abunə ol: Yazılar | Şərhlər | Еmail

Maksimilian Forte – Liberal imperializm və yorulmaz cəhalət

Şərh

  

    İngilis şairi Aleksandr Pop deyirdi ki,”bəzi insanlar heç vaxt heç nə öyrənə bilməyəcəklər, çünki hər şeyi çox tez başa düşürlər’. İstehzalı Bernard Şou da oxşar şəkildə ifadə edirdi:”Biz təcrübədən bilirik ki, insanlar təcrübədən heç nə öyrənmirlər”.

     Liviyada “sollara” yazılan müxtəlif səhv və səthi “açıq məktublarda”, bu yaxınlardakı Suriyayla bağlı ədalətli intervensionizm vəhylərində qərb təfəkkürünün tamamilə öyrənmə qabiliyyətinə malik olmaması aşkar şəkildə  hiss olunur. Liberal imperialistlər və özlərini “proqressist” elan etmişlər arasında aşkar şəkildə öz fikir və hərəkətlərini, sanki onlar qüsursuz həqiqətin əlçatmaz sferalarından çıxırmışlar kimi tarixin özündən daha yüksək qiymətləndirmək meyli var. Heç də təsadüfi deyil ki, onlar özlərini allahlar kimi hərəkət edir və düşünürlərmiş kimi göstərirlər. Son nəticədə, Qərbin mütərəqqiliyinə inanaraq, özlərinin təkamül teleologiyasının ən yüksək nöqtəsində olduqlarına əmindirlər. İmperiyanın ölümünün sonuncu mərhələsində onun vəkilləri (ideologiyalarından asılı olmayaraq) hələ də əmindirlər ki, bəşəriyyətin ən ali naliyyətlərinin bələdçiləridir. Onlar, xüsusiliyi, bənzərsizliyi inkar etdikləri kimi, tarixi də (imperiyanın qaçılmaz tənəzzülünü) inkar edirlər. Göylərdə uçaraq, yüksək texnoloji bombardmançıların qanadlarında oturaraq onlar ümumi, universal insan hüquqları ideologiyasını təbliğ edirlər. Öz küləkləri ilə gözləri qamaşdığına görə, hətta onu da unudurlar ki, onların sevimli “İnsan hüquqları haqqında ümumi deklarasiyasının” tərkibində sosial və iqtisadi hüquqlar barədə müəyyən təlaş var (21-27-ci maddələrə bax.). Əgər insanların qida hüququ varsa, lakin cikkildəmə hüququ yoxdursa, hesab olunur ki, onlar tiranlıq şəraitində yaşayırlar. Onlarsız həyat mümkün olmayan aşağı materiyalara olan lovğa laqeydliyi ilə sərtləşmiş bu xırda humanizm – imperiyanın sonunun saxta və ikiüzlü humanizmidir. O, adından elan olunmuş dövlətin özü kimi müflisdir.

       Budur, hər ikisi Suriyanın iştirakı ilə olan iki misal, əslində isə onlar Suriyadan çox bizə aiddir. Əslində Suriya həqiqətən də mövcud deyil: siz onun yerinə Böyük Avropa və onun settler müstəmləkələrini çıxmaq şərtilə istənilən ölkəni, hətta Pentaqon və NATO-nun elədiyi kimi uydurulmuş bir ad da qoya bilərsiz – deyək ki, Sauzlend.

       Beləliklə, əvvəlcə Robert Fisk. Bəziləri onu radikal müxbir, həqiqətin cəsur ifadəçisi hesab edirlər. Özünü “iztirabların tərəfində duran” elan edərək, o özü də belə hesab edir. Mən onu dominant sinfin mövhumatlarını büruzə verən kiçik, yaşlı ingilis hesab edirəm. Onun Həmas haqqındakı şərhlərindən belə nəticə çıxır ki, o radikal fərqləri zövqsüz və xoş olmayan hesab edir. O arzu edir ki, hər şey onun üstün tutduğu dünya nizamının qarşısında bir sıraya düzülsün. Hal-hazırda o, NATO – nu söyməyə başlayıb, lakin Liviyaya elədiklərinə görə yox, Suriyaya eləmədiklərinə görə. ”Problem ondadır ki, yazdan başlayaraq hamının Suriyayla bağlı səbri tükənmişdi” – Fisk bizi məlumatlandırdı. Hamının. Səbri. Biz hamımız birik və bizim müəyyən tələblərimiz var. ”Əgər Kameron, Sarkozi, Obama cənabları Benqazini xilas etdikdən (onlar Benqazini xilas ediblər? – M.F.) dərhal sonra dayansaydılar, onların Bəşər Əsədin hardasa 8000 tankını məhv edəcək qədər vasitə və döyüş sursatı qala bilərdi” – Fisk davam edir.

