abunə ol: Yazılar | Şərhlər | Еmail

Lenin – Dövlət və İnqilab (II fəsil)

Şərh

SOLFRONT.org rus marksisti, inqilabçı və filosofu Vladimir İliç Leninin dünyaca məşhur, lakin bizim bukinistlərdə belə tapılması çətin olan “Dövlət və İnqilab” əsərinin elektron variantının hazırlanmasına başlayır. Kitabın müqəddiməsi və ilk fəsli artıq hazırdır. Digər fəsillər də hazır olduqca sayta yerləşdiriləcək və sonda tam yükləmə faylı ilə birgə oxuculara təqdim olunacaq. Unutmayın ki, bu dünya tarixini dəyişən kitablardandır.


I FƏSİL

1848—1851-ci İLLƏRİN TƏCRÜBƏSİ

  1. 1.      İNQİLAB ƏRƏFƏSİ

 Yetkin marksizmin ilk əsərləri olan “Fəlsəfə yoxsulluğu” və “Kommunist Manifesti” məhz 1848-ci il inqilabının ərəfəsində yazılmışdır. Bu səbəbdən burada marksizmin ümumi əsaslarının şərhi ilə bərabər o vaxtkı konkret inqilabi şəraitin müəyyən dərəcə əks olunduğunu da görürük; buna görə də bu əsərlərin müəllifləri 1848—1851-ci illərin təcrübəsindən nəticə çıxarandan azacıq əvvəl, onların dövlət haqqında dediklərini gözdən keçirmək, gərək ki, məqsədə daha uyğun olar.

Marks “Fəlsəfə yoxsulluğu” əsərində yazır:

 “…İnkişaf gedişində fəhlə sinfi köhnə burjua cəmiyyətinin yerinə sinifləri və onların əksliyini rədd edən bir assosiasiya qoyacaqdır; artıq heç bir əsl siyasi hakimiyyət olmayacaqdır, zira məhz siyasi hakimiyyət burjua cəmiyyəti daxilində siniflərin əksliyinin rəsmi ifadəsidir” (1885-ci ildəki almanca nəşrinin 182-ci səhifəsi).

 Siniflər məhv ediləndən sonra dövlətin yox olacağı haqqındakı fikrin bu ümumi şərhini Marksın və Engelsin bir neçə ay sonra, — yəni 1847-ci ilin noyabrında, — yazdıqları “Kommunist Manifesti”ndə verilmiş şərhi ilə tutuşdurmaq faydalıdır:

 “…Biz proletariatın inkişafının ən ümumi fazalarını təsvir edərkən, mövcud cəmiyyət daxilində az-çox gizli şəkildə olan vətəndaş müharibəsini onun açıq inqilaba çevirildiyi və proletariatın burjuaziyanı zorla yıxıb öz hökmranlığını qurduğu nöqtəyə qədər nəzərdən keçirtdik…

…Biz artıq yuxarıda gördük ki, fəhlə inqilabında birinci addım proletariatın hakim sinfə çevrilməsi” (hərfiyyən: yüksəlməsi), “demokratiya əldə edilməsidir.

Proletariat öz siyasi hökmranlığından bütün kapitalı tədriclə burjuaziyanın əlindən almaq, bütün istehsal alətlərini dövlətin, yəni hakim sinif halında təşkil olunmuş proletariatın əlində mərkəzləşdirmək və məhsuldar qüvvələr məcmusunu mümkün qədər daha sürətlə artırmaq üçün istifadə edəcəkdir” (1906-cı ildəki 7-ci almanca nəşrinin 31 və 37-ci səhifələri).

 Burada biz dövlət məsələsində marksizmin ən gözəl və ən mühüm ideyalarından birinin, yəni (Paris Kommunasından sonra Marksın və Engelsin deməyə başladıqları kimi), “proletariat diktaturası” ideyasının tərifini, sonra isə dövlət haqqında, yenə marksizmin “unudulmuş sözlərindən” olan son dərəcə maraqlı bir tərifi görürük. “Dövlət, yəni hakim sinif halında təşkil olunmuş proletariat”.

Dövlətin bu tərifi rəsmi sosial-demokrat partiyalarının hakim təbliğat və təşviqat ədəbiyyatında nəinki heç vaxt izah edilməmişdir. Bundan əlavə. Həmin tərif məhz unudulmuşdu, çünki o, reformizmlə tamamilə barışmazdır, “demokratiyanın dinc inkişafı” haqqında adi opportunist mövhumatına və meşşan xülyalarına zərbədir.

