiyyətini təhlil edərək, Arriqi Çinin, neoliberalizmin ona gətirdiyi imkanlardan uğurla istifadə edə bildiyini qeyd etmişdi (açıq bazarlar, kapitalların azad axını, ucuz işçi qüvvəsi olan ölkəyə sərmayə axınları). Lakin neoliberalizmin Çinə nələr verdiyindən danışarkən, Arriqi Çinin neoliberalizmə nələr verdiyi barədə düşünməmişdi. Başqa sözlə desək, XXI əsrin ilk onilliyində Qərbdən Çin Xalq Respublikasına niyə belə güclü sərmayə və texnologiya axını baş verdi, nə üçün amerikan və qərbi avropa korporasiyaları belə həvəslə mənimsəməyə başladı? Nə üçün onlar təkcə Çin işçi qüvvəsi üçün Qərbdəki zavodları bağlamadılar, eləcə də istehsalatı işçi qüvvəsinin elə də baha olmadığı Latın Amerikası və Şimali Afrikadan oraya köçürülməyə başladılar?

Xarici kapital üçün Çin təkcə ucuz işçi qüvvəsi ilə deyil, eləcə də prinsipcə yalnız totalitar rejim tərəfindən təmin olunan bütöv şərtlər kompleksi ilə cəlbedicidir.

Zəhmətkeş çinlilərlə rəqabətə tab gətirə bilməyən Qərb işçilərinin ərköyünlüyü və bahalılığı haqqındakı miflər həmin transmilli korporasiyaların tapşırığı ilə işləyən jurnalist və analitiklər tərəfindən uydurulub. Axı işçinin dəyəri təkcə ödəniş haqqı xərclərinə görə deyil, həm də əmək məhsuldarlığı ilə ölçülür. Məsələ təkcə insanı işə götürmək üçün verilən pulun məbləğində deyil, eləcə də həmin pula nə qədər məhsul istehsal edə biləcəyindədir. Bu təbii ki, təkcə işçidən yox, eləcə də onun işlədiyi avadanlıqdan asılıdır. Amma burada birbaşa əlaqə mövcuddur. Ucuz işçi qüvvəsinə əsaslanan istehsalat modeli mürəkkəb və bahalı texnikadan istifadə lazım gəldikdə problemlərlə rastlaşır.

Çində əmək məhsuldarlığı əvvəlki kimi Qərbi Avropa, ABŞ və hətta Rusiyadan belə xeyli aşağıdır. Lakin parodoksal olaraq məhz bu, Çini müasir şəraitdə xarici kapital üçün cəlbedici edir: təkcə insanlara yox, həm də avadanlıqlara qənaət etmək olar. Bahalı amerikan və ya avropalı işçinin keyfiyyətli iş görməsi üçün elmə və texnikaya investisiya qoymaq lazımdır. Təsadüfi funksiyalar yığını olan mənasız yeniliklərə yox, inkişafı üçün tamam fərqli intellektual və maliyyə sərmayəsi tələb edən sənaye texnologiyalarına ehtiyac duyulur. Telefonların yeni modellərinin işlənməsi axın halını alarkən, avadanlıqların istehsalı sahəsində durğunluq və hətta geriləmə müşahidə olunur. Çünki Çində, məhsulları, ABŞ – da hələ 1970 – ci illərdə köhnəlmiş hesab edilən primitiv texnika ilə istehsal etmək imkanı vardır. Bu həm də Qərbdəki maşınqayırma zavodları üçün də əlverişlidir. Müasirləşdirməyi düşünmədən avadanlıqların çoxlu sayda seriya nümunələrini istehsal etmək olar.

***

Lakin bu, məsələnin yalnız bir tərəfidir. Qlobal əmək bazarında son 20 ildə baş verənlərə nəzər saldıqda aşkar etmək olar ki, ABŞ və Avropadan Çinə total iş yelərinin axını mənzərəsi həqiqətə uyğun gəlmir.

