abunə ol: Yazılar | Şərhlər | Еmail

Andre Qorts – İmmiqrant əməyi

Şərh

Elə bir qərb ölkəsi yoxdur ki, immiqrant əməyi lazımsız amil və ya heç olmasa iqtisadi konyunkturadan tamamilə asılı olan marginal amil olsun. Əməkçi immiqrantlar heç yerdə nə adi məşğulluq “nizamlayıcı” – sı, nə də burjuaziyanın genişləndirmək istədiyi “ehtiyat əmək ordusunu”nda yardımçı ola biləcək alət deyillər. Almaniya və Böyük Britaniyada onlar işçi əhalinin 6% – ni, müxtəlif yerlərdə çalışan işçilərin 14% – ni; Belçikada işçi əhalinin 10% – ni, sənayə işçilərinin 25% – ni (buraya tikinti və dağ – mədən sənayesi də daxildir) təşkil edirlər. Fransada işçi əhalinin 11% – i  immiqrantlardır (təxminən 2 milyon adam) və sənayedə 25% – i keçirlər; İsveçrədə işçi əhalinin 26% – ni, sənaye sektorunda çalışanların 35% – ni təşkil edirlər.

İmmiqrantların funksiyaları və kapitalist sinfinə verdiyi fayda iki cürdür: siyasi və iqtisadi.

Siyasi faydalar. Siyasi faydalar sözsüz ki, ən vacibidir, çünki immiqrant əməyinə verilən güclü dəstək yerli əhalinin ictimai və siyasi strukturunun təməlində süni dəyişikliklər aparmağa imkan verir. Xarici işçilərin cəlb edilməsi ona gətirib çıxarır ki, işçi sinfinin mühüm hissəsi həmkarlar ittifaqlarından uzaqlaşdırılırlar; işçi sinfinin seçkilərdə iştirakı və siyasi çəkisi əhəmiyyətli dərəcədə azalır; onun birliyi və ideoloji təsiri xüsusilə zəifləyir.

Bir sözlə, son nəticədə idxal edilən işçilərlə yerli proletariatın qarışdırılması yolu marginal və mədəniyyətdən təcrid edilmiş, siyasi, birlik və vətəndaş hüquqlarından məhrum edilmiş yaşayışa aparır və işçi sinfinin əhəmiyyətli sektorlarında  “qeyri – milliləşdirmə” yaradır.

İşçi – immiqrantlara olan dəstəyi sadəcə işçi sinfinin bütün sektorlarını siyasi cəhətdən neytrallaşdırmaqla bağlamaq olmaz, o sektorlar ki, İtaliyada olduğu kimi, ən pis halda böyük fəallıq göstərə bilərdilər; burada şimaldan cənuba işçi immiqrasiyası xarici immiqrasiyanı əvəz etmişdi.

Digər tərəfdən, fiziki əməklə məşğul olan yerli işçilərin sayının azaldılması əslində onların digər fəaliyyət sahəsinə köçürülməsidir. “Milli” işçi sinfinin həcmini 20%-ə qədər azaltmaq o deməkdir ki, bu işçiləri yüksək texnologiya sahəsinə və ya xidmət sahələrinə yönəldirlər; Bu isə fiziki əməyin sosial və iqtisadi qiymətini və bununla məşğul olan insanların qiymətini aşağı salır. Bu, əl əməyi ilə yüksək texnoloji, intellektual əmək, xidmət sahələrindəki iş arasında uçurumu dərinləşdirir. Uyğun olaraq da orta təbəqənin ictiami – siyasi əhəmiyyəti barədə təsəvvürlər şişirdilir, irqçi və şovinist təbliğat “milli” işçi sinfinin meşşan elementlərini şövqləndirərək, özlərini ideoloji cəhətdən kiçik burjua kimi tanımağa həvəsləndirir. Siyasi faydalar sözsüz ki, əhəmiyyətinə görə burjuaziyanın əməkçi immiqrasiyaya dəstəkdən çıxardığı iqtisadi faydaları ötüb keçir.