Proletariata dövlət lazımdır — bunu bütün opportunistlər, sosial-şovinistlər və kautskiçilər təkrar edərək inandırmağa çalışırlar ki, Marksın təlimi belədir; lakin onlar bunu əlavə etməyi “unudurlar” ki, əvvələn, Marksın fikrincə, proletariata ölüb getməli olan bir dövlət lazımdır, yəni bu dövlət elə qurulmalıdı ki, dərhal ölüb getməyə başlasın və ölüb getməyə bilməsin. İkincisi isə zəhmətkeşlərə “dövlət”, “yəni hakim sinif halında təşkil olunmuş proletariat” lazımdır.

Dövlət, qüvvəyə malik xüsusi bir təşkilatdır, hər hansı bir sinfi əzmək üçün zorakılıq təşkilatıdır. Bəs proletariat hansı sinfi əzməlidir? Əlbəttə, ancaq istismarçı sinfi, yəni burjuaziyanı. Zəhmətkeşlərə dövlət ancaq istismarçıların müqavimətini qırmaq üçün lazımdır, bu müqaviməti qırmaq işinə rəhbərlik etməyə, bu işi həyata keçirməyə isə ancaq proletariat qabildir, çünki proletariat axıra qədər yeganə inqilabçı sinifdir, burjuaziyaya qarşı mübarizədə, onu tamamilə devirməkdə bütün zəhmətkeşləri və istismar olunanları birləşdirə biləcək yeganə sinifdir.

İstismarçı siniflərə siyasi hökmranlıq, istismarı saxlamaq üçün, yəni xalqın olduqca böyük çoxluğuna qarşı bir ovuc azlığın tamahkar mənafeyi üçün lazımdır. İstismar olunan siniflərə siyasi hökmranlıq, həər cür istismarı tamamilə məhv etmək üçün, yəni azlıq təşkil edən bir ovuc müasir quldarlara, yəni mülkədar və kapitalistlərə qarşı xalqın olduqca böyük coxluğunun mənafeyi üçün lazımdır.

Özlərini üzlərdən iraq sosialist adlandırıb sinfi mübarizəni siniflərin sazişi haqqında xülyalarla əvəz edən xırda burjua demokratları, sosialist dəyişikliyini də xəyalpərəstliklə təsəvvür edirdilər, yəni istismarçı sinfin hökmranlığını yıxmaq kimi deyil, öz vəzifələrini başa düşmüş olan çoxluğa azlığın dinc yolla tabe olması kimi təsəvvür edirdilər. Dövlətin siniflər fövqündə durmasını qəbul etməklə ayrılmaz surətdə bağlı olan bu xırda burjua utopiyası həqiqətdə zəhmətkeş siniflərin mənafeyinə xəyanət edilməsi ilə nəticələnirdi; bunu, məsələn, Fransada 1848-ci və 1871-ci illərdəki inqilabların tarixi göstərdi, bunu XIX əsrin axırlarında və XX əsrin əvvəllərində İngiltərədə, Fransada, İtaliyada və başqa ölkələrdə “sosialistlərin” burjua hökumətlərində iştirak etmək təcrübəsi göstərdi.

İndi Rusiyada eser və menşevik partiyaları tərəfindən dirçəldilmiş olan bu xırda burjua sosializminə qarşı Marks bütün ömrü boyu mübarizə etmişdir. Marks sinfi mübarizə təlimini ardıcıl surətdə inkişaf etdirib siyasi hakimiyyət təlimi, dövlət təlimi səviyyəsinə çatdırmışdır.

Burjuaziyanın hökmranlığını ancaq proletariat yıxa bilər, çünki proletariat elə xüsusi bir sinifdir ki, öz yaşayışının iqtisadi şəraiti onu bu hökmranlığı yıxmağa hazırlayır, bunu etmək üçün ona imkan və qüvvə verir. Burjuaziya kəndliləri və bütün xırda burjua təbəqələrini parçalayıb dağınıq vəziyyətə saldığı halda, proletariatı bir yerə toplayır, birləşdirir və təşkil edir. Burjuaziyanın proletarlara etdiyi zülmdən, onları istismar etməsi və əzməsindən çox vaxt heç də az deyil, bəlkə, daha çox istismar etdiyi, zülm etdiyi və əzdiyi, lakin öz azadlığı uğrunda müstəqil mübarizə aparmağa iqtidarı olmayan bütün zəhmətkeşlərə və istismar olunan kütlələrə iri sənayedəki iqtisadi rolu sayəsində ancaq proletariat rəhbər ola bilər.

