abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – Qaydalar dəyişir

Comments Off on Məmməd Süleymanov – Qaydalar dəyişir


Cek Londonun “Dəmir daban”ını dünya ədəbiyyatı tarixində oliqarxlar və oliqarxiya haqqında ilk roman sayırlar. Əsər kapitalizmin analizi və öncəgörmələrlə zəngindir. Cekin kapitalizmi qamçılayan və işçi sinfinin mübarizəsindən bəhs edən digər yazıları da var, ancaq onlar kiçik həcmlidir və publisistikdir (“Mən niyə sosialist oldum?”, “İnqilab” və s.), yalnız “Dəmir daban” sosialist yazıçının ideyaları ən dolğun şəkildə əks olunmuş irihəcmli bədii romanıdır.
İlk dəfə oxuduğumda orta məktəb şagirdiydim. “Martin İden”dən, “Əcdadların çağırışı”ndan və çoxsaylı hekayələrindən sonra “Dəmir daban”ın məni riqqətə gətirmədiyini və xüsusi bir təsir bağışlamadığını söyləməliyəm. Yeniyetmə yaddaşımda daha çox qan içində boğulan üsyanın emosional təsvirləri qalmışdı.
Kitab dilimizə tərcümə idi. Mükəmməl bir tərcümə. Və o cür tərcümələrlə indi rastlaşmaq müşkül məsələdir.
İkinci dəfə “Dəmir daban”a bu il qayıtdım. Təsadüfdən. Bir tanışım mənzilində yeni mebel üçün yer tapmadığından Sovet illərində topladığı zəngin kitabxanasındakı kitabları “başından edirdi”. Belinski sayağı, “Bir cüt çəkmə Şekspirdən qiymətlidir”. Və nəticədə mənə də çatan kitablar arasında Çexov, Dostoyevski, O`Henri, Yesenin, Bredberi ilə bərabər Cekin “Dəmir daban”ı da vardı. Eyni tərcümə, eyni nəşr.
Yayda Bakını tərk edib Qaxın kəndinə 2 aylıq yollananda kitabı da özümlə götürdüm. Və ilk böyük təəccüb: Sanki “Dəmir daban”ı əlimdə ilk dəfə tuturam, sanki bu kitabı hələ 16 yaşımda mütaliə etməmişəm. Sirr isə sadə idi: Onu ilk dəfə oxuduğumda tamam başqa ölkə, başqa quruluş, başqa reallıqlardı. Kitabda yazılanlar, oradakı səfalət, istismar, sinfi mübarizə təsvirləri o vaxtlar yadplanetlilərin xatirələri kimi görünürdü və bizlərə tamamilə yaddı. “Oliqarxiya”, “trest və monopoliyalar”, “fəhlə aristokratiyası”, “orta sahibkarlar”, “zorakı yolla mübarizə” ağlabatmaz terminlərdi. Nə yazıq ki, tezliklə onlar reallığa çevrildilər və 1980 – larda qeyri – aktual, utopik görünən “Dəmir daban” təsvirləri hazırda gündəlik reallığımıza çevrilib.

