abunə ol: Yazılar | Şərhlər | Еmail

İmmanuel Vallerstayn – Sosial – demokratiya illüziyası

Şərh

 

Sosial – demokratik həll variantı xülyaya çevrilib. Əsas sual dünyanın böyük hissəsində yerinə nəyin keçəcəyidir.

1945 – ci ildən 1960 – cı illərin sonuna qədər sosial – demokratiyanın zirvədə olduğu dövrlər idi. Sosial – demokratiya o illərdə, dövlət qaynaqlarının cəmiyyətin geniş kütlələrin xeyrinə, müxtəlif yollarla yenidən paylanması niyyətində olan bir ideologiyanı təmsil edirdi. Təhsil və tibbi xidmətlərin genişləndirilməsi, uşaqlar və yaşlılar kimi cəmiyyətin işləməyən təbəqələrinin ehtiyaclarının müxtəlif proqramlar vasitəsi ilə qarşılanmasının yaşam boyu zəmanəti və işsizliyi azaltmaq bunlardan bəziləridir. Sosial – demokratiya yeni nəsillər üçün daha yaxşı bir gələcək, milli gəlirdə və ailə gəlirlərində müntəzəm artım vəd edirdi. Bu, kapitalizmin tənzimlənə biləcəyini və daha insani bir üzə sahib ola biləcəyini müdafiə edən “rifah dövləti” ideologiyası idi.

Sosial – demokratlar Avropa, Böyük Britaniya, Avstraliya, Yeni Zellandiya, Kanada və ABŞ kimi dünya sisteminin zəngin ölkələrində güclü idilər. Bu ölkələr “Pan Avropa Dünya” adlandırıla biləcək bir dünyanı meydana gətirirdilər. Sosial – demokratlar o qədər uğur qazanmışdılar ki, sağçı rəqibləri belə “rifah dövlətini” dəstəkləyir, sadəcə onun əhatəsini və xərcini azaltmağa calışırdılar. Dünyanın digər bölgələrində isə müxtəlif dövlətlər “milli inkişaf” proqramları ilə bu axıma qatılmağa calışırdı.

Sosial – demokratiya bu dövr boyunca zamanın iki gerçəkliyi tərəfindən dəstəklənən uğurlu bir layihə idi. Bunlardan ilki, yenidən bölmə siyasətini mümkün edən, dünya iqtisadiyyatındakı böyük genişləmə idi. İkincisi isə “rifah dövlətinin” qüvvədə olduğu yerlərdə ciddi silahlı toqquşmaların olmaması idi.

Bu xoş mənzərə sonsuza qədər davam etməyəcəkdi. İki məsələ bu dövrün sonunu gətirdi. Dünyada iqtisadi artım dayandı və hal-hazırda da içində olduğumuz uzun bir durğunluq dövrünə girildi. İkinci olaraq, ABŞ – ın hegemoniya gücü yavaş da olsa uzun bir geriləmə dövrünə girdi. Hər iki məsələ XXl əsrdə də sürət qazanaraq varlığını davam etdirdi.

1970-ci illərdən başlayan yeni dövr, dünyada “rifah dövlətinin” məziyyətləri üzərinə qurulmuş olan həmfikirliyin və milli “inkişafın” sonundan xəbər verirdi. Bunların yerinə keçən neoliberalizm və ya Vaşinqton konsensusu adlandırılan və dövlətin yox, bazarın məziyyətlərini vəz edən, daha sağ bir ideologiya idi. Bu proqram, başqa bir alternativinin olmadığı söylənən qloballaşma reallığına dayanırdı.

Tətbiq olunan neoliberal proqram səhm bazarlarına yüksək səviyyədə artım gətirərkən, eyni zamanada dünya səviyyəsində borclanma və işsizlik səviyyələrində artım və dünya əhalisinin böyük hissəsinin həqiqi gəlirlərində azalmasına da gətirib çıxardı. Amma mərkəz solun dəstək gördüyü ictimai kütlələr tədrücən sağa keçdi, “rifah dövlətinə” olan dəstək azaldı və reformist hökumətlərin rollarının azaldılmasının gərəkli olduğu fikri məqbul sayıldı.