Marksın dövlət məsələsinə və sosialist inqilabı məsələsinə tətbiq etdiyi sinfi mübarizə təlimi, proletariatın siaysi hökmranlığının, onun diktaturasının, yəni təkcə proletariata məxsus olub bilavasitə kütlələrin silahlı qüvvəsinə arxalanan bir hakimiyyətin qəbul olunmasını zəruri edir. Ancaq proletariat hakim sinfə çevrildikdə, burjuaziyanın labüd və inadlı müqavimətini qıra biləcək və bütün zəhmətkeşləri və istismar olunan kütlələri yeni təsərüffat ukladı üçün təşkil edə biləcək bir sinfə çevrildikdə, ancaq bu zaman burjuaziyanı yıxmaq olar.

Dövlət hakimiyyəti, mərkəzləşdirilmiş qüvvə təşkilatı, zorakılıq təşkilatı proletariata həm istismarçıların müqavimətini qırmaq üçün, həm də sosialist təsərrüfatını “sahmanlamaq” işində geniş əhali kütləsinə, kəndlilərə, xırda burjuaziyaya, yarımproletarlara rəhbərlik etmək üçün lazımdır.

Marksizm fəhlə partiyasını yetişdirməklə, hakimiyyəti öz əlinə alıb bütün xalqı sosializmə doğru apara biləcək, yeni quruluşa istiqamət verib onu təşkil edə biləcək, öz ictimai həyatını burjuaziyasız və burjuaziyaya qarşı qurmaq işində bütün zəhmətkeşlərin və istismar olunanların müəllimi, rəhbəri, başçısı ola biləcək proletar avanqardı yetişdirir. İndi hökm sürən opportunizm isə əksinə, fəhlə partiyasından fəhlələrin kütlədən uzaqlaşan, kapitalizm şəraitində yaxşı maaş alan, özü üçün babat “yaşayış düzəldən”, öz birincilik hüququnu mərcimək şorbasına satan, yəni burjuaziyaya qarşı xalqın inqilabçı rəhbəri olmaq rolundan imtina edən nümayəndələrini yetişdirir.

“Dövlət, yəni hakim sinif halında təşkil olunmuş proletariat”, — Marksın bu nəzəriyyəsi tarixdə proletariatın inqilabi rolu haqqında onun bütün təlimi ilə ayrılmaz surətdə bağlıdır. Bu rolun başa çatdırılması proletariat diktaturasıdır, proletariatın siyasi hökmranlığıdır.

Lakin proletariata dövlət burjuaziyaya qarşı zorakılıq üçün xüsusi bir təşkilat kimi lazımdırsa, onda buradan özlüyündə belə bir nəticə çıxır ki, burjuaziyanın özü üçün yaratmış olduğu dövlət maşını əvvəlcə məhv edilmədən, dağıdılmadan belə bir təşkilat yaratmaq mümkündürmü? “Kommunist Manifesti” tamamilə bu nəticəyə gətirib çıxarır və Marks 1848—1851-ci illər inqilabının təcrübəsinə yekun vururkan bu nəticədən danışır.

  1. 2.      İNQİLABIN YEKUNLARI

 Bizi maraqlandıran dövlət məsələsində Marks 1848—1851-ci illərin inqilabına “Lui Bonapartın 18 brumeri” əsərində aşağıdakı mülahizə ilə yekun vurur:

 “…Lakin inqilab əsaslı bir inqilabdır. O hələ qıl körpüdən keçməkdədir. O öz işini ardıcıl surətdə görür. 1851-ci il dekabrın 2-nə qədər” (Lui Bonapartın dövlət çevrilişi etdiyi gün) “inqilab öz hazırlıq işinin yarısını bitirmişdi, indi o biri yarısını bitirməkdədir. Parlament hakimiyyətini yıxmaq imkanına malik olmaqdan ötrü inqilab əvvəlcə onu təkmilləşdirir. İndi, inqilab buna nail olduqdan sonra icraiyyə hakimiyyətini təkmilləşdirir, onu ən saf şəklinə salır, onu təkləyir, onu öz qarşısına yeganə bir obyekt kimi çıxarır ki, özünün bütün dagıdıcı qüvvələrini birləşdirib ona qarşı toplasın” (kursiv bizimdir). “Həm də, inqilab öz hazırlıq işinin bu ikinci yarısını başa çatdırdıqda Avropa öz yerindən qalxacaq və təntənə ilə deyəcəkdir: sən yaxşı qazırsan, qoca köstəbək!