Mənə isə oxuduqca Cekin hələ 100 il əvvəl bir çox şeyləri necə aydınlıqla proqnozlaşdırdığına təəccüblənmək qaldı. Düzdür, oxşar ideyalara digər mütəfəkkirlərdə rast gəlmək olur, məsələn Leninin “İmperializm kapitalizmin ali mərhələsi kimi”, yaxud “Dövlət və inqilab”ında, ancaq Cek xronoloji olaraq Lenini qabaqlayır. Üstəlik, “Dəmir daban” fəlsəfi yox, bədii əsərdir. Siyasi fikirlər nə qədər mükəmməl olmalıdır ki, onu bədii obrazlara köçürə, iqtisadi qanunauyğunluqları sadə oxucu üçün anlaşıqlı dilə çevirə biləsən – Cek Londonun ən böyük üstünlüyü də buradadır.
Əsər inqilabçı Ernest Everqardın qadını Evisin gündəlikləri formasında təqdim olunur. Orada oliqarxik kapitalizmin təşəkkülünün dolğun təsviri verilir. Get-gedə əvvəl xırda, sonra orta müəssisələr sıradan çıxarılır. Onları oliqarxların əlində cəmləşən trestlər “udur”. Oliqarxlar izafi gəlir ardınca xarici bazarlara çıxırlar (Oxu: qlobalizm), digər mərkəzi kapitalizm dövləti olan Almaniya ilə ABŞ-ın bazar rəqabəti müharibəyə aparıb çıxarır (Oxu: Dünya savaşı). Ancaq bütün dünya sosialistlərinin iş yerlərini buraxıb tətilə çıxması və beynəlmiləl pasifizm bu müharibəyə mane olur. Almaniyada sosialistlər kayzeri devirib hakimiyyətə gəlir, ancaq ABŞ-da oliqarxlar hakimiyyətdə möhkəmlənirlər. Everqard onların hakimiyyətini “Dəmir daban” adlandırır.
Sonrasına diqqət edin: Orta sahibkarlar (xüsusən də fermerlər) müflis olmaqlarına üsyanla cavab verirlər. Üsyan qan içində boğulur. Ordu Dəmir dabanın silahına çevrilir. Eyni zamanda oliqarxlar həmkarlar təşkilatlarını satın alırlar (bizdəki kimi).

Əsəri oxuduqca indiki dövrlə oxşarlıqlar da qar topası kimi artır: Daha xırda və orta sahibkarlar yoxdur, oliqarxlar güc strukturlarını gücləndirir, total nəzarət edir, həmkarlar təşkilatlarını “əl oyuncağı”na çevirirlər. Fəhlələrin bir qismi – yüksək ixtisaslı hissəsi üçün normal həyat şəraiti yaradılır (Bunu indi Qərbdə olan “fəhlə aristokratiyası” ilə müqayisə edin). Onlara Cek London rabitə, nəqliyyat, maşınqayırma və hərbi kompleks sahələrinin fəhlələrini aid edir. Beləliklə, fəhlə sinfi bölünür, ştreykbrexerlik adiləşir. “Seçilmiş” fəhlələr komfort evlərdə yaşayır, onların tibbi xidməti, övladlarının təhsil hüququ var. Əksər fəhlələrin isə maaşı azaldılır, iş saatları artırılır, onlar şəhər mərkəzlərindən uzaqlaşdırılır, getto və baraklara sürülür. Onlar klassik anlamda proletariata (heç nəyi olmayanlara), lümpenlərə (sinifsiz fərdlərə) çevrilir. Onların mövcudluq şəraiti elementar mədəniyyətlərini də məhv edir. Bu fəhlələrə maaş əvəzinə sadəcə bir qab yemək verilir, işləmək isə məcburidir.

Beləliklə, var oliqarxlar, var onlara xidmət edən, öz sinfi mənsubiyyətini satan “fəhlə aristokrariyası”, bir də var lümpenlər, mədəniyyətini, insanlığını itirməkdə olan, deqradent kütlə.

Cek London Dəmir dabanın gələcəyini bu cür təsvir edirdi. 1940 – larda Corc Oruell bu əsəri xəsisliklə tərifləməklə yanaşı, proqnozların bir çoxunun doğrulmadığını qeyd edirdi. Ancaq maksimalist olmayaq: Oruelldən sonra onun öz proqnozları kimi, Cek Londonun da bir çox proqnozları doğruldu. Sadəcə, Oruell bunu görmədi. Cek London isə əslində 1980-cı illərdən bütün dünyaya etalon kimi sırınan neoliberalizmi təsvir edirdi. Haradasa daha kustar formada, bədii şəkildə, ancaq ümumən dəqiq və öncəgörmələrlə.

