abunə ol: Yazılar | Şərhlər | Еmail

Xaqani Hass – Tapançadan ancaq ölüm gözləməlisən

Şərh

 

 

 

Tapançadan ancaq ölüm gözləməlisən

 

əllərimin kiçikliyində böyüməkdir qadın
sən gələnə yaxın
əllərimin kiçikliyində daralır şəhər
bir tabutluq yer qalır sənsizliyə
quşlar balkonlarını daşıyır qanadlarında
susmaqla nəyisə susmaq arasında fərqi bilmədən
qanadlarından sevincli bir susmaq düşər kimi
əllərimin kiçikliyində böyüməkdir sən
nəyisə susmaqdan sonra gələn sən
və səndən əvvəl əllərim belə kiçik deyildi

səndən əvvəl dodaqlarımda öz dodağım olurdu
öz dadımı bilmirdim
bədənim axmırdı bu cür bədənimə ağzımdan
bütün dadlar keçmişdən gəlmişdilər
gələcəyi bu qədər dadlı bilməzdim
səndən əvvəl gözlərimin içindəki göz idi –
gecədən sabaha sağ çıxan günəşə yaxın,
hər qadın sadəcə o qadın idi
hər qadın sadəcə qadın…
səndən əvvəl
şən və məsum deyildi fahişələr bu qədər
və öpməyim gəlmirdi ağacları alnından
və kimsəsiz uşaqlar öpməzdilər məni alnımdan
səndən əvvəl hər şey özü idi
dünyada Bakıda sahil bağında

notarius təsdiqli layihədirsə yaşamaq
dünyada Bakıda sahil bağında
tapançadan ancaq ölüm gözləməlisən
çünki yaralamaq həyatın işidir
çünki ölüm əslində insan üçündür
təkcə insan yorulur ölüm qabağı
çünki çiçəklər silahsızdır itlər silahsız ;
hansı itin üzündə başqa itin
bir gülləylə parçalanmış beyninin
hansı gülün ləçəyində başqa gülün
bir xənçərlə deşilmiş ürəyinin
izlərini görmüsüz?
ölüm insan üçündür
təkcə insandır-
şüurlu yorğunluq olur ölümdən əvvəl
odur ki
itmək istədiyi yerdə axtarır özünü insan
tərk etmək istədiyi yerdə tapır
odur ki
dişləriniz çörək qırıntısında
sular çiskin yağışda
əlləriniz duada qan itirir
bunu sular bunu dişlər bunu əllər
səndən əvvəl bilmirdilər

sən gələnə yaxın
yaşamaq bütövlükdə bir qoxuya tabedirsə
beynimin içində meyid qoxusu…

*     *     *

Kölgənin ölümüdür qaranlıq

bir axşamın qaralamasıdır fevral, oxunmur
və sürünərək yavaşa səbəb olub mart
sarıyla hesablaşmışıq
ilk ağlayışım sevmədiyim meyvədə getdi
-almada
qızdırmalı uşağın üzü qaldı sarıya

o qadının səsində sirli nəsə var
yağışı ağlamaq üçün gözləyənlərdəndi
son dəfə açanda pəncərəsini
ucsuz-bucaqsız ölüb gələcək zaman
yol verməməliyik misraya,
misrada çoxala bilər
o qadında sirli nəsə var, güldü
günün hər vaxtına düşmür bu açar
sevincin kilidinə ümidin qandalına düşmür
sübhlə köməkləşib almışıq qəddardan
günün hər vaxtına düşmür

məqsədim təzədən razılaşmaqdır dünyayla
uşaqların təkcə üzləri görür sabahı,
ayaqları görmür
göndərilməyən məktubları o uşaq yazıb
bəlkə də uşağın əlindən tutub o qadın yazıb
elə indicə harasa getməliyəm
gecikirəm özümə, ünvanımı dəyişməliyəm
məqsədim təzədən razılaşmaqdı dünyayla
uşaqların üzləri görür sabahı
ayaqları görmür

*     *     *

Xeyir şizofren mifi

danış!
qaranı de, məsələnyaşından asılı olmayaraq
hər qara tələsir doğulan kimi
heç nəyə gecikməyib indiyə qədər
“zirzəmi satılır” İnqilab küçəsində,
qatilin ayaq basdığı yer
hələ ki ayağı boydadır
üstəlik zirzəmidə çoxalır qara
və yalnız orada oxuna bilir alın yazısıbundan danış!

Paks-Romanadan Paks-Amerikanaya
heyvanı sevməyə nə var ki…
o şey ki danışır, odur təhlükəli
və danışmır susur – odur təhlükəli
heyvan nə bilir susmağı, bunu de
Paks-Romanadan Paks-Amerikanaya
üzümü görüblər şərabda
üzüm yığanı yox,
üzümdə üzünü yığanı yox

Mirzə Cəlilin heykəli üşümür
sabun iyi gəlmir Sabirin heykəlindən
Nəsiminin dərisini soyublar bir az,
bir az da Brunonu yandırıblar, vəssalam
allahın müqəddəs pandomiması…
bir də zirzəmi satılır İnqilab küçəsində

öz funksiyasından əl çəkməyib qara
gözləri özünü Stalin sayır
qəribə bir sifət taxıb üzünə
qədim və
bütün kişi sifətlərinin cəmi
açıb buraxıb bədənindən heyvanları
girov qalsa da dilənçinin qolları və ayaqları
qarışqa azadlıqdadır, əl çəkməyib qara
sən bundan danış!

de ki
simulyasiya dilənçinin müqəddəs kitabıdır
o, rəhmli İsa
barışmaz Məhəmməddir
tənha Musadır
de ki o, dilənçidir
ayaqqabısını çıxartmadan
daxil olur təbəssümə
de ki
ümumdilənçi səsverməsi nəticəsində
an-aerobol çıxacaq seçki qutusundan

danış!