Böyük bürokratik və hərbi təşkilatı, çox mürəkkəb və mükəmməl dövlət maşını, yarım milyonluq məmurlar qoşunu və buna üstəlik yarım milyonluq ordusu olan bu icariyyə hakimiyyəti, fransız cəmiyyətinin bütün bədənini hörümçək toru kimi bürüyən və onun bütün məsamələrini tıxayan bu dəhşətli tüfeyli orqanizm mütləqiyyət monarxiyası dövründə, feodalizmin süqutu zamanı meydana gəlmiş, həm də bu süqutun sürətlənməsinə kömək etmişdir”. Birinci Fransa inqilabı mərkəzləşməni inkişaf etdirmişdi, “lakin bununla bərabər hökumətin əlində olan hakimiyyətin həcmini genişləndirmiş, onun ayrılmaz cəhətlərini və köməkçilərinin sayını artırmışdı. Napoleon bu dövlət maşınını qurub başa çatdırdı”. Legitim monarxiyası və İyul monarxiyası “əmək bölgüsünü daha da artırmaqdan başqa yeni heç bir şey vermədi…

…Nəhayət, parlamentli respublika inqilaba qarşı mübarizəsində, cəza tədbirləri ilə birlikdə hökumət hakimiyyətinin vasitələrini və mərkəzləşdirilməsini də gücləndirməyə məcbur oldu. Bütün çevrilişlər bu maşını sındırmaq əvəzinə onu daha da təkmilləşdirirdi” (kursiv bizimdir). “Bir-birini əvəz edərək hökmranlıq uğrunda mübarizə aparan partiyalar bu böyük dövlət binasını ələ keçirməyi öz qələbəsi zamanı başlıca qənimət hesab edirdilər” (“Lui Bonapartın 18 brumeri”, səh. 98-99, 4-cü nəşri, Hamburq, 1907-ci il).

Bu gözəl mülahizədə marksizm “Kommunist Manifesti”nə nisbətən irəliyə doğru çox böyük bir addım atır. “Kommunist manifesti”ndə dövlət məsələsi hələ son dərəcə abstrakt şəkildə, lap ümumi anlayış və ifadələr halında irəli sürülür. Burada isə məsələ konkret şəkildə qoyulur və olduqca dürüst, qəti və təcrübədə hiss edilən bir nəticə çıxarılır: bütün keçmiş inqilablar dövlət maşınını təkmilləşdirmişlər, halbuki onu qırmaq, sındırmaq lazımdır.

Bu nəticə marksizmin dövlət təlimində başlıca və əsas cəhətdir. Həm də məhz bu əsas cəhəti, hakim rəsmi sosial-demokrat partiyaları nəinki tamamilə unutmuşlar, hətta II İnternasionalın ən görkəmli nəzəriyyəçisi olan K.Kautski (aşagıda görəcəyimiz kimi) onu açıqca təhrif etmişdir.

“Kommunist Manifesti”ndə tarixə ümumi yekun vurulmuşdur; bu yekun, dövlətə sinfi hökmranlıq orqanı kimi baxmağa məcbur edir və belə bir zəruri nəticəyə gətirib çıxarır ki, proletariat, əvvəlcə siyasi hakimiyyəti əldə etməzsə, siyasi hökmranlığı ələ almazsa, dövləti “hakim sinif halında təşkil olunmuş proletariata” çevirməzsə, burjuaziyanı yıxa bilməz, həm də bu proletar dövləti öz qələbəsindən sonra dərhal ölüb getməyə başlayacaqdır, çünki sinfi ziddiyyətlər olmayan bir cəmiyyətdə dövlət lazım və mümkün deyil. Burada, proletar dövlətinin burjua dövlətini — tarixi inkişaf nöqteyi-nəzərindən — necə əvəz etməli olması məsələsi qoyulmur.

Marks 1852-ci ildə məhz belə bir məsələni qoyub həll edir. Marks, öz dialektik materializm fəlsəfəsinə sədaqətli qalaraq, əzəmətli inqilab illərinin — 1848—1852-ci illərin — tarixi təcrübəsini əsas götürür. Həmişə olduğu kimi, burada da Marksın təlimi, təcrübəni dərin fəlsəfi dünyagörüşü ilə və zəngin tarixi biliklə işıqlandırılmış şəkildə yekunlaşdırmaqdan ibarətdir.

