abunə ol: Yazılar | Şərhlər | Еmail

Jan – Pol Sartr – Kamyunun ölümünə dair

Şərh

Altı ay əvvəl, hətta dünən “O nə edəcək?” deyə sual verilirdi. Hörmət etməli olduğu ziddiyyətlərlə yaralanmış bir halda, o, səssizliyi seçmişdi. Amma ağır keçən və seçdiyinə sadiq qalan nadir insanlardan olduğu üçün  səssizliyinin sonu gözlənməyə dəyərdi.

Bir gün danışacaqdı. Söyləyəcəkləri barədə fikirlər irəli sürməyi biz heç təsəvvür də edə bilməzdik. Amma bizim kimi, onun da yer kürəsi ilə birlikdə dəyişdiyini düşünürdük: varlığının canlı qalmasına bəs edirdi bu.

O və mən dava etmişdik; davanın əhəmiyyəti yoxdur – əgər dava edənlər heç vaxt görüşməyəcəklərsə –  bu içində olduğumuz dar, balaca dünyada, bir – birimizi gözdən qoymamağımız  birlikdə  yaşamağın bir növüdür. Bu, onu fikirləşməyimə, oxuduğu kitab səhifəsi və ya qəzet üzərindəki baxışını düşünməmə və öz – özümə “Nə deyir? İndi nə deyir?” deməyə mane olmurdu.

Hadisələrə və içində yer aldığım psixoloji vəziyyətə görə, bəzən çox sıxıntılı, bəzən ağır şəkildə tənqid etdiyim səssizliyi; isti və ya işıq kimi, hər günün mənası idi. Kitablarının –xüsusilə, bəlkə ən gözəl olan və ən az başa düşülən “Eniş”in təqdim etdiyi fikirləri ilə və ya onlara qarşı yaşayırdıq. Mədəniyyətimizin bilinən bir macərası idi bu: dövrləri və nəticəsi tapılmağa çalışılan bir davranış idi.

Zəmanəmizdə və tarix qarşısında etdikləri Fransız ədəbiyyətında bəlkə ən qəribə olan tərbiyəçilər zəncirinin dovrümüzdəki varisini təmsil edirdi. İnadkar, dar və təmiz, həssas və sərt insaniyyəti zəmanəmizdəki kütləvi və formasız hadisələri ilə, nəticəsi şübhəli bir döyüşə girmişdi. Amma, bununla yanaşı, onun Makiavelli və İdol realizmini inadla inkar etməsi ilə, əxlaqın mövcudluğunu təsdiq edirdi.

 Müəyyən mənada o, cəsarətli iddia idi. Oxuyan və düşünən hər kəs onun yumruğunda sıxdığı insani dəyərləri ilə qarşılaşırdı; o, siyasi davranışı mühakimə edirdi. Ya yanından çıxıb getmək, ya da savaşa girmək lazim idi: bir sözlə, düşüncə həyatını təşkil edən stress qaçınılmaz idi.

 Son illərdə, səssizliyinin belə müsbət bir yanı var idi; Absurdun Dekartı, əxlaqın güvənli zəminini tərk edib, planın sonu bəlli olmayan yollarına düşməyi rədd edirdi. Biz bunu hiss edirdik və üsyanın tələb etdiyi kimi, gizli saxladığı, ayrıca götürülmüş, etik münaqişələri də hiss edirdik.

Gözləyirdik; gözləməli, bilməli idik. Nəticədə nə etdiyindən və ya nəyə qərar verdiyindən asılı olmayaraq,  Kamyu mədəniyyət sahəmizin əsas qüvvələrindən biri olmağa və zəmanənin və Fransanın tarixini təmsil etməyə davam edəcəkdi. Amma danışsaydı, bəlkə də getdiyi yolu öyrənə biləcək və başa düşəcəkdik. Özünə deyirdi: “Mənim işim qabaqdadır”. Artıq bitib. Onun ölümü ilə əlaqəli rəzillik qeyri – insanın sifarişi ilə insanı ortadan götürməsidir.

İnsanlıq nizamı, hələ ki, bir nizamsızlıqdır; ədalətsiz və təhlükəlidir, orda qətl və aclıqdan ölüm var; halbuki, bu, insanlar tərəfindən qurulmuşdur, onlar tərəfindən qorunur və onun uğrunda savaşırlar. Kamyu bu nizamda yaşamalı idi; bizi mühakimə edən, irəliləyən bu adam, ozü də qarşılığını axtaran bir sual idi; bizlər üçün, onun üçün, qaydanı quran və rədd edən insanlar üçün uzun bir həyatın ortasında yaşayırdı; səssizlikdən çıxması, qərar verməsi və nəticə çıxarmağı vacib idi. Qocalıb ölənlər var; həmişə möhlətsiz, həyatlarının mənası, həyatları dəyişmədən ölənlər var.

Ama bizim kimi qərarsız, təəccüblü olanlar üçün ən yaxşılarımızın qaranlıq tunelin sonuna yaxınlaşması lazımdır. Bir tikilinin əsasları və tarixi bir xatirənin şərtləri, çox nadir olaraq, bir yazıçının yaşamağını bu qədər açıqca zəruri etmişdir.

Kamyunu öldürən qəzanı rəzillik adlandırıram; çünki bu qəza insaflı dünyada təməl ehtiyaclarımızın absurdluğunu ortaya çıxarır. İyirmi yaşında Kamyu qəflətən tutulduğu, həyatını alt-üst edən xəstəliyi, Absurdu – insan mənasız inkarını – tapdı. Buna vərdiş etdi, dözülməz şərtlərini fikirləşdi və özünü qurtardı. Bu sağalmış xəstə gözlənilməyən və kənardan gələn bir ölümlə çeynəndiyinə görə, yalnız ilk əsərlərində gerçəyin söylənildiyi zənn edilə bilər.

Absurd nə kimsənin ona, nə də onun kiməsə verməyəcəyi sualdır; hətta səssizlik də səssizlik deyil, heç bir şey olmayan bir səssizlikdir.

Belə olduğunu düşünmürəm. Bu təzahür etdiyi anda, qeyri – insan kmi insanın bir hissəsi olur. Dayanmış hər ömür – bu gənc bir adamın belə olsa – həm sındırılan disk, həm də başa çatmış bir həyatdır. Bu ölümdə onu sevənlər üçün dözülməz bir absurdluq vardır.

Yenə də bu parçalanmış abidəni bütöv bir abidə olaraq  görməyi öyrənmək lazımdır. Kamyunun humanizmi ölümə, onu pis vəziyyətə salacaq insani münasibəti özündə ehtiva etdiyinə görə, onun pak və qürurlu xoşbəxt axtarışları qeyri – insani ölümün zərurətini nəzərdə tutduğuna və ona çağırış etdiyinə görə, biz, işdə və ondan ayrılmaz olan həyatda gələcəkdəki ölümündən mövcudluğunun hər anını qoparmağa çalışan bir insanın zəfərli cəhdini etiraf etməliyik.

(c) SOLFRONT.org 

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

                                      


Oxşar yazılar:

Baxış sayı:8235