abunə ol: Yazılar | Şərhlər | Еmail

15 oktyabr – Öz meydanını tap!

Şərh

2008 – ci ildə başlayan maliyyə böhranı daha sonra iqtisadi, sosial və nəhayət, 2011 – ci ildə siyasi böhranla nəticələndi. Səbəb isə hakimiyyətlərin uğursuz maliyyə siyasəti idi. Uğursuz maliyyə siyasəti nəticəsində böhran aradan qaldırılmadı, əksinə, daha da uzandı və bu da öz növbəsində sosial problemlərin yaranmasına gətirib çıxardı. Və bu sosial problemləri həll etmək üçün hökumətlərin etdikləri uğursuz cəhdlər (bəzi hallarda heç cəhd belə olunmadı) insanların meydanlara axınına səbəb oldu. Bütün dünyada insanların etirazlarının əsas səbəbləri eyni (sosial problemlər) olsa da, müxtəlif ölkələrdə onların təkanverici müxtəlif səbəbləri (Tunis, Misir, İspaniyada işsizlik, Portuqaliyada maaşların azaldılması, Yunanıstanda özəlləşdirmə və büdcə kəsirləri, Hindistanda korrupsiya, İngiltərədə dövlət xərclərinin azaldılması, Çili və Kolumbiyada təhsil sahəsində özəlləşdirmə) oldu. Beləliklə, 2010 – cu ilin son, 2011 – ci ilin ilk günlərindən dünyanın müxtəlif yerlərində, səbəbləri müxtəlif görünsə də (və ya göstərilməya çalışılsa da), eyni səbəblərdən dünya əhalisinin etirazları başladı.

Tunisdə etirazlara təkan verən səbəb 2010 – cu ilin dekabrın 17 – də 26 yaşlı bir gəncin işsizliyə etiraz olaraq bələdiyyə binasının qarşısında özünü yandırması oldu. Bundan hiddətlənən xalq ayağa qalxdı və 1 aya yaxın davam edən nümayişlər Tunisdə Zin əl-Abidin ben Ali hakimiyyətinin devrilməsi ilə nəticələndi. Etiraz aksiyaları zamanı yüzlərlə insan yaralandı və hayatını itirdi.

 

 

Tunis hadisələrini Misir izlədi. Misirdə də hadisələrin səbəbi və təkan vericisi eyni amil oldu. İşsizlik və bu səbəbdən 49 yaşlı bir şəxsin Qahirədə parlament binasının qarşısında özünü yandırmaq cəhdi. Yenə də xalq ayağa qalxdı və Təhrir meydanı işğal olundu.  Xalq müqaviməti nəticəsində ölənlər və yaralananlar oldu. Və nəhayət, 1 aydan artıq davam edən etirazlar 11 Fevralda prezident Hüsnü Mübarəkin hakimiyyətdən getməsi ilə nəticələndi.


 Ərəb ölkələrində başlayan bu etirazlar Avropa ölkələrinə də siraət etdi. Dövlət xərclərinin azaldılmasına qarşı mart ayında başlayan londonluların etirazları fasilələrlə iyul, avqust aylarına qədər davam etdi. Mart ayında etiraz aksiyalarına 250000-ə qədər insan qatılırdısa, iyul, avqust aylarında etirazçıların sayı artıq 750000-i ötüb keçmişdi. İngiltərədəki nümayişlər anarxist qrupların xüsusi fəallığı ilə seçilirdi.

 Avropada iqtisadi böhrandan ən çox əziyyət çəkən ölkələrdən biri olan Portuqaliyada hakimiyyətdə olan – sosial demokratlar vəziyyətdən çıxış yolunu maaşların azaldılmasında gördü. Onların bu addımı xalq tərəfindən etirazla qarşılandı. Və mart ayında minlərlə insan hökumətin bu qərarına etiraz etmək üçün küçələrə çıxdı.


Yunanıstanda 2010 – cu ilin dekabrında başlamış etiraz dalğası 2011 – ci ilin iyun ayında Yunanıstan tarixinin ən böyük etiraz aksiyaları ilə əvəzləndi. Hökumətin uğursuz iqtisadi siyasətinə, özəlləşdirmə və büdcə kəsirlərinə etiraz olaraq xalq iyun ayının 15 – də meydanlara çıxdı. Afina və Salonikinin küçələri əsl mübarizə meydanına çevrildi.