Dövlət məsələsi konkret şəkildə qoyulur: burjua dövləti, burjuaziyanın hökmranlığı üçün lazım olan dövlət maşını tarixən necə meydana gəlmişdir? burjua inqilabları gedişində və məzlum siniflərin müstəqil çıxışları qarşısında bu dövlət maşını necə dəyişmiş və necə təkamül etmişdir? bu dövlət maşını ilə əlaqədar proletariatın vəzifələri nədən ibarətdir?

Burjua cəmiyyətinə xas olan mərkəzləşdirilmiş dövlət hakimiyyəti mütləqiyyətin süqut etdiyi dövrdı meydana gəlmişdir. İki təsisat: məmurlar və daimi ordu bu dövlət maşını üçün ən səciyyəvi cəhətdir. Marksın və Engelsin əsərlərində, bu təsisatların minlərlə tel vasitəsi ilə məhz burjuaziyaya bağlı olduğundan dəfələrlə danışılır. Hər bir fəhlənin təcrübəsi bu əlaqəni son dərəcə aydın və qəti bir surətdə göstərir. Fəhlə sinfi bu əlaqəni öz təcrübəsində dərk etməyi öyrənir, — buna görə də fəhlə sinfi həmin əlaqənin labüd olmasından bəhs edən elmi bu qədər asanlıqla başa düşür və bu qədər möhkəm mənimsəyir, xırda burjua demokratları isə bu elmi ya nadanlıq və yüngüllüklə inkar edirlər, ya da daha artıq bir yüngüllüklə onu “ümumiyyətlə” qəbul edərək, ondan müvafiq əməli nəticələr çıxarmağı unudurlar.

Məmurlar və daimi ordu — burjua cəmiyyətinin bədənində bir “tüfeyli”, bu cəmiyyəti didişdirən daxili ziddiyyətlərin doğurduğu bir tüfeylidir, lakin məhz həyat məsamələrini “tıxayan” bir tüfeylidir. Hazırda rəsmi sosial-demokratiya içərisində hakim olan kautskiçi opportunizm dövlətə tüfeyli bir orqanizm kimi baxmağı ancaq və yalnız anarxizmə məxsus bir şey hesab edir. Əlbəttə, marksizmin belə təhrif olunması, — “vətəni müdafiə” anlayışını imperialist müharibəsinə tətbiq edərək bu müharibəyə haqq qazandırmaq və ona bəzək-düzək verməklə sosializmi tamamilə rusvayçı bir dərəcəyə çatdırmış olan meşşanlar üçün son dərəcə əlverişlidir, lakin bu, hər halda şəksiz bir təhrifdir.

Bu məmurlar aparatı və hərbi aparat, feodalizm süqut edəndən bəri Avropada saysız-hesabsız miqdarda baş vermiş bütün burjua inqilablarından keçərək inkişaf edir, təkmilləşir və möhkəmlənir. Xüsusilə məhz xırda burjuaziya xeyli dərəcədə bu aparatın vasitəsi ilə iri burjuaziyanın tərəfinə cəlb olunur və ona tabe edilir, bu aparat kəndlilərin, xırda sənətkarların, alverçilərin və sairənin yuxarı təbəqələrinə nisbətən əlverişli, rahat və hörmətli vəzifələr verir, bu vəzifələr də öz sahiblərini xalqdan yüksəkdə tutur. Rusiyada 1917-ci il fevralın 27-dən sonra yarım il ərzində baş vermiş hadisələri götürün: keçmişdə başlıca olaraq qaraguruhçulara verilən məmur vəzifələri kadetlərin, menşeviklərin və eserlərin əlinə keçməyə başladı. Əslində heç bir ciddi islahat fikrinə düşmayib bunları “Müəssislər məclisi çağırılana qədər” təxirə salmağa, Müəssislər məclisinin çağırılmasını isə yavaş-yavaş uzadıb müharibənin sonuna qədər təxirə salmağa çalışırdılar! Qəniməti bölməkdə, nazir vəzifələrini, nazir müavinləri, general-qubernator vəzifələrini və sairə vəzifələri tutmaqda isə yubanmır və heç bir Müəssislər məclisi gözləmirdilər! Hökumətin tərkibi məsələsindəki uzlaşma oyunu, əslində ancaq bu “qənimətin” bölüşdürülməsini və yenidən bölüşdürülməsini əks etdirirdi, bu bölüşdürmə isə həm yuxarıda, həm də aşağıda, bütün ölkədə, bütün mərkəzi və yerli idarələrdə gedirdi. 1917-ci il fevralın 27-dən avqustun 27-nə qədər yarımillik yekun, obyektiv yekun məlumdur: islahatlar təxirə salınmış, məmur vəzifələri bölüşdürülmüş və bölgü “səhvləri” bir neçə təkrar bölgü keçirilməklə düzəldilmişdir.