İqtisadi faydalar. Hazır işçilərin idxalı onları qəbul edən ölkələrə bir işçi immiqrant üçün 8 – 16 funt sterlinq qənaət etməyə imkan verir, belə ki, Qərbi Avropa ölkələrində on səkkiz yaşlı bir adamın təhsil və tərbiyəsinə xərclənən sosial xərclər həmin adamın verəcəyi təxminən 5 – 10 illik əmək gəlirinə bərabərdir. Qəbul edən ölkələrin immiqrantlar üzərində qurduğu gələcək iqtisadiyyat ona hesablanıb ki, o əməkçi miqrantların uşaqlıq və gəncliyini ödəmir, onları yaşlananda təmin etmək kimi öhdəliyi də yoxdur (bu heç də o demək deyil ki, immiqrantlar sosial sığorta gəlirlərindən azaddırlar). Onu da nəzərə almalıyıq ki, əməkçi immiqrantların əksər hissəsi ailəsiz gəlirlər (Almaniya və İsveçrədə 90% – i), bu isə qəbul edən ölkənin əlavə sosial xərclər qənaət etməsinə şərait yaradır (yaşayış yerlərinin, məktəb, xəstəxanaların, yolların və s. tikilməsi). Yalnız bu səbəbdən, immiqrantlara ödənən aşağı maaşdan heç danışmağa dəyməz, xarici işçilər kapitalist sinfi tərəfindən istismar edilirlər (yəni əlavə gəlir mənbəyi olurlar). İnkişaf etmiş kapitalist ölkələr bir çox müxtəlif sosial xərclərdən boyun qaçıtıb, bu xərcləri daha az inkişaf etmiş ölkələrə yükləyirlər və sonuncuları öz inhisarçı inkişaflarını təmin etməyə məcbur edirlər, bu faktın özü vacib iqtisadi amildir.

Amma bütün bunları “milli” işçi sinfin ideoloji və siyasi cəhətdən təlimatlandırılması üçün amillərə çevirmək çox çətindir. “Tyermondistlər” [1]– in nəticələri çox vaxt iki başlı dəyənəyə çevrilir və ideoloji anlaşılmazlıq yaradır. Hərçənd aydındır ki, əməkçi immiqrantların istismarı qeyri – bərabər inkişaf (kapitalizmdə) üçün vacib amildir və “üçüncü dünya ölkələrinin” qarət edilməsi formasıdır, amma həm də bu istismar və qarətin avropa metropoliyalarında əhalinin, işçi sinif də daxil olmaqla, zənginləşməsinə xidmət etməsini və buna görə də adi yaşam tərzinin saxlanması üçün mühüm olduğunu hesab etmək siyasi cəhətdən uzaqgörən və düzgün olmaz.

Əslində belə fikirlər, “imperialist metropoliyalar bolluq içində istehsal vasitələrini yerbəyer edir, bazarlar məhsullarla doludur, amma işçi qüvvəsinə ehtiyac var” kimi  müxtəlif «fərziyyələrdən» doğur. Guya həyat səviyyəsinin kəskin aşağı düşmə təhlükəsinin qarşısını almaq üçün immiqrant əməyindən yapışmağa can atırlar, bu isə işçi sinfinin və imperialist metropoliyalarındakı burjuaziyanın ümumi maraqlarına uyğundur.

Belə fikirlərin yalnışdır, çünki onlar belə bir konsepsiyadan çıxış edirlər ki, guya sosisal struktur və əmək bölgüsü dəyişməz amillərdir, amma onlar immiqrant əməyinə olan hərtərəfli dəstək nəticəsində qurulub.

Əgər bu metropoliyalardan idxal edilmiş və marginallaşmış proletariat kütləsini ayırsaq, nəinki istehsalat darmadağın olacaq, həyat səviyyəsi də aşağı düşəcək. Bu ölkələrdə olan həyat səviyyəsi, cəmiyyətin bütün strukturu, siyasi güclərin balansı tamamilə dəyişəcək.

Bu nəticələri qiymətləndirmək üçün bircə sual vermək lazımdır, imperialist ölkələr ümumi işçilərin 20% – ni təşkil edən (bu rəqəm təxminən Amerika Birləşmiş Ştatlarının proletariatındakı zənci əhalinin sayına bərabərdir), fiziki əməklə məşğul olan immiqranların əməyi olmadan necə mövcud ola bilər?