 Avropanın böhrandan əziyyət çəkən və işsizliyib baş aldığı başqa bir ölkəsində, İspaniyada mayın 15 – də xalqın meydanlara axını başladı. Əksəriyyəti gənclərin təşkil etdiyi etirazçılar meydanlarda düşərgələr salmağa başladı. Etirazlar ölkənin 150 – dən çox bölgəsini bürüdü. Etirazçıların ən çox fəallığı Madrid və Barselonada idi.

Çilili tələbələr may ayında təhsil sisteminə qarşı etirazlara başladılar. Qeyd edək ki, Çilidə təhsilin 70 – 75 faizindən çox hissəsi pulludur. Küçələrə çıxan tələbələr daha yaxşı təhsil və sosial ədalət tələb ediridilər. Oktyabr ayında Çili təhsil nazirinin, “pulsuz təhsildən söhbət belə gedə bilməz” bəyanatı ilə etiraz aksiyaları yenidən qızışdı.

 Hindistanlı anti – korrupsiya aktivisti 74 yaşlı Anna Hazar və 1000 – ə yaxın davamçısının həbsindən sonra 16 avqustda minlərlə insan küçələrə çıxdı. Axşama yaxın artıq 1300 – dən çox etirazçı həbs edilmişdi.

Tələbələrin növbəti etiraz aksiyaları Kolumbiyada yaşandı. Tələbələrin təhsil müəssisələrinin özəlləşdirilməsinə qarşı aylardan bəri davam edən etrazları oktyabrın 12-  də onların paytaxt Boqotanın küçələrini işğalı ilə davam etdi. 2000 – dən çox tələbənin iştirak etdiyi etiraz aksiyasında 19 yaşlı bir gənc həyatını itirdi.

Nəhayət, etiraz dalğası Amerika Birləşmiş Ştatlarını da bürüdü. Sentyabr ayından başlayan etiraz aksiyaları “Wall Street”i işğal et” adı altında başladı. ABŞ – ın iqtisadi siyasətinə və maliyyə maqnatlarına qarşı keçirilən aksiyaların əsas məqsədi sosial ədalətin bərpasıdır. Nümayişlərin əsas şüarları “99 % kasıb, 1 % varlı” və “Biz 99 %-ik”- dir. Nyu – Yorkda başlayan etiraz aksiyalarında etirazçılar Bruklin körpüsünü ələ keçirərək bağladılar, polislə qarşıdurma nəticəsində aralarında jurnalistlərin də olduğu 700 – dən artıq adam həbs olundu. Etirazlar bu gün də davam edir. Artıq etirazlar Amerikanın çox hissəsini bürüyüb. Çikaqoda, Vaşinqtonda, Bostonda insanlar parklarda, meydanlarda çadırlar qurub, düşərgələr salırlar və qışı bu düşərgələrdə keçirəcəklərini deyirlər. Artıq bunun üçün bir sıra addımlar da atılır. ““Wall Street”i işğal et” adlı fond yaradılıb və fonda toplanan vəsaitlə nümaişçiləri yemək, geyim və çadırlarla təmin etmək fikrindədirlər.

Artıq bütün dünyanı etiraz dalğası bürüyüb. Oktyabrın 15-də dünyanın 82 ölkəsinin 951 şəhərində insanlar küçələrə çıxıb kapitalizm əleyhinə etirazlar edəcəklər.

Dünyanın dörd bir tərəfində Amerikada, Asiyada, Afrikada, Avropada keçiriləcək bu etirazlarin əsas məqsədi sosial ədalətin barpasıdır.

Biz, dünya insanları, öz gücümüzü birləşdirərək siyasətçilərə və onların xidmət etdikləri maliyyə elitasına göstərəcəyik ki, bizim gələcəyimizi onlar təyin etmirlər, gələcəyimiz öz əllərimizdədir! Biz onların idarə etdikləri alətlər deyilik!

Oyan! Ayağa qalx! Hüquqların üçün ayağa qalx!

Oyan! Ayağa qalx! Mübarizədən əl çəkmə!

 

Hazırladı: Mehdiyev Məmmədhüseyn 

(c) SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:14840