Əlbəttə ki, müəyyən sayda iş yerləri Çinlə rəqabətdə davam gətirməyib bağlanır, amma 2000 – ci illərdə bu, zənn edildiyi kimi kütləvi şəkildə deyildi. Avropa və ABŞ – da iş yerlərinin kütləvi şəkildə bağlanması 2000 – ci illərdə yox, 1980 – 90 – cı illərdə müşahidə olunmuşdu və bu, demək olar ki, Çinlə bağlı deyildi. İş yerləri ya texnoloji yeniliklərlə (poliqrafiya, əlaqə və s.) əlaqədar olaraq yox olur, ya da nisbətən inkişaf etmiş Üçüncü dünya ölkələrinə – Latın Amerikasına, Maqrib, Şərqi Asiyaya keçirilirdi. Yeni əsrin başlanğıcında Almaniya və İsveç kimi ciddi sənaye istehsalını saxlamış ölkələr uğurla öz məhsullarını dünya bazarına təqdim etməkdə davam edirlər. Qərb şirkətlərinin Avropa və Amerika istehsalatına sərmaye qoyduqları sektorlarda Çin tərəfindən ciddi zərər müşahidə olunmamışdı.

Rus jurnalistləri üçün tipik olan, 2000 – ci illərdə Qərb haqqında yaratdığı “yalnız istehlak edən” fikirlərinin həqiqətlə çox az oxşarlıqları var. Hətta qeyri – sənayeləşdirmə siyasətinin aparıldığı Britaniyada Rols – Roys zavodları aviasiya mühərriklərinin istehsalını nəinki iqtisadi yüksəliş dövründə, eləcə də 2008 – ci ildəki tənəzzül vaxtı da genişləndirirdi. Bundan başqa, Qərbdə Çin tələbatının təsiri ilə iş yerləri kifayət qədər fəal şəkildə yaradılırdı.  Söhbət sənaye avadanlıqlarının istehsalından, istifadə olunan prestijli əşyalardan (Çində artan orta təbəqə “həqiqi” italyan ayaqqabısı və fransız ətirləri tələb edir), o cümlədən “planetin yığma sexləri”nə komponentlərin çatdırılmasından gedir. Burada statistika hər şeyi daha aydın nəzərə çatdırır, Çində istehsalatın və ixracın genişləndirilməsi daim analoji olaraq ABŞ, Almaniya və Tayvandakı sənaye fəallığının sıçrayışı ilə müşayiət olunur.

Əlbəttə ki, bütün Çin sənayesi yalnız xarici detalların yığılması ilə məşğul olmur. Jurnalistlər heyrətlə Çində istehsal olunmuş texnoloji nümunələri və orada nail olunmuş texniki nailiyyətləri sadalayırlar. Amma bütün bu hekayələr, parlaq və ibrətamiz olsa da, özlüyündə xüsusi halları təsvir edir. Tam dövrlü istehsalat əsasən maoist hökumət sektorunun qalıqları ilə həyata keçirilir, hansı ki, ümumi yüksəlişin fonunda inkişaf edir, amma xarici bazara orientasiya edən transmilli müəssisə və şirkətlər kimi dinamik deyil. İqtisadi yüksəlişin çox hissəsi məhz yığılma sənayesi tərəfindən təmin olunur. Sənaye məhsullarının həcmi artdıqca Çinin xarici bazarlardan və Qərbdən gələn idxaldan asılılığı artır.

Çin məhsullarının genişləndirilməsi qərb korporasiyalarının siyasəti tərəfindən planlaşdırılıb, təşkil olunub,  ən əsası isə müdafiə olunur. Əgər şirkət Çində zavod açıb, fəaliyyətdə olan Avropadakı zavodunu bağlayırsa, bunu Çin rəqabətinin Avropa istehsalını sıxışdırdığı üçün yox, əksinə, Çin mallarının yayılmasının qarşısını alan Avropa rəqabətini aradan qaldırmaq üçün edir. Öz Amerika və Avropa istehsalatını ləğv edərək, şirkət süni yolla Avropa istehsalçılarını aradan qaldırıb (bununla da istehsal miqyası sayəsində məhslun əlavə olaraq ucuzlaşmasını təmin edir), yeni filialı üçün zəmanətli satış bazarı yaradır.

Başqa sözlə, təcrübədə Avropa və Amerika Çin rəqabətindən qorunmur, əksinə, Çin zavodlarını Avropa rəqabətindən qoruyurlar. Digər bir məsələ də budur ki, bu strategiya dövlət yox, şəxsi – korporativ səviyyədə həyata keçirilir ki, bu da bütün prosesə “kortəbii” və “təbii” görkəm verir.