Yaşanan bu mənfi hadisələr varlı Pan Avropa dünyasında hiss olunsa da, əsas mənfi təsir dünyanın digər hissələrində hiss olundu. Bəs onlar ne etdilər? ABŞ – ın iqtisadi və geosiyasi geriləməsindən istifadə edərək öz milli inkişaflarına hədəfləndilər. Dövlətin istehsal vasitələrinin  və cüzi istehsal xərclərinin gücündən istifadə edərək yüksələn ölkələr olaraq meydana çıxdılar. Sözləri və siyasi mövqeləri hər nə qədər solda olsa da, özlərini “iqtisadi inkişafa” bir o qədər həsr etmişdilər.

1945 – ci ildən sonrakı dövrdə Pan Avropa Dünyasında uğurlu olan bu strategiya bu ölkələr üçün də yararlı olacaqdımı? Bu ölkələrdən bəzilərinin – xüsusilə BRlC ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin) – keçən 5 – 10 il ərzində əldə etdikləri yüksək inkişaf səviyyələrinə qarşı bunu iddia etmək çətindir. Çünki dünya sisteminin bu günkü vəziyyəti ilə 1945 – ci ildən sonrakı vəziyyəti arasında ciddi fərqlər var.

İlk olaraq, həqiqi istehsal xərclərinin həddi bütün neoliberal cəhdlərə baxmayaraq, 1945 – ci ildən sonrakı dövrə görə olduqca yüksəkdir və bu kapital yığılma ehtimallarını təhdid edir. Bu vəziyyət kapitalizmi kapitalistlər üçün daha az cazibədar edir və bunu dərk edən kapitalistlər imtiyazlarını qorumaq üçün başqa yollar axtarmaqdadır.

İkinci olaraq, inkişaf etməkdə olan ölkələrin qısa müddətdə zənginliklərini artırmağa yönəlmiş cəhdləri ehtiyacları olan qaynaqlar üzərində böyük bir təzyiq meydana gətirməkdədir. Torpağa, suya, qidaya və enerji qaynaqlarına yönəlmiş yarış həm kapitalistlər arasında şiddətli bir mübarizəyə səbəb olur, həm də dünya səviyyəsində kapital yığılma imkanlarını da azaldır.

Üçüncu olaraq, kapitalist istehsaldakı böyük artım ekoloji sistem üzərində böyük təzyiq meydana gətirməkdədir. Bu da dünya üzərində həyat keyfiyyətini təhdid edən qlobal istiləşmə kimi problemləri meydana gətirir. Bu vəziyyət həmçinin, “artım” və ”inkişafın” iqtisadi hədəflər olaraq məziyyətlərini yenidən nəzərdən keçirməyimizə səbəb olan bir hərəkatı gücləndirir. Fərqli bir mədəniyyət perspektivinə yönəlmiş artan tələb Latın Amerikasinda “Buen yiyir” (yaşanılası bir dünya) olaraq adlandırılır.

Dördüncü olaraq, alt qrupların dünyada qərar alma prossesinə qatılması yönündə tələbləri təkcə kapitalistləri deyil, eyni zamanda milli inkişafı hədəfləyən solçu hökumətləri də hədəf alır.

Son olaraq, bütün bu amillər və hegemoniya gücünün geriləməsi, dünyada biznes təşəbbüskarlarını və dövlətləri iflic edən, dünya iqtisadiyyatında və geosiyasi vəziyyətdə daimi və radikal sarsıntılara səbəb olan bir şərait meydana gətirir.

Sosial demokratik həll variantı xülyaya dönüb. Əsas sual dünyanın böyük hissəsində yerinə nəyin keçəcəyidir.

Tərcümə: Elşad Müzəffərov                                                         (c) SOLFRONT.org

[Yazı original məqalədən Solront.org üçün hazırlanmışdır]

 


Oxşar yazılar:

Baxış sayı:12357