təzə doğulan uşağı ölüb qadının
ölüb ki sağırlar döşlərini
bomba çuxuruna tökürlər südü
uşaq bomba çuxurunda ölüb
orda ölüb ki çuxura içirdirlər südü
orda kişnəyib savaş, orda susub kişi
çuxurun sahibi növbətçisidir,
növbətçisi sahibidir – it
it gülüşün və ağlayışın
xoş məramlı səfiridir tarixdə
de ki
itlərə it ölümü arzulayıram

qanun uşaqları və biclər-
zərurət-azadlıq dixotomiyası!
qilyotinlə müqayisədə daha ağırdır ata
eşqlə müqayisədə ləngdir qilyotin
məhəbbətdən yaranıb bic, bundan danış,
bic ölümsüzdür

və bu çörək acıdır
acıdırsa ağlayanların unundanıdır
suyu əzilənlərin suyudur
gözü bizdədir bu çörəyin
qışı qışqırır, palçığı
və öz kefindədir meyvə
ac ölənlərin üzünə oxşamaqda
şəkildəki özüdür,
azalmağın arxiv materialıdır
yemə!

çoxalır qara

de ki
itlərə it ölümü arzulayıram

*     *     *

 

Şər şizofren mifi

ey başqa bir şey ola bilmədiyindən allah olan şey

iti sənə oxşadıb ona tapınmadıq biz
sən uşağı özünə oxşadıb öldürdün amma, öldürdün
son dəfə güldü, və sonra uşaq olmadı
(hər kəs özünü bir uşağın yerinə qoysun)

ey respublikanın ancaq “res”ində olan uşaq
yuxun niyə gəlmir? dövlətimizdə sabitlikdir
niyə acmısan? göy rəngi verək sənə,
dənizini özün yarat
üşümə! hansı yaza üşüyürsən?
əlini qaldır və quş dilində danış:
“hərkəs özünü ölü bir uşağın yerinə qoysun”
lövhəyə dəniz ləhcəsində yaz:
“bakirələr gözəl uşaqlar doğmayacaqlar”
qulağını göstər, və sünnətini
çığır eybəcərliyini

ey özünü bir dəfə satan
özünü birdəfəlik ərə satan evli fahişələr
nə gözəldir döşləriniz baldırınız qasığınız
respublikanın “res”idir döşləriniz və qasığınız
əllərinizi öyrədin, arabir toxunsun “publika”nıza
çörəyi haranızla yediniz? haranızla yediniz?
(hər kəs əlini qasığından aşağı qoysun)

ey it, və itliyində bizə səslənən şey
bütün hürüşlərində sabitlik əlaməti var
sən hürəndə əzan oxunur, oyanır və susuruq
sən də prezidentə səslənirsən?
səslən, it, səslən! səsinə səs verəcək
sən respublikanın “res”ində və “publika”sındasan

xalqıq biz,
nə “res”ində nə “publika”sındayıq respublikanın
allahımız çox hökmdarımız birdir
Mavəraünnəhrdə sudan başlayıb qanımız
xalqıq biz,
bir qəzetin cinayət xəbərləri səhifəsindəyik
xalqıq,
qəribə bir dildə yazılmışıq
tərcümə olunmuruq həyata
(hər kəs özünü bir cümlənin yerinə qoysun)

*     *     *

 

Qırmızı

bütün rənglərin başqa rəngi qırmızıdır
qırmızının başqa rəngi qırmızıdır
həyatın başqa rəngi qırmızı,
ölümün başqa rəngi qırmızıdır.
qırmızı çağırır –insanı həyata
insanı özünə insanı ölümə
və zülmü iqtidara
quşu gülləyə çağıran odur

nə öskürək yaşılı nə təbəssüm sarısı
nə qadın tənhalığından ağ-qara
nə kişi qorxaqlığından tünd qəhvəyi –
bizə qırmızını yalnız qırmızı öyrədir
qırmızını özü öyrədir

əllərindən su içib böyümüşük, qırmızı
gələcəyə inanmağı
gilas yığaraq öyrənmişik döşlərindən
dizlərindən öpüb diz çökməyi
gözlərindən öpüb ayaq üstdə ölməyi
tanımışıq.

təkcə sən danışa bilərsən, qırmızı
başqa rənglərin sözü tükənib
bir sözünlə təzədən doğulacaq,
bir baxışınla dan yerindən axacaq
qaranın həqiqi rəngi.

 

 

 *     *     *

 

 

Azad seçim 

Adam gərək özünə ölüm seçə
dünyaya gətirilən kimi;
vaxtını, növünü, fəslini
və səbəbini özü seçə,
bir də ölüm yoldaşını
Ondan sonra yaşamaq
asanlaşacaq.

*     *     *


Oğulluq (anarxist manifest) 

Özümü çıxardıram oğulluqdan
oğulluğun hər növündən;
atanın oğlu
vətənin oğlu
vətənin atasının oğlu
“ayağının altında cənnət”
cənnətlik ananın oğlu.
ana vətənin oğlu
atalığınız, vətənə atalığınız,
analığınız, müqəddəs analığınız
başınıza dəysin.
Mənə dəyməyin!

*     *     *

Silsilə 

Qardaşım çörək qazanır
halbuki cəsarətə ehtiyacı var
Bacım xəstəxanadadır,
milli feodalizmin qurbanı kimi
Atam dövlətdən qorxur
ölümdən qorxduğu qədər.
Görünür anamın baxtı yoxdur
Mənə gəlincə,
dövlətdən qorxmuram,
ölməyə də vaxtım yoxdur;
insan olduğumdandır,
qocalmaqla məşğulam.


Oxşar yazılar:

Baxış sayı:14204