***

Çin rəqabətindən daha çox sənayecə inkişaf etmiş periferiya ölkələri zərər çəkdilər. Əməyin ucuzluğu onları, bazarların itirilməsindən xilas edə bilmədi. Kütləvi halda çinlilərin yerləşdiyi iş yerləri Üçüncü dünya ölkələrinin, Rusiya və Şimali Avropanın payına düşür. 2000 – ci illərdə kasıb Cənub  ölkələrində  sənayenin və daha çox sənətkarlığın  kütləvi şəkildə məhvi inkişafın iflicinə və problemlərə baxmayaraq, iş yerləri ilə bağlı vəziyyətin daha yaxşı olduğu Şimala miqrasiyanın artmasına gətirib çıxardı.

1970 – ci illərdəki ümumi cərəyanlar və iqtisadi inkişafın tələbi ilə bağlı olan miqrasiyadan fərqli olaraq, cari miqrasiya bu tələb və imkanlarla əhəmiyyətli dərəcədə ziddiyət təşkil edir. Nəticədə Avropa və ABŞ – ın sərhəd ştatlarında böyüyən kütləvi miqrasiya elə bir vaxtda baş verdi ki, iqtisadiyyatın genişlənməsi dayandı və insanlara olan tələbat kəskin şəkildə azaldı. Keyfiyyətli iş yerlərinin olmaması immiqrantların yerli cəmiyyətə inteqrasiyasının zəif olmasına səbəb oldu, bu da öz növbəsində “gəlmələr” və “yerlilər” arasına mədəni və dini ziddiyətləri kəskinləşdirdi.

Çin ona görə tələbata çevrildi ki, transmilli biznesin strategiyası dəyişdi. İstehsalatın intensiv inkişafından, daha primitiv, erkən sənayeləşmə ruhunda ekstensiv metodların xeyrinə imtina edildi. Məqsəd minimal investisiyalarla maksimal gəlir əldə etməkdir. Məsələnin belə qoyulması maliyyə kapitalı xeyrinə vasitələr bölüşdürülərkən neoliberalizmin ümumi dinamikası ilə bağlıdır. Axı birja spekulyasiyaları və maliyyə əməliyyatları istehsalata qoyulan sərmayədən daha sərfəli olub. Sənayenin inkişafı qalıq prinsipləri ilə maliyyələşir. Nəticədə texnoloji inkişafa minimum xərc çəkməklə, uzunmüddətli proqramlar olmadan, ən sadə və ucuz avadanlıqlarla gəliri tez əldə etməyi təmin edən layihələr daha çox üstünlük təşkil edir.

Məhz resursların real sektordan spekulyativ kapitala keçməsi prosesi XX əsrin sonunda bank sistemlərinin tənzimlənməməsinin məntiqi nəticəsi olub, istehsalat sahəsində texnoloji inkişafın qaçılmaz olaraq donmasına aparır, bunlar hələ 2008 – ci ildə baş verən böhranın əsas səbəbi oluşdu. Latın Amerikası variantları da daxil olmaqla, korporativ genişlənmənin oxşar strategiyaları səmərəli, məlumatlandırıcı və ekoloji texnologiyaların inkişafının qaçılmaz olaraq dondurulmasına, demokratiya institutlarından qaçılmasına gətirib çıxarır.

Başqa sözlə, Çin (daha doğrusu, elit təbəqə ilə seçilmiş bu inkişaf modeli) qlobal miqyasda konservativ və hətta mürtəce faktoru təmsil edir. Sistemin artan ziddiyətləri və qeyri – mütənasibliyi şəraitində belə modelin dəstəklənməsi və saxlanılması məhz neoliberalizmə bais olan Çin rəhbərliyinin şüurlu səyləri səbəbindən mümkün olmuşdur. Əks təqdirdə, ucuz əməyə əsaslanan model artıq 1999 – 2001 – ci illərdə – neoliberalizmin ilk sistem böhranı baş verdikdə süqut edərdi.

Amma Çinin resursları nə qədər böyük olsa da, yaratdığı ziddiyətlər səbəbindən neoliberalizm imkanları tükənir. Çinin yüksəlməsi periferiya ölkələrində böhranlar ardıcıllığına səbəb olur, 2000 – ci illərdə Latın Amerikasında siyasi sarsıntılardan başlayaraq, Şimali Afrikadakı inqilablara qədər. Sadalanan hallar 1980 – 90 – cı illərdə sürətlə inkişaf etməyə başlayan, sonra isə Çin tərəfindən sənaye məhsulları ilə “doldurulan” ölkə və regionlara aiddir. Afrikaya gəldikdə isə, Saharadan cənubda qalan ərazi ümumiyyətlə inkişafdan qalıb.