       Amerikan militarist, əsas fikri saxlayaraq, bunu başqa sözlərlə də ifadə edə bilərdi: “Onların bu suriyalıların yaxşıca payını verməyə cəsarəti çatmadı”. Fisk “Qərbin Əsədi dayandırmaq üçün çox az şey edə biləcəyindən şikayət edən” Britaniya xarici işlər naziri Uilyam Heyqə etiraz edir. ”Qərb” – o özü belə yazıb, bunu mən qoymamışam. ”Bu cəfəngiyyatdır” – ərəb Fisk əlavə edir və həmin andaca müdrik hərbi məsləhət verir: “Britaniyanın Kiprdəki kral HHQ-ləri Suriyaya Liviyadan daha yaxındır”. O gizlətmir ki, rejimin dəyişməyini istəyir və rejimin dəyişməyini Qərb həyata keçirməlidir, baxmayaraq ki, bu həmişəki kimi beynəlxalq hüququn pozulmasıdır (bunun güclünün zəifə qarşı olan qanun olmasının əhəmiyyəti yoxdur). Fisk yazır: “İsraillilər Dəməşqdə rejimin dəyişməsini istəmirlər. Bəs amerikalılar istəyirlər mi?” Sonra isə nəticə çıxarır: ”Əsəd demək olar ki, məhkumdur”. Yaxşı, bəs onda sən nə istəyirsən – Qərb müdaxilə edib sənin tələblərini yerinə yetirsin, ya yox? Bəlkə də o doğruluğuna inanmır, ya da sadəcə … tarixi düşünmür. Bütün rejimlər həmişə məhkumdurlar: etiraz edə biləcək bir nəfər də olsun firon, ink ya da Roma imperatoru qalmayıb. Məsələ nə vaxt, nə qədər tez məhkum olmaqdadır. Fisk isə qəti surətdə Suriyadakı etirazçıların fəaliyyətlərində qərbin daha da çox iştirakını istəyir, baxmayaraq ki,onlar birmənalı olaraq Fiskin bu qədər arzuladığını – məhz qərb müdaxiləsini istəmədiklərini bəyan ediblər. Bu haqda düşünün-Fisk qərb silahına çağırmaqla, məhz onların fikirlərini nəzərə almır.

        Bununla belə, Suriyada insan hüquqlarına riayət etməyə çağıran Səudiyyə tiranlarının istehzasına Fiskdən daha az həssas olan bir nəfər də var. Bu “Amnesty İnternational`dır”. Amnesty`nin baş katibi Salil Şetti “BMT Təhlükəsizlik Şurası Suriyada repressiyalara son qoymaq üçün fəaliyyətə keçməlidir” başlığının özü ilə elementar cahillik və anti-tarixi sadəlövhlük nümayiş etdirir. BMT Təhlükəsizlik Şurası heç vaxt heç bir yerdə repressiyalara son qoymayıb. Onlar Yer kürəsində olan ən repressiv qüvvələrin əlində bir alətdir, hansılar ki, hər – hansı bir repressiyanı dayandırırlarsa da, bunu yalnız onların boynuna daha ağır repressiyalar qoymaq üçün edirlər. Sanki onlar insan hüquqlarının qarantıdırlar kimi imperialist güclərə yaltaqlanaraq Amnesty özünün avrosentrist varlığını nümayiş etdirir. Fisk kimi, Şetti də Təhlükəsizlik Şurasının qırğına adekvat reaksiya verə bilməməsini çox pərişan və məyus edici hesab edir. Şetti BMT sədrinin bəyanatını pisləyir: ”Bu, heç də həqiqətən lazım olan şey deyil”. Bəs həqiqətən nə lazımdır ki? Şetti heç vaxt konkretliyə qədər enmir: ”Nəsə edilməlidir, özü də dərhal”. Bizə yalnız bunun mənasını başa düşməyə çalışmaq qalır. Fisk kimi, o da yazır: “Təhlükəsizlik şurasının Suriyayla bağlı fəaliyyətsizliyi Liviyayla əlaqəli cəld və qəti fəaliyyətlə kontrast təşkil edir. Əslində isə Liviyayla bağlı qətnamə Təhlükəsizlik Şurasını iflic etdi”. Daha uzunmüddətli mübarizəyə və fevrala qədər olduğundan daha çox insan hüquqlarının pozulmasına gətirib çıxaran axmaqcasına rejimi dəyişmək cəhdi demək əvəzinə, Liviyaya qarşı olan “cəld və qəti” fəaliyyətlər deyir. Qəribədir ki, bu insanlar BMT – nin İraq xalqına qarşı qəbul etdiyi proqramı – köhnə xoş “neft ərzaq mübadiləsi” soyqırım sanksiyaları dövrünü nostalji hissi ilə yada salmırlar. Şetti istəyir ki,Təhlükəsizlik şurasında Braziliya, CAR, Hindistan hakimiyyəti ələ alsınlar, siyasi fikir ayrılığını dəf etsinlər və Suriyaya “nə isə” etsinlər. Liviyadakı hərbi fəaliyyəti müzakirənin başlanğıc nöqtəsi hesab edərək, onun Suriyada fəaliyyətin olmaması ilə bağlı fəryadı hərbi əməliyyat istədiyini göstərir: onda Suriya və Liviya möhkəm şəkildə BMT-dən səxavətli yardım və sevimli diqqət görənlər sırasına düzüləcəklər. Şetti özü Hindistan əsillidir, Hindistanı, üsyançılara qarşı aparılan uzunmüddətli qəddar müharibəyə, tayfalara qarşı diskriminasiyaya, torpaq soyğunluğu və zorakılıq vasitəsilə saxlanılan dərin bərabərsizliyə baxmayaraq, “həyat qabiliyyətinə malik, azad və açıq demokratiya” adlandırır. O qeyd edir ki, Braziliya kimi “azad və açıq demokratiya” “neomüstəmləkəçi” ambisiyalarda günahlandırıla bilməz. Həqiqətənmi? Bəs saysız-hesabsız yerli amazoniyalılardan soruşsaq, ya da tənbəllik ediriksə, heç olmasa Survival İnternational ilə məsləhətləşsək, necə? Braziliya, CAR, Hindistan Suriyaya qarşı əməliyyata başlayan ölkələr olacaqlar mı? Çünki əgər olmayacaqlarsa, bütün bu yaltaq söhbətlər nəyə gərəkdir? Bəlkə sadəcə olaraq onların vasitəsilə NATO – nun növbəti fırıldağını ört – bastır edəcəklər?