Ancaq… Artıq neoliberalizm də elə çox çatlar verib ki, daha bu çatları yeni müharibələrlə, istismarla, zorakılıqla da bitişdirmək mümkün olmur. İlk dəfə Çilidə 1973-cü ildən generalların və “Çikaqo oğlanları”nın əlləri ilə tətbiq olunmuş, sonra 1980-cı ildən başlayaraq Kenan Evren çevrilişi ilə Türkiyəyə ötürülən, bir az sonra isə dünyaya yeganə alternativsiz resept kimi sırınan neoliberalizm erası bitməkdədir. Bunun əksər əlamətləri göz qabağındadır. Ancaq misallara keçməzdən əvvəl bir daha Cekin “Dəmir daban”ına qayıdaq. Ernest Everqardın çıxışından balaca bir sitata diqqət kəsilin:

“İnsan cəmiyyəti öz tarixi boyu heç vaxt indiki kimi qeyri – sabit vəziyyətdə olmayıb. Haradasa cəmiyyətin dərinliklərində gözlə görünməyən, nəhəng çevriliş yetişir. Bu prosesləri daha çox altıncı hiss ilə qavrayırsan. Nə isə yerindən tərpənir – nəhəng, aydın olmayan, qəzəbli… Mən hansısa nəhəng v qəzəbli hadisələrin gəlişini gözləyirəm, onların kölgəsi artıq üfüqü qapadır. Bunu oliqarxiyanın təhlükəsi adlandıraq – mülahizələrimdə bundan irəliyə gedə bilmərəm. Onun xarakter və təbiətini hətta təsəvvür etmək də çətindir…”

Everqard gələn fəlakəti hiss edir, ancaq onu geniş təsvir edə, ona ad verə bilmir. Çünki, baş verənlər tarix üçün tamamilə yenidir.

O yenilik – neoliberalizm idi. Daha o da yeni deyil. Və yenə də Everqardın ardınca təkrarlaya bilərik: Yeni nə isə yenə yetişir və gəlir. “Və Onun xarakter və təbiətini hətta təsəvvür etmək də çətindir…”

Dünyada qaydalar yenə dəyişir…

***

Neoliberalizm dünanı müqavimətsiz fəth etdi. Azsaylı etirazları hesaba almamaq da olar. 1984-cü ildə Böyük Britaniyada şaxtaçıların qiyamı, yaxud tarixin az məlum səhifələrindən biri – 1997-ci ildə Albaniyada fəhlələrin üsyanı bu doktrinanın qloballaşması yolunda maneə ola bilməzdi.

Ancaq “sıfırıncı illər” misilsiz istismar və neomüstəmləkəçilik təlimi olan neoliberalizmin iflasının əvvəli oldu. Dünyanın təkcə periferiyasında yox, mərkəzi kapitalizm ölkələrində də siyasi mübarizə günbəgün güclənir. Və küçələrə axışan insanlar artıq sosial tələblərlə kifayətlənməyərək siyasi mübarizə şüarları səsləndirirlər.

İngiltərədə mayda tələbələrin və avqustda yoxsulların qiyamından, Fransada “Qəzəb günü”ndən, İspaniyada bu gün də davam edən dinc üsyandan sonra növbə gəlib ABŞ-a da çatdı. Ancaq media – senzura oradakı hadisələri işıqlandırmağa mane olur.

Yazda Viskonsin ştatını çulğamış və həftələrlə davam edən kütləvi etirazlardan çoxmu adam xəbər tutdu? O hadisələri ABŞ mətbuatı az da olsa, dozalı şəkildə yayımlasa da, bu günlərdə – sentyabrın 17 – də Nyu-Yorkdakı “ABŞ-ın Qəzəb günü” barədə sadəcə susdular. Həmin gün qəzet saytları baxdım – “Taym” susur. Bir kəlmə də, bir foto da yox. Əvəzində isə heyvan cəsədlərinin fotosu və altında da yazılıb: “Bu heyvanları, yerli əhalinin ddiyinə görə, Qəzzafi tərəfdarları güllələyib”.

Sinizm, deyilmi? Amerikada Liviya heyvanlarının taleyindən əndişədədirlər, Nyu-Yorkdakı sırf siyasi çıxışlar barədə isə – bir kəlmə də (Eyni sükutu El Pais, Pari Matç, Deyli Mirror da qoruyub saxlayır). Halbuki, həftələrlə hazırlanan, konkret siyasi şüarlarla keçirilən bu aksiya neoliberalizm tarixinin dönüş nöqtələrindən biri olmağa layiqdir.