Regionları bir – bir əhatə edən böhran ehtimal ki, Çinin özündən də yan keçməyəcəkdir. Çin daima ucuz məhsulların təchizatçısı kimi qala bilməz. Demoqrafların hesablamalarına görə, yaxın illərdə əhali artımı dayanacaqdır, 2020 – ci ildə isə o azalmağa başlayacaqdır. Bundan da pisi, Çinin əhalisi yaşlanır, ənənəvi ailə dağılır, amma hələ XIX əsrdə Avropada həyata keçirilən təqaüd sistemi orda yoxdur. Orada kişilərin sayı qadınlardan 50 – 100 milyon çoxdur. Yalnızca gənclərin sayını hesablasaq, boşluq daha fəlakətli görsənir –  yaşı 20 – dən az olanlar arasında hər 100 nəfər qıza 126 oğlan düşür. Bəzi əyalətlərdə vəziyyət daha da ağırdır: yaşı 4 – dən az olanlar arasında hər 100 nəfər qıza 140 oğlan düşür. Böyük şəhərlərdə daşınmaz əmlakın qiyməti artır, qida məhsulları bahalaşır. Den Syaopin islahatları sayəsində torpaq əldə edən əkinçilər indi onu kütləvi şəkildə itirirlər. Son illərdə 50 milyondan çox kəndli torpaqsız qalıb. Onlar heç bir sosial təminatlara malik deyillər. Nə təqaüd, nə işsizlik müavinatləri, nə də tibbi xidmətlərə malik deyillər. Şəhərlərdə layiqli yer almaq üçün lazımi ixtisasları yoxdur. Anlamaq çətin deyil ki, qarşımızda sosial partlayış üçün klassik “inqrediyentlər” ardıcıllığı vardır. Repressiv apparat nə qədər güclü olsa da, özündə obyektiv xüsusiyyət daşıyan prosesləri dayandıra bilməz. Repressiyalar böhranın qarşısını almayacaq, əksinə, onu kəskinləşdirəcək. Amma o nə qədər gec baş versə, bir o qədər də güclü olacaq.

Belə vəziyyətdə Çinin, ABŞ – ın hökmranlığına təhlükə kimi görülməsi üçün heç bir əsas yoxdur. Hər şeydən əvvəl, Çin liderləri bütün səviyyələrdə sabitlik və mövcud sistemin saxlanılmasını istəyirlər. Çinin bu günkü sıçrayışı ilə SSRİ – nin Stalin və Xruşov dövründəki sıçrayışını müqayisə etməyə səbəb yoxdur. Sovet İttifaqı öz məqsədləri və öz bazarına istiqamətlənmişdi, Çin isə Amerika tələblərinə cavab verməyə çalışır. ABŞ – da böhran Çin üçün fəlakətdir, məhz buna görə çinlilər öz ehtiyatlarının mühüm bir hissəsini amerikan iqtisadiyyatını və amerikan tələbatını dəstəkləmək üçün sərf edirlər. Məhz buna görə də 2008 – ci ildə ÇXR nəinki ABŞ mövqeyinin zəifləməsindən istifadə etdi, əksinə, zəifləmiş hegemona kömək üçün böyük səylər göstərdi və astronomik məbləğlər sərf etdi.

Bu, Amerika üçün zahirən yaxşı xəbərdir, lakin, faktiki olaraq, çox az əhəmiyyət kəsb edir: Çinin qlobal rəqib kimi çıxış etməsindən asılı olmayaraq, tənəzzülün daxili səbəbləri yox olmayacaq. Amma dünya kapitalist sistemi üçün bu daha çox bəd xəbərdir. Çünki hər bir halda amerikan hegemonluğu istənillən halda zəifləyəcək və tədricən keçmişdə qalacaq. Ancaq onu yeni Çin hegemoniyası və Kreml siyasətçilərinin xəyal etdikləri “çoxmərkəzçilik” yox, xaos əvəz edəcək.

Tərcümə: Esmira Babayeva                                        (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:13652