         Şettinin Suriyayla qonşu olan ərəb ölkələrinin mənəvi nüfuzuna müraciət etməsi həqiqətən də inanılmazdır: ”Ərəb Ölkələri Liqası, Fars körfəzi ölkələrinin Əməkdaşlıq Şurası kimi əsas oyunçular, indi isə Səudiyyə Ərəbistan höküməti də Suriyadakı qətllərə qarşı olduqlarını bildiriblər”. Fisk heç olmasa bu qədər gülünc və məlumatsız deyil. Sən demə, “Amnesty İnternational” insan hüquqları məsələsində Səudiyyə hökümətinin, Fars körfəzi tiranlarının fikirlərinə istinad edirmiş. “Artıq bizimlə hesablaşsınlar deyə, ayağa qalxmağın vaxtıdır” – Şetti hal – hazırda Obama Vaşinqtonunda məşhur olan cümlə quruluşlarını təqlid edərək deyir. Ayağa qalxıb nə etmək? Kimin hesablaşmağı üçün? “Onlar Suriya sınağını batırmamalıdırlar” – o, sözünü belə bitirir.

       Demokratiya, azadlıq, insan hüquqları və açıqlıq naminə Amnesty`nin əməkdaşları onlarla razı olmadığımı bildirdiyim şərhimi sildilər. Ola bilsin ki, “abırsız və məsuliyyətsiz” epitetləri buna açıq şəkildə tab gətirmək üçün onlara çox ağır və antidemokratik gəldi, bəlkə də mənim Şettinin “nə isələrinin” absurd irrasionallığına işarə etməyim onları bezdirdi.

       Bu insanlar istəyirlər ki, biz düşünməyi, oxumağı dayandıraq və sadəcə reaksiya verək. Həmişə hansısa reaksiyanı göstərək. Rendon qrupundan olan Tim Kilbrayd kimi Liviyaya qarşı mübarizədəki NATO təbliğatçılarına oxşar şəkildə liberal imperialistlər də bəşəriyyəti emosiyalarla doldurulmuş vızıldayan torbalar kimi görürlər. Bu, bizi sadəcə “inkubator körpələr” (nə vaxtsa İraqda, indi isə Suriyada) haqqında olan hər hadisədən hiddətlə pulsasiya edən, Dəməşqdə gey – qızın həbs xəbərindən diksinən, “viaqrayla kütləvi zorlanma” səsindən qısılan sinir və əzələlərdən ibarət laxta kimi görən elitanın antropologiyasıdır. NATO sosiologiyası ondan ibarətdir ki, cəmiyyəti əlçatmaz hündürlükdən bombalamaq və insansız hava vasitələrinin zərbələri ilə dəyişmək olar. Mançester polisinin sözlərinə görə, “Tamamilə aydındır ki, … heç bir qığılcım bu qarışıqlığı alovlandıra bilməzdi”. Yəni baxmayaraq ki, biz hərəkət edirik, başımız yoxdur. Torbalar, başqa heç nə…

         KİV – imizin yaratdığı psixotik dəlilik halında olaraq biz isterik şəkildə fəaliyyət tələb edirik. Məhz hansı fəaliyyət? Əşşi, istənilən şey, “nə isə eləyin də… ayağa qalxın ki, sizinlə hesablaşsınlar”. Düşünməyə vaxt yoxdur, ancaq fəaliyyət göstərmək. Liviya – sabunlamaq, köpüyü silmək, təkrar etmək – Suriya.

                                                                                              (c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9853