abunə ol: Yazılar | Şərhlər | Еmail

Mətləb Muxtarov – MASCULİN – FEMİNİN (KİŞİ-QADIN)

Şərh


MASCULİN – FEMİNİN

     (KİŞİ-QADIN)

 

 

 

Rejissor: JAN LYUK QODAR

FİLMƏ BAX
“Bizə televizor və soyuducu alın, amma bizi azadlıqdan da azad edin”

Qi de Mopassanın hekayələri əsasında Jan-Lyuk Qodarın çəkdiyi film.

Fransa və dünya kinosuna “Yeni Dalğa” kimi bir inqilabi yeniliklə gələn Qodarın siyasi seçimi də inqilabidir. Birlik, bərabərlik, qardaşlıq və sülh. Qodar sosialistdir.

“Masculin – Feminin” filmi isə Qodarın sol ideyalarını əks etdirən filmidir. İlk öncə qeyd edim ki, filmə baxarkən sanki sənədli film seyr edəcəksiniz. “Yeni Dalğa”nın özəlliyi də burdadır.

Filmin ssenarisi iki əks fikirli gəncin sevgi münasibətləri əsasinda qurulsa da əslində vermək istədiyi mesajlar fərqlidir.

ABŞ – Vyetnam müharibəsinə olan etiraz, gənclərin azad seçim etmək imkanı və əlbəttə ki, sosializm fimin ayrı – ayrı yerlərində önə çəkilən mövzulardır. Ayrı – ayrı kadrlarda sevgi, şiddət, romantika və ölüm göstərən Qodar həqiqətən də dəlidir. Etiraf edim ki, filmin müəyyən yerlərində Qodarın nə etmək istədiyini anlamadım, amma sonlara gələndə yadıma “Yeni Dalğa” sözü gəldi və sakitcə filmi geriyə çevirib yenidən seyr etməyə başladım.

Filmin adını unudun getsin. “Masculin Feminin” (Kişi – Qadın). Bu adın filmə elə də çox aidiyyatı yoxdur, mövzu kişi və qadın fərqləri deyil. Qodar ideoloji baxımdan iki fərqli gəncin münasibətlərində olan anormallığı göstərir. Cəmiyətdən bezən, sol fikirli gənc oğlan və Müğənni olmağa qərar verən, dar düşüncəli qız. Qodarın öz dilində desək, “Marks və Koka-Kolanın övladları” üz-üzə. Əslində filmin iki qəhrəmanı da simvolikdir. Partiyaların yalançı sloqanlarından bezən, yeni nəfəs axtaran, haqsızlığa etiraz edən oğlan və əksər dar düşüncəlilərin arzuladığını arzulayan, şiddətə, müharibəyə, irqçiliyə qarşi laqeyd olan qız. Qodar iki ideyanı üz – üzə gətirir və fərqləri göstərir. Tamaşaçıya seçim etmək imkanı verir. SEÇİM SİZİNDİR.

Filmdəki dialoqlara fikir vermənizi tövsiyə edirəm.

Filmin əsas qəhrəmanı nə Poldur, nə də ki onun sevgilisi. Filmin əsas qəhrəmanı kadr arxasında qalan şəxsdir. Kadr önünə gələn aktyorlara suallar yağdıran, dialoq qurmağa çalışan şəxs, hansı ki, filmdə heç gözə dəymir. Bu səbəbdən dialoqları diqqətlə dinləməyinizi məsləhət görürəm. Məhz kadr arxasında danışan kəs filmin mövzusun müəyyən edir və ssenarini istədiyi tərəfə döndərir.

Məni ən çox təəccübləndirən kafe səhnəsi idi. Ərini öldürən qadının soyuqqanlılığı, ətrafda oturan insanların laqeydliyi. Fərqlidir.

Filmə  bir az da öz baxış bucağımdan baxım: Rejissor işi çox gözəldir. Tək kamera ilə Qodarın çıxardığı oyunlar çox fərqlidir.. Antonioni altı kamera ilə işləyib şedevr yaradırsa, Qodar tək kamera ilə möhtəşəmdir. Və əlbəttə ki, aktyorlara verdiyi azadlıq çox önəmlidir. Filmə baxarkən bir aktyorun bir səhnədə, kadr dəyişmədən, 3-4 dəqiqə danışması və sərbəstliyi çox gözəldir.

Bir sözlə şiddətlə tövsiyyə edəcəyim film: MASCULİN FEMİNİN.

 

(c)SOLFRONT


Oxşar yazılar:

Baxış sayı:9565