Lakin məmurlar aparatı müxtəlif burjua və xırda burjua partiyaları arasında (Rusiya misal götürülərsə, kadetlər, eserlər və menşeviklər arasında) nə qədər çox “yenidən bölüşdürülürsə”, məzlum siniflərin və onlara başçılıq edən proletariatın bütün burjua cəmiyyətinə barışmaz düşmən olduqları da onlar üçün bir o qədər aydın olur. Buna görə də bütün burjua partiyalarına, o cümlədən hətta ən demokratik və “inqilabi-demokratik” partiyalara lazım gəlir ki, inqilabçı proletariata qarşı cəza tədbirlərini qüvvətləndirsinlər, cəza tədbirləri aparatını, yəni həmin dövlət maşınını möhkəmləndirsinlər. Hadisələrin belə gedişi inqilabı məcbur edir ki, “bütün dağıdıcı qüvvələri birləşdirib” dövlət hakimiyyətinə qarşı qoysun, dövlət maşınını yaxşılaşdırmaq deyil, əksinə, onu dağıtmaq, məhv etmək vəzifəsini öz qarşısına qoysun.

Məntiqi mülahizələr deyil, hadisələrin həqiqi inkişafı, 1848—1851-ci illərin canlı təcrübəsi məsələnin bu cür qoyuluşuna gətirib çıxarmışdır. Tarixi təcrübənin həqiqi dəlillərinə Marksın nə qədər ciddi əsaslandığını ondan görmək olar ki, məhv edilməli olan bu dövlət maşınını n ə  i l ə əvəz etmək məsələsini Marks 1852-ci ildə hələ konkret şəkildə qoymur. Bundan bir qədər sonra, 1871-ci ildə tarixin qarşıya qoyduğu belə bir məsələ üçün o zaman təcrübə hələ material vermirdi. 1852-ci ildə təbii-tarixi müşahidə nəticəsində tam bir dürüstlüklə ancaq bunu qeyd etmək olardı ki, proletar inqilabı “bütün dağıdıcı qüvvəlləri birləşdirib” dövlət hakimiyyətinə qarşı qoymaq vəzifəsinə, dövlət maşınını “sındırmaq” vəzifəsinə y a x ı n l a ş m ı ş d ı r.

Burada belə bir məsələ ortaya çıxa bilər ki, Marksın təcrübəsini, müşahidələrini və çıxardığı nəticələri ümumiləşdirmək, onları Fransanın 1848—1851-ci illərdəki üçillik tarixi çərçivəsindən çıxarıb daha geniş bir sahəyə keçirmək düzgündürmü? Bu məsələni təhlil etmək üçün əvvəlcə Engelsin bir mülahizəsini xatırladaq, sonrada fakt məlumatına keçək. Engels “18 brumeri”n 3-cü nəşrinə müqəddimədə yazırdı:

 “…Fransa elə bir ölkədir ki, orada siniflərin tarixi mübarizəsi hər dəfə başqa ölkələrdəkinə nisbətən daha çox qəti sona çatırdı. Fransada bu sinfi mübarizənin hərəkətini əhatə edən və mübarizənin nəticələrini ifadə edən dəyişkən siyasi formalar olduqca kəskin şəkildə yaranıb möhkəmlənirdi. Orta əsrlərdə feodalizmin mərkəzi, Renessans zamanından bəri yekcins silk monarxiyasının nümunəvi ölkəsi olan Fransa böyük inqilab zamanı feodalizmi darmadağın etdi və Avropanın heç bir başqa ölkəsində misli görünməmiş klassik bir aydınlıqla xalis burjua hökmranlığı qurdu. Baş qaldıran proletariatın hakim burjuaziyaya qarşı mübarizəsi də Fransada digər ölkələrin görmədiyi dərəcədə kəskin bir şəkil alır” (1907-ci il nəşri, səh. 4).

 Bu son mülahizə köhnəlmişdir, çünki 1871-ci ildən etibarən Fransa proletariatının inqilabi mübarizəsində fasilə əmələ gəlmişdir, hərçənd bu fasilə nə qədər uzun sürsə də, gələcək proletar inqilabında Fransanın, burada sinfi mübarizənin qəti nəticələr əldə edəcəyi klassik bir ölkə olacağı imkanını qətiyyən aradan qaldırmır.