Şüarlara baxaq: “Uoll striti zəbt et – Kapitalizmə son qoy!”. “Korporasiyalara son!”. “Kapitalizm məhvə məhkumdur!”. Bu, artıq sadəcə iqtisadi tələblərlə aksiya deyil, bu, neoliberalizmin ürəyi olan ölkədə yüz minlərin bütün siyasi Sistemi, formasiyanı dəyişmək tələbidir. Bu, hətta ən tox sayılan ölkədə yüz minlərlə işsizin və acın kükrəyişidir. Və bu, başlanğıcdır.

Sinfi bərabərsizliyə qarşı çıxanlardan biri deyir: “Bu ölkədə milyonlarla adam işsiz oturub. Gəlirlərin 99 faizi isə əhalinin 1 faizinin əlindədir”. Və bu sözlər “Macəra dolu Amerika”ya aiddir.

Aksiyanın möhtəşəmliyinin qarşısını alan əsas faktor – təşkilatçılar əvvəldən bəlli olduğundan hakimiyyətin preventiv tədbirlər görməsi idi. ABŞ senzuralar və total nəzarət dövlətidir. Oranı Jan Kalvin dövrünün Cenevrəsinə bənzətmək olar. Sadəcə konsistoriyanı müxtəlif güc və xəfiyyə qurumları, ordonansları isə “Terrorla mübarizə” şüarı əvəzləyib. Hətta buna baxmayaraq, on minlərin Nyu-Yorkda Uoll-stritə hücum çəkməsi möhtəşəm bir faktdır. Və əksəriyyəti Sol spektrə məxsus etirazçıların öz aksiyalarını “Qəzəb günü” adlandırması, Misir, Tunis etirazlarının modlindən istifadə etməsi çox mətləbdən xəbər verir. “Təhrir” meydanı ABŞ-a köçür.

Bununla eyni vaxtda siyasi mübarizə gündəgün Fransada, Yunanıstanda, İspaniyada, İsraildə güclənir. Xalqlar neoliberalizmə qəbir qazır.

Ancaq… Kim deyir ki, istismar dünyası bu çıxışların qarşısından çəkilib mövqeyini təhvil verəcək? Cek Londonun “Dəmir dabanı”ndakı fikirlərin aktuallığı da elə bundadır. Orada klassik kapitalizm təhlükə qarşısında dəyişilib Dəmir dabana tranformasiya etdi – oliqarxiya, qlballaşma, neoliberalizm. İndi də o, yeni transformasiyaya məhkumdur. Və məsələ də ondadır ki, onun yeni sifəti indiki sifətindən də murdar olacaq. Əgər baş tutsa…

***

İkinci bir misala da baxaq – hazırda Belçika siyasi sistemində baş verən (və sonu görünməyən) bənzərsiz böhrana. Oradakı hadisələr də bəşərin yeni idarəçilik qaydalarının astanasında dayandığından xəbər verən simptomlardan biridir…

