abunə ol: Yazılar | Şərhlər | Еmail

Roma, açıq şəhər.

Şərh

“Amma həkim yaxşı bilirdi ki, onun yazdığı tarixçə son qələbə tarixçəsi sayıla bilməz. Bu yazı insan qırğını və onun amansız vasitəsinə qarşı görülmüş və görülə bilməmiş tədbirlər haqda məlumat, eyni zamanda bəlanı tanımaq istəməyən, müqəddəsliyə çatmasalar da həkimlik etməyə çalışıb əzab çəkmiş adamların fədakarlığına şahidlik sayılacaq. Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə də yasa çevrilə bilər. O bilirdi ki, sevincdən qışqıran bu əhali çox şeydən xəbərsizdir. Onlar bilmirlər ki, taun mikrobu nə ölür, nə də yoxa çıxır.”  (Alber Kamyunun faşizm əleyhinə “Taun” əsərindən)

Sol ruhda yazılmış – bu antifaşist  əsəri kino adamları ”mədəni barrikada”  hesab edirlər. Film üzərində işlər 1943 – cu ildə başlayır. Bu dövrdə İtaliyada antifaşist hərəkatı xeyli güclənmişdi. Mussolini rejimi devrilmiş, diktator həbs olunmuşdu. Lakin Mussolini oğurlanaraq marionet hökumətə başçı təyin edilir, İtaliya ərazisi indi nasistlərin işğalı altında idi. Roma açıq şəhər elan olunur, bu o demək idi ki, müdafiəsiz şəhərdə hərbi əməliyyatlar keçirilə bilməzdi. Bununla belə,  nasist əsgərləri öz işini görür, gestapo hər evdə kommunist axtarışı aparırdı. Roberto Rossellini  isə romalı rahib don Morozini haqda, onun alman nasistlər tərəfində güllələnməsi ilə bağlı qısametrajlı film çəkmək niyyətində idi. Karikaturatalar satılan dükana girərkən Fellini ilə rastlaşır. Serjio Amadeyin də söhbətə qoşulması ilə mövzu genişlənir. R.Rossellini başda olmaqla rejissorlar neorealist üslubda ciddi film lentə almaq qərarına gəlirlər, beləcə ayrı ssenari yazılır. 1945-ci ildə işlər artıq tamamlanır.

1988 – ci ildə buraxılmış marka Roberto Rosselininin “Roma, açıq şəhər” filmindən bir epizodu təsvir edir.

Filmdəki hadisələr 1944 – cü ildə cərəyan edir. Gestapo mühəndis Jorjio Manfredin ovuna çıxıb. Dostunun evinə sığınan kommunistə Don Petro, dul qadın Pina həyatlarını riskə ataraq kömək etməyə hazırdır. Hamı müqavimət əzmindədir. Uşaqlar benzin çəni partladır. Onlardan biri ayağını itirmişdi. Axtarış başlanır, bu arada hamilə Pinanın toyundan bir gün əvvəl sevgilisi – Manfredin dostu və özü  həbs olunur. Maşının arxasınca qaçarkən Pinaya  güllə açılır (1988 ci ildə buraxılan marka  “Roma città aperta”ya, məhz bu epizoda həsr olunmuşdur). Tutulan dostları Müqavimət və Azadlıq hərəkatı üzvləri xilas edir. Satqınlıq nəticəsində ələ verilən Jorjioya Don Petronun gözləri qarşısında işgəncə verilir. Bir nəfərin intiharı xəbəri verilir. Son kadrlarda rahib Don Petronun güllələnməsi səhnəsinə uşaqlar şahid olur.

Real hadisələrə əsaslanan filmdə hər bir obrazın prototipi var, bu cəhətdən bir çox kadrlar fotoreportaj xarakteri daşıyır. Rosselini birbaşa küçədə çəkirdi, kinostudiya dağıldığı üçün pavilyon yox idi, fotoqraflardan alınmış lent isə kustar – əl ilə yapışdırılmış, aşağı keyfiyyətli idi.

Bu film ölkənin faşizmdən azad  edilməsindən sonra ölkə ekranlarına çıxaraq, italyan neorealizminin əsasını qoydu. Kinoşünaslar və tənqidçilər hələ müharibə dövrü filmlərində neorealist xüsusiyyətlər axtarmağa çalışırdılar (Alessandro Blazzetinin “Buludlarda dörd addım”, Vittorio de Sikanın “Uşaqlar bizə baxırlar” filmləri). Amma neorealizm ruhunda həqiqi və əgər mümkünsə, yeganə (paradoksal səslənsə də) film – artıq faşist İtaliyasının təbliğatçı kinosu çərçivəsində işləmiş rejissor Roberto Rosselinin “Roma, açıq şəhər” filmidir. Demək olar ki, Rosselini ilə yalnız Lukino Viskonti rəqabət apara bilərdi, amma “Mübtəlalıq” faciə zirvəsinə yüksələ bilmir, “Yer titrəyir” epik filmi isə daha çox sənədli freskanı xatırladır.

“Roma, açıq şəhər” filmindən sonra neorealist kino əsərlər də həmçinin öz dövlərinin sənədləri idilər. İnsanların məişəti və əhval – ruhiyyəsi çox gözəl göstərilib. Bu filmlər ona görə dərin sosial məna daşıyırlar ki, müharibədən sonrakı İtaliyanın asan olmayan reallıqlarından üz çevirmirdilər, əksinə – qəhrəmanların bədbəxtliklərinə şərik olaraq və onlarla birlikdə sevinərək, mühitə daha çox qərq olurdular. Ola bilər ki, həyata həddən artıq çox qərq olurdular – və o zaman rejissorlar, sənətkar bitərəfliyini və obyektivliyini itirirdilər. Onlar öz personajları ilə birlikdə qayğılanırdılar, çünki əsasən eyni mühitdən çıxmış insanlar idilər. Və öz işlərində lirik idilər. Amma əslində epic və tragik olmalı idilər.

Filmə baxandan sonra rejissor Roberto Rossellininin şəxsiyyəti, yaratdığı naməlum qəhrəmanlar  haqqında belə təəssürat oyanacaq:

”O taundan öyrəndiyi bir dərsi başqalarına da çatdırıb demək istəyirdi ki, insanların gözəlliyi eybəcərliyindən artıqdır” (Alber Kamyu. “Taun”)

Film Kann festivalında “Qızıl palma budağı”na layiq görülmüşdü.

Hazırladı: Scherif Abde                                 (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:7536