İndi qabaqcıl ölkələrin XIX əsrin axırlarındakı və XX əsrin əvvəllərindəki tarixinə ümumi bir nəzər salaq. Biz görərik ki, həmin proses, yəni bir tərəfdən, həm respublika ölkələrində (Fransa, Amerika, İsveçrə), həm də monarxiya ölkələrində (İngiltərə, müəyyən dərəcəyə qədər Almaniya, habelə İtaliya, Skandinaviya ölkələri və i. a.) “parlamentli hakimiyyət” hazırlamaq prosesi, o biri tərəfdən, burjua quruluşunun əsasları dəyişilmədən məmur vəzifələri “qənimətini” bölüşdürən və yenidən bölüşdürən müxtəlif burjua və xırda burjua partiyalarının hakimiyyət uğrunda mübarizəsi prosesi, nəhayət, “icraiyyə hakimiyyətini”, onun məmur və hərbi aparatını təkmilləşdirmək və möhkəmlətmək prosesi o zaman daha geniş bir sahədə, daha yavaş və daha müxtəlif şəkildə baş verirdi.

Heç şübhə yoxdur ki, bunlar ümumiyyətlə kapitalist dövlətlərinin bütün ən yeni təkamülün ümumi xüsusiyyətləridir. Bütün kapitalist aləminə xas olan inkişaf proseslərini Fransa üç ildə, 1848-1851-ci illərdə sürətli, qabarıq və cəmlənmiş şəkildə göstərmişdir.

Xüsusilə imperializm, bank kapitalı dövrü, çox böyük kapitalist inhisarları dövrü, inhisarçı kapitalizmin böyüyüb dövlət-inhisar kapitalizminə çevrilməsi dövrü, istər monarxiya ölkələrində, istərsə ən azad, respublika ölkələrində proletariata qarşı cəza tədbirlərinin şiddətlənməsi ilə əlaqədar olaraq “dövlət maşınının” qeyri-adi dərəcədə qüvvətləndiyini, onun məmur və hərbi aparatının eşidilməmiş dərəcədə artdığını göstərir.

Şübhəsiz ki, indi ümumdünya tarixi 1852-ci ildəkindən çox-çox geniş bir miqyasda, dövlət maşınını “dağıtmaq” üçün proletar inqilabının “bütün qüvvələrin birləşdirməyə” yaxınlaşdırır.

Dövlət maşınını proletariatın nə ilə əvəz edəcəyi haqqında Paris Kommunası çox ibrətli material vermişdir.

              

                            3.MARKS 1852-ci İLDƏ MƏSƏLƏNİ NECƏ QOYMUŞDU

          Merinq 1907-ci ildə “Neue Zeit” jurnalında (XXV, 2, 164) Marksın Veydemeyerə yazdığı 1852-ci il 5 mart tarixli məktubundan parçalar dərc etmişdir. Bu məktubda, yeri gəlmişkən, belə bir gözəl mülahizə də vardır:

 “Mənə gəldikdə, nə müasir cəmiyyətdə siniflər mövcud olduğunu kəşf etmək, nə də onların

bir-biri ilə mübarizəsini kəşf etmək mənim xidmətim deyildir. Məndən çox qabaq burjua tarixçiləri siniflərin bu mübarizəsinin tarixi inkişafını, burjua iqtisadçıları isə siniflərin iqtisadi anatomiyasını şərh etmişlər. Mənim etdiyim yeni şey bunu sübut etməkdən ibarət olmuşdur ki: 1) siniflərin mövcud olması ancaq istehsalın inkişafının müəyyən tarixi fazaları ilə ( historische Entwicklungsphasen der Produktion) əlaqədardır, 2) sinfi mübarizə hökmən proletariat diktaturasına doğru aparır,3)bu diktaturanın özü hər cür sinifləri məhv etməyə və siniflərsiz cəmiyyətəancaq bir keçiddir…”

 Marks bu sözlərlə, əvvələn, qabaqcıl və ən dərin görüşlü burjua mütəfəkkirlərinin təlimindən öz təliminin başlıca və əsas fərqini, ikincisi də, dövlət haqqında öz təliminin mahiyyətini çox aydın bir şəkildə ifadə edə bilmişdi.