***

Borxesin “Yorğun adamın utopiyası”nda belə bir dialoq var:
“- Bəs hakimiyyətlərin başına nə gəldi?
– Ənənəyə uyğun olaraq, onlar tədricən istifadədən çıxdılar.
Onlar seçkilər təyin edir, müharibələrə başlayır, vergilər yığır, mülkiyyəti müsadirə edir, həbslər aparır, senzuraya əl atır, ancaq heç kəs daha onlara fikir vermirdi. Mətbuat onların bəyannamələrini və təsvirlərini verməkdən imtina edirdi. Siyasətçilər özlərinə daha layiqli peşə axtarmalı oldular: bəziləri yaxşı komikə çevrildi, digərləri – yaxşı türkəçarəçiyə…”
Görünən odur ki, Borxesin təsvir etdiyi dövr gəlib çatır. İlk simptomlardan biri – Belçikadır. Bu ölkə həm seçkilərin, həm hakimiyyətlərin faydasızlığına, onlara ehtiyacın necə sürətlə yoxa çıxdığına ən müasir illüstrasiyadır.
Sentyabrın 13-də Belçikanın baş nazir əvəzi İv Leterm bəyanat verdi: Öz vəzifəsini tərk edir. Çünki Parisdə daha yaxşı iş tapıb – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbəri olacaq. Leterm baş nazir əvəzi olmaqdan bezdi.
Belçikada 15 aydır hökumət yoxdur, “hökumət əvəzi” var. Və indi o, “baş nazir əvəzi”ndən də məhrum oldu. Kral 2-ci Albert istirahətini yarımçıq kəsib xalqa səsləndi. Ancaq faydasız.
Hökumətin yoxluğunun müddətinə görə Ginnesin rekordlar kitabına düşən Belçikada 15 ay əvvəl parlament seçkiləri keçirilib, ancaq o vaxtdan bəri partiyalar hökuməti formalaşdıra bilmir. Pat situasiyasıdır: hamı yeni seçkilər təyin etməyin faydasızlığını anlayır. Xeyri yoxdur: nə qədər istəyirsən seçki keçir. Sonunda ölkə yenə hökumətsiz qalacaq. Çünki flamand və vallon kəsim (holland- və fransızdillilər) konsensus və kompromisdən uzaqdırlar. Onlar heç cür səlahiyyətləri, maliyyəni və ətrafı ilə birlikdə Brüsseli bölə bilmirlər.
Letermin başsız qoyub gəlirli yerə yollandığı müvəqqəti kabinet son 5 ildə 4-cü idi. Yanvarda 30 min vətəndaş Brüsseldə etiraz aksiyası keçirərək bu xaosa son qoymağa çağırdı. Sonra Facebook-da ölkənin birliyinə səsləyən və üzvlərinin sayı az vaxtda 100 minə çatan səhifə yaradıldı. “Biz nə istəyirik? İstəyirik ki, hökumət olsun! Partiya liderləri arasında açıq və düzgün dialoq olsun!” – həmin səhifədə yazılıb.
Ancaq faydasız. Hökumətsizlik sahəsində mütləq rekordsmen olan Belçikada adi təbəələr siyasətçiləri “ağıllandırmaq” üçün ən ekstraordinar etirazlara əl atdılar. Məsələn, daimi hökumət formalaşmayana qədər qadınlar kişiləri sekssiz qoymağa, kişilər isə saqqallarını qırxmamağa çağırdı. Ancaq heç nə düzəlmədi.
Hökumətsizlik şəraitində qlobal məsələləri həll etmək müşküldür. Məsələn, büdcə defisiti, inflyasiya. Artıq ayrı-ayrı yerlərdə Brüsseldə yerləşmiş beynəlxalq təşkilatların mənzil – qərargahlarının oradan çıxarılması təklifləri eşidilir. Məsələn, NATO-nun mənzil-qərargahının. Bir sözlə, Belçika siyasi cəhətdən Avropanın ən qeyri-stabil dövlətinə çevrilməkdədir.
Beləliklə, nə alınır? Yeni tendensiya: xroniki hökumətsizlik. Ancaq insanlar yaşayır, sevir, işləyir və get-gedə hakimiyyətsizliyə öyrəşirlər. Bəlkə heç əsarət aparatı olan hökumətlərə ehtiyac yoxdur və onlar Borxesin yazdığı kimi, “istifadədən çıxırlar”? Bununla bizlərə nümayəndəli demokratiyanın, seçkilərin əhəmiyyətsizliyi fikrini aşılamırlar ki?
Əlbət, Bakunin buna sevinərdi, ancaq 21-ci əsr övladları, kapitalizmin necə amöb kimi sürüşkən və özünüdəyişməyə qadir olduğunu bilənlər üçün bu tip faktlar həm də “Alarm!” siqnalıdır. Nə isə hazırlanır, seçkilərin və koalision hökumtlərin ziyanlılığı mifi təlqin edilir.
Belədirsə, bəs onların əvəzləyicisi nə olacaq? Borxesin yazdığı kimi siyasətçilər komikə və türkəçarəçiyə çevriləcəksə, bəs onların yerinə kimlər keçəcək? Budur sual. Onların yerinə oliqarxiya keçəcək. Və bununla da siyasi hakimiyyətin plüralizmi, azad seçkilər, çeşidli azadlıqlar və demokratik prosedurlar kimi terminlərin arxasında gizlənmək, onları imitasiya etmək ehtiyacı da birdəfəlik aradan qalxacaq. Pisi daha pis əvəzləyəcək. Həm də adını gizlətmədən…



Oxşar yazılar:

Baxış sayı:8802