Bu, onları məcbur edəcək ki, passsiv (qadınlar, yeniyetmələr və uşaqlar), xidmət sahəsində çalışan və az qala parazit əhalinin çox hissəsini fiziki əmək sahəsinə köçürsünlər. Demoqrafik olaraq bu yerdəyişmə elə bir problem yaratmır, yəni, hələ ki söhbət potensial əmək resurslarının fiziki imkanlarından gedir. Eləcə də əmək qabiliyyətlərinə baxmayaraq, passiv və istehsaldan uzaq əhali bəzi şərtlərlə indi immiqrantların gördüyü çirkin, ikrah doğuran işləri görə bilər. İş saatlarını, əmək şərtlərini, əmək prosesinin əsaslarını radikal olaraq yaxşılaşdırmalı olacaqlar. Bu əməyə ictimai faydalılığına uyğun olaraq yeni qiymət təyin edilməlidir. Bundan əlavə, bu iş üçün həm də işçiyə işçi qüvvəsinin “tarixi əhəmiyyətli dəyər”inə görə  ödəniş edilməlidir. Bax bu, fiziki əməklə məşğul olan işçiyə, fransız və ya ingilisin (və ya alman, isveç, isveçrəli) 1970 – ci ildə mövcud olan konkret – tarixi təlabatını təmin etməyə imkan verəcək maaş ola bilər, həm də gördükləri işin ağır, çirkli, ziyanlı və xoş olmayan xarakterini kompensasiya edərdi.

Belə maaş çox yüksək olardı; hətta müasir kapitalist sivilizasiyasında yüksək keyfiyyətlərin tələb edildiyi iş üçün ödəniləndən daha çox, baxmayaraq ki, cəlbediciliyinə, rahatlığına, təqdim etdiyi “sosial status”a görə belə işlərə tələb bənna, daşyonan və ya çuqunçu işindən daha çoxdur. Başqa sözlə desək, əgər kapitalist cəmiyyətin rəsmi elan edilmiş meyarları həqiqətən həyata keçirilsəydi, fiziki əməyə tarixi dəyərlə ödənilən qiymət əmək bazarında daha cəlbedici olardı – amma bu cəmiyyətdə struktur cəhətdən qeyri – mümkündür.

Sosial iyerarxiyanın saxlanması, kapitalist sivilizasiyasının dəyər ölçüsü, eləcə də burjua cəmiyyətinin mövcudluğu və hakimiyyət sistemi bu sivilizasiyadan və onun əmək bazarından işçi sinfin böyük hissəsinin çıxarılmasının mümkünlüyündən asılıdır.

Bax bu kapitalist cəmiyyətlərində sənaye işçilərinin 20% – ni təşkil edən əməkçi immiqrantlarların daimi olması ilə meydana çıxan ziddiyyətlərin köküdür. Bu təməl ziddiyyət nəinki imperialist ölkələrdə əhalinin həyat səviyyəsinin, həm də bu cəmiyyətlərin sivilizasiyasının, mədəniyyətinin və mövcud olma üsulunun süni xarakterini nümayiş etdirir.

İşçi – immiqrantların istismarı “milli” işçi sinfinə nəinki xeyir vermir, əksinə, immiqrantların varlığı onlara ziyan verir.

İmmiqrantların yoxluğunda kapitalistlərin yerli işçiləri işə götürəcəyinə, onlara əməkləri qarşılığında əmək haqqı verəcəyinə və beləcə fiziki əmək üçün ödənilən maaşların səviyyəsinin hiss ediləcək qədər artırılmasına ümid etmək mümkünsüzdür. Belə hal kapitalist sistemi şərtlərində struktur cəhətdən qeyri – mümkündür.  Bu mövcud olan təlabat modeli, bu modeldən yaranan iqtisadi, sosial və siyasi tarazlıq və ideoloji dəyərlərin ölçüsü ilə uyğun deyil. Metropoliyalardan işçi – immiqrantların uzaqlaşdırılması nəinki maaşların və “milli” işçi sinfin siyasi çəkisinin yüksəlməsinə gətirib çıxarardı, həmçinin əsasında işçi əməyinin qiymətləndirildiyi və maaş strukturunun nizamlandığı bütün tarixi şərtləri dəyişərək, kapitalist cəmiyyəti üçün bütün səviyyələrdə qlobal böhran yaradardı.

Beləcə xarici işçilərin siyasi müdafiəsi onlar üçün “daha yaxşı maaş” və həyat şərtləri təlabatlarına aid ola bilməz. Bu müdafiə qaçılmaz olaraq immiqrantların istismarı hesabına yaranmış sivilizasiya və ya sosial iyerarxiyaya qarşı total çağırış yaradacaq. Təsadüfi deyil ki, 1968 – ci ilin mayında fransız kütlələrinə belə total çağırış edilərkən, “milli” və “xarici” işçilər arasında birlik yaranmışdı.

Qeydlər:

1. Tyermondizm (fr.) – inkişaf etməkdə olan ölkələr haqqında ölkəşünaslıq konsepsiyalarının və tədqiqatlarının məcmusu.

Tərcümə: Gülər Qasımova                            (c) SOLFRONT.org
[Məqalə original yazıdan Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:11709