Marksın təlimində başlıca cəhət sinfi mübarizədir. Çox vaxt belə deyir və belə yazırlar. Lakin bu yanlışdır. Bu yanlışlığın nəticəsi olaraq çox vaxt opportunistcəsinə təhrif olunur, burjuaziya üçün əlverişli şəkildə saxtalaşdırılır. Çünki sinfi mübarizə təlimi Marks tərəfindən deyil,  Marksdan qabaq  burjuaziya tərəfindən yaradılmışdır və ümumiyyətlə desək, burjuaziya üçün əlverişlidir. Təkcə siniflər mübarizəsini qəbul edən adam hələ marksist deyildir, o, hələ burjua düşüncəsi və burjua siyasəti çərçivəsindən kənara çıxmayan bir adam olaraq qala bilər. Marksizmi ancaq siniflər mübarizəsi ilə məhdudlaşdirmaq –marksizmin qol-qanadını qırmaq,onu təhrif etmək, burjuaziya üçün əlverişli olan bir şəklə salmaq deməkdir. Marksist ancaq o adamdır ki, siniflər mübarizəsini qəbul etməyi proletariat diktaturasını qəbul etmək dərəcəsinə çatdırsın. Adi xırda burjuadan (həmçinin iri burjuadan) marksistin ən böyük fərqi də bundadır. Marksizmi həqiqətən başa düşməyi və qəbul etməyi bu məhək daşı ilə sınamaq lazımdır. Buna görə də təəccüblü deyildir ki, Avropanın tarixi fəhlə sinfini təcrübədə bu məsələyə yaxınlaşdırdıqda, nəinki bütün opportunistlər və reformistlər, hətta bütün “kautskiçilər” də (reformizmlə marksizm arasında tərəddüd edən adamlar) proletariat diktaturasını inkar edən miskin filisterlər və xırda burjua demokratları olduqlarını göstərdilər. Kautskinin 1918-ci ilin avqustunda, yəni bu kitabcanın birinci nəşrindən çox sonra çıxmış olan “Proletariat diktaturası” adlı kitabcası, marksizmi sözdə riyakarlıqla qəbul edərək, işdə onu meşşancasına təhrif etmək və ondan alçaqcasına üz döndərmək nümunəsidir (mənim: “Proletar inqilabı və xain Kautski” adlı kitabcama bax, Petroqrad və Moskva, 1918-ci il)

Burjuaziyanın mövqeyinə Marksın verdiyi yuxarıdakı xarakteristika müasir opportunizmə və onun başlıca nümayəndəsi, keçmiş marksist K. Kautskiyə də tamamilə aiddir, çünki bu opportunizm sinfi mübarizəni qəbul etmək dairəsini ancaq burjua münasibətləri dairəsindən ibarət bilir. ( Bu dairədə, onun çərçivəsi içərisində sinfi mübarizəni “prinsipcə” qəbul etməkdən isə heç bir elmli liberal boyun qaçırmaz!) Opportunizm sinfi mübarizəni qəbul etməyi məhz ən başlıca nöqtəyə, kapitalizmdən kommunizmə keçmək dövründə, burjuaziyanı yıxmaq və onu tamamilə məhv etmək dövrünə çatdırmır. Həqiqətdə bu dövr labüddən son dərəcə son dərəcə şiddətli sinfi mübarizə dövrüdür, bu mübarizənin misli görünməmiş dərəcədə kəskin formalar alması dövrüdür, buna görə həmin dövrün dövləti də mütləq (proletar və ümumiyyətlə yoxsullar üçün) yeni qaydada demokratik dövlət və (burjuaziyaya qarşı) yeni qaydada diktatorluq dövləti olmalıdır.

Sonra, Marksın dövlət təliminin mahiyyətinin ancaq o adam anlamış olur ki, bir sinfin diktaturasının yalnız ümumiyyətlə hər bir sinifli cəmiyyət üçün deyil, yalnız burjuaziyanı yıxmış olan proletariat üçün deyil, hətta kapitalizmlə “siniflərsiz cəmiyyət” arasında, kommunizm arasında olan bir tarixi dövr üçün də zəruri olduğunu başa düşmüş olsun. Burjua dövlətlərinin formaları son dərəcə müxtəlifdir, lakin onların mahiyyəti birdir: bu dövlətlərin hamısı hər halda , nəticə etibarı ilə hökmən burjuaziya diktaturasıdır. Kapitalizmdən kommunizmə keçilməsi, söz yox ki, son dərəcə çox və müxtəlif siyasi formalar doğurmaya bilməz, lakin bunların mahiyyəti bir olacaq: proletariat diktaturası.

Hazırladı:  Murad Alimardanov                                                         (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:18158

Şərhlər

  1. Turan deyir:

    Çox sağ olun. Başqa nə deyim ki sizə olan sonsuz minnətdarlığımı tam ifadə edə bilsin.

  2. Leman-Jova deyir:

    Buyurun )